YAP Qubadlı rayon təşkilatında partiyanın yaranmasının 26 illiyi qeyd olunub
Noyabrın 20-də Sumqayıt şəhərində yerləşən Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının akt zalında partiyanın yaranmasının 26 illiyi qeyd olunub. Əvvəlcə tədbir iştirakçıları YAP-ın yaradıcısı, ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Yeni Azərbaycan Partiyasının banisi, ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra YAP-ın yaranmasına və fəaliyyətinə həsr olunmuş videoçarx göstərilib.
YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev məruzə ilə çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaranıb. O ağır günlərdə Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir ağır vaxtda böyük şəxsiyyət, əvəzolunmaz siyasi xadim Heydər Əliyevin rəhbərliyi altında 1992-ci ilin noyabr ayının 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilərək partiyanın əsası qoyuldu.
Qeyd olunub ki, YAP Qubadlı rayon təşkilatı fəaliyyətində partiyanın Nizamnamə və Proqram müddəalarını, YAP-ın qurultaylarının qərarlarını, icra katibliyinin tapşırıq və tövsiyələrini rəhbər tutur. Hazırda rayonda 80 ərazi ilk partiya təşkilatı və 3600 üzv var. Üzvlərdən 1982-si qadın, 1618-i kişilərdir. Onların da 1696 nəfəri gənclərdir.
Çıxışının sonunda Allahverdi Haxverdiyev deyib: “Ümummilli Liderimizin layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı məqsədyönlü və uzaqgörən siyasət bizi öz doğma torpaqlarımıza qaytaracaq. Dövlət bayrağımız Şuşada, Xankəndində, Qubadlıda və digər işğal olunmuş rayonlarımızda dalğalanacaq”.
Sonra YAP Qubadlı rayon gənclər təşkilatının sədri Aqil Quliyev bildirib ki, öz işini Rayon Gənclər və İdman İdarəsi ilə əlaqəli şəkildə quran təşkilat rayon gənclərinin zərərli vərdişlərdən çəkindirilməsi ilə bağlı maarifləndirici tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin gənclərlə bağlı apardığı məqsədyönlü siyasət respublikanın hər yerində olduğu kimi, Qubadlı rayonunda da uğurla həyata keçirilir. “Hər il beynəlxalq yarışlarda iştirak etmək üçün idmançılarımıza kömək göstərilir. Elə bunun nəticəsidir ki, beynəlxalq və respublika əhəmiyyətli yarışlarda fəxri kürsüdə yer tutan idmançılarımızın sayı ilbəil artır. Gənclərə rayonda göstərilən qayğı təşkilatın Gənclər Birliyinin fəaliyyətini genişləndirir və gənclərin partiyaya axınına təkan verir. Bunun nəticəsidir ki, son illərdə partiyaya üzv qəbul edilənlərin əksəriyyəti gənclərdir”, - deyə Aqil Quliyev vurğulayıb.
Daha sonra YAP Qubadlı rayon Qadınlar birliyinin sədri Badam Hüseynova çıxış edib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq, mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirib.
Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbinin direktoru, Şura üzvü Savalan İmanov, YAP Qubadlı rayon Çaytumas ərazi təşkilatının sədri, Şura üzvü Malik Atakişiyev və digərləri çıxışlarında bildiriblər ki, respublikanın və rayonun ictimai–siyasi həyatında YAP Qubadlı rayon təşkilatı hər zaman fəal iştirakı ilə seçilən təşkilatlarındandır. Diqqətə çatdırılıb ki, ərazi ilk partiya təşkilatlarında aparılan işin vəziyyəti İdarə Heyətinin iclaslarında müzakirəyə çıxarılır, qəbul olunan qərarların icrasına nəzarət təmin olunur. Bildirilib ki, YAP-ın ictimai-siyasi həyatında göstərdikləri səmərəli fəaliyyətə görə partiyanın 90 üzvünə təşkilat tərəfindən fəxri fərman və müxtəlif qiymətli hədiyyələr verilib. Rayon təşkilatı tərəfindən partiya üzvü olan imkansız şəxslərə maddi kömək edilib və onların qarşılaşdığı problemlərin aradan qaldırılması üçün müvafiq işlər görülüb.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup YAP üzvünə fəxri fərman təqdim olunub, partiyanın sıralarına yeni qəbul olmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət