Slimfit
  1. AZƏRBAYCAN

Yaddan çıxmış sənətçilər: 60 yaşında “Əməkdar artist” oldu, əcəl sevinməyə qoymadı...

Yaddan çıxmış sənətçilər: 60 yaşında “Əməkdar artist” oldu, əcəl sevinməyə qoymadı...
Sakura

Yaddan çıxmış sənətçilər: 60 yaşında “Əməkdar artist” oldu, əcəl sevinməyə qoymadı...

İçkinin ciyərlərini sıradan çıxardığı aktyor – Mübariz Əlixanoğlu kim idi?

“Qərib cinlər diyarında”, “Yol əhvalatı”, “Şir evdən getdi” - 20-yə yaxın film, xeyli sayda teatr tamaşasında rol alan aktyor - Mübariz Əlixanoğlu. Xatırladınız? Ad tanış gəlməyə bilər, amma şəklini görən kimi yadınıza düşəcək. Yaşlı və orta nəsil tamaşaçılar onu tanımamış olmazlar. Azərbaycanın əməkdar artisti, özünəməxsusu ifa tərzi ilə yaddaşlarda qalan sənətçi...

Xüsusi səs tembrinə malik Mübariz Əlixanoğlu (Paşayev) teatr aktyoru idi. Gənc Tamaşaçılar Teatrında çalışırdı. Bir çox filmlərdə və “Mozalan” süjetlərində əsasən epizodik rollarda çəkilmişdi. Amma bu rollar tamaşaçıların yaddaşında iz qoyub... Geniş oxucu auditoriyası onun haqqında çox şey bilmir...

Modern.az saytı bu gündən “Yaddan çıxmış sənətçilər” layihəsinə başlayır və ilk təqdimatımız da elə Mübariz Əlixanoğlu haqqındadır.

Mübariz Əlixanoğlu 1944-cü ildə Naxçıvanın Ordubad şəhərində dünyaya göz açıb. Gənc yaşlarından teatra olan marağı onu aktyorluq sənətinə gətirib. 1972-ci ildən 2006-cı ilə kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb. Adətən komedik rolların ifaçısı olmuş Mübariz Əlixanoğlu 2007-ci ildə 63 yaşında qısa sürən xəstəlikdən dünyasını dəyişib. Azərbaycanın Əməkdar artisi fəxri adına layiq görülmüşdü.

Sənət yoldaşları Mübariz Əlixanoğlu ilə bağlı xatirələrini Modern.az saytı ilə bölüşüblər.

Azərbaycan xalq artisti Yasin Qarayev deyir ki, Mübariz əlixanoğlu yalnız aktyorluq barədə yox, bütün sahələrdən xəbərdar biri kimi çox kamil, savadlı sənətçi idi:

“Xüsusilə tarixi çox yaxşı bilirdi. Heç bir tarixçi onunla mübahisə edə bilməzdi. Əvvəllər soyadı Paşayev idi, sonradan Əlixanoğlu oldu. Mən ilk dəfə 1974-cü ildə teatra gəlmişəm, onda teatrın baş rejissoru mərhum Ulduz Rəfili. Ulduz xanım Salam Qədirzadənin “Şirin bala bal yığır”  komediyasını hazırlayırdı. Mübariz orda Şirinbala rolunu ifa edirdi. Onunla ilk tanışlığımız da həmin tamaşada oldu. Salonda oturmuşdum, məni göndərməli idilər baş rejissorun yanına. Rejissorla görüşənədək Mübarizin məşq etməyinə baxdım. İzləyərkən onda olan jestlər, mimika, plastika məni çox cəlb etdi. Onda mən universiteti təzə bitirmişdim. Universitetdə aldığım dərsləri Mübariz çox peşəkarlıqla həyata keçirirdi, Ulduz xanım da ondan çox razı idi. Şirinbala rolunu ondan əvvəl də oynamışdılar, lakin Mübarizin ifasında rol uzun müddət teatrın repertuarında qaldı. Ən sevdiyi obraz da Şirinbala idi.Çünki əsər şirin  komediya idi və hamı tərəfindən qəbul edilirdi. Sonralar Ağakişi Kazımov “Qızaran üfüqlər” adlı tamaşa hazırladı. Orda Mübarizlə ilk dəfə tərəf müqabili oldum. Necə deyim, onda gənc idik, inqilabi şüurdaydıq, üsyankar insanlar idik. 
O zaman da mən onun emosiyasını, aktyorluq keyfiyyətini tamaşa zamanı çox qiymətləndirirdim. Ondan sonra iş birliyimiz, əməkdaşlıq etdiyimiz bir tamaşa var ki, indi də Azərbaycan televiziyasının Qızıl fondunda saxlanılır. “Qız atası” deyilən bir komediya idi ki, o vaxtlar “Komediyalar aləminə səyahət”  adlı verlişdə yayımlanmışdı və biz orda  yarım saatlıq bir parça oynamışdıq. Mübariz orda qız atası Cavad kişini oynayırdı, mən də o tamaşada Nəroğlanı oynayırdım. Çox xoşagələn bir komediya oldu. İndi də məndən Cavad rolunu oynayan aktyorun adını soruşurlar”. 

“İş yoldaşı olmaqla bərabər həm də qonşu idik”

“9-cu mikrorayonda xeyli müddət qonşu olduq . Sonradan ailəlikcə ordan köçdülər. İki övladı var idi, ikisi də oğlan. Həyat yoldaşı Mərziyə xanım tarzən, dirijor Adil Gərayın qızı idi. Böyük oğlu indi başqa ölkədə yaşayır, ona Əlişka deyirdik, adı Əlixan idi. Həyat yoldaşı da aktrisa idi. Azərbaycan Dövlət Dram Teatrında işləyirdi. Sonradan o da Gənc Tamaşaçılar Teatrında rus truppası vardı orda işləməyə başladı. Zamanla  rus truppası bizim teatrdan ayrıldı, adını da belə qoydular ki, milliləşdirirlər. Mərziyə xanım da bizim teatrdan ayrılmalı oldu. Səməd Vurğun adına Dövlət  Rus Dram teatrına getdi. Gənc Tamaşaçılar Teatrında olarkən Mərziyə xanım aktrisa kimi çıxış etməmişdi, texniki sahəyə gəlmişdi. Lap əvvəllər Mübarizin  ailəsində küsülülük oldu. Ona dedim ki, ailənə qarşı qətiyyən düz etmirsən. Elə bil mənim sözümə qulaq asıb barışdılar”.

Son olaraq “Ezop” tamaşasında oynadı

“Mübariz istənilən rolu canlandıra bilən zamanın aktyoru idi. İfa etmək  arzusunda olduğu tamaşa  “Ezop” idi. Elə ən axrıncı dəfə də “Ezop” tamaşasında da  çıxış etdi. 

Ən yaxın dostu tanınmış aktyor Cəfər Namiq Kamal idi. Onu da deyim Cəfər də hər adamla dostluq edən biri deyil. Yəni əgər bir adamla xasiyyət etibarilə tamamilə köklənmirsə, heç vaxt yaxın olmur.

Son illərində yeni tamaşa, teatr yaratmaq istəsə də maliyyə problemləri imkan vermədi.

Mübariz teatrla, yaradıcılıqla yaşayan insan idi.Arzusu hər zaman yaratmaq, filmlərdə oynamaq idi. Əziz Nesinin əsərlərinə çox meyilli idi. 3-4 ay onun əsərlərinə məşq etdik ki, yeni tamaşa hazırlayaq. Lakin qismət olmadı”.

Mübariz Əlixanoğlunun yaxın dostu olmuş Xalq artisti Cəfər Namiq Kamalla da həmsöhbət olduq. Deyir ki, Mübarizlə teatra gəldiyim vaxtlardan dostluq ediblər:
 

“Əvvəllər truppa müdiri idim, aktyorluğa həvəsi məndə Mübariz yaratdı. Yeni tanış olmuşduq, mənə dedi ki, ““Qız atası” tamaşasına baxmısan? Orda rəssam rolu oynayan bir aktyor var idi, o çox xoşuma gəldi amma nə vaxtdır ki, onu səhnədə görmürəm”. Dedim “aa, Mübariz, o mən idim də”. Xeyli təəccübləndi. Sonradan biz ikimiz də həmin tamaşanı canlandıraraq tərəf müqabili olduq. Qısa zaman ərzində birləşərək qrup yaratdıq. Həmin qrupda mən, Mübariz, Yasin Qarayev, Gülşən Qurbanova var idi. Həmin qrupla birlikdə xeyli səfərdə olmuşuq”.


“Hara gedirdi, deyirdi ki, oralıyam...”

“Əslən Ordubaddan idi. Nəsildə aktyor olan təkcə Mübariz idi. Qardaşı həkim idi, onunla da çox yaxşı münasibətim var idi. 
Hə, bir şeyi də deyim, qoy hamı bilsin: Mətbuatda Mübarizin aktrisa Gülşən Qurbanova ilə evli olduğu barədə xəbər yazıblar. Bu xəbər internetə də düşüb. Amma tamamilə yalnışdır. Onlar sadəcə iş yoldaşı olublar, evli yox. Mübarizin ilk və son həyat yoldaşı yalnız Mərziyə xanım olub.  İki övladı da gözümün qarşısında böyüyüb, lakin xeyli vaxtdır ki, əlaqəmiz yoxdur. Övladlarından heç biri  onun yolunu davam etdirmədi. Sözün düzü, Mübarizin özünün də belə bir istəyi yox idi, onları sərbəst buraxmışdı”.

“Evləri yox idi, kirayə qalırdılar”

“Teatrın yaxınlığında kirayə qaldıqları ev yaxşı vəziyyətdə deyildi. Təmirinə mən köməklik etmişdim. Sonradan Mərziyyə xanıma dövlət ev verdi, orda yaşadılar. Mübarizin xasiyyəti çox mülayim idi, qətiyyən kin saxlamazdı. Ailəsindən çox mənlə vaxt keçirirdi. Bir ara Mərziyə xanımla araları dəymişdi. Dolanışıq çətin idi, aktyor adam idi. Yaxşı qazancı olsaydı ev də alardı, mübahisələri yaşanmazdı. Küsülü olduqları müddətdə ayrı yaşayırdılar. Çox küsülü qalmadılar. Barışanda çox sevinirdi”.


“Xeyirə-şərə yarayan adam idi”

“Belə bir əhvalat olmuşdu. Toyumdan sonra Mübariz məclisdə artıq qalan bütün içkiləri bir  paketə yığıbmış ki, pul vermişik heyif olmasın. Əmim də elə bilib ki, ofisiantdı içkini özü üçün götürür. Saçları uzun olduğu üçün ofisianta oxşadıb. Mübarizə yaxınlaşıb qulağını burmuşdu. Mübariz də demişdi ki, “aa nə edirsiniz, mən Cəfərin dostuyam ee, dostu”. Əmim sonra mənə dedi ki, “çox utandım, bilmirdim dostundur”.  
Mübariz gənclərlə çox yaxşı yola gedirdi. Komedik aktyor idi, bu, xasiyyətində də özünü göstərirdi. Gənc aktyorlarda təbiiliyi görmək istəyirdi. İstəyirdi ki, səhnədə olan zaman rolu yaşasınlar, özlərini unutsunlar”.

“İradəsi çox zəif idi, özü özünü məhv elədi”

“Ən mənfi xüsusiyyəti də bu idi. İçkiyə çox meyilli idi, bu da onun axırına çıxdı. Alkoqol ailəsində də mübahisələrin yaranmasına səbəb olurdu. İçki ciyərlərini sıradan çıxarmışdı. Xəstəliyini heç görmədim. Axrıncı görüşümüzdə hiss etdim ki, gözlərindəki işıq sönüb, amma hiss etdirmədim, vidalaşdım. 15-20 günlüyə Moskvaya getmişdim. Qayıdanda elə bil mənə dedilər ki, get Gənc Tamaşaçılar Teatrına. Ora getdim aktyorlar dedi ki, pis xəbərimiz var,  Mübariz dünyasını dəyişib.  Sanki şoka düşdüm, tez evlərinə getdim, dəfninə çatdım. Əməliyyata aparmışdılar əslində, həkim demişdi ki, gecikmisiniz, əlacı yoxdur”.

“Aldığı fəxri ada görə çox sevincli idi, lakin görə bilmədi...”

“60 yaşında adam üçün Əməkdar artist adı almaq əslində daldan atılan daşa bənzəyir. Lakin Mübariz buna çox sevinirdi. Erkən ölümü dövlət tərəfindən verilən diplom və mükafatı almasına, görməsinə mane oldu”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR