Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Xüsusi “tunel”dən yararlanan, bulaqdan su gətirən müəllimlər və Nuhun davamçıları -Avropanın ən ucqar məktəbindən reportaj

Xüsusi “tunel”dən yararlanan, bulaqdan su gətirən müəllimlər və Nuhun davamçıları -Avropanın ən ucqar məktəbindən reportaj
Sakura

Xüsusi “tunel”dən yararlanan, bulaqdan su gətirən müəllimlər və Nuhun davamçıları -Avropanın ən ucqar…

2007-ci il idi... Hava şəraitinin qəfil pisləşməsi Xınalıq yolunda dağıntılara səbəb olmuşdu. Dəymiş zərəri aradan qaldırmağa çalışırdılar. Kəndin mərkəzlə əlaqəsi kəsildiyinə görə, əhaliyə kömək üçün vertolyotlardan istifadə olunurdu. Evin üstündə uçuşan, uzaqlaşdıqca kiçilən vertolyotlara baxdıqca Xınalıq mənə əlçatmaz, alınmaz qala kimi gəlirdi. Xəyalım yaşayış səviyyəsinin aşağı olduğu, tam fərqli həyat tərzinin hökm sürdüyü, dağlıq ərazilərə gedirdi.

Sonradan buranın ölkənin ən tarixi yerlərindən biri, Avropanın ən ucqar yaşayış məskəni olduğunu öyrəndim. İçimdə dağlar qoynundakı yaşayış məskəninə olan maraq daha da artdı.

Nuhun dili ilə danışanlar

 “Xınalıq” adı kəndə oradakı dağın Günəş çıxanda aldığı rəngə uyğun olaraq verilib. Tarixi araşdırmalara görə, kənd hələ eramızdan əvvəlki dövrdə salınıb. Dəniz səviyyəsindən 2 300 metr yüksəklikdə yerləşir. Kəndin tarixinin təxminən, 5000 il olduğunu ehtimal edənlər də az deyil. Xınalıq sakinlərini fərqli dil birləşdirir: “Kətiş” dili.

Xınalıq əhalisi kəndlərini “Kətiş” adlandırırlar. Bu sözün mənası “müqəddəs” deməkdir.

Onlar özlərini Nuh peyğəmbərin nəslindən olanlar hesab edirlər. Əhalinin fikrincə, Nuh peyğəmbərin tufanı dövründə Ketş kəndi eyniadlı dağlarda yerləşib. Sonradan Allahın qəzəbi ilə əlaqələndirilən dəhşətli tufan  nəticəsində orada heç bir ev salamat qalmayıb, bütün evlər dağılıb. Əhalinin çox hissəsi isə həlak olub. Sağ qalanlar çayı keçərək, kiçik bir təpəyə qalxıb, orada məskunlaşıblar.  Nağıllar aləmini xatırladan Xınalığın da yaranma əfsanəsi bu cürdür.

“Xınalıq mənzərələri: Sübh tezdən  oyanan şagirdlərin dağ dumanında itən  yuxusu... Bir-birinə qarışan qoyun-quzu, inək səsləri... Bütün bunların fonunda çantasını belinə alıb, palçığa bata-bata dağlar aşıb məktəbə yollanan xınalıqlılar… Müəllimlə qapıda qarşılaşmanın səs-küyü: “Ayaqlarını təmizlə”, “palçıqla içəri girmə” və s”.

Tufandağ, Şahdağ öz qoynunda kiçik bir ocağı gizləyir: Rüfət Kəlbiyev adına Xınalıq kənd tam orta məktəbini, təhsil, bilik ocağını...

Məktəb 1925-ci ildən fəaliyyət göstərir. Hazırki binası 2007-ci ildə tikilib istifadəyə verilib. 500 yerlik internat tipli tam orta təhsil müəssisəsi kimi fəaliyyət göstərir. Məktəblilərin təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olur. 305 şagirdin təhsil aldığı məktəbdə dərslər 2 dildə keçirilir: Azərbaycan və Xınalıq (Kətiş) dili.

Məktəbə daxil olan kimi Xınalıq uşaqlarının qəribə səmimiyyətini hiss etməmək mümkün deyil. Əksər şagirdlərin al yanaqlı, yaşıl gözlü, sarışın olmaları isə diqqət çəkməyə bilməzdi. Sanki kəndin qonaqpərvərliyi onların da ruhuna hopmuşdu. Hər şey dəhlizdə gördükləri tanımadıqları insanları Xınalıq dilində salamlamalarından hiss olunurdu.

Dağların qoynunda böyüyüb 690 bal toplayanlar...

Məktəbin direktoru Yunis Dəmirov deyir ki, bu illə bağlı qəbul gözləntiləri çoxdur. Elə bugünəcən də məktəbin qəbul nəticələri qənaətbəxş olub:

 “2017-ci ildə 7 şagirdimiz ali məktəbə daxil olmuşdu. 2018-ci tədris ilində isə 12 məzun kollec və universitetlərə qəbul olundu. Bu il də şagirdlərin zəhmətinə, verdiyimiz tədrisə güvənirəm. Keçən ilin məzunları 200–600 arasında bal topladılar. Əvvəlki illərin məzunları arasında 690 bal toplayanlar da var”.

O, Xınalıq məktəbində direktor olmağın fərqli tərəflərindən söz açıb. Valideynləri köçəri təsərrüfatla məşğul olduqlarına görə, internatda qalan azyaşlıların nazı ilə oynamaq, şənbə-bazar günləri də daxil olmaqla fasiləsiz iş rejimi, dağlardan enerji alan kənd uşaqlarının dəcəlliyini təbəssümlə qarşılamaq və s.

Şagirdləri ilə futbol oynayan direktor

“Yadımdadır, bir şagirdimizi I sinifdə gətirib internata qoydular. İnanın, məcbur olub, onu aparıb valideyni ilə görüşdürüb, internata qaytardıq. Ağlayır, gündə bir bəhanə deyirdi: oram ağrıyır, buram ağrıyır və s. (gülür) Yoxlayıb görürdük ki, bu uşağın heç bir problemi yoxdur. Sonra məlum oldu ki, balaca qışlaqdakı anası üçün darıxırmış.

Bəzənsə görürəm ki, hansısa şagirdim nadinclik edir. Bildiyiniz kənd uşağı... Xoşbəxtliyi sərbəstliyindədir… Əsəbiləşirəm. Birdən xəyalım məktəb illərimə qayıdır. Düşünürəm, axı, mən də belə etmişəm”.

Məktəb illərini Xınalıqda keçirən Yunis müəllim bəzi məqamlarda kənd uşaqlarını çox yaxşı başa düşür. Kiçik meydançada təngnəfəs futbol oynayan şagirdlərinə qoşulan direktor artıq ayaqlarının tutmadığını görür:

“Bilirəm ki, yaşım o yaş deyil. Onların isə futbol oynayan vaxtı indidir. Deməli, dərslə yanaşı futbol, məktəbdən kənar məşğuliyyət də şagirdlərin haqqıdır. Çalışıram ki, bu hüquqlarını əllərindən almayım”.

“Kəndlilər evlərini gəlmə müəllimlərə etibar edib, qışlağa gedirlər”

Hələ bazar iqtisadiyyatının çirkablarına bulaşmayan Xınalıqda repetitorluq sistemi belə səmimiyyət üzərində qurulub: Məktəbdə hazırlıqlar pulsuz keçirilir.

Məktəbi fərqləndirən əsas cəhətlərdən biri də təhsilalanlarının azsaylı xalqların nümayəndələri olmalarıdır. Elə  buna görədir ki, tədris prosesində müəllimlərin üzərinə daha çox yük düşür. Əksər məktəblilərin, xüsusilə də ibtidai sinif şagirdlərinin evində Xınalıq dilində danışılır. Müəllimlər dərsləri paralel şəkildə 2 dildə tədris edirlər ki, şagird başa düşsün. Tədrisi əvvəldən 2 dildə aparılmasa, kənardan gələn müəllimlərin yükü artır. Yeni gələn müəllim Xınalıq dilində müəyyən şeyləri öyrənməli olur.

Yunis müəllimin sözlərinə görə işə yeni qəbul olunan müəllimlər əhali ilə o qədər qaynayıb qarışıblar ki, ev sahibləri belə evlərini onlara əmanət edib kənddən gediblər. Gənc müəllimlər indi həmin evlərdə yaşayırlar. Direktor qeyd edib ki, Xınalıq qızlarının oxumasına təsir edən amillərdən biri də MİQ üzrə müsabiqələr olub. İşə yeni qəbul olunan xanım müəllimlər qız uşaqlarını da oxumağa həvəsləndirirlər.

“Ehtiyac olan yerdə olmaq gözəl hissdir”

Elə Xınalıq məktəbinin Kimya müəllimi Səltənət Yusifova kimi. O, bu məktəbə 2 il əvvəl MİQ imtahanlarında 43 bal toplayaraq qəbul olunub. Vakansiya seçimində Xınalıq məktəbini birinci qeyd edən müəllim burada çalışmaq üçün əməlli-başlı mübarizə aparmalı olub:

“Həmişə ucqarlarda işləmək istəmişəm. Ehtiyac olan yerdə olmaq gözəl hissdir.  Dağlarda məni cəlb edən qəribə bir şey var. Bura Tərtərdən gəlmişəm. Oralarda o qədər də dağ yoxdur, hər yer düzənlikdir. Ona görə də Xınalığın yeri başqadır”.

Səltənət müəllim Şimala üz tutmazdan 1-2 gün öncə internetdə Xınalıqla bağlı axtarış aparıb. Nəticədə yaşıllıqlara bürünmüş dağlara rast gəlib. İşə başlamaq üçün həvəslə Xınalığa gəldikdə isə onu tam fərqli mənzərə qarşılayıb. Təbiətin payız çağında qonura bürünmüş dağlar...

Xınalıq təbiəti ilə bir qədər gec barışan müəllim

Dediyinə görə, ilk günlər Xınalıq təbiəti ürəyini sıxıb. Əhali Xınalıq dilində danışdığına görə, onlarla ünsiyyət qurmaqda da çətinlik çəkib. Üstünə qəribə bir ağırlıq çökdüyünü hiss etsə də,  indi Kətiş dilini az-çox başa düşə bilir.

“Atam dedi ki, bu məktəb sağlamlığına ziyandır”

Xınalıqda yaşamaq bir yana, bura gəlib çıxmaq, seçiminin üstündə israrla durmaq da gənc müəllimə asan başa gəlməyib. Səltənət xanım Xınalıq məktəbinə işə qəbul edildiyini öyrəndikdə atasının narazılığı ilə üzləşib:

“Söylədi ki, Xınalıq çox uzaqdır. Qonur dağları görüb qorxdu. Dedi, bir yaşıllığı da yoxdur. Növbəti dəfə oksigen çatışmazlığını əsas gətirib dedi ki, bu məktəb sağlamlığına ziyandır. Mən isə artıq qərarımı vermişdim. Direktorumuz Yunis müəllim də israr etdi. Dedi ki, Kimya müəlliminə ehtiyacımız var. Atam isə hələ də razı deyildi. Hətta mən artıq əşyalarımı burada yerləşdirmişdim. Atam gəldi ki, qızım, razılaş, gəl qayıdaq”.

Səltənət müəllim keçən il yerdəyişmə etmək məqsədilə MİQ imtahanlarında iştirak edib. 53 bal toplasa da, son anda qərarından imtina edib. Tərtərdən dərs demək üçün şimala üz tutan müəllim elə Xınalıq sakinlərindən biri ilə nişanlanıb. Hazırda kənddə qalmaq qərarından nə dərəcədə əmin olduğunu soruşduqda isə gülümsəyərək belə cavab verir: “qismət belə imiş”.

“Hər dəfə evə getmək üçün bu yolu çıxanda çox yoruluram”

Xınalıq məktəbində cəmi 2 xanım müəllim var. 2007-2008-ci illərə qədər isə ümumiyyətlə, burada qadın müəllim yox imiş.

Zərif cinsin nümayəndəsinin sərt hava şəraitinə necə tab gətirməsi, dərsdənkənar məşğuliyyətləri barədə soruşuruq. Səltənət müəllim dağlara tərəf uzanan yolu göstərib cavab verir:

“Düzü, hər dəfə evə getmək üçün bu yolu çıxanda çox yoruluram. (gülür) Ona görə də dərsdən sonra bir az dincəlib ev işləri görməli oluruq. İşimlə bağlı bəzi yazı-pozular da öz yerində... Üstəlik qışda burada gün daha qısa, hava isə qaranlıq olur. May ayı olmasına baxmayın, qış buradan  sanki yenicə  çıxıb”.

Qışın oğlan çağında məktəbdə davamiyyətin zəifləyəcəyini düşünürdük. Amma məlum oldu ki, yollar buz bağlasa da, qar davamiyyətə təsir göstərmir. Hətta qarlı havada şagirdlərin məktəbə marağı daha çox olur.

Şagirdlərlə həmsöhbət olmaq üçün Səltənət müəllimin dərsinə azca müdaxilə etməli oluruq. Onlardan məktəblərində nə kimi dəyişiklik arzuladıqlarını soruşuruq. Məlum olur ki, əksər şagirdlər məktəblərinin elə olduğu kimi qalmasını, kəndin tarixiliyinin isə qorumasını istəyirlər.

Yoldaşlarından fərqli fikirləri, davranışının yaşından xeyli böyük olması ilə seçilən Əsra Hacıyeva diqqətimizi çəkir. Məlum olur ki, Xınalıq məktəbi ucqar ərazidə yerləşsə də, dağların qoynunda xaricdə təhsil almaq istəyən gənclər də var. Beynəlxalq təcrübəni kənddə tətbiq etmək niyyətində olan belə yeniyetmələrdən biri də elə Əsradır. Əsas arzusu isə Türkiyənin Çorum Universitetində İqtisadiyyat üzrə təhsil almaqdır. Bu işə başlamazdan öncə kəndin xaricdə təhsil alan digər gənclərindən məsləhət alıb. Universitetə hazırlaşdığı müddətdə telefon, və sosial şəbəkələrdən uzaq olmağa çalışıb:

“Ailəm də xaricdə təhsil istəyimi çox yaxşı qarşılayır. Bilirsiz, bacılarım oxuya bilmədi. Ümidləri mənədir.

Xaricdə təhsil alsam da, sırf ölkəmdə yaşamaq istəyirəm. Amma düzü, kənd şəraiti biraz mənə görə deyil”.

“Atam dedi ki, icazə verin getsin, orada qızıma ehtiyac var”

Məktəbin Riyaziyyat müəllimi Sevinc Zakirzadə əvvəl Zeyd kəndində çalışdığına görə, Xınalıq ona çox ucqar təsiri bağışlamayıb. Həyat yoldaşı Anar müəllim isə məktəbin İnformatika müəllimidir. Həyat yoldaşı ilə birgə hər iki fənn üçün vakansiyanın olduğu məktəb axtarışına çıxıblar. Axtarışlarını isə Xınalıqda yekunlaşdırıblar:

“Düzü, ucqar sözünü eşidib bir az başqa cür məktəb gözləyirdik. Şərait, kadrlar, şagird sayı bizi təəccübləndirdi. Əvvəl işlədiyim məktəbdə uşaq çox az idi. Qadın müəllimə isə ümumiyyətlə rast gəlmək olmurdu. Xınalıqda isə bunların tam əksinin şahidi oldum”.

“Dəfələrlə yerdəyişmə etmək istəsəm də, şagirdlərimə görə, fikrimdən daşındım”

Sevinc müəllim də əksər həmkarları kimi bu məktəbdə işləmək üçün ailəsini razı salmaq məcburiyyətində qalıb:

“Dərs demək üçün Zeydə düşəndə mən də belə halla rastlaşmışdım. Məni məktəbə qoyanda anam ağlayırdı. Deyirdi ki, qoymayacam gözümdən uzaq düşəsən. Amma atam icazə verdi. Dedi ki, icazə verin getsin, orada ona ehtiyac var.

Sonradan dəfələrlə yerdəyişmə etmək istədim. Amma şagirdlərə baxdım, fikrimdən daşındım. 4-cü ili də orada qalıb işləmək istəyirdim. Sadəcə Xınalıq məktəbində hər ikimizə uyğun vakansiya olduğunu görüb bura gəlmək qərarına gəldik”.

“Suyu bulaqdan gətirir,  məktəbə uzaq yollar qət edib gəlirik”

Xınalığın ucqar, çətin şəraitə malik yer olduğunu deyənlər az deyil. Sevinc xanım bu “tövsiyə”lərə uyub kənddən uzaq gəzən kadrlara belə məsləhət verir:

“Şəraitə öyrəşəndən sonra elə də çətinlik olmur. Kənd camaatı necə yaşayırsa, biz də elə.  Suyu bulaqdan gətirir,  məktəbə uzaq yollar qət edib gəlirik. Burada məsrəflərimizə qənaət edirik. Şəhərdəki kimi çox xərcimiz də çıxmır”.

Sevinc müəllimlə sinifdə söhbət əsnasında digər şagirdlərin qapının ağzına toplaşdıqlarını görürük. Boyları çatmasa da, qapının kandarından sinfi görməyə çalışır, bir-birilərinə pıçıltı ilə “indi bizi də çəkəcəklər” deyib səbirsizlənirdilər.

Uzaqları yaxınlaşdırmaq üçün yeraltı tunelləri xəyal edən müəllim...

Xınalıq müəllimləri arasında uşaqlığını Bakıda keçirənlər də var. Anar Azərli də onlardan biridir.  O, orta təhsilini Bakıda alsa da, müəllimlik fəaliyyətinə Qubada başlayıb. Xınalıq müəlliminin üzləşdiyi əsas çətinlikləri soruşduqda isə bir qədər fikrə gedir...

“Eşitdiyimə görə, inkişaf etmiş ölkələrdə uzaq məsafələri qısaltmaq, çətin yolları aşmaq üçün tunellərdən istifadə edilir. Düşünürəm ki, görəsən, burada da tunellərdən yararlanmaqla uzaqları yaxınlaşdırmaq olardı?

Ailəm Qubada yaşayır. Yanlarına gedib-gəlmək çətindir. Aramızdakı məsafə 58 kilometrdir. Bu, Quba ilə Bakı arasındakı məsafədən demək olar ki, 3 dəfə az olsa da, çox vaxt tələb edir. Çünki relyefi mürəkkəbdir”.

Epiloq -  Saflıq lövhələrindən reportaj

“Bahar çağı Xınalığım

Girən zaman dondan-dona,

Dəyişmərəm öz kəndimi

Yüz Parisə, min Londona”.

Bu sözləri Kətiş dili dərsini izləyərkən IV sinif şagirdi Məhəmmədin dilindən eşitdik. Dediyinə görə, kəndini çox sevir. Səbəbini isə burada yaxşı insanların çox olmasında görür.

Başqa bir şagirddən - Cəfər Sultanovdan kim olmaq istədiyini soruşduqda isə belə cavab verir:

“Kim olsam da, Salehlə bir kənddə qalmaq istəyirəm. O, mənim ən yaxın dostumdur. Rahil, Fərman, Nicatla da dostam. Amma ən çox Salehi istəyirəm. Həmişə onunla Xınalıqda qalmaq istəyərəm”.

Sinfin pəncərəsindən boylananda toyuq-cücəsini məktəbin həyətindən qovmağa çalışan xanımı görürük. Diqqətimizi sinif otağından çəkib, ətrafa nəzər yetirəndə kənd məktəbində olduğumuzu yenidən xatırlayırıq. Məktəbdən dağlara uzanan yollar uzaqlaşdıqca bir-birinə dolaşır. O yollar ki, xeyli müəllimin kəndə gəlməsinə də, Xınalığın sərtliyinə dözməyib uzaqlaşmasına da şahid olub...

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR