Slimfit
  1. CƏMİYYƏT

Xüsusi təyinatlı: "Ya indi, ya heç vaxt" prinsipi ilə hərəkət edirdik"

Xüsusi təyinatlı: "Ya indi, ya heç vaxt" prinsipi ilə hərəkət edirdik"
Sakura

Xüsusi təyinatlı: "Ya indi, ya heç vaxt" prinsipi ilə hərəkət edirdik"

Sentyabrın 27-si tariximizdə həm Anım, həm də qürur günüdür. 27.09.2020 - torpaqlarımızın işğaldan azad edilməsinin başlanğıc tarixidir.

Oxu.Az Anım Günü ilə bağlı Vətən müharibəsinin qəhrəmanı, xüsusi təyinatlı çavuş Cəmil Fərzəliyevlə həmsöhbət olub. Müsahibəni təqdim edirik:

- Tarixi müharibədən dörd il ötüb. Bu müddət ərzində nəyin fərqinə vardınız?

- Zamanla qələbənin mahiyyətini tam dərk edirəm. Bu, izaholunmaz hisslərdir. Artıq hərbi sahədə çalışmıram, amma o qürurlu və ağrılı günlər ağlımdan çıxmır.

- Döyüş başlayanda hansı hissləri keçirdiniz?

- Döyüş yeni başlayanda ilk vaxtlar adama təlim kimi görünürdü. İrəlilədikcə fərqinə vardıq ki, müharibədəyik. O tarixin bir parçası olmaq qürurlu hiss idi.

- Hansı istiqamətlərdə döyüşmüsünüz?

- Bir həftə Kəlbəcər-Murov istiqamətində döyüşdük. Daha sonra bizi Hadrut istiqamətinə yönəltdilər. Piyada 25-30 kilometr yol qət etdik. Minaatan "yağışı"ndan yayınaraq hədəfə doğru irəliləyirdik. Mənzilə çatandan sonra gecələdik. Səhər bizə tapşırıq gəldi ki, postu azad etməliyik. Düşmən hücumumuzu qarşı tərəfdən gözləyirdi. Amma biz manevr edib arxadan hücum etdik. Düşməni lərzəyə saldıq. Onların itkiləri çox olduğu üçün qaçmağa başladılar. Postda möhkəmləndik, Azərbaycan bayrağını sancdıq. Daha sonra təminat gəldi. Hadrutdan sonra daha da irəlilədik, vacib yüksəklikləri işğaldan azad etdik. Bütün Azərbaycan oğulları orada ürəklə döyüşürdülər, mən bunun əyani şahidi oldum.

- Həmin döyüşdə itkiləriniz oldumu?

- Bəli, müxtəlif bölmələrdən şəhidlərimiz var idi. Bizim bölmədən iki şəhidimiz oldu. Allah rəhmət eləsin! Hər ikisi döyüşkən idilər. Bu hadisənin təsirindən orada özümüzə gəlməyimiz asan deyildi, amma yolumuza davam etməli idik.

- Hansı prinsiplə, psixologiya ilə döyüşürdünüz?

- Tək məqsəd torpaqlarımızı işğaldan azad etmək deyildi. Həmçinin, Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan qardaşlarımızın qisasını da almaq istəyirdik. Günlərlə yuxusuz, ac qaldıq, amma inamımızı heç itirmədik. Çünki biz kişiyik, Azərbaycan Ordusunun əsgərləriyik. "Ya indi, ya heç vaxt" prinsipi ilə hərəkət edirdik. Övladlarımızı, yaxınlarımızı gələcək müharibələrdən xilas etmək üçün döyüşürdük. Kənarda yox, özümüzün müqəddəs torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olmaq ehtimalımız var idi deyə şükür edirdik.

- Düşmənin sizə reaksiyası necə olurdu?

- İki-üç itki olan kimi postu qoyub qaçırdılar. Bizdən və yaxın məsafə döyüşlərindən çox qorxurdular. Döyüş anında tanklar sağdan-soldan irəliləyirdi, biz isə arxasınca güllə ataraq gedirdik. Düşmən güllələri yanımızdan keçirdi. Hər an hər şey ola bilərdi. Şəhid qardaşlarımız olurdu, amma döyüş tapşırıqlarını yaxşı yerinə yetirdiyimiz üçün maksimum az itki ilə davam edirdik.

- Müharibədə hansı məqamlarda ailəniz ağlınıza gəlirdi?

- Ailəmiz haqqında o qədər də fikirləşmirdik. Bu məsələ işimizə psixoloji problem yaratmasın deyə soyuqqanlı olmağa çalışırdıq. Şəhid olmaq bizim üçün yüksək bir zirvəyə çatmaq idi.

- Qələbə xəbərini ilk dəfə eşidəndə...

- Ali Baş Komandan bu müjdəni verəndə sevincimizin həddi-hüdudu yox idi. Çox şükür ki, Ali Baş Komandamız İlham Əliyevin rəhbərliyi ilə 30 illik həsrətə qon qoya bildik.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR