Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə təşkil edilib
Sağlamlıq imkanları məhdud olan uşaqların hərtərəfli inkişafı və tərbiyəsi, məktəbə hazırlığını, bacarıq və biliklərinin aşılanması, onların cəmiyyətə uyğunlaşdırılması istiqamətində Nəsimi rayonunda xüsusi layihələr həyata keçirilir.
“Qafqazinfo” xəbər verir ki, növbəti tədbir - Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən sağlamlıq imkanları məhdud olan 11 və 268 saylı xüsusi məktəblərdə təhsil alan məktəblilər üçün “Romance Palace”da təşkil edilib. Uşaqlar burada maraqlı yemək və şirniyyata qonaq edilib, həmçinin onlara hədiyyələr təqdim edilib.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva uşaqlarla söhbət zamanı dövlət tərəfindən onların təhsili, sağlamlığı və istirahətləri istiqamətində görülən işlərdən danışıb: “Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan uşaqlarının ən böyük dostuna, himayədarına çevrilib. Fond xüsusi qayğıya ehtiyacı olan uşaqları da hər zaman diqqətdə saxlayır və bütün fəaliyyəti ilə hər zaman Azərbaycanın xoşbəxt gələcəyinin yanında olduğunu təsdiqləyir”.
Daha sonra uşaqlar bu istirahət məkanında müxtəlif mahnılar, rəqslər ifa ediblər. Keçirilən tədbir xüsusi qayğıya ehtiyacı olan uşaqların yaddaşında xoş izlər buraxıb, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət