“Xosrov bəy bizim arzumuzu gözümüzdə qoydu” - Məşhur erməni yazıçıdan şok etiraf
Onlar bir ömrə sığmayacaq işlər görüb, tarixə adlarını yazıblar. Onlar həm də adları ilə tarix yazıblar. Adlarını tarixin qəhrəmanlıq səhifəsinə yazanlardan biri də - Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, Azərbaycan torpaqlarının erməni daşnaklar tərəfindən işğalının qarşısını aldığına görə Cümhuriyyət hökümətində milli qəhrəman elan edilən Xosrov bəy Sultanovdur. Xosrov bəy Sultanov həm də İstiqlal Bəyannaməsinə imza atan 26 nəfərdən biridir.
Xosrov bəy Sultanov adı, soyadı hər zaman ermənilərin cəkinəcəyi bir ad, bir soyad olub. Çünki ermənilərin ilk sarsıdıcı məğlubiyyətə uğradılması məhz Azərbaycan Cümhuriyyətinin ilk müdafiə naziri Xosrov bəy Sultanovun adı ilə bağlıdır. 1970-ci ildə erməni daşnaklar tərəfindən Beyrutda çap olunan kitabda müəllif Levon Kasparyan yazırdı: ”Xosrov Sultanovun Qarabağa göndərilməsi onların ən yaxşı işi idi. Xosrov Sultanov erməni hərbçilərini məğlub etməklə bizim arzularımızın üstündən xətt çəkdi.”
Cümhuriyyət hökümətinin Qarabağa general-qubernator təyin elədiyi bu şəxs daşnak və bolşevik qüvvələrinə qarşı qeyri-bərabər döyüşlərdə qalib oldu, erməniyə bir qarış torpaq belə vermədi. Həmin ilin yayında əlinə silah alıb Qarabağ havasına havalanan ermənilər diz çökdürüldü, hamısı bir nəfər kimi Azərbaycan hökumətini tanımağa məcbur oldular. Onun qətiyyəti və hərbi şücaəti sayəsində Şuşadakı gizli daşnak komitəsinin üzvləri bir nəfər kimi qaçıb dağılmaqdan savayı yol görmədilər.
Ona görə də, əllərindən bir iş gəlməyən daşnaklar bolşevik əhval-ruhiyyəli müsəlmanların köməyi ilə şayiə yaymışdılar ki, guya Cümhuriyyətin Hərbiyyə Naziri bu şəxsi general-qubernatorluqdan geri çağırır. Bu kimi xəbərlərə son qoymaq məqsədilə Üzeyir bəy Hacıbəyov "Azərbaycan" qəzetinin 1919-cu il 24 iyun tarixli sayında yazırdı: "Həqiqətən, O, Qarabağ üçün ən münasib bir rəisdir. Qarabağ həyatına təmamilə aşina olan bu zat sağlam bir vücuda malik olduğu kimi, sağlam və salamat politika yerindən və təht idarəsinə tapşırılmış olan yerin ümumi mənafeyini xüsusi surətdə nəzərdə tutan bir zatdır. Ermənilər Qarabağda qəsdən süni iğtişaşlar yaratmaqla Qarabağ general-qubernatorunu baş komandanlıq gözündə ləkələmək istəyirlər. Əgər Qarabağ müsəlmanları arasında böyük və layiqli bir nüfuza malik olan və erməni camaatı tərəfindən dəxi möhtərəm sayılan bu zat Qarabağın hökuməti başında olmasa idi, burası - Azərbaycanın cənnəti hesab olunan bir yer çoxdan cəhənnəmə dönüb qətli-qital olmuşdu". Unudulmaz Üzeyir bəyin barəsində yazdığı bu qəhrəman insan Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov idi.
Xosrov bəy Sultanov 1879-cu ilin may ayının 10-da indiki Laçın rayonu ərazisində - Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasında - Kürdhacı kəndində dünyaya göz açıb. Xosrov bəy öncə qəza məktəbində, sonra Gəncə şəhərində gimnaziyada təhsil alır. Orta təhsilini tamamlayıb, o dövrün ən ünlü hərbi məktəbində - Odessada ali tibb təhsili alır. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi Bəyannaməsini imza edən 26 nəfərdən biri də Xosrov bəy Sultanov idi. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci höküməti kabinetində Xosrov bəy Sultanov hərbi nazir təyin edilir. Xosrov bəy Sultanov həm də Zaqafqaziya seyminin və Azərbaycan parlamanının üzvü olur. Ermənilərin aramsız hücumlarının qarşısını almaq müşkülə cevrilirdi. Məhz belə bir zamanda 1919-cu ilin yanvarın 15-də Xosrov bəy Sultanov Qarabağın general-qubernatoru təyin edilir.
1919-cu ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəranı zəbt etdilər. Xosrov bəy Sultanov 1919-cu ilin aprelində o zaman rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzetində geniş məqalə ilə çıxış edir. Xosrov bəy bu yazısında ermənilərin iç üzünü açıb göstərir. Xosrov bəy bu yazısında erməni daşnakları ilə gizli danışıq aparanlara sərt mesajını yollayaraq onları xəbərdar edir: ”Ermənilər bizim düşmənimizdir. Onlarla dostluq etmək istəyənlər və yaxud danışıq aparanlar bizim düşmənimizdir. Bu danışıqları aparanlar bizim tərəfimizdən cəzalandırılacaqlar.”
Xosrov bəy Sultanovun başçılığı ilə daşnak generalı Dronun hərbi dəstələri mayın 30-da darmadağın edildi və Azərbaycan silahlı qüvvələri Xankəndi və Şuşaya daxil oldular. 1919-cu ildə Şuşada erməni qoşununda döyüşmüş Zare Məlik-Şahnəzərov adlı bir erməni əsgərin «Şuşanın süqutu» adlı xatirəsindən oxuyuruq: «Şuşanın süqutundan əvvəl mənim yaddaşıma daha bir hadisə həkk olunub. Mən Musavatçı qubernatorla təsadüfən üz-üzə gəldim. Ermənilərə düşmən olan bu qəddar adam Xosrov bəy Sultanov idi. Məhz bu adam Qarabağda erməni qırğınları təşkil eləmişdi».
1920-ci ilin 28 aprel tarixində bolşeviklər hakimiyyəti qəsb etdikdən sonra, millətin qəhrəman oğullarını təqib etməyə başladı. Təbii ki, bu aqibət Xosrov bəydən də yan keçmədi.
Xosrov bəy Sultanov Cümhuriyyət dövrünün ən tanınan simalarından biri olduğu üçün 1920-ci ildə bolşeviklər tərəfindən həbs edildi. Lakin bu dəfə Xosrov bəyin köməyinə tələbə yoldaşı Nəriman Nərimanov catdı. Nəriman Nərimanov çətinliklə də olsa, Xosrov bəy Sultanovu həbsxanadan azad etdirə bildi. O, Xosrov bəyə məsləhət gördü ki, tezliklə ölkədən çıxsın.
1923-cü ildə general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlandı. O, Türkiyədə, İranda, daha sonra Fransa və Almaniyada yaşadı, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışdı. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov, Trabzonda məskunlaşdı. Xosrov bəy 1947-ci ildə vəfat etdi. Onun məzarı İstanbuldakı Feriköy məzarlığındadır
Bu gün Sultanovlar nəslin nümayəndələri içərisində hal-hazırda Türkiyədə yaşayanlar da az deyil. Onlar Sultanovlar nəslinin yolunu layiqincə davam etdirirlər.
Tarix ləkə götürmür. Amma sovet tarixşunaslığı igid oğullarımızı bizə quldur, yolkəsən kimi təqdim edib. Amma sonda həqiqət öz yerini tapdı. Tarix Azərbaycanımıza öz igid oğullarını tanıda bildi. Ömrü boyu işğal və köləliklə barışmayan, erməni daşnaklarının qənimi Xosrov bəy Sultanov belə qəhrəmanlarımızdan biridir.
Qoşqar Salmanlı
Mənbə: Karabakhmedia.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət