Slimfit
  1. MARAQLI

Xoşbəxtliyimizi oğurlayan və bizi zəiflədən bir nömrəli səhvimiz

Xoşbəxtliyimizi oğurlayan və bizi zəiflədən bir nömrəli səhvimiz
Sakura

Xoşbəxtliyimizi oğurlayan və bizi zəiflədən bir nömrəli səhvimiz

“Güc” dediyimiz zaman ilk ağla gələn fiziki gücdür. Lakin fiziki gücümüzdən daha dərin və əhəmiyyətli olan emosional və psixoloji zehni gücümüzdür. Biz bu gücümüzün, bu həyati resursumuzun nə qədər çox qeydinə qalsaq, nə qədər çox keşiyində durub qorusaq, o da bizə o qədər kömək olacaq. Bizi daha da güclü, pozitiv, sarsılmaz, sağlam və xoşbəxt edəcək. Yəni, biz ona nə qədər yaxın olub, nə qədər yaxşı davransaq, o da bizə daima kömək olacaq, həyatımızın inşası, xəyallarımızın reallaşmasında daima yanımızda olacaq, əlimizdən tutacaq. Biləyimizin gücünün tükəndiyi anlarda o, köməyimizə çatacaq.

Başlayaq…

 

Digər insanlarla, bir-birimizlə daima ünsiyyətdə, münasibətdə olmaq qaçılmaz və hər günümüzün böyük bir hissəsini tutan təbii bir reallıqdır. Həyatımızın, karyeramızın və sağlamlığımızın ən böyük, ən güclü təsiredici qüvvələrindən biri də məhz həyatımızdakı bu insanlardır. Biz münasibətdə olduğumuz insanlarla aramızda fiziki və emosional sərhədlər qoymadığımız zaman adətən insanların bilərəkdən, məqsədli və ya məqsədsiz gücümüzü aldıqlarını, enerjimizi tükətdiklərini görürük. Bəzən də bunun fərqində belə olmuruq. Bunun kökündəki əsas səbəb isə “YOX” deyə bilməməkdir. Biz “YOX” deyə bilmədiyimiz, gücümüzü insanların insafına verdiyimiz, bunu qorumaq, böyütmək üçün heç bir şey etmədiyimiz zaman nəticə də çox mənfi, xoşagəlməz, arzuedilməz təcrübələr yaşamaq olur. Çox detallarına girmədən bu baş verənləri beş maddə halında sıraladım. Buyurun oxuyun və hansıların sizə aid olduğunu seçib bunu dəyişmək üçün edə biləcəklərinizi düşünün. Əlbətdə ki, bu haqda dərhal kiçik də olsa, addımlar atın.

1. Gücümüzü fəda etdiyimiz zaman emosialarımızın və duyğularımızın digər insanlar tərəfindən idarə edilməsinə icazə vermiş olur.

2. İnsanların bizə dəyər biçməsinə səbəb olur. Yəni, dəyərlərimizin nələr və nə qədər olduğunun müəyyən edilməsini bir növ digər insanların insafına buraxmış oluruq.

3. Həyatımızın pilotu olmaq seçimi bizə verilmişkən, belə bir imkanımız varikən, öz həyatımızda bir sərnişin olmağı seçirik. Belə olduğu təqdirdə digər insanlar bizim üçün, bizim hədəflərimiz, arzularımız və xəyallarımızın reallaşması üçün nə qədər kömək olacaq? Çox deyil… Böyük ehtimal heç kömək olmayacaq və ya çox az dəstək olacaqlar.

4. Əgər insanların tənqidi fikirlərinə qarşı çox həssas olacaq və hər şeyi loru dildə desək, ürəyinə salacaqsansa, bu, sənin gücünü, enerjini əmib yox edəcək. Ən əsası, ürəyində insanlara, xüsusilə də, yaxın münasibətdə olduğun insanlara qarşı da daima böyüyən bir kin, nifrət, əsəb olacaq. Çünki onların etdikləri, səni yaxşı hiss etdirməyən davranışları haqqında onlarla danışmayacaqsan, onlar da çox vaxt bilmədən səni incidəcək, əsəbləşdirəcək və zamanla da bu, münasibətlərinizin korlanmasına səbəb olacaq.

5. İnsanların sənin haqqındakı fikirləri sənin reallığın olmağa başlayacaq. Halbuki, insanların fikirləri çox vaxt fakt deyil, sadəcə bir fikirdir. Onların öz təcrübələri, həyatları, yaşadıqları və bildiklərindən qaynaqlanıb gələn və doğru olma ehtimla da heç də həmişə yüksək olmayan fikirləridir. Bəzən tənqidlər çox faydalıdır, amma bir şərtlə ki, biz bu tənqidləri sağlam bir tərzdə dəyərləndirə, sorğulaya bilən bir səmini tənqid bəzən bizi ciddi problelmlərdən, gələcəkdə üzələşəcəyimiz potensial böhranlardan qurtara, bunlara qarşı tədbir almağımıza kömək ola bilər. Yaxud da bir səmimi tənqid davam etdiyimiz yanlış yoldan gec olmadan dönməyimizə səbəb ola bilər.

Tənqidləri sağlam bir şəkildə dəyərləndirməyin yollarından bəziləri bunlardır:

- Bu tənqidi fikrin doğru olduğunu təsdiqləyən hansı faktlar var?

- Tənqidi edən insan bunu nəyə görə edir? Məqsədi doğrudan da kömək etməkdirmi, yoxsa fərqli səbəb və ya səbəblərimi var?

- Davranışlarımda dəyişiklik etmək istəyirəmmi? Ona görə yox ki, kimsə məcbur edir, “bunu belə etməlisən!” deyir. Ona görə ki, bunun doğru olduğunu sən özün də düşünürsən, buna əminsən və buna görə də edirsən və ya etmək istəyirsən.

Yuxarıda sadalananlar heç də yaxşı səslənməyə bilər. Lakin unutmayaq ki, bizim seçim və şərh etmək azadlığımız var. ƏN ÇƏTİN və eyni zamanda ƏN GÜCLÜ HİSS, ən azadlıq gətirici olan isə məhz özümüzə seçimlərimizin, seçim etmə azadlıq və gücümüzün olduğunu xatırlatmaqdır. Əslində özümüzü məcbur hiss etməməliyik, bilməliyik ki, hər bir şey bir seçimdir və biz fərqli bir çox seçimlər edə bilərik. Bizi narahat edən nədirsə, ya oradan çıxarıq, ya da onu həyatımızdan çıxara bilərik. Digər həyati əhəmiyyətli olan nüans isə hər şeyi bir anda və ya bir gündə dəyişdirmək istəyimizdir. Buna qarşı çox diqqətli olmalı və böyük düşünməli, ancaq kiçik başlamalıyıq. Vacib olan bir gün, bir həftə nə etdiyimiz olmayacaq, davamlı olaraq həftələr, aylar boyunca nə edəcəyimiz olacaq. Böyük həvəslə başlayıb bir həftə sonra köhnə, əvvəlki sizə qayıtmaqdansa, kiçik başlayın, davam edin və zamanla nəhəng bir dəyişikliyi reallaşdırmış olun.

Son olaraq da bizi zəiflədən digər bir mövzunu qısa bir şəkildə bölüşmək istəyirəm. Bəzən insanlara əsəbləşirik. İnsanlar da bizə əsəbləşir. Bu çox normaldır. Lakin bu əsəbi, kini özümüzlə daşımaqla digər insanlar heç bir şey itirmir. Əslində tam tərsi baş verir, onların bizim həyatımıza olan mənfi təsiri davam edir. Burada isə bir seçimimiz var, o insanları bağışlamaq, amma etdiklərini, necə bir insan olduqlarını isə əsla unutmamaq. Bağışlamağın bizə faydası olacaq. Bu mövzu da araşdırılıb və daima bir çox faydaları sadalanır. Aşağıda bir neçəsini sizinlə paylaşacağam:

- bizə güc verir;

- daha müsbət bir əhval ruhiyyə yaradır;

- uğurlu olma ehtimalımızı artırır;

- yaşadığımız stresi azaldır;

- bədənimizdə əsəb və stresdən hər hansı ağrılar olarsa, bu ağrılara qarşı dözümlülüyümüzü artırır;

- daha uzun ömürlü, daha sağlam yaşamağımıza səbəb olur.

Bir anlıq düşünün, yuxarıda sadalanan hansı hallar sizə daha çox uyğundur? Hansını oxuyanda “bu tam olaraq məni izah edir” dediniz? Hansı hallarda gücünüzü boş yerə sərf edir, israf edirsiniz? Bu yuxarıdakı hallar hər bir insanda müəyyən qədər var və daima da olacaq. Bizim işimiz isə davamlı olaraq bunlara qarşı ayıq-sayıq və cəld olmaqdır. Ayıq-sayıq olmaq, ona görə ki, baş verdiyi anda tez görə, fərqinə vara bilək.

Cəld olmaq, ona görə ki, dərhal hərəkətə keçək və gec olmadan həll edək. Siz də bilirsiniz, atalarımız “dəmiri isti-isti döyrələr” deyib. Həyatımız hədəflənən limana gedən bir gəmidir, bu gücümüzü verdiyimiz anlar isə gəmidə açılmış olan dəliklər. Gəmiyə nə qədər çox su dolsa, o qədər sürəti azalacaq, o qədər lazımsız yerə enerji və resurslarımızı sərf etmiş olacaq və limana/hədəfimizə çox gec çatacağıq, bəlkə də heç çatmayacağıq. Qorxunc səslənir, bilirəm. Doğurdan da qorxuncdur. Nəticədə bizə bircə dəfəlik istifadə üçün verilmiş və çox sürətlə sona yaxınlaşan ömrümüzdür. Buna görə də dərhal tətbiqat, icraat lazımdır. Qısacası, başlayın, elə indi!!!

Uğurlar!

 

 

Mənbə: Modern.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR