Slimfit
  1. İDMAN

Xorvatiya yığması Azərbaycanla matçda oyun üslubunu dəyişəcək

Xorvatiya yığması Azərbaycanla matçda oyun üslubunu dəyişəcək
Sakura

Xorvatiya yığması Azərbaycanla matçda oyun üslubunu dəyişəcək

“Dünya çempionatı ilə müqayisədə oyun üslubumuzu dəyişməliyik”.

Report” xəbər verir ki, bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç AVRO-2020-nin seçmə mərhələsinin I turunda evdə Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun haqqında danışarkən deyib.

53 yaşlı mütəxəssisin sözlərinə görə, artıq rəqibi gözləyib əks-hücumlara çıxmamalıdırlar: “Daha biz Argentina, Braziliya, İngiltərə və ya Fransaya qarşı oynamırıq. Rəqibi gözləyib əks-hücumlara çıxmamalıyıq. Biz favoritik, topa sahib olmalı, müdafiədə ciddi və özümüzə inamlı olmalıyıq. Çünki rəqib bizi gözləyəcək. Əsas məsələ topu itirən zaman cəld reaksiya verməyimizdir. İrəliyə getməklə bərabər səbrli davranmalı, rəqibin oyununa fikir verməliyik. Lakin hər şey özümüzdən asılıdır”.

Daliç heyətlə bağlı ciddi problemlərdən də söz açıb. O, neqativ görünmək istəmədiyini bildirib: “Marko Pyatsa tezliklə sağalmaq və milliyə qayıtmaq haqqında düşünür. Bunun üçün enerji, güc və səbrə ehtiyacı var. Tin Yedvayın durumuna baxacağıq, lakin, böyük ehtimalla, hazır olmayacaq. O, yenə ağrı hiss etdiyi üçün risk edə bilmərik. Müdafiəçilərdən yalnız Domaqoy Vida tam gücü ilə məşq edir. Ante Rebiç son matçda 15 dəqiqə oynadı, Marselo Brozobiçin problemləri var. Neqativ görünməyim düzgün olmazdı. Hazırda yığmada yer alan futbolçuları qiymətləndirməmək istəmirəm. Onlara inanırıq və komandadan razıyıq. Bu gün bərpa məşqi keçdik. Azərbaycanla görüşə hazırlaşmaq üçün 2 gün vaxtımız var. Andrey Kramariçin yaxşı formada olması məni ilhamlandırır. Bruno Petkoviç də yaxşı futbolçudur. Onun top saxlamaq bacarığı müxtəlif tapşırıqların yerinə yetirilməsi baxımından gərəklidir”.

Qapıçı seçiminə də toxunan Daliç bu məsələni köməkçiləri ilə müzakirə etdiyini vurğulayıb: “Qapıçının stabil olmasını xoşlayıram və dəyişmək istəmirəm. Lovre Kaliniç zədədən sonra klubunda əsas heyətdə yerini itirib. Dominik Livakoviç də yaxşı qolkiperdir. Köməkçim Maryan Mrmiçlə danışıb, bağlı qərar qəbul edəcəyik”.

Baş məşqçi Azərbaycanla oyunda tribunalarda boş yer qalmayacağına ümid bəslədiyini bildirib: “Rusiyadakı eyforiya “Maksimir” stadionunda Zaqreb “Dinamo”sunun avrokuboklardakı ev oyunları zamanı davam etdi. Hamımız bir yerə toplandıq. Azarkeşlərin tribunaları doldurması bizim üçün vacibdir”.

Qeyd edək ki, Xorvatiya - Azərbaycan qarşılaşması martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR