Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Xocalının cəngavəri adını almış azərbaycanlı - ermənilərin şərlədiyi Milli Qəhrəman Əlif Hacıyev kimdir?

Xocalının cəngavəri adını almış azərbaycanlı - ermənilərin şərlədiyi Milli Qəhrəman Əlif Hacıyev kimdir?
Sakura

Xocalının cəngavəri adını almış azərbaycanlı - ermənilərin şərlədiyi Milli Qəhrəman Əlif Hacıyev kimdir?

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt edib. Şəhəri toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutan erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.
 
Bu qırğının nəticəsində 613 dinc sakin həyatını itirib ki, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Soyırım nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 150 nəfərin itkin düşdüyü soyqırım bəşəriyyətin ən qəddar cinayətlərindən sayılır.
 
AZXEBER.COM Xocalı soyqırımı zamanı böyük şücaət göstərmiş, qəddar düşmənlə sona qədər mübarizə aparmış və qəhrəmancasına şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevdən bəhs edəcək.
 
O Əlif Hacıyevdən ki, hələ 70-ci illərin sonunda erməni dığaları tərəfindən şərlənərək, uzun müddət uzaq Sibirə həbsə göndərilmişdi.
 
Əlif Hacıyev kimdir?
 
Qəhrəmanımız əslən Xocalıdandır. Dörd uşaqlı ailənin üçüncüsü idi və hələ uşaq yaşlarından zəhmətə alışmışdı. Maddi vəziyyəti o qədər də yaxşı olmayan valideynlərinə kömək etmək üçün balıq tutur və sataraq ailənin gündəlik xərclərini qarşılayardı. Dostlarının bildirdiyinə görə, Əlif hələ yeniyetmə yaşlarından maşın sürməyə həvəsli olub və bu səbəbdən məktəbi bitirəndən dərhal sonra Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnib.
 
Həyatın müxtəlif çətinlik və sınaqlarından çıxan Əlif təhsil almağı, karyera qurmağı da heç zaman diqqətdən kənarda qoymur. Rusiyanın Murmansk şəhərində hərbi xidməti başa vurduqdan sonra polis sistemində işləməyə başlayır. 1979-cu ildə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbini bitirir. Daha sonra SSRİ DİN-nin Akademiyasında təhsil alır və daha sonra zabit olaraq sistemdə fəaliyyətini davam etdirir.
 
Gizli "millətçi mərkəzi” ifşa edir...
 
Əlifin qəlbində hələ uşaqlıqdan bu murdar daşnak tör-töküntülərinə qarşı nifrət yuva salmışdı. Addımbaşı bu millətin xəyanətkar sifəti ilə üzləşdiyindən bu münasibətlərin faciəli aqibətini də əvvəlcədən görür, bütün varlığı ilə hiss edirdi. Bəlkə elə buna görə də daim özünü onlarla açıq mübarizəyə hazırlayırdı. Polis sıralarındakı fəaliyyətinin ilk günlərindən başlayaraq daşnak ünsürlərinə qarşı mübarizəyə başlayır. O vaxtlar DQMV-də ermənilərin uzun müddətdən bəri gizli fəaliyyət göstərən "millətçi mərkəzi” fəaliyyət göstərirdi.
 
Bu mərkəzə gizli yollarla külli miqdarda vəsait, silah-sursat daxil olurdu. Təbii ki, belə bir terrorçu qüvvəni ifşa etmək o vaxtlar böyük risk tələb edirdi. Amma daşnakların əməlləri, onların gizli fəaliyyəti barədə artıq təcrübəli milis işçisi olan Əlif Hacıyev qorxub-çəkinmədən dəqiq məlumatlar toplaya bilmişdi. O, ermənilərin törətdiyi hər bir cinayətin üstünü vaxtında açır, onların bütün ümidlərini puça çıxarırdı.
 
Erməni nifrəti onu uzaq Sibirə aparır...
 
Qarabağın bu igid oğlunun cəsarətli addımları erməniləri əməlli-başlı narahat edir, onların yuxularını ərşə çəkirdi. Get-gedə Əlif onlar üçün böyük təhlükəyə çevrilirdi. Artıq daşnak kabinetlərində cəsarətli eloğlumuzun aradan götürülməsi barədə planlar cızılırdı. Çox keçmədi ki, Əlif saxta ittihamlarla günahlandırıldı. Guya rüşvət alması ilə bağlı DQMV prokurorluğunda cinayət işi qaldırıldı. Saxta faktlar əsasında qaldırılmış cinayət işi üzrə aparılan istintaq 9 ay çəkdi.
 
Ermənilər öz çirkin niyyətlərinə çatmışdı. Əlif Hacıyev 10 il həbs cəzasına məhkum edildi. Bu ədalətsiz hökm onu Şuşa həbsxanasından tutmuş, uzaq Sibir həbsxanlarına qədər aparıb çıxardı. O, həbsxanalarda min bir əzab-əziyyətlə qarşılaşdı. Amma əyilmədi, sınmadı. Öz mənliyini, vüqarını qorudu.
 
Daha bir cəsarətli addım və nəhayət Əlif...
 
Bir dəfə Əlif ciddi kamera rejiminin "sədlərini yararaq” DQMV-də gizli millətçi mərkəzin fəaliyyət göstərməsi barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinə məktub göndərir. Bu məktubdan sonra DTK öz nümayəndəsini həbsxanaya yollayır. Əlif Hacıyev DTK nümayəndəsini məsələnin nə qədər ciddi təhlükə doğuracağı barədə bir daha məlumatlandırır. Amma bu məlumatlardan vaxtında istifadə olunmur, Qarabağda ermənilərin törətdikləri qatı cinayətlərin qarşısı vaxtında alınmır.
 
1987-ci ildə Əlifin məhkəmə işinə yenidən baxılaraq 10 il həbs cəzası 6 ilə endirilir. Bir az sonra isə o, tam bəraət alaraq azadlığa buraxılır. 1990-cı il… Əlifin gözlədiyi an gəlib çatdı. Haqq-ədalət öz yerini tapdı. O, azadlığın dadını yenidən hiss etdi. Əlif Hacıyev həbsxanadan buraxıldıqdan sonra doğma yurdu Xocalıya qayıdır. Bu o vaxtlar idi ki, artıq Dağlıq Qarabağda ermənilərin özbaşınalıqları daha da böyük faciələrə səbəb olmuşdu. Ölkədə nizami ordunun olmaması bu faciələrin qarşısının alınmasını çətinləşdirirdi.
 
Yenidən sistemə qayıdır və bu dəfə...
 
Əlif Hacıyev Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini davam etdirir. O, dekabr ayında daxili işlər orqanlarına qəbul olunaraq Xocalı Təyyarə Limanı Xətt Daxili İşlər Bölməsinə rəis təyin edilir. Əlif hər gün döyüşçülərlə görüşür, öz təcrübəsindən yararlanaraq onlara məsləhətlərini verirdi. Qarabağ cəngavərinin əzmkarlığı nəticəsində Xocalı aeroportu erməni millətçilərinin nəzarətindən tamamilə çıxır.
 
Bu, düşmən üçün ağır zərbə olsa da, onlar öz iyrənc planlarını həyata keçirməyə davam edirlər. Xocalı hər tərəfdən mühasirəyə alınır. Bu təhlükəni Əlif duyur və hər gün vəziyyətlə bağlı paytaxta məlumat verir, təcili tədbir görülməsini tələb edirdi. Kömək isə gəlmirdi. Nəhayət, Əlifin qorxduğu dəhşətli hadisələr baş verdi. Erməni-rus hərbi birləşmələri tarixdə misli görünməyən cinayətə əl atırlar. 1992-ci il fevralın 26-da tarixdə ən qanlı soyqırımı - Xocalı faciəsini törədirlər. Sakinlər xüsusi qəddarlıqla qətlə yetirilir, onların gözləri çıxarılır, başlarının dərisi soyulur, müxtəlif bədən üzvləri kəsilirdi. Hətta bir neçə şəhidin cəsədləri yandırılır.
 
O sona qədər döyüşür, bir addım da geri atmırdı...
 
Əlif Hacıyev düşmənin nə qədər güclü olmasına baxmayaraq təslim olmur, onlarla cəngavər kimi vuruşur, dinc əhalinin təhlükəsiz yerə çıxarmaqdan ötrü misilsiz qəhrəmanlıq göstərir. Nəhayət, xain düşmən gülləsi Qarabağ cəngavərinin vətən sevgisi ilə döyünən ürəyinə tuşlanır. Vətən yolunda onu canından artıq sevən bir qeyrətli eloğlumuz da şəhidlik mərtəbəsinə yüksəlir.
 
Ölümündən bir neçə gün sonra Əlifin tabutunu Bakıya gətirib Şəhidlər Xiyabanında dəfn edirlər. Ölümündən sonra Əli Hacıyevə "Azərbaycanın Milli Qəhrəmanı” adı verilir. Paytaxt Bakıdakı küçələrdən biri ölməz qəhrəmanın adını daşıyır.
 
Sonda xatırladaq ki, ölməz qəhrəman Qalina adlı xanımla evli idi və ömrünün sonuna qədər onunla nikahda olub. Zərinə və İradə adlı qız yadigarları qalıb.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR