Slimfit
  1. AZƏRBAYCAN

"Xocalıda əsir düşmüşəm" deyən, küçədə yatan bu qadını niyə heç kim tanıya bilmir? - Rəsmi

"Xocalıda əsir düşmüşəm" deyən, küçədə yatan bu qadını niyə heç kim tanıya bilmir? - Rəsmi
Sakura

"Xocalıda əsir düşmüşəm" deyən, küçədə yatan bu qadını niyə heç kim tanıya bilmir? - Rəsmi

Bakıda 4 uşaqlı ailənin bir neçə aydır küçədə yaşaması barədə Yeniavaz.com saytında məlumat vermişdik. Getməyə yerləri, yaşamağa evləri olmadığı üçün Binəqədi rayonu, 6-cı mikrorayonda binanın həyətində qalmağa məcbur olduqlarını bildirən ailənin xanımı Leyla Sayadova saytımıza demişdi ki, onların probleminin həllinə kömək edən yoxdur.
Leyla Sayadova Xocalı rayonundan məcburi köçkün olduqlarını, Qarabağ müharibəsi zamanı yaralandığını demişdi.


"Bakıda məcburi köçkünlərin yaşadıqları binada məskunlaşmışdıq, "Qaçqınkom" ev verib ailələri köçürməyə başladı. Ev verilməsi üçün "Qaçqınkom"un Abış və Şəhriyar adlı əməkdaşı bizdən 3000 manat rüşvət istədi, amma buna imkanımız çatmadı. Uşağım hepatit xəstəsidir, mən I qrup əliləm, yoldaşım da həmçinin. Rüşvət verə bilmədik deyə, bizə ev vermədilər. Binəqədi rayon Polis İdarəsinin rəisi bizə söz verdi ki, kirayədə qalın, sizə torpaq və içində də 2 otaqlı ev tikilib veriləcək. Bizi kirayəyə köçürdülər, amma kirayə pulumuzu vermədilər, ev sahibi bizi atdı küçəyə. 4 uşaqlı ailəyik, qalmağa evimiz olmadığı üçün küçədə yatırdıq. Bakını bu yaxınlarda yağış suyu basanda gecədən səhərədək binanın blokunda yatdıq. Uşaqlar tir-tir titrəyirdilər. İndi isə "Avtovağzal"ın yaxınlığında kirayə ev tutmuşuq, orada qalırıq. Gördük ki, bizə kömək edən yoxdur, məcburən kirayə ev tutduq, pensiyamızla 150 manat kirayə haqqı veririk".
Qeyd edək ki, ailənin bu vəziyyəti ilə bağlı saytımızda video yayılandan sonra bəzi dövlət qurumlarından redaksiyamıza zəng vuraraq, Leyla Sayadovanın Xocalı rayonundan yox, Bərdədən olduğunu bildirdilər. İddia olundu ki, Xocalıdan olmasını, əsir düşməsini Leyla xanım məhz diqqət çəkmək üçün özündən deyir. Məsələni araşdırmağa çalışdıq.
Əvvəla, onu qeyd edək ki, "Youtube"da 2016-cı il fevral ayının 26-da yayılmış bir video var ki, orada Leyla Sayadova Xocalıda əsir düşdüyünü bildirir, özünün və anasının başına gətirilənlərdən danışır. Video Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri tərəfindən hazırlanıb. 


Leyla Sayadovanın Xocalıdan olub-olmaması ilə bağlı Yeniavaz.com saytı əvvəlcə Xocalı şəhər icra nümayəndəsi Sovet Allahverdiyevdən münasibət öyrənib: "Leyla Sayadova deyir ki, Xocalıdanam. Xocalıda elə adda adam yaşamayıb, heç sakin də olmayıb. Xocalılardan heç kim onu tanımır. Bu adam Bərdə rayonundan, həyat yoldaşı isə Şamaxıdandır. Bu xanım deyir ki, mən Xocalıda hava limanının yanında yaşamışam. Deyirəm orada kimi tanıyırsan? Bir nəfərin adını deyə bilmir. Sən orada necə yaşamısan ki, bir adam tanımırsan? Bir qohum-əqraban yox, heç kimi tanımırsan, necə Xocalıdansan? Deyir mənim başım tankın altında qalıb, ay qardaş, başı tankın altında qalan adam sağ çıxar? Danışmağına danışır, ancaq bizim elə bir sakinimiz yoxdur, olmayıb da. Ev almağın dərdindən danışır. Başqa adamlar da olub, yalandan Xocalıdan olduqlarını deyiblər. Xocalıdan olan heç bir ailə gedib demir ki, mən bu vəziyyətdəyəm. Əgər Xocalıdan olsa, biz onu qoymarıq o vəziyyətdə qala, icra başçımız tədbir görər onun haqqında. Pasportuna baxsınlar, sonra qiymət versinlər. Biz o adamı tanımırıq".
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev isə saytımıza Leyla Sayadovanın məcburi köçkün kimi bu quruma evlə bağlı müraciət etmədiyini bildirib: "Onun harada qeydiyyatda olmasını isə siz Xocalı və ya Bərdə rayon icra hakimiyyətlərindən öyrənə bilərsiniz".
Leyla Sayadovanın həyat yoldaşı Tarverdi Sayadov isə ittihamları qəbul etmir:"Veteran vəsiqəsi həyat yoldaşımın əlindədir. Yoldaşım əsirlikdən qayıdandan sonra onu bibisi götürüb saxlayıb. Bibisi də indi sağdır. Yoldaşımın anasını Xocalıda gözünün qarşısında yandırıb öldürüblər. Bibisi o vaxt qaçhaqaç vaxtı gəlib Ağdama, oradan da köçüb Bərdəyə. Əsirlikdən sonra yoldaşımı bibisi götürüb öz himayəsinə. Leyla əsir düşəndə 8 yaşı olub. Xocalıda Qala dərəsində doğulub, bir tərəfi də şuşalıdır. Onlar öz zir-zibillərinin üstünü örtməkdən ötrü üzərlərindən atıblar. Yoldaşım hazırda məcburi köçkün kimi Bərdədə qeydiyyatdadır. Neçə dəfələrlə "Qaçqınkom"a müraciət etmişik. "Qaçqınkom"un Binəqədi şöbəsinin rəhbəri Abış bizdən pul istəyirdi, verə bilmədik, ona görə evsiz qaldıq. Həmin Abışı rüşvətlə əlaqədar şikayətlərə görə işdən çıxarıblar, işi prokurorluqdadır. Yaxşı, biz "Qaçqınkom"a necə müraciət etməmişik ki, Abışdan şikayətçi olan, Binəqədi Rayon Prokurorluğunda şikayəti araşdırılan 83 ailənin arasında bizim də adımız var? Həmin Abış o vaxt rüşvət alıb çox adamı kənd Əhmədlidə yeni tikilmiş binaya köçürmüşdü. Sonra onu işdən azad elədilər. Hazırda bu məsələ ilə əlaqədar 83 ailənin qeydiyyatı var".


Yenidən Xocalı şəhər icra nümayəndəsi Sovet Allahverdiyevlə əlaqə saxlayıb Tarverdi Sayadovun bu fikirlərini ona dedik. Cavabı belə oldu: "Leyla Sayadova Xocalıda anadan olsa, onun pasportunda doğulduğu yer Xocalı göstərilərdi. Onun Xocalı ilə heç bir əlaqəsi yoxdur. İndi kim nə deyirsə, sənəd qoysun ortaya ki, mən Xocalıdanam. Bir fakt ortaya qoysun, bir adam gəlib desin ki, bu insan Xocalıdandır. Xocalıdan kim sənəd verib ona ki, veteran vəsiqəsi də var? Bizdə elə adam olmayıb, heç kim ona sənəd verməyib. Şəhər icra nümayəndəliyinin rəhbəri mənəm, mən də deyirəm ki, belə bir sakinim olmayıb".
Məsələ ilə bağlı Yeniavaz.com-a Xocalı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eldar Bağırov da açıqlama verib: "Xocalıda əsir düşənlərin siyahısı məlumdur, dünyasını dəyişənlərin adı məlumdur, hətta zərərçəkmişlərin də siyahısı var. Onun Xocalıda olmasını, əsir düşməsini, hansı məqamda, hansı tarixdə əsir düşməsini araşdırmaq çox çətin bir iş deyil. Yəqin onu orada tanıyanlar, görənlər olardı. Bunu araşdırmaq da çətin deyil. Leyla Sayadova Xocalıya heç bir aidiyyəti olmayan şəxsdir. Onun özü Bərdədə qeydiyyatdadır, yoldaşı isə Şamaxıda. Bunlar Xocalı qeydiyyatında olmayan şəxslərdir. Əgər onun veteranlığı varsa, yönəldin bizə, araşdıraq görək veteran vəsiqəsini hardan alıb, necə alıb, buna da bir hüquqi qiymət verilsin. Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar müəllim çox-çox məlumatlı insandır, xocalıların demək olar hamısını tanıyır. Sovet Allahverdiyevin özü də əgər onu Xocalı sakini kimi tanımırsa, deməli, bu adamın Xocalıya aidiyyəti yoxdur. Xocalıya aidiyyəti olsa, onu, qohumlarını bizim hörmətli millət vəkilimiz Elman Məmmədov da tanıyar, eyni zamanda hüquq-mühafizə orqanları da bilər. Biz arxivə nəzər saldıq, onun barədə əsər-əlamət yoxdur. Xocalıdan olduğunu sübut eləsin ki, orada harda, necə, nə vaxt yaşamısan? Heç olmasa bir qonşusunun adını versin, desin görək kimin qonşuluğunda yaşayıb. Özünü müdafiə etmək üçün, hüquqlarını müdafiə etmək üçün nələrsə danışır, amma hər şey dəqiq olmalıdır də. Araşdırmaq lazımdır ki, Leyla Sayadova Xocalıdan olmaya-olmaya niyə Xocalıdanam deyir? Haqqını istəyirsənsə, həqiqəti de də, niyə yalan deyirsən".
Bərdə Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İsgəndər İsmayılov isə Yeniavaz.com-a açıqlamasında Leyla Sayadova ad-soyadlı bir şəxsi tanımadığını, problemindən xəbərsiz olduğunu bildirib.


İsgəndər İsmayılov: "Əgər bir insan Bərdədə qeydiyyatdadırsa, necə məcburi köçkün ola bilər? Ümumiyyətlə, mən belə bir adamın Bakıda uşaqları ilə birgə küçədə yaşaması, üzləşdiyi problemlərlə bağlı bu günədək eşitməmişəm, ilk dəfə sizdən eşidirəm",-deyib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR