Slimfit
  1. MƏDƏNİYYƏT

“Xocalı şikəstəsi” kitabının təqdimatı olub

“Xocalı şikəstəsi” kitabının təqdimatı olub
Sakura

“Xocalı şikəstəsi” kitabının təqdimatı olub

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Ulduz Qasımın “Xocalı şikəstəsi” kitabının təqdimatı keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, nəşrin redaktoru – şair, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli müəllif haqqında məlumat verib. Bildirib ki, Ulduz Qasım (İmanova) Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1980-90-cı illərdə mətbuatda publisistik yazıları, kiçik hekayələri dərc olunub. Sonradan Moskva şəhərinə köçsə də, Ulduz xanım gəncliyin və tələbəliyin doğma yuvası Bakını, dünyaya göz açdığı Cəbrayıl rayonunu unutmayıb. O, “Mən aşiqəm Qarabağda”, “Tələbə gündəliyi”, “Qürbət Zöhrəsi”, “Açılmayan sirlər” kitablarının müəllifidir. “Qürbət Zöhrəsi” İstanbulda da türk dilində çapdan çıxıb.

Ədəbi tənqidçi Elnarə Akimova romanın ideya-bədii xüsusiyyətlərindən danışıb. Qeyd edib ki, əsərdə Xocalıda yaşayan bir ailənin başına gətirilən müsibətlərdən bəhs olunur. Ailənin başçısı Fərhad həkim iki ayağını itirir, Fəridə ananın gözü qarşısında balaca oğlu Fuad erməni quldurları tərəfindən param-parça edilir. Belə bir vaxtda onlar meşədə anası ölmüş körpə erməni uşağına rast gəlirlər. Uşağı götürüb özləri ilə Bakıya gətirir, böyüdüb ali təhsil verirlər: “Göründüyü kimi, əsərdə məğlubiyyət var, Xocalı yerlə-yeksan edilib. Ancaq mənəviyyatın xaosu yoxdur. Azərbaycanın mənsub olduğu milli-mənəvi dəyərlərin qələbəsi var...”.

Milli Məclisin deputatı Tahir Rzayev deyib ki, Xocalı haqqında keyfiyyətindən asılı olmayaraq, bütün yazılanlar tarixdir. Bu mənada Moskvada yaşaya-yaşaya düşüncələrini Xocalıdan bəhs edən əsərə çevirmək təqdirəlayiq işdir.

Romanı Türkiyə türkcəsinə uyğunlaşdıran şair, yazıçı İmdad Avşar tarixi hadisələrin gələcək nəslə, eləcə də dünyaya çatdırılmasında ədəbiyyatın və sənətin rolundan danışıb, romanın başqa dillərə də tərcümə olunmasının zəruriliyini vurğulayıb.

Müəllifə minnətdarlığını bildirən Milli Məclisin deputatı Jalə Əliyeva söyləyib ki, Xocalı soyqırımı haqqında çox kitablar yazılmalı, xalqımızın başına gətirilən bu müsibətlər ədəbi əsərlərdə əksini tapmalıdır.

Əslən Xocalıdan olan şair Ələmdar Quluzadə, şair, yazıçı Əlirza Xələfli, şair Əli Mahmud və başqaları roman haqqında fikirlərini bölüşüblər.

Sonda müəllif Ulduz Qasım əsərə verdikləri yüksək dəyərə görə tədbirin iştirakçılarına minnətdarlığını bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR