XİN: Danimarka şirkəti Qarabağa heç bir məhsul ixrac etməyib
Ölkəmizin kütləvi informasiya vasitələrində yayılmış Danimarkanın dərman preparatları istehsalçısı olan “Novo Nordisk” şirkəti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimə dərman məhsullarının satışının həyata keçirilməsi haqqında məlumat Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyi tərəfindən araşdırılıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Araşdırma nəticəsində müəyyən olunub ki, Danimarkanın “Novo Nordisk” şirkəti Dağlıq Qarabağ ərazisində heç bir iqtisadi fəaliyyətlə məşğul deyil, bu ərazi ilə heç bir ticarət müqaviləsi mövcud deyil və Dağlıq Qarabağa heç bir məhsul ixrac edilməyib.
Bu məlumatı öz məktubunda təsdiq edən Danimarka şirkəti Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət etdiyini və Azərbaycanın milli qanunvericiliyi, eləcə də beynəlxalq hüquqa uyğun fəaliyyət göstərdiyini xüsusi olaraq vurğulayıb.
Danimarka şirkəti, həmçinin mətbuatda bu cür xəbərlərin yayılmasından narahat olduğunu və “Novo Nordisk”in Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət