Slimfit
  1. AZƏRBAYCAN

Xəzərdə nə baş verir...

Xəzərdə nə baş verir...
Sakura

Xəzərdə nə baş verir...

Bu ilin dekabr ayına qədər Xəzər dənizində suyun səviyyəsi daha 15 santimetr azalacaq. Virtualaz.org xəbər verir ki, Rusiya Hidrometeorologiya Mərkəzinin və Xəzər dənizi Araşdırmaları Mərkəzinin mütəxəssisləri belə iddia ilə çıxış ediblər. 

Onlar hesab edirlər ki, əgər bu proqnoz təsdiqini taparsa, Xəzər dənizi il ərzində 60 kub kilometr su itirə bilər. Bu da balıq populyasiyalarının azalmasını qaçılmaz edir. Digər tərəfdən isə, Xəzər dənizinin şimalında, Şimali Qafqaz Federal Dairəsində ənənəvi landşaftın dəyişməsi deməkdir.

Virtualaz.org xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb. Nəşr qeyd edir ki, mütəxəssislər indiyə qədər Xəzər dənizinin suyunda belə kəskin azalmanın müşahidə edilmədiyini deyirlər. Elm adamları suyun səviyyəsinin enməsini bu il yaz aylarının çox isti keçməsi ilə əlaqələndirirlər.

İran, Türkmənistan və Azərbaycanda anomal isti bahar?

 “İran, Türkmənistan və Azərbaycanda anomal isti bahar da cənub akvatoriyasında suyun buxarlanmasını sürətləndirib. Ancaq narahat olmaq lazım deyil. Elə illər olub ki, dənizin səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb, amma sonra hər şey normal vəziyyətə qayıdıb. Qlobal istiləşmə davamlı olmasa, ola bilər ki, bu dəfə də normaya dönsün”, - məlumatda qeyd olunur.

Digər mənbələr, o cümlədən, “Versiya” dərgisi Xəzər dənizinin təkcə təbiət anomaliyalarından deyil, antropogen təsirlərdən də əziyyət çəkdiyini yazır. Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Federal Xidmətinin məlumatına görə, Xəzər dənizinin Dağıstan sahillərində suyun həddindən artıq çirkli olması səbəbindən bu ilki çimərlik mövsümünün açılmaması ehtimalı var.  Sahilboyu zonanın zəbt olunması və  yerli hakimiyyətin sahilin abadlığıyla məşğul olmaması vəziyyəti daha da ağırlaşdırır.

“Dəniz suyunun müayinəsi üçün götürülən analizlər göstərir ki, çirklənmənin miqdarı normadan dəfələrə artıqdır. Dərbənddə və digər ərazilərdə heç bir su təmizləyicisi yoxdur, kanalizasiya suları birbaşa dənizə axır. Beləliklə, Xəzər dənizi Rusiyanın ən çirkli ərazisinə çevrilib”, - mənbə qeyd edir.

“Təhlükəli heç nə yoxdur” – AMEA-nın mütəxəssisi

Azərbaycanlı alimlər isə Xəzərin suyunun səviyyəsinin enməsindən narahat deyillər. AMEA-nın Coğrafiya İnstitutunun Xəzərin Səviyyə Problemləri Mərkəzinin şöbə müdiri, professor Əmir Əliyev hesab edir ki, Xəzərin səviyyəsinin il ərzində 30 sm-ə qədər enməsi normal haldır.

“Xəzər dənizində mövsümi dəyişikliklər həmişə var. İl ərzində may, iyun aylarına qədər suyun səviyyəsi qalxır, ondan sonra isə tədricən enməyə başlayır. Bu amplitud 30 sm-ə qədər ola bilər. Yaz aylarında qalxandan sonra səviyyənin 15 sm-dək enməsi normaldır”, - mütəxəssis virtualaz.org-a bildirir.

Ə. Əliyev deyir ki, ümumiyyətlə, son 5 ildə Xəzərin səviyyəsi xeyli aşağı düşüb. Bu isə Xəzərə daxil olan suyun miqdarı ilə buxarlanan suyun miqdarı arasında olan fərqə görə ortaya çıxır. Amma mütəxəssis bildirir ki, burada təhlükəli heç nə yoxdur, çünki 2010-cu ildə Xəzərin səviyyəsi 1 metrdən də aşağı düşmüşdü.

“Xəzərin səviyyəsi 2.5 metr qalxdı, 2 milyard manat ziyan dəydi...”

“Adi halda suyun səviyyəsinin enməsi ölkə üçün problem yaratmır. Əgər uzun müddətli düşmə olarsa, hansısa təsiri ola bilər. 1978-95-ci illərdə Xəzərin səviyyəsi 2,5 metr qalxmışdı, xeyli ərazi suyun altında qalmışdı.  Təxmini hesablamalara görə, təsərrüfatlara 2 milyard manat ziyan dəymişdi. Sonra isə bu səviyyə stabilləşdi və suyun altında qalan ərazilər yenidən üzə çıxdı. Xəzərin səviyyəsi 10-15 ildən bir aşağı düşə bilər. Araşdırmalarımıza görə, 250 il Xəzərdə enmə olur, sonra isə suyun səviyyəsi qalxır. 4 min il ərazində Xəzərlə bağlı 8 belə dövr müəyyən olunub. Təbii ki, bu müddət ərzində qısa müddətli qalxma və enmələr ola bilər. Sonuncu dəfə qalxma 1800-cü ildə baş verib. 1810-1820-ci illərdən sonra suyun səviyyəsi enməyə başlayıb. Hələ 25 il ərzində, təxminən 2050-ci ilə qədər Xəzər dənizinin səviyyəsinin enməsi proqnozlaşdırılır”,- Ə. Əliyev deyir.

Xəzərin səviyyəsinin enməsi gəmiçiliyə təsir edə bilər

Mütəxəssis qeyd edir ki, Xəzərinin səviyyəsindəki tərəddüdlər ən çox Azərbaycana təsir edir. Bu isə ölkə əhalisinin 60, sənayenin 80-85 faizinin Xəzər sahilində, Bakı və Sumqayıtda yerləşməsi ilə bağlıdır: “Xəzər dənizində buruqlar 12 metr hündürlükdə yerləşir. Suyun səviyyəsinin enməsi ona heç bir mənfi təsir edə bilməz, əksinə kömək edəcək. Səviyyənin azalması ən çox gəmiçiliyə mənfi təsir göstərir. Bu Azərbaycanın portlarına gəmilərin yaxınlaşmasını çətinləşdirir. Ona görə də, əlavə tədbirlər görmək, limanları dərinləşdirmək lazım gəlir”.

Bəs Xəzərin Azərbaycana məxsus hissəsində çirklənmə hansı səviyyədədir? Qarşıdan gələn çimərlik mövsümü ilə bağlı hər hansı təhlükə varmı? Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin müdiri Mirsalam Qəmbərov virtualaz.org-a açıqlamasında bu sahədə mütəmadi olaraq monitorinqlərin aparıldığını deyir.

“İstirahət obyektlərində tullantıları təmizləyən qurğular yoxdur” – ekoloq

Qəmbərov bildirir ki, Xəzər dənizi Azərbaycan üçün ekoloji baxımdan həmişə həssas məsələ olub. Çünki beş Xəzəryanı ölkə arasında yeganə Bakı şəhəridir ki, paytaxt olaraq Xəzərin bilavasitə sahilində yerləşir. Sahil ərazilər isə həm turizm, həm iqtisadi, həm də digər baxımlardan həmişə əhəmiyyətli olub.

“O biri dövlətlərdən fərqli olaraq, bizdə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi var. Vəzifəsi sırf Azərbaycan sektorunda həm sahilboyu, həm də dənizin özündə mövcud olan obyektlərin fəaliyyətində Xəzər dənizinə mümkün mənfi təsirlərin araşdırılmasıdır. Mütəmadi olaraq həm dənizdən, həm də Xəzərə yönəlmiş axarlardan nümunələr götürülür, fiziki, kimyəvi, toksikoloji və s. tədqiq olunur. Bizdə bütün çirklənmələr araşdırılır və diqqətdə saxlanılır. Hazırda çimərlik mövsümü ilə bağlı tədbirlər planına uyğun tədbirlər keçirilməyə başlanıb və hər 15 gündən bir suyun çirklənmə səviyyəsi ilə bağlı məlumat veriləcək”, -M. Qəmbərov bildirir.

Nabrandan axıdılan çirkab

Şöbə müdiri deyir ki, Xəzərin ən çox çirklənməsi Volqa çayı hesabınadır. Digər lokal çirklənmələr də baş verir. Amma həmin mənbələrin daşıdığı tullantılar xarakterinə, kəmiyyətinə görə o qədər güclü zərərli təsirə malik deyil. Mütəxəssisin sözlərinə görə, Azərbaycanda sahil zolağında olan axarlar var və onları qidalandıran  mənbələr haqqında kifayət qədər məlumatlıdırlar: “Bizə bütün tullantıların kəmiyyət, keyfiyyət göstəriciləri bəllidir. Biz bilirik ki, Nabran zonasında yerləşən istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənməsi üçün qurğular yoxdur. Amma artıq bizim çağırışımızdan sonra bu qurğuları bəzi müəssisələrdə  tətbiq edirlər. Harada problemlər var onları yaradan şəxslərə qarşı mübarizə aparırıq. Qanun varsa, tələbləri icra olunmalıdır. Həm inzibati tədbir görürük, həm də faktları ictimailəşdirməklə mübarizə aparırıq”.

Lakin mütəxəssis deyir ki, görülən tədbirlərə baxmayaraq, hələ problemin tamamilə həll olunub gündəlikdən çıxmasına nail olunmayıb. Bunun isə səbəbləri müxtəlifdir - mərkəzləşmiş kanalizasiya şəbəkəsinin yoxluğu, sahibkarlıq obyektləri, iqtisadi və sosial problemlərlə bağlıdır.  

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR