"Qiyməti 14 min manat civarında olacaq"
Neftçala Sənaye Məhəlləsində açılmış “Xəzər” avtomobil zavodunda ildə 10 min avtomobil istehsal olunacaq.
“Kommersant” xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bildirib ki, bu avtomobillər daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac ediləcək. Artıq 100-ə yaxın avtomobilin satışına başlanılıb, daha 200 avtomobil üçün də sifariş qəbul edilib.
“Yerli istehsalın təşkil edilməsi idxalın əvəzlənməsi baxımından müsbət haldır”.
Bunu portalımıza açıqlamasında iqtisadçı alim Vüqar Bayramlı bildirib.
Onun sözlərinə görə, yerli istehsalın təşkil edilməsi yerli məhsulun bazara çıxarılmasına şərait yaradacaq:
“Avtomobil alıcıları üçün keyfiyyət standartlarının gözlənilməsi vacib şərtdir. Qiymət təxminən 14 min manat civarında olacaq. İşlənməmiş avtomobilin bu qiymətə satılması cəlbedicidir. Bir neçə il əvvəl 14 min manata uzun müddət işlənmiş idxal olunan avtomobilləri almaq mümkün idi. Nəqliyyat vasitəsinin istehsalında Avropa dizaynından istifadə edilib. Baxmayaraq ki, səhmlərin 25%-i İran şirkətinə məxsusdur, Avropa brendinin Azərbaycana gətirilməsi cəlbedicidir”.
Ekspert qeyd edib ki, avtomobillərin bazarda öz yerini tutması üçün onlara inamın formalaşması vacib amildir:
“Avtomobil istehsal edən şirkətin maarifləndirmə kampaniyaları aparması, avtomobili təqdim etməsinə ehtiyac var. Ehtiyat hissələrinin ölkədə istehsalı ilə bağlı danışıqlar aparılır. Həmin avtomobillərin bazarda özünə yer tutması, daxili bazarda müəyyən seqmentə və alıcıya malik olması üçün ilk növbədə inamın formalaşması vacibdir”.
İqtisadçı, ölkədə indiyədək istehsal olunan avtomobillərin “Xəzər”dən fərqlənən xüsusiyyətlərindən də danışıb:
“Bu vaxta qədər Gəncə və Naxçıvanda avtomobillərin istehsalı həyata keçirilib. Xəzər avtomobilləri daha müasir texnologiya əsasında təşkil edilib. Sifariş əsasında ilk avtomobillər istehsal olunub, sifariş dövlət qurumu tərəfindən verilib. İlin sonuna doğru mexanika avtomobillərin, 2019-cu ildən başlayaraq isə "avtomat karobkalı" avtomobillərin satışa çıxarılması nəzərdə tutulur”.
Mənbə: Kommersant.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət