Dərc edildi: Baxış sayı: 1563
Xəstə Qasım - Olmaz
Dəli könül, nə divanə gəzirsən,
Bivəfa dilbərdən sənə yar olmaz.
Düz çıxmaz ilqarı, əhdi-peymanı,
Hərcayıda namus, qeyrət, ar olmaz.
Üz vermə nadana, sirr vermə pisə,
Axır qəlbin ya inciyə, ya küsə,
Ot bitər kök üstə, əsli nə isə,
Yovşan bəsləməklə çəmənzar olmaz.
Vəfalıya əmək çəksən itirməz,
Bədəsil nəsihət, öyüd götürməz
Qabaq tağı tər şamama bitirməz,
Göy söyüddə heyva olmaz, nar olmaz.
Təklif olunmamış bir yerə varma,
Nər olmaz meydanda hər bığıburma,
Seyraqıb adama sən yaxın durma,
Xain çıxar, onda düz ilqar olmaz.
Xəstə Qasım günü keçmiş qocadı,
Gələn bəzirgandı, gedən xocadı,
Sərv ağacı hər ağacdan ucadı,
Əsli qıtdı, budağında bar olmaz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət