Slimfit
  1. SİYASƏT

Xarici İşlər Nazirliyi “Məcburi Yoxaçıxma Qurbanları” günü ilə bağlı məlumat yayıb

Xarici İşlər Nazirliyi “Məcburi Yoxaçıxma Qurbanları” günü ilə bağlı məlumat yayıb
Sakura

Xarici İşlər Nazirliyi “Məcburi Yoxaçıxma Qurbanları” günü ilə bağlı məlumat yayıb

Bu gün Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (İtkin düşmüş şəsxlər) Günüdür. İtkin düşmə, Azərbaycanda təxminən otuz ildir ki, minlərlə insanın qarşılaşdığı problemdir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycandan 3890 nəfər (3171 hərbçi, 719 mülki şəxs) hələ də itkin düşmüş hesab olunur. Ermənistan 1990-cı illərin əvvəllərindən etibarən azərbaycanlıların girov götürülməsi, uzun illər girovluqda saxlanılması, onlarla pis rəftar və qətlə yetirilməsi təcrübəsini həyata keçirmişdir. Girov götürülmənin beynəlxalq humanitar hüquqda açıq şəkildə qadağan edilməsinə baxmayaraq, 267 azərbaycanlı mülki şəxs (o cümlədən 29 uşaq; 98 qadın; 112 qoca) Ermənistan tərəfindən girov götürülmüş və indiyədək azad edilməmişdir. Bundan əlavə, 1102 azərbaycanlı (o cümlədən 224 uşaq; 357 qadın; 225 qoca) erməni girovluğundan azad edilmişdir. Ötən il baş vermiş müharibə nəticəsində 7 Azərbaycan hərbçisi hələ də itkindir.

Bu qanunsuz hərəkətlərlə Ermənistan 1949-cu il Cenevrə Konvensiyalarının və onların birinci əlavə protokolunun müharibə əsirlərinə və müharibə zamanı mülki şəxslərə münasibətə dair müvafiq müddəalarını ciddi şəkildə pozub. Beynəlxalq humanitar hüququn müvafiq normaları ilə yanaşı, itkin düşmüş şəxslərlə bağlı məsələlər beynəlxalq səviyyədə qorunan insan hüquqları, xüsusən də özbaşına həbsdən qorunma hüququ, bütün məhkəmə zəmanətləri olan ədalətli mühakimə hüququ, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi, məcburi yoxaçıxmanın qadağan edilməsi, azadlıqdan məhrum edilmiş şəxslərin hüquqları və s. kontekstində nəzərdən keçirilir. Azərbaycan əhalisi arasında itkin düşənlərin aqibəti, Ermənistan silahlı qüvvələrinin münaqişə zamanı geniş şəkildə həyata keçirdikləri vəhşilikləri nəzərə alaraq, ciddi narahatlıq doğurur. Digər beynəlxalq humanitar hüquq pozuntuları ilə yanaşı, girov və əsirlərin qanunsuz olaraq həbs edilməsi, onlara işgəncə verilməsi və ləyaqətinin təhqir edilməsi, azərbaycanlılara qarşı sistemli şəkildə həyata keçirilən cəzalandırma və ayrı -seçkilik siyasətinin bir hissəsi olub.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası müəyyən edib ki, beynəlxalq humanitar hüquq normalarının əksinə olaraq azərbaycanlı girovlar dözülməz şəraitdə əsirlərlə birlikdə saxlanılıb, həm Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində, mütəmadi olaraq həm də Ermənistan ərazisində bir həbs yerindən digərinə köçürülüb. 1990-cı illərdə Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı əsir və girov götürülmüş şəxslərin kütləvi şəkildə məhv edilməsi həyata keçirilir. Uşaqlar, qadınlar və qocalar da daxil olmaqla bir çox girovlar qəddarcasına öldürülüb, bəziləri daha sonra işgəncə, dözülməz şərait və xəstəliklər nəticəsində ölüb. Ölənlərin qalıqları Azərbaycana təhvil verilmədiyindən bu şəxslər hələ də itkin düşmüş hesab olunur.

Dövlət Komissiyasının dəfələrlə müraciət etməsinə baxmayaraq, yalnız bir neçə il əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən qeydiyyata alınmış və müxtəlif vaxtlarda BQXK nümayəndələri tərəfindən ziyarət edilmiş 6-sı qadın olmaqla 54 azərbaycanlı əsir və girov haqqında məlumat əldə etmək mümkün olub.

25 ildən artıqdır ki, Ermənistan itkin düşmüş şəxslərin taleyi ilə bağlı səmərəli araşdırma aparmaqla bağlı beynəlxalq öhdəliklərini yerinə yetirmir. Bunun əvəzinə, Ermənistan törətdiyi təcavüzə və insanlara verdiyi saysız əzablara görə məsuliyyətini inkar edir, hərbi cinayətkarları və terrorçuları qəhrəmanlaşdırır, nifrət və Azərbaycanafobiyanı təbliğ edir. Azərbaycan bu ağır cinayətləri törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün məhkəmə işlərinə başlamışdır. Cavabdehlik və zərərin ödənilməsi qurbanların hüquq və mənafelərinin təmin edilməsinə xidmət etməklə yanaşı, effektiv qabaqlayıcı vasitə və həqiqi sülh yolunda vacib şərtlərdən biridir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR