Slimfit
  1. CƏMİYYƏT

Xaricdən gələn bağlamalarımız hansı hallarda açıla bilər?

Xaricdən gələn bağlamalarımız hansı hallarda açıla bilər?
Sakura

Xaricdən gələn bağlamalarımız hansı hallarda açıla bilər?

"Türkiyədən məhsul sifariş etmişəm. Lakin sifariş etdiyim kuryer şirkəti məndən xəbərsiz bağlamamı açıb. "Bağlamamı niyə açmısınız" deyə soruşduqda isə, bunu təhlükəsizliklə əsaslandırırlar. Bağlamamın içərisindəki hədiyyə mənə xəbər verilmədən karqo şirkəti tərəfindən götürülərsə, onun içində nə olduğunu necə biləcəm?"

Bunu sosial şəbəkələrdə karqo vasitəsi ilə xaricdən mal sifariş edən bir şəxs yazıb. Hər birimiz xaricdən məhsul sifarişi zamanı karqolardan istifadə edirik. Bəzən bağlama bu şikayətdə olduğu kimi karqo şirkəti tərəfindən açılır. Bəs bu, nə dərəcədə doğrudur?

"Kaspi" qəzetinin mövzu ilə bağlı hazırladığı məqaləni təqdim edirik:

Bağlamanın açılması qəti qadağandır

Karqo şirkətlərinin birinin əməkdaşı Nurlan Əyyamlı bildirdi ki, müştəri özü xarici anbarla əlaqə yaradaraq bağlamasını açdırıb, baxa bilər: "Bu xidmət zamanı xarici anbardakı əməkdaş məhsulu açır, şəklini və ya videosunu müştəriyə göndərir. Bu zaman müştəri bağlamanın qırıq, defektli olub-olmadığını görə bilir. Bağlama müştərinin bəyanından sonra birbaşa Azərbaycana göndərilir. Məhsul xarici anbara hansı formada təhvil verilibsə, o şəkildə də sistemə giriş olunur. Digər hallarda xarici anbardakı əməkdaşın bağlamanı açması, baxması qəti qadağandır".

N.Əyyamlının sözlərinə görə, əgər müştəriyə xəbər verilmirsə, bu halda bağlama açıla bilməz: "Xarici anbar kamera nəzarəti altındadır. Bu kimi məsələlərə ciddi şəkildə nəzarət edilir. Çünki hansısa məhsulun özbaşına açılması, yoxlanılması qəti qadağandır".

Karqo şirkəti heç bir məsuliyyət daşımır

Həmsöhbətimiz qeyd etdi ki, müştərinin məhsullarına görə karqo şirkəti heç bir məsuliyyət daşımır: "Karqo kuryer şirkətidir. Bağlamanın "a" nöqtəsindən "b" nöqtəsinə çatdırılmasını həyata keçirir. Məhsul gömrük orqanları tərəfindən yoxlanılır. Qadağan olunmuş məhsulun gömrük yoxlanılması zamanı saxlanılması prosesində karqo şirkəti heç bir məsuliyyət daşımır. Çünki həmin məhsul müştəriyə aiddir. Yanan, alışan, qadağan olunmuş məhsul olduqda birbaşa müştəri ilə əlaqə saxlayıb bu barədə məlumat veririk".

Bağlamanın açılmasının iki səbəbi
Marketoloq Qələndər Məmmədlinin fikrincə, karqo şirkətlərinin bağlamaları açmasının iki səbəbi var: "Birinci səbəb odur ki, yanlış məhsul göndərilə bilər. Bu, vergidən yayınma halı yarada biləcəyi üçün risk təşkil edən amildir. İkincisi isə, daşınması qadağan edilmiş məhsuldur. Karqo şirkətləri aldıqları məsuliyyətə görə yoxlamağı özlərinə borc bilirlər".

Marketoloq dedi ki, bu baxımdan bağlamanın açılması başa düşüləndir: "Karqo şirkəti üçün bu, arzuolunan vəziyyət deyil. Çünki məhsulun yoxlanılması çatdırılmada vaxt itkisi yaradır. Bu da müştəri narazılığına səbəb olur. İkinci məsələ odur ki, yoxlanış əsnasında məhsula gələ biləcək zərər karqo şirkətinin hesabına yazılır. Bu da əlavə xərcdir. Həmçinin, məhsul defektli ola bilər. Müştəri məhsulu açanda zənn edə bilər ki, bu, karqo şirkətinin qüsurudur. Lakin məhsul əvvəldən yoxlanılaraq götürüldükdə əgər defekt varsa, ortaya çıxır. Əskiklik sonradan yaranarsa, məsuliyyət karqo şirkətinindir. Bu zaman şirkət zərəri ödəyir".

Göndərişə dair sonrakı tələb qəbul olunmur

Hüquqşünas Turan Abdullazadə isə qeyd etdi ki, qanunvericiliyə görə, bağlamalar yalnız sifarişi verənin icazəsi ilə açılmalıdır: "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş "Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları"na əsasən, poçt göndərişinin açılması zamanı onun tərkibində çatışmazlıq, zədə və tərkibin dəyişdirilməsi aşkar edilməzsə, onun verilməsi müəyyən olunmuş qayda əsasında həyata keçirilir. Problem aşkar edildiyi hallarda poçt işçisi tərəfindən üç nüsxədə akt tərtib edilir və akt onun, poçt obyektinin rəhbəri və alıcı tərəfindən imzalanır. Aktın bir nüsxəsi poçt göndərişi ilə birlikdə alıcıya verilir, digər nüsxəsi göndəriciyə qaytarılır, üçüncü nüsxə isə xidməti təhqiqat aparılması üçün poçt obyektində saxlanılır. Alıcı poçt göndərişinin açılmasından imtina etdikdə, göndərişin yalnız çəkisi yoxlanılmaqla, poçt göndərişi ona "Açılmadan imtina etdi" qeydi edilməklə verilir. Bu halda göndərişə dair sonrakı tələb qəbul olunmur. Poçt göndərişlərinin açılması, baxılması, götürülməsi üçün bir qayda olaraq məhkəmənin qərarı olmalıdır. Təxirəsalınmaz hallarda müstəntiq məhkəmə qərarı olmadan da bunu edə bilər. Poçt, teleqraf və digər göndərişin baxışı və ya götürülməsinə dair protokol tərtib edilməlidir".

Vəkilin fikrincə, bağlamalar yalnız sahibi tərəfindən götürülmədikdə açıla bilər: "Göndərilmə üçün qəbul edildiyi gündən altı aylıq müddət bitdikdən sonra paylanmayan poçt göndərişlərinin "Poçt haqqında" qanuna və digər normativ aktlara uyğun olaraq açılması həyata keçirilir".

T.Abdullazadənin sözlərinə görə, əgər vətəndaşın razılığı olmadan onun bağlaması karqo şirkəti tərəfindən açılıbsa və nəticədə hər hansı natamamlıq, əskiklik olarsa, eyni zamanda karqo şirkəti dəymiş ziyanı ödəməkdən imtina edərsə, vətəndaş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət edə bilər. Vətəndaş həm də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə bu halla bağlı şikayət etmək hüququna da malikdir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR