Xaricdə təhsilin üstünlükləri... Bəs kimlər xaricdə saxta diplom əldə etməyə çalışır?!
Təhsil dövlətin prioritet sahələrindən biridir. Ona görə də hər bir valideyn övladının daha yüksək və keyfiyyətli təhsil almasına çalışır.
Hazırda dünya ölkələrinin qabaqcıl ali təhsil müəssisələrində və universitetlərində minlərlə azərbaycanlı gənc təhsil alır. Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə dövlət xətti ilə xarici ölkələrdə təhsil alan tələbələrin sayı 2012/2013-cü tədris ilinin əvvəlində 2270 nəfər təşkil edib
Təhsil Nazirliyindən sorğumuza verilən cavaba görə, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 nəfər xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almaq üçün təqaüd qazanıb.
2019-2020-ci tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Azərbaycan vətəndaşlarının xaricdə təhsili Macarıstan, Çin Xalq Respublikası, Rusiya Federasiyası, Latviya, Rumıniya və Qazaxıstan Respublikası üzrə ayrılmış təqaüd yerlərinə əsasən həyata keçirilib.
Təhsil Nazirliyindən bu tədris ili üzrə Macarıstanda 200, Çində 37, Rumıniyada 2, Rusiya Federasiyasında 3, Latviyada 13, Qazaxıstanda 4, ümumilikdə isə 259 nəfər xaricdə təhsil almaq hüququ qazanıb
Təbii ki savadlı gənclərin xaricdə təhsil almalarının üstünlükləri daha çoxdur. Çünki onlar ölkəmizin xaricdəki uğurlu simaları hesab olunur.
Saxta diplom axtarışında olanlar
Təhsil eksperti Kamran Əsədov deyir ki, xaricə üz tutan gənclər arasında saxta diploma üstünlük verənlər də az deyil:
“İlk növbədə qeyd etmək istəyirəm ki, hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 40 minə yaxındır. Onlardan 15 mini qardaş Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alır. Xarici ölkələrdə təhsil almaq üçün gedənləri əsasən bir neçə qrupa bölmək olar. Onlardan biri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları ballarla burda ali məktəblərə qəbul ola bilməyənlərdir ki, bunların sayı hədsiz dərəcədə çoxdur. Bu kateqoriyaya aid olan şəxslər daha çox Ukrayna, Rusiya, Dərbənd, Dağıstan, Gürcüstan kimi ərazilərin universitetlərində təhsil almağa üstünlük verirlər. Səbəb isə odur ki, bu universitetlərdə hətta az prestijli ixtisaslarda təhsil alsalar belə, qeyri – qanuni yollarla təhsillərini başa vura biləcəklər. Bu ölkələrdə təhsil almağa gedənlərin əksəriyyəti hüquq, maliyyə - iqtisadiyyat kimi ixtisaslara daha çox üstünlük verirlər. İkinci kateqoriyanı o şəxslər təşkil edir ki, onlar Azərbaycanda ali məktəblərə qəbul olurlar, amma aldıqları təhsil onları qane etmir. Ona görə də daha yüksək səviyyədə təhsil almaq üçün onlar xarici ölkələrə üz tuturlar. Müəyyən şəxlər də var ki, ali təhsil almaq istəyir, amma Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər. Bu şəxslər daha çox Türkiyə, Macarıstan, və digər Avropa ölkələrinin univerisutetlərinə üz tuturlar və seçdikləri ixtisaslar Tibb, Komputer və ya İnformasiya Texnologiyaları, nano texnologiya kimi ixtisaslar olur”.
Dovlət xətti ilə xaricdə təhsilin üstünlükləri
Ekspert bildirib ki, dövlət xətti ilə xaricdə təhsil alanların əsas məqsədi ölkənin inkişafına hesablanıb:
“Azərbaycan Respublikası Prezidentinin 2007-2015-ci illəri əhatə edən Xaricdə Təhsil Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil almağa gedənlər də var. Bu proqram çərçivəsində daha çox azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi güdülür. Xaricdə Təhsil proqramı ilə gəncləri daha çox müəyyən edilmiş prioritet ixtisaslar : , Beynəlxalq münasibətlər, Tibb, Baytarlıq, Kənd təsərrüfatı, Mühəndislik, Yüksək texnologiyalar, Qədim dillər ixtisasları əhatə edir. Dövlət Proqramının əsas məqsədinin rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, istedadlı gənclərin dünyanın inkişaf etmiş ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin səmərəliliyinin artırılmasını təmin etməkdən ibarət olduğunu nəzərə alsaq, qeyd olunun ixtisaslar çox vacibdir. Ümumilikdə 535 nəfər azərbaycanlı tələbə ayrı-ayrı dövlətlərlə imzalanmış hökumətlərarası sazişlərə əsasən həmin ölkələrdə təhsil alır. 2019-2020-cu tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə 86 ölkədən 6000 nəfərdən çox əcnəbi tələbə təhsil alır. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə “Dövlət Strategiyası”nın qəbulundan ötən müddət ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub. Belə ki, 5 il bundan əvvəl ilə müqayisədə bir sıra sahələrdə əsaslı nailiyyətlər əldə edilib. Bu nailiyyətlər həm əhatəliliyin artması, həm də keyfiyyətin və bərabər imkanların yaxşılaşması nəticəsində mümkün olub. Bu, bir faktdır ki, təhsilimizin daha əlçatan, keyfiyyətli olması gələcəkdə iqtisadiyyatımızın güclü və vətəndaşlarımızın rifahının yüksək olmasına zəmin yaradır. Son bir ildə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı şəkildə qurur. Təhsilin bütün pillələrində, o cümlədən, ali təhsil sahəsində idarəetmə, müəllim hazırlığı və digər sahələrin inkişafına xüsusi qayğı və diqqət yetirilir. Prezidentin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda beynəlxalq ikili diplom proqramlarının tətbiqi, doktorantura təhsilinin beynəlxalq standartlar əsasında qurulması və xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi nəzərdə tutulur. Bu yeni Dövlət Proqramı “2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın davamı olduğunu, ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, insan kapitalının inkişaf etdirilməsi, strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu proqram Azərbaycan təhsilinin inkişafı üçün yeni istiqamətlər müəyyənləşdirdi. Proqramın birinci istiqaməti çərçivəsində ali təhsil sistemi məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirəcək, yeni akademik mühit yaradacaq. İkinci istiqamət isə ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsinə xidmət edəcək, bu məqsədlə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi həyata keçiriləcək. Gələcəkdə proqramın növbəti illərdə uğurlu icrası ali təhsilin keyfiyyətinin artırılmasına və yüksək ixtisaslı kadrların yetişdirilməsinə əhəmiyyətli töhfə verəcək”.
“Vaxtilə xaricdə təhsil alanlar indi müxtəlif vəzifələrdə çalışırlar”
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyevanın sözlərinə görə, xaricdə təhsil strategiyasının əsasını vaxtilə ulu öndər
“Bu gün Azərbaycan təhsili yüksək səviyyədədir. Bununla yanaşı, gənclərimizin təhsillərini xaricdə davam etdirməsi çox gözəl təşəbbüsdür. Bir misal gətirmək istərdim. 1969-cu ildə ulu öndər Heydər Əliyev Mərkəzi Komitənin baş katibi olarkən ilk atdığı addım təhsillə bağlı olub. O, nə qədər tələbəni SSRİ-nin müxtəlif şəhərlərində təhsil almağa göndərib. Azərbaycanlı gənclərin xaricdə təhsil almasının əsası da o vaxtdan qoyuldu. Bunun da çox gözəl nəticəsi oldu. Gənclərimiz xaricdə təhsil almaqla işlərini müdafiə etdilər, sonra isə ölkəmizə qayıdaraq dövlətimizin inkişafına töhfə verdilər. Həmin gənclər bu gün ölkənin müxtəlif sahələrində yüksək vəzifələrdə çalışırlar. Çox şadam ki, cənab prezident İlham Əliyev də bu istiqamətdə işləri davam etdirir. Dövlət proqramları yolu ilə gənclərimiz xaricdə təhsil alırlar. Müstəqil dövlətimizdə tələbələrin gedib xaricdə təhsil almasının çox böyük əhəmiyyəti var. Ona görə ki elm, təhsil inkişaf edir. Gənclərimiz dünya ölkələrinin qabaqcıl təhsil sistemindən bəhrələnirlər. Bundan sonra da gənclərimizin xaricdə daha geniş təhsil almalarını
Koreyaya 2 həftə ərzində uyğunlaşan azərbaycanlı tələbə
Hazırda Cənubi Koreyanın KAİST Universitetində kimya mühəndisliyi ixtisası üzrə təhsil alan azərbaycanlı tələbə Ramil Babazadə iki həftə ərzində Koreyaya uyğunlaşdığını deyir:
“Olimpiadalara hazırlaşan kiçik yaşlı şagirdlərə dərs keçirəm. Tətildə ölkəyə gələn kimi bildiklərimi öyrətməkdən çəkinmirəm. Olimpiada təcrübəmi onlarla bölüşürəm. Koreyaya gedib təhsil almağıma ailəmin heç bir etirazı olmadı. Sadəcə uzaq olduğunu dedilər. Konkret olaraq “getmə, burada oxu” kimi fikirlər söyləmədilər. Kənar adamlar Koreyaya uyğunlaşa bilməyəcəyimi deyirdilər. Özüm də Koreyaya necə alışacağım barədə fikirləşirdim. Amma heç də çətin olmadı. Yalnız iki həftə çətinlik oldu. O da Koreya mətbəxi ilə bağlı idi. İndi isə onların mətbəxinə alışmışam. Əsasən dəniz məhsulları, düyü, vermeşil yeyirlər. Bizim yeməklərdən fərqli olaraq Koreya mətbəxi ağır deyil. Xaricdə təhsilin üstünlüyü odur ki, ölkəni, dövlətini, adət-ənənələrini rahat tanıda bilirsən. Həmçinin sənə yad olan ölkənin təhsil sistemini dərindən mənimsəmək imkanın yaranır”.
Xaricdə təhsil almış məzunların ali təhsil ixtisaslarının nostrifikasiyasına zərurət varmı?!
Xaricdə təhsil alan tələbələrin həmişə bir qorxusu olur. O da ixtisaslarının Azərbaycanda tanınıb-tanınmaması ilə bağlıdır.
Belə ki, xarici ali təhsil müəssisələrində təhsil alanlar ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət edilməlidir.
Xatırladaq ki, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, distant və ya eksternat təhsilalma forması üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyil.
Bəs hökumətlərarası müqavilələr çərçivəsində xaricdə təhsil almış məzunların ali təhsil ixtisaslarının nostrifikasiyasına zərurət var?
Xaricdə təhsil alan gənclərin nostrifikasiya prosedurları haqqında ən çox verilən sualın cavabı belədir.
Dövlət Proqramı və ya hökumətlərarası müqavilələr çərçivəsində xaricdə təhsil almış olmaları həmin şəxsləri nostrifikasiya prosedurundan keçmə zərurətindən azad etmir. Sadəcə olaraq sözügedən məzunların müvafiq təhsil sənədlərinin leqallaşdırılması tələb olunmur, eləcə də onların sənədlərinə sadələşdirilmiş qaydada baxılır.
Birtərəfli olaraq xarici dövlətlər tərəfindən təqdim olunan təqaüd proqramları çərçivəsində xaricdə təhsil almış müraciətçilərə yuxarıda qeyd olunan imtiyazlar şamil olunmur.
Qeyd edək ki, ötən tədris ilində xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi ( nostrifikasiyası) məqsədi ilə 3.629 müraciət daxil olub. Əvvəlki illərdən icrası başa çatdırılmamış müraciətlər də daxil olmaqla, 2018-ci ildə ümumilikdə 3.278 müraciətin icrası yekunlaşdırılıb. Həmin müraciətlərdən 2313-ü təsdiqlənib
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
Mənbə: Modern.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət