Slimfit
  1. TƏHSİL VƏ KARYERA

“Xaricdə təhsil proqramı bərpa edilməlidir” - ekspertlər danışır

“Xaricdə təhsil proqramı bərpa edilməlidir” - ekspertlər danışır
Sakura

Siyasi və təhsil ekspertləri Azərbaycan dövlətinin bundan ziyandan çox fayda götürəcəyinə əmindirlər

Siyasi və təhsil ekspertləri Azərbaycan dövlətinin bundan ziyandan çox fayda götürəcəyinə əmindirlər

2014-cü ilin sonlarından etibarən neftin qiymətinin  ucuzlaşması  ilə ölkə gəlirlərinin kəskin azalması və hökumətin bir çox sahələrdə xərcləri ixtisar etməyə məcbur qalması nəticəsində xaricdə təhsil proqramı da tarixə qovuşdu. Həmin zamandan bəri gənclər dövlətin təmin etdiyi bu imkanlardan məhrumdurlar. Lakin xaricdə təhsil proqramı dayandırılsa da, əvəzində son illər müxtəlif proqramlar işə düşüb, ölkədə gənclərə xarici dillərdə təhsil imkanları yaradılıb.

Bəzi ekspertlərə görə, xaricdə təhsil proqramının dayandırılmasının iqtisadi səbəblərlə yanaşı, siyasi-ideoloji səbəbləri də var. Belə ki, iqtidaryönlü ekspertlərə görə, xaricdə təhsil alan bir qrup gənc sonradan müxtəlif qruplara qoşulub, hökumət üçün potensial rəqiblərə çevrilə bilərlər. Onların fikrincə, məhz bu cür ideoloji səbəblər baxımdan hökumət gənclərin müxtəlif Qərb dövlətlərində təhsil almasını, oradakı fərqli qrupların təsirinə düşməsini istəmir.

Onu da qeyd edək ki, Azərbaycanda bu ilin fevralında İlahiyyat İnstitutu da yaradıldı. Bildirilir ki, bununla  hökumət bəzi gənclərin dini təhsil arxasınca xarici ölkələrə üz tutub orada müxtəlif təriqətlərə qoşulmalarını önləməyə çalışır.

Politoloq Qabil Hüseynli qəzetimizə bildirdi ki, Azərbaycan əleyhinə çıxan gənclər daha çox dini təhsil alanlar sırasında olur: “Öncə onu qeyd edim ki, təhsilə dair dövlət proqramını yüksək qiymətləndirirəm. Bu proqramla 3 mindən çox tələbə Avropa ölkələrinin, Amerikanın universitetlərində, Azərbaycanda olmayan ixtisaslar üzrə həm bakalavr, həm də magistr təhsili alıb, yüksək səviyyəli mütəxəssis olublar. Bu gün onlardan Azərbaycana qayıdanlar və biliklərini Azərbaycan üçün sərf edənləri az deyil. Eyni zamanda onlardan Avropa ölkələrində qalıb, orada çalışanlar da var. Bu tələbələr xaricdə fərqli universitetlərdə, müxtəlif ”beyin mərkəzləri"ndə çalışıb, Azərbaycanı uğurla təmsil edirlər. Onlar Avropanın gözündə Azərbaycanı ucaltmağa çalışırlar. Avropaya dövlət proqramı ilə göndərilmiş adamlar nadir hallarda olar ki, kimlərinsə təsiri altına düşüb, Azərbaycan əleyhinə pozucu işlər aparsınlar. Bildiyim qədər bu gənclərin əksəriyyəti Azərbaycana xidmət etmək üçün diaspor fəaliyyəti ilə məşğul olurlar. Ancaq barmaqla sayılacaq qədər insanlar ola bilsin ki, bəlli dövlətlərin təsiri altına düşüb, Azərbaycan əleyhinə işlər aparsınlar. Onlar haqqında məlumatım olmasa da, bu kimi halları istisna etmirəm. Əslində ən qorxulusu dövlət proqramı ilə deyil, bəlli bir qurumların dəstəyi, yaxud öz ailəsinin hesabına dini təhsil almaq üçün İrana, Rusiyaya, hətta Səudiyyə Ərəbistanına səfər edənlərdir. Çünki orada əslində dini ideologiyanın xidmətçiləri hazırlanır. Doğrudur, bu şəxslər Azərbaycana qayıtdıqdan sonra  ölkənin  xüsusi xidmət orqanları həmin şəxslərə nəzarət edirlər. Ancaq bəzən nəzarətsiz də qala bilirlər. Gəncə, Nardaran hadisələrində bunun izlərini gördük. Mın dünyəvi təhsillə dini təhsil arasında ciddi fərq qoyulmasının tərəfdarıyam. Dünyəvi təhsil alan adamın Azərbaycan ideologiyasına xəyanət edəcəyini düşünmürəm".

Təhsil üzrə ekspert Kamran Əsədov “Yeni Müsavat”a açıqlamasında məsələyə ikili yanaşmanın olduğunu dedi:“Birincisi, gedən şəxsləri seçən dövlətin özüdür. Yəni məğzində dövlət proqramı dayansa da, 2015-ci ilə qədər 3500 nəfər xaricə göndərilib və bu şəxslərə 2007-ci ildən, 2018-ci ilə qədər ümumilikdə 80 milyon manat pul xərclənib. Bu gün xaricə öz vəsaitləri əsasında gedənlər davam edir və onların sayı artmağa başlayıb. Biz dövlət proqramı ilə xaricə gedənlərin qarşısını aldıq ki, onlar problem yaratmasınlar. Ancaq hesab edirəm ki, bu yanaşma tərzi yanlışdır. Çünki həmin şəxslərin özlərini, ailələrini seçən dövlətin özüdür. Araşdırıb, bütün məlumatları əldə edirlər. Lakin öz vəsaitləri hesabına gedənləri heç kim yoxlamır. Bu şəxslər xaricə gedirlər, qayıtdıqdan sonra isə onların diplomlarını Təhsil Nazirliyi tanıyır.

Deməli, xaricdə təhsil dövlət proqramı ilə oxuyub gələnlərin hökumətə təhlükə yaradacağı kimi yanaşma tərzi həqiqəti əks etdirmir. Demək olmaz ki, xaricdə təhsil alanların hamısı dövlətə, hökumətə qarşı çıxıb, dini qruplaşmalara meyl edirlər. Proqram ona görə dayandırıldı ki, həm neftin qiyməti aşağı düşmüşdü, həm də gedən şəxslər ölkəyə qayıtmırdılar. Təsəvvür edin ki, indiyə qədər xaricdə təhsil almış şəxslərdən yalnız 162 nəfəri geri qayıdıb. Dövlət bu qədər vəsait sərf edir ki, ingilis üçün kadr hazırlayaq? Əlavə xərclərdən qurtulmaq üçün proqramı dayandırdı. Heç bir halda demək olmaz ki, xaricdə təhsil alanların hamısı hökumətə qarşı çıxırlar. Sadəcə olaraq, hər kəsin siyasi düşüncəsi var və o, nədənsə narazıdırsa, buna etiraz etməlidir. Ölkənin inkişafı üçün xaricdə təhsil vacibdir. Azərbaycandakı təhsil səviyyəsinə gəlincə isə deyim ki, universitet rəhbərləri ali məktəbə bazar kimi yanaşdıqca ölkədə təhsilin səviyyəsi qalxmayacaq. Azərbaycanda bir-iki universiteti çıxmaqla, digərlərində inkişafdan danışmağa dəyməz. Xüsusilə də qabiliyyət tələb edən ixtisaslara bazar açıblar. Ona görə də düşünürəm ki, xaricdə təhsil proqramı heç olmasa magistr pilləsi üçün bərpa edilməlidir”.

Mənbə: Enter.News

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR