Slimfit
  1. ƏDƏBİYYAT

Xaqani Şirvani - Paxılları məzəmmət

Xaqani Şirvani - Paxılları məzəmmət
Sakura

Xaqani Şirvani - Paxılları məzəmmət

Bir ovuc sümsük, bədii sözdən əsla bixəbər-
Özlərini tay tutarlar hey mənə, amma hədər.

Mən işıqlı ulduzam, nurum tutub hər məclisi,
Onlar isə saxta aydırlar ki, çıxmazdan sönər.

Çün təfəkkür surumu çaldım, qiyamət sandılar,
Baxmayın, onlar kəfəndən çıxmamışlarsa əgər.

Bəslənərlər nemətindən daima ilhamımın,
Zül-Yəzən oğlu kimi onlar bunu inkar edər*.

Olmayıblar Şah Tuğan aləmdə çün söz mülkünə*,
Çarəsizlikdən hamı təlxək kimi zuzəkləyər.

Lovğalansınlar ki, olmuşlar sədəf tək hamilə,
Təbi doğmaz onların ənbər, yetişdirməz göhər.

Bir qapaqsız təştə oxşarlar əgər çalxansalar,
Ağzıyırtıqlar üfunət kanıdır, aləm bilər.

Hiyləgərlikdə hamı ofsunçu Dimnə olsa da*,
Çalmamışdr heç biri meydanda aslan tək hünər.

Fərqlənməzsə cidardan rəngbərəng zahirləri,
İç tərəfdən bu cidarlardır zəhərli gürzələr.

Xilqətin çirkabıdır onlar, təbiət tortası,
Təkcə acgözlük, paxıllıqdır bu əşrarə hünər;

Onları etmiş tamah dibsiz quyu içrə əsir,
İp kəsilmiş, qıç qırılmış, yox nicat həşrə qədər.

Söyləyirlər ki, vəliəhdik cahanda Adəmə,
Bu, yalandır, hər biri İblisdən dərs öyrənər.

Hər biri dövlət quşu adlansa da, bayquş kimi.
Yer tutar viranədə, qarğa kimi murdar yeyər.

Qülləsində dağların yüz min riyazət çəksə də,
Töhmət əhlinə deyərlər: bu Brəhməndir məgər?*

Lovğalıqla söyləyirlər: hamımız din əhliyik,
İşdə zındıqlar kimi icad edərlər fıtnə, şər.

Çoxları vaxtsız xoruzdur, çoxları gündüz şamı,
Onları ağlı olanlar öldürər, ya söndürər.

Yoxdur onlarda qanadlı bir qarışqa qüdrəti,
Təfriqə salmaqla dünyanı edərlər dərbədər.

Sayəsiz, barsız qovaq tək boy atar düşmənlərim,
Hikmətim, təbim mənim hər an verər şirin bəhər.

Fitnə Rəxşini minib, ox sazlayarlar hiylədən,
Rüstəm olmazsa, yetər İsfəndiyaramı zərər?!*

Olsalar da "on"suz Firon onlar, məndəki,
Ağ əlin ecazını görməkdə yox onlarda fər*.

Haqları var bir cəhətdən, pıspısa nə anlayır,
Hər nəfəsdə aləmi gül ətrinə çulğar səhər?

Adət etmişlər sığınsınlar zəli tək batlağa,
Çün Ədən dəryasına cummaq nəhəngə əl verər.

Qoy yesinlər partlayınca hər ucuzlu süfrədən,
Onlara ləzzət verərmi məndəki şəhdü şəkər?

Hər sözümdən qəlbi nurlu şəxslər xoşhal olar,
Onların kor qəlbinə çökmüş bu sözlərdən kədər.

Bir çəməndə qəlbimin açmış ətirli gülləri,
Pak ruhlardır, tamaşa etməyə göydən enər.

Culfaya var nisbətim, fikrim nəyi xəlq eyləsə,
Əyninə en-arğacı idrak olan paltar geyər.

Gövhərim nəccardır, təbin nəcib övladına,
Tişəsi altında bir mahir ata əl gəzdirər*.

Hoqqabazlıqdır işi başdan-başa cahillərin,
İmtahan et, yox bilik onlarda bir şagird qədər.

Harda ki, saf incilər səpdim bu odlu sinədən,
Qüssədən dondu həriflər, bağrı aldı neştər.

Nəzm tufanından onlar mütləqa tapmaz nicat,
Arvadı, oğlu kimi Nuhun, mənə ləc getdilər*.

Olsalar da həmzaman, həməsr bu Xaqaniyə,
Başqa-başqa fitrətə malik olar həməsrlər.

And ola şah canına, şah da bilir ki, onların ,
Haqqı yoxdur boş sözüylə şaha versin dərd sər

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR