Slimfit
  1. ƏDƏBİYYAT

Xaqani Şirvani - Öz ustadı Bəhaəddin Səid ibn Əhmədi mədh

Xaqani Şirvani - Öz ustadı Bəhaəddin Səid ibn Əhmədi mədh
Sakura

Xaqani Şirvani - Öz ustadı Bəhaəddin Səid ibn Əhmədi mədh

Əbədiyyət aləminə yol saldığım üçün, mən,
Baş əymərəm fani dünya sarayına qətiyyən.

Beş hissimin pəncəsində olmuşamsa giriftar,
Doqquz fələk dərgahından pay alıram qış, bahar.

Nə divlərin tor qurduğu yer qayğısı çəkirəm,
Nə ağlımla sehir, cadu toxumunu əkirəm.

Bu dünyadan bir yaxşılıq axtarmıram heç zaman,
Çünki mənə qiymət qoymur arpa qədər bu cahan.

Fani dünya bir küləkdir, dolanır min kələklə,
Od deyiləm, qızardasan yanağımı küləklə.

Güman etmə çörək payı umum mən yad kəslərdən.
İdrakrımın cilovunu nəfs əlinə verim mən.

Dörd ünsürü razı salmaq xatirinə, gəl, inan,
Ağıl və nəfs şahlarını incitmərəm heç zaman.

Tamahkarlıq ehtirası işıqlatmaz bu canı,
Hikmətimin gözlərilə seyr edirəm dünyanı.

Hümmətimin qüdrətilə tapdım xəlvətdə şadlıq,
Onun parlaq işığıyla əldə etdim rahatlıq.

Pərgar kimi bu cahanı dövrə vurub dolandım,
Zünnar kimi bir dairə içində çox dayandım.

Bir fikir ver, bu riyakar, aldadıcı mənzildən,
Taleyimin yardımıyla necə çıxıb qaçdım mən.

Od yağdıran su rəngli bu səma məni etdi zar,
Hava kimi yüngül oldum, torpaq kimi xaksar.

Külək kimi icazəsiz açmaram heç məskəni,
Torpaq kimi qoruyaram qəlbimdəki məxzəni.

Su kimi mən hər yetənin kandarında çökmərəm,
Bulud kimi hər tikanın üstə göhər tökmərəm.

Tuti kimi dil açsam da, deyiləm mən hiyləgər,
Qılınc kimi parlasam da, deyiləm mən kinovər.

Ehtiyacım başımı da kəssə, fəğan etmərəm,
Çörək üçün alçaqların qapısına getmərəm.

Xəsislərin əllərində əsir olmam zər kimi,
Var-dövlətdən üz döndərrəm bir vüqarlı ər kimi.

Hər qapıya çörək üçün su tək axmadım, inan,
Ona görə torpaq kimi tapdanıram hər zaman.

Allahıma min bir şükür eyləyirəm qəlbi şad,
Mənə dinar verməmişsə, vermiş bilik, etiqad.

Kənar gəzdim insanlardan, hümmət oldu dayağım,
Hümmətimin sayəsində göyə dəydi papağım.

Dəmir kimi təbimlə mən yoxladım sifətləri,
Yanlarından qaçdım - necə cindən qaçar hər pəri.

Görünsəm də vəsl əlifi kimi hər bir ünvanda,
Heç kəs mənim varlığımdan xəbər tutmaz bir an da*.

Biləsən ki, Simurq kimi vardır adım, şöhrətim,
Lakin bütün nəzərlərdən gizli qalmış surətim.

Qızılgül tək ovcum içrə qızıl yoxdur, bil, aman,
Neçin mənə həqarətlə tənə vurur hər tikan?

Kim bilməyir, mənim ağlım və canımın gövhəri,
Öz işimlə açır daim açılmayan sirləri.

Əşa kimi dilim səpir saf incini aşikar*,
Yaratmışam cavahirlə bəzədilmiş min tumar.

Mən söz düzən Xaqaniyəm, sözlərimdə yox yalan,
İsa mənim əşarımı nəzmə salar hər zaman.

Şükr olsun ki, çəkməmişəm mən xəcalət kimsədən,
Xəciləm bir allahımdan, bir də ustad Əhməddən.

Minnətdaram allahıma, bir də böyük rəhbərə,
Önlərində qələm, pergar kimi baş qoydum yerə.

Zəmanənin başçısına verən dəmdə imtahan,
Sədəf kimi ağız açıb, inci verrəm ərməğan.

Bu gün mənim şerimin də bəlli olar dəyəri,
Layiqincə qiymət alar, razı salsa rəhbəri.

Bəhaəddin Səid oldu Musa kimi mötəbər,
Onun mədhi xəstə cana İsa kimi ruh verər.

Dinin möhkəm sütunudur, sitayişin dayağı,
Gözlerimin sürməsidir qədəminin torpağı.

O, bir mələk sifətlidir, şərəfi var, şanı var,
Fələk ona baş əyərək, qarşısında qul olar.

Günəş ona belə dedi: "Sənə qulam olandan,
Ulduzların aləmində mənəm vahid hökmran.

Məni qoru bəlalardan, bir halıma nəzər sal,
Dilə gəldim hüzurunda, məni əzir qəm, məlal".

Ulduz dedi: "İzzətinin peyki oldum əzəldən,
Ona görə şərq ilə qərb arasında gəzdim mən.

Ey zəiflər pənahı, ey dərvişlərin qəmxan,
Sənin tərif baxçanda mən oldum mərifət barı!

Əgər mənə el içində şair adı vermişlər.
Səni tərif edəndə mən oldum belə süxənvər.

İstisqalı xəstə kimi qapına gəldim əlan,
Ki, sən mənə öz feyzinlə verəsən dəva, dərman.

Rəssam kimi yaratsam da mən bir hədis, yaxşı bil,
Can şirəmlə verməliyəm ona həm ruh, həm şəkil.

Bütün məlum elmlərdən olmuşam mən xəbərdar,
İstəyirsən, gəlib yoxla, gör qəlbimdə nələr var.

Başdan-başa qəribədir yazdığım bu qəsidə,
Belə hünər nəsib olmaz yüz Bəşşara, Ləbidə*.

Yaşa daim izzətinlə, dövlətinlə, ey ustad!
M ən də sənin kərəmindən pay alaraq, olum şad

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR