Dərc edildi: Baxış sayı: 736
Xaqani Şirvani - Nə afət olmusan, ən xırda dərdin hicrandır
Nə afət olmusan, ən xırda dərdin hicrandır,
Nə dürrsən ki, onun az bahası bir candır!
Gözəllik aləminin şahı zülfün altında,
Üzükdə möcüzələr var, adın Süleymandır.
Cahanda bir qaniçəntək tanındığın gündən,
Bu qaniçən fələk öz etdiyinə peşmandır.
O yerdə ki, açılır söz sənin fərağından,
Görərsən, ordakı evlər tamam virandır.
Dəxi ümidə nə hacət, belim bükülmüşdür,
Suyum başımdan aşıb, damənim dolu qandır.
Vüsaldan mənə, Xaqani, az danış ki, məni,
Bu dərd öldürəcək - vəsl, ya ki, hicrandır!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət