Dərc edildi: Baxış sayı: 733
Xaqani Şirvani - İyirmi yaşdan azsa da sinnim, mənimtək bir cavan
İyirmi yaşdan azsa da sinnim, mənimtək bir cavan,
Görməmiş doqquz fələk söz sənətində kamiran*.
Mən fəzilət sahibi olsam da, yoxdur dövlətim,
İndi dövlətsiz fəzilət bir quru addır, aman!
Bir sürü alçaq adamlar tən edirlərsə mənə,
Neyləmək, divanələr kamınca olmuşdur cahan.
Hər qədər tənə vura düşmənlərim, kin bilmərəm,
Çünki, axır tənəyə məruz olur tənə vuran.
Dağlara məxsus sifətdir ki, eşitcək hər səsi,
Qaytarar bir-bir geri, təkrar eylər anbaan.
Dağ neçin hazırcavab olmuş, düşünsən sirrini,
Gövdəsi sanballıdır, başdan o yüngüldür, inan!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət