Slimfit
  1. ƏDƏBİYYAT

Xaqani Şirvani - Həbsdən şikayət və azad olması üçün Rum qeysərindən xahiş

Xaqani Şirvani - Həbsdən şikayət və azad olması üçün Rum qeysərindən xahiş
Sakura

Xaqani Şirvani - Həbsdən şikayət və azad olması üçün Rum qeysərindən xahiş

Tərsaların xətti kimi tərsinə işlər fələk,
Boynuma bir zəncir salıb, saxlar məni rahibtək.

Bu deyrdə sakin deyil məgər həzrəti İsa,
Ki, Dəccalın işin işlər mina rəngli kəlisa?*

Bax, Məryəmin sapı kimi ikiqatdır bədənim,
İsadakı iynə kimi təkcədir qəlbim mənim*.

Möhkəm iplə əl-qolumu bağlamışlar burada,
Necə İsa bir iynəyə bağlı qalmış orada.

Necə olmuş: Dəccal kimi təkgöz olan bir iynə,
İmkan tapıb, sancılmışdır İsanın sinəsinə?

Rahiblərin paltarıtek gündüzüm olmuş qara,
Hər gecə mən rahib kimi başlaram ahü zara.

Sur kimi nəfəslənən ahlarımla hər səhər,
Mavi damın bacasında yerləşən xaç deşilər*.

Dəryaları buxar edən ahıma tuş gələrək,
İsa üçün toyəmmümgah oldu dördüncü fələk.

Mənə ülvi atalarım olmadılar mehriban,
Odur ki, mən saqınıram İsa kimi atadan.

Mənə bilik ulduzunun nə olacaq faydası?
Mən zülmətəm, parlamaqdır ulduzumun qaydası.

O olmuşsa Keyxosrov tək İran, Turan hakimi,
Niyə zülmət bir quyuda qalmışdır Bijən kimi?

O dörduncü göydə İsa Günəşlə həmxanasa,
Bundan nə həzz ala bilər İsa quşu - yarasa?

Niyə İsa öz quşunun özü təbibi olmur,
Ki, o quşun kor gözünə özü bağışlasın nur?*

Təbimin bu körpələri birər İsaya oxşar,
Anasının paklığını hər biri etmiş iqrar.

Məryəm xurma ağacıyla göstərmişsə möcüzü,
Mən təbimin paklığına şahid gətirrəm sözü*.

Beş yüz ildir doğulmamış mənim kimi sənətkar,
Yalan yoxdur bu sözümdə, mənim min şahidim var.

Yaralanmış gönlüm oxşar barlı an şanına,
Verdiyim bal bulanmışdır ürəyimin qanına.

Ah odumla alışaraq yanan bu yağlı dilim,
-Tərsamıyam məgər? - Dönüb olmuş mənim qəndilim?

Düşmən məni zəncir ilə bağlamış üç tərəfdən,
Asıb daim odlayırlar, məgər bir qəndiləm mən?

Axıdıram, Məryəm kimi yerə tikib başımı,
Məsihanın nəfəsitək saf olan göz yaşımı.

Necə iki "elif' durar bir "ətəna" sözündə,
"Tən"in o cür dayanmışam arxasında, önündə*.

Mənə zərrə yardım etmir təəssüfu dostların,
Nə lüzumu var bu qədər fəryadın, ahü zarın?

Zəmanənin pislərindən həqqə aparram pənah,
Allahsızı haqq yoluna özü-gətirsin Allah.

Abbasilər qapısına getmərəm kömək üçün,
Səlcuqilər qapısında inləmərəm bircə gün*.

Bu dövrandan görməmişəm nə ədalət, nə kərəm,
Nə Arslan, nə də Bəğra qapısına gedərəm*.

Yusif yoxdur, qıtlıq günü eləsin məni təmin,
Birdir mənim gözlərimdə Yəhuda, İbn-Yamin*.

Müsəlmanlar mənə qarşı ədalətsiz oldular;
Mən dimimdən əl çəkimmi? Bunun nə mənası var?

Yeddi yerdən din elmini təhsil edənden sonra,
Yeddi kitab üzrə vehyi təhlil edəndən sonra.

Əzbərləyib "Əlhəmdüllah", "Əlkəhf'i, "Ərrəhman"ı,
Həm "Yasin"i, həm "Tasin"i, həm "Mim"i, həm Tahan'i

Miqatdan Həccə gedib, təvaf edib Kəbəni,
Səyü cümar icra edib, görüb əsl qibləni*.

Otuz ildə neçe dəfə cillə tutandan sonra,
Nece gedib əlli günü pəhriz tutum aşkara?

Yəhudanın tay-tuşudur, düşmənlərim, odur, mən,
İsa kimi çox qorxuram gözlənilməz tənədən*.

Nədir əmrin, Yəhudanın sitəmindən qorxaraq,
Mən Sükuba kilsəsinə düşüm əlindən qaçaq*.

Nədir əmrin, gedib küfrün kəndarında yer tutam?
Gözləməyim öz dinimin yolunda ali məqam?

Abxazların qapısını, gedib, döyüm əlimlə?
Rumluların məzhəbinə iqrar edim dilimlə?

Qibləm olan beytüllahdan mən necə üz döndərim?
Olsun Beytülmüqəddəsin mehrabı səcdə yerim?

Əlli ildir müsəlmanam, ağartmışam saçımı,
İndi gedib ayağıma zəncir edim xaçımı?

Məhkumluqdan, gedib, öpüm kəlisanın zəngini?
Zülm əlindən züniar asıb, dəyişdirim rəngimi?

"Səryanilər" hədisini "İncil" üzrə şərh edim?
"Tövrat"dakı müəmmanı oxumağa mən gedim?

Nacorməklik hara, Məxran kilsəsində mən hara?
Bokratilər qapısına gedib, istəyim çara?*

Necə, gedib, zahid kimi mağaralarda qalım,
Əynimə bir çuxa geyim, orada "molo" çalım?*

Əvəz edim bir palazla ipək xara köynəyi?
Bətriq kimi yurdum olsun qayaların ətəyi?*

Uşaqların boğazına taxta dua asantək,
Bu yaşımda xaç asarsam, ağılsız olam gərək.

Mənə hörmət etməzlərsə Abxaziyada, nə edim?
Oradan da yola düşüb, Rum ellərinə gedim?

Gedib Rumun heykəlində məktəb açım təzədən?
Mətran qoyan ayinləri başlayım təlimə mən?*

Səqqa oğlu kimi atım ridanı, təyləsanı?
Züniar asım, bərnəs geyim, olum donuz çobanı?*

Verim böyük Tərsiqusun qarşısında imtahan,
Söhbət açım Cəbrayildən, oğuldan və atadan?*

Bir sözümlə nə qədər var üç əsasa inanan,
Haqq yoluna çıxar dərhal tərəddüd quyusundan:

Üsqüf mənim biliyimi üstün tutar, verər həqq,
Yəqub ilə, Nəstur ilə Məlkaya qarşı mütləq*.

Kəşf edərəm öz əlimlə əsrarını lahutun,
Göstərərəm nə deməkdir həyulası nasutun*.

Dərs almağa məndən - gələr dəstə-dəstə keşişlər,
Onlar hələ mənim kimi bir alim görməmişlər.

Deyərlər ki, bu, hikmətdə ikinci Bətlimusdur,
Böyüklükdə, hörmətində şöhrətli Filakusdur*.

Qüstəntinə aparılan yazımın hər kəlməsi,
Ölülərə hünut olar, dirilərin sürməsi*.

Mən Musanın əsasını, hardan olsa, alaram,
O əsanı sındıraraq, xaç şəklinə salaram.

Məsihanın eşşəyinin peyinini basıb mən,
Burun qanın dayandırram qoca abidin fövrən*.

Səmərqəndlə Buxaranın xaqanına tac deyə,
Göndərərəm o eşşəyin noxtasını hədiyyə.

Gümrahların göz yaşıyla dırnağını eşşəyin,
Tutduraram mən qızıla, lələ, yaquta, yəqin.

Üç "üqnumu", üç "qurquf 'u,öyrənərəm mən əzbər*,
Dəlilərlə məzmununu şərh edərəm müxtəsər.

Nə çay idi, nə cimməkdi, nə yengindən püfləmək?
Bir halda ki, çılpaq idi Məryəm, Cəbrayılsa tək.

Necə yəni bəkarəti pozulmadan, Məryəmin,
Bətnində bir gövhər onun canlandı həmin-həmin?

Necə İsa doğulduğu dəqiqədə açdı dil,
Necə Məryəm sübut etdi ki, o günahkar deyil?

Necə İsa yaratmışdır canlı bir quş palçıqdan?
Necə ölmüş Azərə o yenidən vermişdi can?

Dara çəkilən zaman İsa dedi gedirəm,
Yuxanda öz atamın səsini dərk edirəm?*

Əgər Zərdüşt dini ilə maraqlanarsa qeysər,
Əlim ilə "Zənd-Avəsta" ayinləri dirilər*.

Deyirəm ki, od nə idi, haradan yarandı "Zənd"
Ki, onların ikisindən ad aldı zənd-pazənd?*

Nə kül idi, yerdə qalan o oddan ki, bir zaman,
Alışaraq yandı, etdi Xəlilüllahı heyran?

Bir möbədi tarazıya qoyub, axtarsam taraz,
Luka oğlu Qəsta onun yəqin pərsəngi olmaz*.

Nə üçündür bədəninə milçəklər fitə bağlar?
Nə deməkdir çəyirtgənin ayağında o şalvar?

Məşhur olan Cin "Ərtəng"i "Tənglüşa"dan gözəl*,
Qeysərlərin şənində mən yazaram təsnif, qəzəl.

Ey Xaqani, bu yaramaz fikirləri boşla sən,
Çünki bu cür fikirləri şeytandır təlqin edən.

İsa üçün nə düşünər alçaq olsa yoldaşı?
Pis vəzirdən nə qavraya bilər sultanın başı?

Bəsdir daha, küfrə son qoy, təzədən imana gəl,
Tövbə eylə dediyindən, arzulardan götür əl.

Söylə: iqrar edirəm ki, böyükdür, təkdir Allah,
Mənim tərif etməyimdən qat-qat yüksəkdir Allah.

Buradadır İzzüddövlə, Rumun böyük hakimi,
Nəyə lazım Ruma dedim yoldan azanlar kimi?

O, İsanın sağ əlidir, həvarilər bayrağı,
O, Məryəmin əminidir, nəsaralar dayağı.

Sən ey İsa təbiətli, Qeysər oğlu, sən məni,
Dinlə bir az, and verirəm bir allaha mən səni;

And verirəm Cəbrayilə, ruh püfunə, Məryəmə,
Həm "İncif'ə, həvariyə, həm İsəbni-Məryəmə.

O doğruluq beşiyinə, o bakirə hamilə,
Həm o ələ,o qola ki, mayalandı yel ilə;

Çaxmaq daşı, Əqsa deyri, Beytül-müqəddəsə mən,
And verirəm Şəlixaya, Ənsariyə, pak ikən*.

And verirəm züniar ilə, naqus ilə qəndilə,
Yuhəniaya, Bəheyraya, Şəmmasa, gəl, rəhm elə*.

Həm allaha, həm qurbana, həm Fitrə axşamına,
Həm Məryəmin orucuna, həm heykəl bayramına;

Məryəmə ki, qoymamışdı Yusiflə baş yastığa,
İsaya ki, yerləşməmiş bətndə uşaqlığa;

O ağac ki, həqqin ruhu olmuş onun meyvəsi,
Sən olarsan o ağacın qol-budağı, rişəsi.

And vermişəm o qışa ki, birdən dönmüş bahara,
O qocalmış ağaca ki, cavanlaşmış dübara;

Kəlisada inləyərək "molo" çalan rahibə,
Öz əlilə öz boynuna zəncir salan rahibə.

And verirəm o üç bürcə, o ulduza, o Aya,
O təslisə, o tərbiə, təsdisə, səlasəyə;*

O üçlüyə ki, ucadır samanın ülkərindən,
Dörd yan xaça, külək üçün düzələn bacaya, sən.

Mənə Beytül-müqəddəsi görmək üçün rüxsət al,
Bu xüsusda dünyaların sultanını başa sal.

Ki, üstüva xətti ilə mehvərin xətti əgər,
Birləşsələr, nəticədə bir xaç əmələ gələr.

Layiqdir ki, bu şerimi İsa öyrənsin əzbər,
Təsbihində vird eyləsin hər beytimi səhərlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR