Slimfit
  1. ƏDƏBİYYAT

Xaqani Şirvani - Dodağım saxsı, üzüm torpağa dönmüş, canım

Xaqani Şirvani - Dodağım saxsı, üzüm torpağa dönmüş, canım
Sakura

Xaqani Şirvani - Dodağım saxsı, üzüm torpağa dönmüş, canım

Dodağım saxsı, üzüm torpağa dönmüş, canım,
Daş olub; odlu sudur, saxsı kasa dərmanım.

Almaram, yar mənə versə qızıl camda şərab,
Öpərəm saxsı kasa, versə əgər cananım.

Torpağam, saxsı qədəhlə içərəm qırmızı mey,
Az qızıl cam adını çək, o deyil imkanım!

Ürəyim yandı, dəniz boyda mənə badə gətir,
Ki, sədəf cam ilə sönməz bu dili-suzanım.

Hamı dostlar düşünər halımı, inşafla deyər,
Necə min zülm rəva gördü mənə dövranım.

Mən sədəf cam əlimə almaram, ey saqi, ver,
Saxsı bir cam, dağılsın qəmi-bipayanım!

Coşaram dalğalı dərya kimi, məstəm, əlimə.
Vermə, saqi, o sədəf camı, udar ümmanım.

Torpaq ətrini duyub saxsı qədəhdən, tükümün,
Hər biri ətr saçar sanki güli-reyhanım.

Balıq əndamlı hərif əldə sədəf cam tutar,
Mən nəhəngəm, sədəfə dar görünür meydanım.

Oxşayır ceyrana saqi, qədəhi zər öküzə,
Meyi dovşan qanıdır, istər edə qurbanım*.

Saqi, zər çamda mənə vermə bu dovşan qanını,
Ürəyim şir ürəyi, it kimi bərkdir canım.

Samiri zər öküz istər, ona ver; Musa tək,
Mənə ver abi-həyat, yandı ləbi-ətşanım*.

Dörd divar palçıq imarətdə ki, beş gün qonağam,
Təkcə palçıq qədəh ilə qurular eyvanım.

Bir dəmir caməm, içim ahü-ələmlə doludur,
Canlıyam mən, suya möhtacdır hər bir anım.

Mən cəvahirçi müğəm, saxsı küp isə mücrüm;
Ölçülür saxsı çanaqla göhərim, mərcanım.

Üç yüz altmış damarım canə gələr, dolsa əgər.
Üç yüz altmış dirəm o gövhər ilə mizanım.

Ağzına ləl alanlar susamaz, heyranəm,
Yeyirəm ləli, məgər heç susayarmı canım!

Nə səbəbdən ürəyim yüngül olur, dərdim ağır?
Başa çəkdikdə ağır badəni, ey cananım!

Söylədim dün gecə saxsı qədəh ilə meyə mən,
Ki, nədən qəm evi olmuş bu dili-viranım?

Hansı torpaqla sudansız ki, sizinlə sönməz,
Qəlbimin atəşi, lakin yanar hər ərkanım?!

Göz yaşı tökdü qədəh, söylədi: mən Pərvizin,
Torpağından əmələ gəlmişəm, ey xaqanım!*

Al şərab ah çəkib söylədi: mən xaqanın.
Qanıyam, şahididir bu sözümün bağbanım.

Çünki, şahlar qanını şah cəsədinde içirəm,
Ne təəccüb yeri var, şadlığa yox imkanım!..

Mən ki Xaqaniyəm, olmuş xörəyim şah qanı,
Nə əcəb ki, bunu bilməz bu dili-nadanım?

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR