Slimfit
  1. ƏDƏBİYYAT

Xaqani Şirvani - Bu qəsidə quşların söhbəti adlanır

Xaqani Şirvani - Bu qəsidə quşların söhbəti adlanır
Sakura

Xaqani Şirvani - Bu qəsidə quşların söhbəti adlanır

Dan söküləndə göyün örtüyün açdı külək,
Səma ətirlə doldu rəngdən-rəngə girərək.

Zümrüd göyün sinəsi zər şəfəqlə boyandı,
Bulud buludun üstə halqa vurub dayandı.

Qızıl papaqlı səhər qəşəng qəba büründü,
Gecə qunduz xəzini atıb, üryan göründü*.

Qanad çalıb, banladı səhər quşu anbaan,
Sanki təbil çalındı, quşlar uçdu yuvadan.

Sübh, dağlar başından aşıb gəldi sanki çay,
Sudan çıxan balığa bənzəyirdi göydə Ay.

Günəşin nizələri Ayın üzünə düşdü,
Bu nizələr qızıldı, Ay haləsi gümüşdü.

Bənövşəyi niqabda ərəb kimiydi gecə,
Niqabını açırdı o, Günəşi görüncə.

Günəş zərli libasda gəlirdi asta-asta,
Necə ərəblər gedər Kəbəyə dizi üstə.

Xaqani, borcun budur Kəbəyə üz tutub sən,
Ondan qiyamət günü şəfaət diləyəsən.

Çoxu Kəbəni sevdi - necə uşaq zər sevər,
Üz döndərmə Kəbədən, mömin bəndəsən əgər.

Kəbə ibadət evi, hədislərin məhvəri,
Orda nicat gözləyir iztirab çəkənləri.

O məhvərdir, asiman bir dəyirman daşı tək,
Kəbənin başı üstə asılıb hərlənərək...

  • * *


Yığıb qızıl oxları kəhərinin tərkinə,
Günəş səhər üfüqdən vüqarla qalxdı yenə.

Göyün gözündə bulud - çalma döndü zəncirə,
Ud əvəzi bitkidən xalça döşəndi yerə.

Gecə yanan şam kimi, Gün ucalır, tez sönür,
Gecə bir çıraq kimi gündüz bir heçə dönür.

Selin bitkilər üstə tökdüyü xoş xılta bax!
Su üstündə köpüklər rəngsiz şüşədir ançaq.

Quşlar uşaqlar kimi əzbərləyir "ebcəd"i,
Bülbül "həmd" oxumaqda göstərir məharəti.

Dünən yeni körpələr dəvət olundu bağa,
Birdən göz yaşı tökdü qara bulud torpağa.

Çəmən sarı, qırmızı xələt verdi onlara,
Günəş boyaqçı idi, səba dərzi - donlara.

Güllər məclis qurdular, ətri yayıldı bağa,
Təşt dolusu şam tutub, nərgiz gəldi qabağa.

Lalələrin odundan şama dəyməsin xətər,
Məclisdəki hər şama yağ tökürdü jalələr.

Tala-tala su doldu arxlardan çəmənlərə,
Mərcan rəngli bayrağın qönçə vurdu hər yerə.

Budaqlar qucaq-qucaq incilər səpən zaman,
Süsən iynələrilə paltar tikirdi ondan.

Söyüd budaqlarıyla tonqalı yelləyirdi,
Asiman qucaq-qucaq yerə nur ələyirdi.

Quşlar da bu məclisə gəlirdi hər tərəfdən,
Axşam teldi, göydə Ay rübab idi sədəfdən.

İlk dəfə ağ çiçəyi mədh elədi göyərçin,
Dedi: - Acı yarpaqda şəkər yığır bizimçin.

Bülbül gülü tərifə başladı şirin-şirin,
Dedi ki: - Gül şahıdır bağdakı çiçəklərin.

Qumru dedi ki: - Güldən qəşəngdir sərv ağacı,
Bir də gördün yel əsdi, töküldü gülün tacı.

Sar dedi: - Sərvə baxın, topaldır ayaqları,
Lalə şamtək bəzəyib düzənləri, dağları.

Səlsəl dedi: - Lalələr əslində iki rəngdir,
Süsənin bir rəngi var, süsən ondan qəşəngdir.

Teyhu dedi: - Süsəndən göy otlar xoşdur mənə,
Bağa gələnin öncə otlar gülür üzünə.

Tuti dedi: - Göy otdan daha xoşdur yasəmən,
Rəngi kafurdan alıb, ətrinisə ənbərdən

Bubbu dedi: - Nərgizin Cəm taxtında var yeri,
Yasəməndən gözəldir Əfrasiyab əfsəri*.

Hamı Ənqa quşunu münsif seçdi bu ara,
O, münsifiər mülkündə xəlifəydi quşlara.

Başçıların hamısı verdi birdən səs-səsə:
- Ənqa quşu əzəldən başçıdır bu məclisə.

Göyərçin bu an dedi: - Ahımdan otlar yanar,
Utanıram deməyə, bu işdə bir pərdə var.

Quşlar yenə dedilər: - Ənqanın yeridir bu,
O yaşmaqlı göyərçin xəcalətdən xar oldu.

Birisi tez yetirdi Ənqaya bu xəbəri,
Ənqa gəlib quşları bir-bir çəkdi irəli.

Bülbül səcdəyə gəlib, Ənqaya etdi xitab,
Qırğı da bülbül kimi hörmətlə verdi cavab.

Qumru dedi: - Səndə var ədalət nişanəsi,
Gördün qarğanı boğdu san əncir danəsi...

Bax sənin insafına, kəkliyə gördün rəva,
Qayçı edib dimdiyin, qəzəblənsin üqaba.

Biz də sənə bir zaman verdik əgər dərdi-sər,
Güllər ətir yayanda dərdi, qəmi sildilər.

Yüyürək atlar kimi çapıb gələndə bahar,
Elə bil ki, dünyaya gəncliyi qaytardılar.

Bu otlardan, güllərdən hansına üz tutaq biz?
Bu şahların içində hansıdır daha əziz?

Ənqa dedi: - Bağdakı güllərə salsın nəzər,
Bunun əli xınalı, onun saçı sanki zər.

Bax, bu yeniyetmələr tamam mələk nəslidir,
Onlar bəzən süd içir, bəzən meyə meyl edir.

İstəyirəm güllərdən qızılgülün xətrini,
Peyğəmbərin tərindən alıbdır öz ətrini.

Peyğəmbəri mədh edən Xaqaninin təbidir,
Çünki o Xaqaniyə bu ilhamı bəxş edir.

Başqasının önündə şerini edərmi xar?
Heç atarmı dürrünü palçığa bir sənətkar?

Allah, sən özün qurtar şairi fimə, şərdən!
Şirvandır şər ocağı, düşmənlərsə - Əhrimən.

Düyününü özün aç, özün eylə kamiyab,
Bu qərib duasını özün eylə müstəcab.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR