Xaqani Şirvani - Baklan səddini bağlatdığı üçün xaqan Mənuçöhrə xitab
Sübhün üzü pərdədən çıxdı, açıldı səhər,
Yaydı qızıl telləri aləmə altun göhər.
Asqırığıyla gecə sübhü doğurdu, budur,
Sübh gülərkən Günəş hər tərəfə saçdı nur.
Bitdi nazı ulduzun, güldü səhər, söndü dan,
Tökdü bulud göz yaşı, sürmə yuyuldu haman*.
Sübh fəzanı bulud eylədi xallı pələng,
Sanki maral buynuzu - Ay da göründü qəşəng.
Dəhrəni atdı səhər, Zöhrəni tökdü gece,
Qərq elədi səfrada aləmi Gün, gör necə?!
Sübh geyindi fənək, açdı zərif qoynunu,
Qucdu buludlar onu, oldu zirehdən donu.
Sübh açılan tək gecə qaçdı qara tülkü tək,
Başına qoydu papaq saf qızıldan fələk.
Sübh bütün aləmə oldu qonaqçı məgər,
Süfrəyə nemətləri düzdü əliylə səhər.
İstədi o süfrədə xoşməzə olsun cülab,
Əsdi səba, caminə jaləni etdi gülab.
Sübh gəlib durnalar dövrədə diz çokdülər,
Şam kimi şadlandılar, göz yaşını tökdülər.
Gözmü qədəhdir, tökür mey yerinə göz yaşı?
Şam axıdır saf şərab şölələnərkən başı.
Kuzəni bir quş kimi saqi alıbdır ələ,
Qəlbimizi danə tək sübh odu verdi yelə.
Sübh dönübdür meyə, badəsi şəbnəm, təmiz,
Sübh kimi saf olan meylə dolub kuzəmiz.
Topladı ulduzları sübh çağı asiman,
Əldə qızıl bir narınc tutdu verə ərməğan.
Bir şaha ki, şahlara hökmü rəvandır onun,
Təkcə bu Şirvan deyil, mülkü cahandır onun.
Məst yatan dilbərim sübh oyandı xumar,
Badə tələb eylədi, sübh meyin hüsnü var.
Öpdü ayaqlarını çəng kimi saçları,
Boynumu qucdu, dedi: - Sübh öpər yar yarı!
Duzlu dadırdı ləbi, göz yaşı içmiş, demə,
Sübh bənövşə saçar duzlu ətir aləmə.
Ləb ləbə qoydu, mənim ruhuma verdi əzab,
Gözlərim içrə bəbək oldu odunda kabab.
Nur ələdi sinəmə sübh kimi ağ üzü,
Sildi ürəkdən bütün qəmlərimi bir sözü.
Harda ki, İsa durar, olmaz ölümdən xəbər,
Məskəni cənnət olan, söylə, əzabmı görər?
Çahi-zənəxdan idi, yoxsa dərin bir quyu?
Sübh idi, o çeşmədən nuş elədim can suyu.
O quyu, o su mənim ağlımı verdi bada,
Sübh çağı məst olan ad-sanı salmaz yada.
Əldə qədəh, Yusifim saqi olubdur məgər,
Nəşə ilə qarşıma badə gətirmiş səhər.
İç! - deyə israr edir, and verir canıma,
Mey kimi ləbdən mənim sirkə tökür camıma.
Gördü ki, mən, doğrudan, pozmayıram tövbəni,
Aldadıcı sübh tək çəkdi üzə pərdəni.
Söylədi: - Tutmaz əlin mey dolu sağər nədən?
Dinlə bu xoş müjdəni vəcd ilə meyxanədən.
Gərdəyini tərk edib, sübh çıxıbdır üzə,
Atdı qara örtüyü, döndü gecə gündüzə.
Söylədim: - Ey könlümün sübhü, yavaş get, yavaş
Bil ki, çətindir işim, sirrimi, gəl, etmə faş!
Baş da, qızıl da sənin, qaldır, apar, istəsən,
Sübh kimi aşiqi tərk eləyib getmə sən!
Mən deyiləm su, yuyam, üzdən alam pərdəni,
Hər işi asan olan, sanma axar su məni!
Kimdə ağıl sübhünü versə kamalı xəbər,
Su kimi iş görməyi bir kərəlik tərk edər.
Mən sənə, ey tez axan, həsrətəm örnrüm boyu,
Təşnə qoyub canımı, ləbdən ayırma suyu!
Sübh kimi üstümə çəkmə iti dəşnəni,
Dönmə səraba, yetir çeşməyə bu təşnəni!
Ləblərinə, istədim, oğrun atam bəlkə əl,
Faş elədi qəsdimi, Ay tək üzün, ey gözəl!
Çıxdı əlinı busədən, doğru demişlər məgər:
Düşmənidir oğrunun Ay işığıyla səhər?
İndi vüsal sübhüdür, lütf eləmirsən, niyə
Hicrin odunda yanan bu xəstə Xaqaniyə?
- * *
Sübh çağıydı dünən, saldı qapım taqqataq,
Qarşıladım şövq ilə, Xızr idi, gəldi qonaq.
Saldı nəzər halıma xoş, gülər üzlə o pir,
Mehriban avaz ilə dedi: - Sabahın xeyir!
Xoş qədəmindən onun vəcdə gəlib körpə tək,
Fəxr ilə rəqs eylədi, yer dönüb oldu fələk.
Sübh açılanda necə ulduz edər iztirab,
Göydə təvan qalmadı, çıxdı qızıl afıtab.
Peyki olub aləmin çərxi-fələk tək gəzir,
Sübh kimi xoşsifət, tazə cavandır o pir.
Başda saçı ağsa da, qüllədəki qar kimi,
Rəngi təravətlidir tazə cavanlar kimi.
Qırx səhərin elminin məğzi olub məktəbi,
Nuh ona bir xəlfədir, ruh açar mətləbi*.
Hüsnü onun eşqdir, eşqin oduyla coşar,
Müşk saçar aləmə, etsə əgər iftixar.
Bərq vurar sübh tək başda bəyaz saçları,
Sanki südab cövhəri ağ boyamış onları*.
Gördü iki aləmin dərdü qəmin atmışam,
Mey-məzəsiz məst edib sübh məni, yatmışam.
Eşq alıbdır girov canımı, yox məndə tab,
Fəqr aparıb mərcimi; halım olubdur xərab.
Gördü qabardır sinəm, ahım uçubdur,demək,
Zəlzələ düşmüş göyə, ziri-zəbərdir fələk.
Söylədi: - Xaqaniya, sübh açılıbdır daha,
Durma, səhər müjdəsi şerini çatdır şaha.
Hamilə idi gecə sanki, doğuldu səhər,
Sən də gətir qəlbinin körpəsi varsa əgər!
Açmış ağıldan qanad quş kimi təbin sənin,
Sübh xiridarıdır şah səpən hər danənin.
Sübhdən al xəncəri, kəs o quşun başını,
Töhfə apar şah üçün, at tamahın daşını!..
- * *
Çıxdı dünən Dəlvdən Yusifinı üzdə niqab*,
Saldı səhər vaxtı tək aləmə bir inqilab.
Yusif əgər Dəlvdən çıxsa da bir an səhər,
Düşdü nəhəng ağzına, Yunis imiş o məgər?
Saldı ona bir nəzər sübh açılanda nəhəng,
Heybətini görcəyin dil-dodağı oldu çəng.
Odlu sədəf aldı yol, getdi nəhəngə san,
Sübhə dəniz ənbəri səpdi yazın ruzgarı.
Sübh hava meysüzən kuzəyə dönmüş məgər,
Yerdə selin üstünə düzdü hübab şişələr.
Vurdu qələm sübhü şam, bu qələmundur bahar,
Hər naxışın rənginin incə bir əcazı var.
Sübh kimi göz açıb şaxədə hər bir çiçək,
Düymə düyüb hər küpə şivdə zərif incitək.
Yer üzüdür rəngbərəng, göydə qanm əksi var,
Yoxsa çəkib sübh tək xəncərini hökmdar.
Çətri günəş Xosrovun qüdrətinə sal nəzər,
Gör, qələmiylə əli şahımın etmiş nələr?
Qapqara oldu gecə şah çəkincə qələm,
Vurdu əli göylərə sübh açılanda ələm.
Sərvətə meyl etməmiş, sübhdür onda ürək,
Cəmdəyə qonmaz hüma, ovlamaz aslan böcək.
Ey ver əli sübh tək süfrə açan aləmə,
Ağlı, zəkası, üzü nur saçan aləmə.
Cahü cəlal paltarım onda ki, açdı ətək,
O ətəyə rəngbərəng sübh əli verdi bəzək.
Şövkətini, şənini nurlu Günəş gördümü?
Sübh ayaqlarına düşdü qızıl top kimi.
Oldun ədalətlə sən xalqın ilə mehriban,
Sübh kimi parladı zülmətə dalmış zaman.
Sübhə varınca gecən döndü günün bayrama,
Bayrama layiq libas biçdin o xoş əndama.
Bəlli həqiqət budur: sübh kimi aşikar,
Onda ki, Yusif üzü gün tək üfüqdən nıxar.
Sürmə olar Yəquba, nura dönər göz yaşı,
Vəsmə Züleyxa tapar ta qarala ağ başı*.
Dostuna, həm düşmənə tikdi təbiət necə,
Sübh gəlin paltarı yaz palazını gecə.
Hər nə qədər sübh olar, gözdən itər göydə ay,
Hər nə qədər ki, çəkər göydə buludlar alay.
Hər nə qədər aləmi yaz çevirər cənnətə,
Yay Günəşi doldurar meynələri şərbətə.
Hər nə qədər söz demək xas ola Xaqaniyə,
Nəzm ilə möcüzə göstərə, mədhin deyə.
Qafıyəpərdazları susdura avazəsi,
Sübh necə susdurar bayquşu bülbül səsi.
Sübh onun şerini aləmə yaysa əgər,
Düşsə ilan ağzına, şəhdə dönər, bil, zəhər.
Olsun o gün ki Günəş baş çıxara qərbdən,
Yəni qiyamət qopa, təxtdə sən şah ikən.
Daim iki sübhdə dörd mələk eylər dua,
Bəxt gülə sübh tək, yar ola tale şaha.
Böylə duanı, yəqin, tarın qəbul eyləyər,
Mən də dua eylərəm, Xızr özü "Amin!" deyər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət