Slimfit
  1. AZƏRBAYCAN

Xanım rektor norma qoydu: dərsə cırıq şalvarda, açıq geyimdə gəlmək olmaz!

Xanım rektor norma qoydu: dərsə cırıq şalvarda, açıq geyimdə gəlmək olmaz!
Sakura

Xanım rektor norma qoydu: dərsə cırıq şalvarda, açıq geyimdə gəlmək olmaz!

Yolda, küçədə, ali məktəblərdə, hətta orta məktəblərin yuxarı sinif şagirdləri arasında belə saqqallı oğlanlar tez-tez gözümüzə dəyir. Bu dəbə maraq göstərənlərin sayı o qədər artıb ki, bir neçə il əvvələ qədər səsləndirilən açıq etirazlar da səngiyib. Sanki ali məktəblər, təhsil nümayəndələri, cəmiyyət tələbələrin saqqallı imicini adi qəbul etməyə başlayıb.

Bəs görəsən, təhsil ekspertlərimiz necə düşünür? Tələbələrin saqqal saxlaması, ali məktəbə bu formada getməsi düzgündürmü?

Eksperti Etibar Əliyev  Modern.az-a deyib ki, tələbələr intizamlı olmalıdırlar:

“Oksford Гniversiteti haqqında maraqlı bir yazı oxumuşdum. Orada qeyd olunurdu ki, universitetə kənardan baxanda tələbələrin əksəriyyətini oxşar geyimdə görürsən. Hətta onların davranışı belə bir-birinə bənzəyir. Standart tələbə davranışı, imici, geyimi, çantaları var. Bizdə isə xaotik vəziyyət hökm sürür. Saqqal saxlamaq, xoşagəlməz geyimlər geyinmək intizamsızlıq əlamətidir.

 

Biz Sovet dövrünün tələbələri olmuşuq. Həftədə bir gün bizə hərbi dərs keçirdilər. Bu dərslərə biz mütləq intizamlı getməli idik. Saqqal məsələsi isə intizamsızlıq yaradır.

Tələbə özünün rejimini qurmalıdır. Sistemli kitabxana vaxtı, nizam-intizamı olmalıdır.  Bizim tələbələr isə bir-biri ilə saqqal yarışına girirlər”.

Tələbələri tənqid etməyinə baxmayaraq, E. Əliyev müəllimlərin saqqal saxlamağına qarşı deyil:

“Adi bir şey deyim. Qərb ölkələrinin universitetlərində tələbələrin kütləvi yığışdığı şəkillərə fikir verin. Çox az halda saqqallı tələbəyə rast gəlmək olur. Biz də də saqqal deyil, oxumaq dəb olmalıdır. Bu gün ali məktəblərdə tələbə obrazını görə bilmirik”.

Professor Şahlar Əsgərovun fikrincə isə, tələbənin xarici görünüşünün necə olması elmə, təhsilə təsir göstərmir:

“Bizə tələbənin forması deyil, məzmunu lazımdır. Forma isə məzmuna çox cüzi, üstəlik uzun müddətdən sonra təsir edə bilər. Məsələn, biz özümüz də cəmiyyət olaraq, formaca avropalıyıq, düşüncəmiz isə hələ də şərqli təfəkkürüdür.

Tələbələrin saqqal saxlaması, geyimi, davranışı kimi məsələlərdə optimal variantı tapmaq üçün sosioloji tədqiqat aparmaq vacibdir. Tək tələbələrin deyil, əhalinin də fikrini öyrənmək lazımdır.

Bakı Slavyan Universitetinin rektoru Nurlana xanım Əliyeva həmin ali məktəbdə çox nümunəvi norma qoyub. Orada heç kim cırıq şalvarda, açıq geyimdə dərsə gəlmir.

Dəb elə bir şeydir ki, orta modeli tutmaq, təbliğ etmək lazımdır. Tələbələrə qadağa qoymaq olmur, amma xarici görünüşdə sərbəstlik də ifrat olmamalıdır.  

Mənim üçünsə məzmun daha önəmlidir. Məsələn, tələbə cırıq şalvarda dərsə gələ bilər, saqqallı olar, amma riyaziyyatı, texnologiyanı, ədəbiyyatı gözəl bilər, vətənpərvər insan kimi yetişər. Gənclərimiz cəbhəyə cins şalvarla getsinlər, amma Qarabağı azad etsinlər. Şərt deyil ki, hərbi geyimdə olsunlar”.

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü də tələbələrin saqqal saxlamasını normal qarşılayan təhsil ekspertlərimizdəndir. O düşünür ki, saqqal saxlamaq tələbənin təlim-tərbiyəsinə heç bir təsir göstərmir:

“Ümumiyyətlə, xarici görünüş, tələbənin universitetdə hansı səviyyədə təhsil almasına, biliyi ilə fərqlənməsinə təsir etməməlidir. Bu tələbənin öz hüququdur – saqqal saxlaya da bilər, saxlamaya da bilər.

Keçmişə nəzər salsaq, görərik ki, keçmişdə alimlərin çoxu saqqallı olub. Bu onların biliyinə heç bir təsir etməyib. Sadəcə saqqal saxlamaq da ifrat dərəcədə olmamalıdır.

Mən Azərbaycanda – universitetlərdə ifrat dərəcədə saç, saqqal, bığ saxlayan gənclərə rast gəlməmişəm. Yenə də düşünürəm ki, bu insanın şəxsi hüququdur, toxunmaq olmaz”.

Saqqallı tələbələr mövzusuna birmənalı münasibət bildirməyin çətin olduğunu qeyd edən təhsil eksperti Nabatəli Qulamoğlu deyir ki, istənilən halda Azərbaycan mentaliteti ilə Qərbin özünəməxsus dəyərlərini fərqləndirməyi bacarmaq lazımdır:

“Qərb ölkələrində ali məktəblərdə tələbənin xarici görünüşü, geyimi azaddır. Tələbə istədiyi kimi saqqal da, bığ da saxlayır, uzun saç, hətta hörüklü saqqalı olana da rast gəlmək mümkündür. Amma bizim cəmiyyətimiz bunu qəbul etmir. Hesab edirəm ki, tələbələrimiz də elə bizim toplumun tələblərinə uyğun geyinməli, xarici görünüşünü tənzimləməlidir.

 

Buna baxmayaraq, birmənalı şəkildə bu cür qayda-qanun tətbiq etmək də olmaz. Əsas insanın mahiyyəti, daxili aləmi, ali məktəbdə özünü necə aparması, savadıdır. Daha çox inkişaf etdirməli olduğumuz məhz bu keyfiyyətlərdir. Ancaq bu şəkildə savadlı kadrlar yetişdirə bilək. Yekun olaraq, qeyd edim ki, mənim aləmimdə forma o qədər də əhəmiyyət kəsb etmir”.

Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı qəti şəkildə vurğulayıb ki, heç kimin tələbələrə saqqal məhdudiyyəti qoymağa mənəvi və hüquqi haqqı yoxdur:

“O zaman məhdudiyyət qoyular ki, gənclər cəmiyyətin hansısa dəyərlərinə meydan oxusunlar. Məsələn, universitetə yarıçılpaq gəlsinlər.

Ziyansız səviyyədə saqqal saxlayan, geyimi fərqli olan tələbələrə qadağa qoyula bilməz. Mən özüm heç vaxt saqqal saxlamıram. Amma bu o demək deyil ki, hamı mənim kimi üzünü qırxsın, saqqalsız dərsə gəlsin.

 

Mən bunu heç məsləhət şəklində də etmərəm. Çünki tələbələrin hər biri şəxsiyyətdir. Onların fərdi baxışları, yaşadıqları zamanın tələbləri var. Qeyd etdiyim kimi, tələbənin saqqal saxlamasının milli, mənəvi dəyərlərimizə zidd olan məqamı yoxdur. Belə halda tənqid etməyimizə, qadağa qoymağımıza nə ehtiyac var?”

Yazıda nümunəvi mühiti ilə adı çəkilən Bakı Slavyan Universitetinin mətbuat katibi İbrahim Quliyevlə də əlaqə saxladıq. O, diqqətə çatdırdı ki, universitetdə tələbələrin geyimi, xarici görünüşü ilə bağlı heç bir məhdudiyyətdən, məcburiyyətdən söhbət gedə bilməz:

“Sadəcə olaraq, universitetimizdə tələbə-gənclərin inkişafı istiqamətində təşkil edilən tədbirlərdə milli dəyərlərimizə hörmət, tələbə nizam-intizamı kimi məsələlərə mütəmadi toxunulur. Tələbələrimizə müasir Azərbaycan  gəncliyinin, müharibə şəraitində olan ölkənin gənclərinin modeli, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmağın vacibliyi diqqətə çatdırılıb. Tədbirlərimizin başlıca ideyası olan bu fikirlər müəyyən müddətdən sonra öz təsirini göstərib. Tələbələrimiz artıq könüllü şəkildə öz daxili nizam-intizamlarına riayət edirlər.

Əvvəllər bizim tələbələrimiz də geyimlərinə, xarici görünüşlərinə diqqət etmirdilər. Dizi cırıq, yamaqlı, açıq-saçıq geyimlərlə universitetə gəlirdilər. Oğlanlarımız saqqallı, qısa, butulka şalvarlarla universitetə gəlirdilər. Bu problemlər tələbələrin öz təşəbbüsü ilə aradan qalxdı.

Biz istəyirik ki, tələbələrimizin savadı ilə bərabər, milli mənəvi dəyərlərimizə münasibəti də arzuolunan səviyyədə olsun”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR