Slimfit
  1. SİYASƏT

Xalqın Prezidentə etibarının, sevgisinin təzahürü olan məktublar

Xalqın Prezidentə etibarının, sevgisinin təzahürü olan məktublar
Sakura

Xalqın Prezidentə etibarının, sevgisinin təzahürü olan məktublar

Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri, iqtisadiyyata, sosial sahəyə dəymiş zərərin minimuma endirilməsi istiqamətində siyasəti əhalinin rəğbətini qazanıb.

Vətəndaşlar tərəfindən Prezident İlham Əliyevə ünvanlanan çoxsaylı minnətdarlıq məktubları onların ölkə başçısına inamının, etibarının, sevgisinin təzahürüdür.

Məktubların məzmununun ana xəttini bir fikir təşkil edir – Azərbaycan xalqı dövlətin yürütdüyü siyasətin təməlində sosial rifah və vətəndaşların sağlamlığının qorunması olduğunu diqqətə çatdırır.

Bu məktublar həm də xalq-iqtidar birliyinin bariz göstəricisidir.

Bakıdan şəhid anası Lətafət Novruzova yazır ki, hazırda Yer kürəsinin 200-dən çox ölkəsinə yayılan COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi:

“Lakin Sizin uzaqgörən siyasətinizin, hadisələri günün 24 saatı ərzində nəzarətdə saxlamağınızın nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında Azərbaycan bu xəstəlikdən ölüm sayına görə sonuncu pillələrdədir.

Həmin xəstəliyə düçar olmuş vətəndaşlarımızın Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə bütün səhiyyə ocaqlarında yaradılmış şəraitdən, tibb işçilərimizin xidmətlərindən razılığı bir daha onu göstərir ki, Sizin rəhbərliyiniz və düzgün siyasətiniz sayəsində biz tezliklə bu pandemiya dövrünü geridə qoyacağıq. Siz hər zaman vətəndaşların yanında olub onların sevincinə də, kədərinə də şərik çıxırsınız. Biz şəhid anaları da inanırıq ki, Sizin rəhbərliyinizlə bu çətin günlərdən alnıaçıq, üzüağ çıxacağıq.

Allah Sizi və xalqımızı bütün bəlalardan qorusun”.

Ağdamın Ayaq Qarvənd kəndinin sakinləri tərəfindən ünvanlanan məktubda bildirilir:

“Çox hörmətli cənab Prezident. Koronavirus pandemiyası bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da müəyyən çətinliklər yaradıb. Mövcud şəraitdə ölkəmizin səhiyyəsinin qənaətbəxş səviyyədə olmasına, iqtisadiyyatımızın dayanıqlılıq göstərməsinə görə Sizə minnətdarıq. Vətənimizin belə çətin günlərində düşmənlərimizi sevinməyə qoymursunuz.

Sizin tapşırıq və tövsiyələrinizə qulaq asan insanlarımız “Evdə qal!” çağırışına qoşulublar. Bununla yanaşı, belə bir şəraitdə dövlətimiz tərəfindən bizə göstərilən maddi və mənəvi dəstəyə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Sizin dövlətimizi və xalqımızı belə çətin vəziyyətdən üzüağ çıxaracağınıza inanırıq. Uca Allah köməyiniz olsun”.

Sumqayıt sakini, Laçın rayonundan olan məcburi köçkün Murad Eyvazov yazır:

“Möhtərəm cənab Prezident. Qarabağ qaziləri hər zaman Sizin diqqət və qayğınızla əhatə olunublar. Bütün dünyanın üzləşdiyi pandemiya dövründə Siz biz əlilləri, veteranları da unutmur və biz hər zaman qayğınızı hiss edirik.

Möhtərəm Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə Laçın rayonundan olan Qarabağ qaziləri adından Sizə minnətdarlığımızı bildirirəm. Biz keçmiş döyüşçülər hər zaman Sizin əmrinizə müntəzirik.

Gəncədən Fazil Nəbiyevin məktubundan:

“Möhtərəm cənab Prezident. Mən və ailəm Sizi daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Xalqımızın rifahının yaxşılaşdırılması üçün səylə çalışmağınız və yürütdüyünüz ardıcıl siyasət bizi fərəhləndirir.

Hazırda koronavirus pandemiyası dünyaya və insanlığa meydan oxuyur. İnanırıq ki, məhz Sizin yorulmaz fəaliyyətiniz xalqımızı bu bəladan qoruyacaq və dövlətimiz qısa zamanda ağır sınaqdan üzüağ çıxacaqdır.

Siz hər bir vətəndaşın sağlam qalması, ölkəmizin bu vəziyyətdən minimal itki ilə xilas olması üçün bütün imkanları səfərbər edirsiniz. İnanıram ki, tezliklə qara buludlar başımızın üstündən çəkiləcək və dövlətimiz Sizin müdrik rəhbərliyinizlə tutduğu inkişaf yolunu davam etdirəcək.

Cənab Prezident, Sizin daim yanımızda olmağınızdan qürur və şərəf duyuruq. Tanrı Sizi, dövlətimizi və xalqımızı qorusun”.

Yevlax şəhərindən Kanyaz Vəliyev yazır:

“Möhtərəm cənab Prezident. Dünyada tüğyan edən, bəşəriyyətin bəlasına çevrilən COVID-19 pandemiyası hər birimiz üçün böyük təhlükədir. Bütün dünya bu bəlaya qarşı mübarizəyə səfərbər olub. Dünyanın inkişaf etmiş ölkələri nə qədər çalışsalar da, həm yoluxmanın, həm də itkilərin qarşısını almaqda aciz qalıblar. Sizin rəhbərliyinizlə ölkəmizdə virusla mübarizə işi çox uğurla həyata keçirilir. Tarixində ilk dəfə belə xəstəliklə üzləşən gənc, müstəqil ölkəmizdə görülən tədbirlər nəticəsində yoluxma və ölüm hallarının sayı dünyanın elmi-texniki cəhətdən inkişaf etmiş ölkələrindən dəfələrlə aşağıdır.

Cənab Prezident, bu günlərdə modul tipli yeni xəstəxanaların tikilməsi haqqında imzaladığınız Sərəncam hər birimizin sevincinə səbəb oldu. Sizin rəhbərliyinizlə həyata keçirilən bu işlər vətəndaşlarımızın sağlam yaşamasına yönəlib. Hökumətin hər bir üzvü ona verilən tapşırığı dəqiq yerinə yetirir. Bütün bunlar Sizin uzaqgörənliklə həyata keçirdiyiniz uğurlu siyasətinizin məntiqi nəticəsidir.

Pandemiyanın ölkəmizdə yayılmasına qarşı atdığınız addımlara görə bir ağsaqqal kimi Yevlax sakinləri adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun. Var olun, cənab Prezident! Allah atanız, xalqımızın ümummilli lideri Heydər Əliyevə rəhmət eləsin”.

Bakıdan Səbuhi İsazadə:

“Hörmətli cənab Prezident. Dünya ölkələrindəki acınacaqlı vəziyyət hər kəsin gözü önündədir. İnkişaf etmiş ölkələrdə xaos, insan itkiləri vahimə yaradır. Ölkəmizdə isə Sizin sayənizdə sakitlik, həmrəylik, əmin-amanlıq, bolluq müşahidə olunur. Bütün bunlara səbəb Sizin daim ölkə vətəndaşlarını düşünməyiniz, vaxtında qətiyyətli təbirlər görməyinizdir.

Cənab Prezident, var olun ki, həm kəndlinin, həm də sahibkarın, bir sözlə, hər bir vətəndaşın yanındasınız. Allah Sizi xəta-bəladan uzaq eləsin. Biz hər zaman Sizinləyik”.

Gəncə sakinləri Vüsal Hüseynov və Azadil Hüseynovdan:

“Möhtərəm cənab Prezident. Bütün dünyanı lərzəyə salan koronavirus pandemiyası, təəssüf ki, Vətənimiz Azərbaycandan da yan ötmədi. Lakin Sizin uzaqgörənliyiniz, bu ümumbəşəri bəlaya qarşı vaxtında verdiyiniz göstəriş və Sərəncamlar sayəsində xəstəlik başqa ölkələrlə müqayisədə Azərbaycana az təsir göstərməkdədir. Siz daim Azərbaycan xalqının yanında olduğunuzu bir daha sübut etdiniz.

Əziz Prezidentimiz, Sizin dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Biz də deyirik ki, biz Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevlə daha güclüyük. Ölkəmizdə yaratdığınız əmin-amanlığa və vətəndaşlara göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz daim Sizinləyik.Cənab Prezident, Allah Sizə uzun ömür versin, Sizin kölgənizi Azərbaycan dövlətinin, Azərbaycan xalqının üzərindən əskik etməsin”.

Şəmkirin Əliyaqublu kəndinin sakini Mahir Kazımov yazır:

“Çox hörmətli və əziz Prezidentimiz. Siz ümummilli liderimiz Heydər Əliyev siyasi məktəbinin yetirməsi, onun zəngin təcrübəsindən yararlanan dövlət başçısısınız. Sizin rəhbərliyinizlə Azərbaycan dünyanın ən nüfuzlu, qüdrətli dövlətləri sırasına yüksəlib, beynəlxalq aləmdə böyük nüfuz qazanıb.

Siz dünyanın koronavirus pandemiyası ilə üzləşdiyi bir vaxtda xalqımızı bu bəladan qorumaq üçün mümkün olan hər şeyi edir, Azərbaycan xalqının sağlam və xoşbəxt yaşaması üçün çalışırsınız. Buna görə də, Azərbaycan xalqı Sizinlədir.

Mən və ailə üzvlərim Sizə can sağlığı, uzun ömür, yeni nailiyyətlər arzulayırıq. Allah Sizi və ailənizi qorusun. Azərbaycanın daha gözəl günləri hələ qabaqdadır”.

Cəlilabadın Üçtəpə kəndinin sakini Ramil Yarıyev öz məktubunda bildirir:

“Əziz və hörmətli cənab Prezident. Azərbaycan Respublikasının çiçəklənib güclənməsində Sizin çox böyük əməyiniz var. Siz Azərbaycanın haqq səsini hər zaman yüksək tribunalarda səsləndirib üçrəngli bayrağımızı ən uca zirvələrdə dalğalandırmısınız. Biz Yarıyevlər ailəsi daim Sizin yürütdüyünüz daxili və xarici siyasəti bəyənmişik və dəstəkləyirik. Hər zaman Sizin yanınızda olaraq, Sizinlə birgə bu dövlətə, xalqa xidmət etməyi özümüzə borc bilmişik.

Bu gün dünyanı cənginə alan koronavirus bəlasına qarşı yubanmadan, təxirəsalınmaz addımlar atmağınız və eyni zamanda, öz xalqınızın qayğısına qalaraq çox ciddi göstərişlər verməyiniz bizi olduqca sevindirir. Sizinlə qürur duyuruq. Yaşasın Azərbaycan və onun müdrik Prezidenti İlham Əliyev!

İnanıram ki, Sizin köməyiniz nəticəsində biz birlikdə bu çətinliyin də öhdəsindən tezliklə gələcəyik.

Cənab Prezident, Sizi əmin edirəm ki, daim Sizin yanınızda olaraq bütün tapşırıqlarınızı dərhal və məsuliyyətlə yerinə yetirəcəyik. Allah amanında qalın”.

Abşeron rayonunun Xırdalan şəhərindən Ceyhun Əmiraslanov:

“Hörmətli cənab Prezident. Hazırda bəşəriyyət üçün əsl faciəyə çevrilən koronavirus pandemiyasına qarşı mübarizədə xalqımız Sizin və Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq birlik, həmrəylik nümayiş etdirdi.

Əminik ki, Sizin sayənizdə bu bəlaya qalib gələcək, hazırkı ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq. Artıq zəhmətinizin nəticəsi olaraq, ölkəmizdəki mənzərə vəziyyətin yaxşılığa doğru getdiyini göstərir.

Əziz Prezidentimiz, Sizə və ailə üzvlərinizə uzun ömür, can sağlığı arzulayırıq. Ulu Tanrı Sizin rəhbərliyiniz altında doğma Azərbaycanımıza daim xoş günlər və tərəqqi qismət etsin”.

Bakı sakini Vüqar Əhmədov:

“Hörmətli cənab Ali Baş Komandan. Sizi salamlayır və bu məktubumda Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Dünyanı bürüyən bu ağır xəstəlik dövründə, çətin iqtisadi vəziyyətdə xalqın yanında olmağınız, məni bir sıravi vətəndaş kimi çox qürurlandırdı. Bununla yanaşı, öncədən düşünülmüş iqtisadi, siyasi addımlarınız bu gün ölkəmizdə normal həyat sürməyimizə imkan yaradır.

Gördüyünüz bütün işlərə görə çox sağ olun, cənab Prezident. Bütün ailəmiz adından Sizə minnətdarıq. Yaxşı ki, varsınız. Nə yaxşı ki, bu ölkənin Prezidenti Sizsiniz. Allah Sizi və ailənizi qorusun”.

Digər Bakı sakini Flora Əliyeva isə qeyd edir:

“Möhtərəm cənab Prezident. Biz – şəhid ailələri və məcburi köçkünlər həmişə Sizin qayğı və diqqətinizi hiss etmişik. Dünyanın belə bir bəlaya düçar olduğu bu günlərdə Sizin necə güclü dövlət başçısı olmağınız pandemiyaya qarşı apardığınız mübarizədə özünü bir daha aşkar büruzə verdi. İndi dünyanın bir sıra ölkələri Azərbaycanın koronavirusla mübarizə təcrübəsindən bəhrələnir.

Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bütün azərbaycanlıları ayağa qaldırdı. Doğrudan da, biz birlikdə güclüyük.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciəti bir daha sübut etdi ki, Azərbaycan vətəndaşının sağlamlığı Sizin üçün nə qədər önəmli məsələdir.

Mən və Saleh Poladi adına 159 nömrəli tam orta məktəbin kollektivi Sizin apardığınız siyasəti tam dəstəkləyir, bu çətin yolda Sizə can sağlığı arzulayır, Sizinlə birlikdə olduğumuzu bildiririk.

Fəxr edirik ki, Sizin kimi güclü dövlət başçımız var. Uca Tanrı Sizi və ailənizi qorusun”.

Sumqayıtdan İlkin Şirinov:

“Bu ağır günlərdə Sizə bu məktubu yazmağı özümə borc bildim. Sizə olan istək və hörmət qəlbimin dərinliyindən gələn səmimi hisslərdir. Bütün dünyanın bu dəhşətli pandemiyanın qarşısında diz çökdüyü bir dövrdə Siz məğrurluqla xalqımızın sağlamlığının, həyatının və təhlükəsizliyinin keşiyində durmusunuz. Buna görə Sizə necə təşəkkür edəcəyimi bilmirəm. Siz xalqın xilaskarı və qoruyucususunuz.

Mən və yaxınlarım daim fəxrlə deyirik: nə yaxşı ki, varsınız, bizimləsiniz, xalqın əsl qəhrəmanısınız, cənab Prezident”.

Tovuzun Yanıqlı kəndinin sakini Rauf Quluzadə:

“Möhtərəm cənab Prezident. Azərbaycan xalqının bu çətin günlərində hər bir vətəndaşın sağlamlığının qayğısına qaldığınız üçün Sizə ailəmiz adından təşəkkür edirəm. Mənim bir balaca oğlum var. O deyir ki, mən hamıdan çox Prezidentimizə inanıram, onu hamıdan çox istəyirəm. Bu, onu göstərir ki, Sizin hər bir vətəndaşın ürəyində xüsusi yeriniz var.

Bu çətin günlərdə Allah Sizə və Sizinlə bərabər zəhmət çəkənlərin, Vətənin keşiyində duranların köməyi olsun”.Bakıdan Milli Qəhrəman Məzahir Rüstəmovun atası, fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov və anası Rəfiqə Rüstəmova yazırlar:

“Çox hörmətli cənab Prezident, Sizin Azərbaycan xalqının rifahı və səadəti, əmin-amanlığı və təhlükəsizliyi naminə gecə-gündüz yorulmaq bilmədən apardığınız çoxşaxəli, təmkinli və müdrik siyasətinizi ürəkdən bəyənirik, Sizə bu yolda böyük əzmkarlıq və yeni uğurlar arzulayırıq.

Əziz Prezidentimiz, Siz böyük, dahi siyasətçi, müasir Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin yolunu uğurla və müdrikcəsinə davam etdirərək, Azərbaycanı sürətli inkişaf yoluna çıxardınız. Qlobal dünya ilə yaratdığınız ətraflı əlaqələr sayəsində dünya Azərbaycana can atır, milyonlarla insan ölkəmizə gəlmək arzusundadır və Sizə hörmət bəsləyir. Sizin Azərbaycanda həyata keçirdiyiniz iqtisadi islahatlar, kadr dəyişiklikləri, idarəetmənin daim təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi Azərbaycan xalqı tərəfindən bəyənilir və müdafiə olunur.

Əziz Prezidentimiz, koronavirus pandemiyasına qarşı apardığınız məqsədyönlü mübarizə, həyata keçirdiyiniz tədbirlər, o cümlədən karantin rejiminin tətbiqi, koronavirusun müalicəsi ilə məşğul olan xüsusi xəstəxanaların yaradılması, zəruri tibbi ləvazimatın əldə edilməsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir. Bunun ən yüksək qiymətini isə xalq Sizə “Çox sağ olun” deməklə verir”.

Ağdam sakini Şahin Bəylərov yazır:

“Hörmətli cənab Prezident. Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmaması üçün tərəfinizdən operativ və təxirəsalınmaz qərarların qəbul edilməsinin, o cümlədən zərər çəkən sahibkarlara, muzdla işləyənlərə, maddi imkanı zəif olanlara yardım edilməsi məqsədilə böyük məbləğdə maliyyə vəsaitinin ayrılmasının və çoxsaylı digər tədbirlərin nəticəsidir ki, ölkəmiz bu xəstəliklə mübarizədə müsbət göstəricilərə nail olub. Hətta Azərbaycanın koronavirusla mübarizə üsulunun digər ölkələrə nümunə göstərilməsi bizdə qürur hissi yaradıb.

Cənab Prezident, ölkə vətəndaşlarının hər birinə göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi və xalqımızı qorusun”.

Şirvan şəhərindən Nurcan Rzayeva:

“Çox hörmətli cənab Prezidentimiz. Mən əminliklə deyə bilərəm ki, bütün Azərbaycan uşaqları Sizi sevir. Siz bu çətin günlərdə bütün məktəblilərin dostu oldunuz. Bizim hər birimizi xəstəlikdən qorudunuz. Mən gələcəkdə həkim olmaq istəyirəm. Bütün insanların sağlamlığının qayğısına qalmaq istəyirəm. Vətənimizi, elimizi qorumaq istəyirəm. Kaş ki, Sizin kimi Vətəninə bağlı bir Azərbaycan vətəndaşı ola biləydim. İnşallah, arzularıma çataram. Sizin xeyir-duanızla rəhbəri olduğunuz bir dövlətdə bu gün möcüzələr yaradan həkimlərimiz kimi insanların sağlamlığının keşiyində dayanaram.

Sonda bilməyinizi istəyirəm ki, bizim sağlam ruhda böyüməyimizin səbəbkarı Sizsiniz. Allah Sizi qorusun”.

Naftalan şəhərindən Hüseyn Məhərov:

“Möhtərəm cənab Prezidentimiz. Sizin tapşırığınızla respublikamızın bütün bölgələrində, o cümlədən Naftalan şəhərində bu yoluxucu xəstəliyə qarşı təxirəsalınmaz ciddi mübarizənin aparılması nəticəsində artıq ölkəmizdə koronavirus infeksiyasından sağalanların sayı yoluxanların sayını üstələyib. Bununla bərabər, bu dövrdə işləməyən, yaşı 65-dən yuxarı, tənha və aztəminatlı ailələrin sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını, sahibkarlara dəstək göstərilməsini xüsusi diqqətdə saxladınız.

Çox hörmətli cənab Prezidentimiz, bütün bu işlərə görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sizə uzun ömür, can sağlığı, Vətən və xalq naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Uca Yaradan günbəgün qüdrətlənən müstəqil Azərbaycanımızı, xalqımızı, Sizi və ailənizi qorusun”.

Bakıdan Ramilə Nəsirova yazır:

“Cənab Prezident. Bu çətin günlərdə bizimlə yaxından maraqlandığınız, bizə qayğı göstərdiyiniz, hər zaman vətəndaşlarımızın mənafeyini düşünüb addım atdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Siz hər zaman ulu öndərimiz Heydər Əliyevin yolunu davam etdirmisiniz, həmişə xalqın qayğısına qalmısınız. Siz əhalinin hər təbəqəsi ilə daim elə maraqlanırsınız ki, sanki hər bir azərbaycanlı ailəsində varsınız.

Biz Sizinlə, Sizin liderliyinizlə, dövlətimizlə, bayrağımızla fəxr edirik. Biz Sizinlə bu günlərin öhdəsindən gələcəyik, çünki biz Sizinlə birlikdə güclüyük.

Allah Sizə uzun ömür, can sağlığı nəsib etsin, daim dövlətimizin başında olasınız”.

Sabirabaddan Zamin Qarayev:

“Cənab Prezident, Yer kürəsini cənginə almış koronavirus pandemiyasının dünya ölkələrinə vurduğu zərərin miqyası hər kəsə məlumdur. Bu baxımdan, Azərbaycanın bu bəladan daha az ziyan, daha az itki ilə çıxması üçün gördüyünüz qabaqlayıcı tədbirlər alqışa layiqdir.

Pandemiya ilə əlaqədar ölkəmizdə həm səhiyyə, həm sosial, həm iqtisadi, həm də təhlükəsizlik sahəsində atılan addımlar vətəndaşlarımızda böyük ruh yüksəkliyi yaradıb, rəhbərinə inamı daha da artırıb.

Mən bütün sabirabadlılar adından və şəxsən öz adımdan buna görə Sizə dərin təşəkkürümü bildirir, “Çox sağ olun!” deyirəm. Sizinlə qürur duyuruq, cənab Prezident”.

Bakıdan Nərgiz Vəliyeva öz məktubunda qeyd edir:

“Hörmətli cənab Prezident, COVID-19 pandemiyası ilə bağlı sahibkarlara ayırdığınız maliyyə dəstəyi üçün xalqımızın adından və şəxsən öz adımdan dərin təşəkkürümü bildirirəm.

Eyni zamanda, bütün xalqımızın bu çətin sınaqdan çıxmasına göstərdiyiniz köməyə görə Sizə və Sizin göstərişlərinizə uyğun olaraq vətəndaşlarımızın qayğısına qalan dövlət orqanlarına sonsuz minnətdarlığımı çatdırmaq istərdim.

Arzum budur ki, ölkəmiz bu cür sınaqlardan daim alnıaçıq çıxsın. Əminəm ki, bu bəladan tez bir zamanda çox zərər çəkmədən xilas olacağıq. Çünki biz güclü Lideri olan bir xalqın övladlarıyıq”.

Digər paytaxt sakini Tərlan Nəsirov isə bildirir:

“Bəşəriyyət koronavirusun yaratdığı qlobal problemlə üz-üzədir. Pandemiya bizim ölkəmizi də sınağa çəkib. Bu çətin zamanda Azərbaycanda vəziyyətin nəzarət altında olması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir illik əməkhaqlarınızı həmin fonda ianə etməyiniz, pandemiyanın ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün maliyyə vəsaitinin ayrılması və həssas təbəqənin də maddi təminatı ilə bağlı göstərişiniz, qısa müddət ərzində yerli tibbi maska istehsalına başlanılması Sizin müdrik rəhbərliyinizin, uğurlu siyasətinizin nəticəsidir.

Cənab Prezident, dövlətimizin beynəlxalq ictimaiyyətlə həmrəyliyinin nümunəsi olaraq, koronavirus pandemiyasının geniş yayıldığı ölkələrin musiqisi ilə bayraqlarını proyeksiya halında ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan, dünya memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirməsi, Sizin “Biz birlikdə güclüyük!” ifadəniz, Mehriban xanım Əliyevanın koronavirus infeksiyası ilə bağlı əziz həmvətənlərimizə müraciəti bir daha əks etdirir ki, ən gözəl xüsusiyyətlərlə sabaha, xoş ümidlərlə rifaha doğru addımlayırıq.

Əziz Prezidentimiz, inanırıq ki, bu çətin günlərimiz tezliklə geridə qalacaq. Biz Sizə güvənirik, biz Sizinlə fəxr edirik və hər zaman Sizin yanınızdayıq. Sizə bu şərəfli yolda yeni uğurlar diləyirik. Ulu Tanrı Sizi və ailənizi qorusun”.

Məktubların mətni aydın, mahiyyəti isə qətidir. Bu qətilik ondan ibarətdir ki, Azərbaycan xalqı Prezidenti dəstəkləyir və daim onun yanında olduğunu bəyan edir.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR