“Wikipedia”nın özbəkdilli versiyasında “Qara Yanvar” adlı bölmə yaradılıb
“Wikipedia.org” beynəlxalq elektron ensiklopediyasının özbəkdilli versiyasında Azərbaycan xalqının tarixinə faciə və qəhrəmanlıq səhifəsi kimi yazılmış “Qara Yanvar” adlı bölmə yaradılıb.
AZƏRTAC xəbər verir ki, bölmədə 20 Yanvar hadisələri haqqında faktlar, sovet qoşunlarının Bakıya hücumu, törədilən qırğınlar, şəhidlər, dünya mətbuatında faciə barədə verilən məlumatlar, hadisəyə beynəlxalq münasibət, habelə bu faciəyə dair çoxsaylı nəşrlər yer alıb. Çoxsaylı fotoşəkillərin də yerləşdirildiyi bölmə ilə bu linkdən tanış olmaq mümkündür: https://uz.wikipedia.org/wiki/Qora_yanvar
Xatırladaq Azərbaycanın təbliği, xaricdə ölkəmiz haqqında obyektiv və operativ informasiya təminatının həyata keçirilməsi məqsədilə 2016-cı ildən Özbəkistanda “Wikipedia.org” beynəlxalq elektron ensiklopediyasında Azərbaycana dair özbək dilində bölmələrin yaradılması işi həyata keçirilir.
Bununla əlaqədar, yaradılan xüsusi işçi qrup ölkəmizin tarixi, dövlətçilik ənənələri, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, adət və ənənələrimizə dair yüzlərlə materialın özbək dilinə tərcüməsini, redaktəsini həyata keçirərək ensiklopediyada yerləşdirilməsini təmin edib.
Qeyd edək ki, layihə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin informasiya təminatı ilə həyata keçirilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət