Slimfit
  1. MƏDƏNİYYƏT

Vyanada azərbaycanlı rəssamın installasiyasının təqdimatı olub

Vyanada azərbaycanlı rəssamın installasiyasının təqdimatı olub
Sakura

Vyanada azərbaycanlı rəssamın installasiyasının təqdimatı olub

İyunun 6-da Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində rəssam Elvin Nəbizadənin müəllifi olduğu “Şans” installasiyasının təqdimatı olub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycan müasir incəsənət səhnəsinin tanınan simalarından biri olan Elvin Nəbizadənin əsərinin ilk dəfə Vyanada sərgilənməsindən məmnunluq ifadə edib. Qeyd edilib ki, müəllifin hazırladığı “Şans” installasiyasının yerləşdirilməsi üçün Vyanada ən uyğun məkanın seçilməsi də diqqət mərkəzində olub və şəhərdə müasir incəsənət muzeylərinin yerləşdiyi, əhalinin ən gur hərəkət etdiyi və həmçinin nəqliyyatın sıxlığının da yüksək olduğu “Museumsquartier” ərazisi seçilib. L. Qasımova bu layihənin gerçəkləşdirilməsində göstərilən dəstəyə görə “Contemporary Art Advisors” (Müasir incəsənət məsləhətçiləri) təşkilatının rəhbərliyinə təşəkkürünü bildirib.

“Contemporary Art Advisors” təşkilatının rəhbəri Tomas Luqmayr çıxışında bildirib ki, hələ 2017-ci ildə Venesiya Biennalesində iştirak edərkən Azərbaycan milli pavilyonunda Elvin Nəbizadənin yaradıcılığı ilə tanış olub və onun Vyanada ilk əsərinin sərgilənməsi ideyasını məmnuniyyətlə dəstəkləyib. T. Luqmayr installasiyanın öz arealında quraşdırılması və texniki dəstəyə görə “Museumsquartier” rəhbərliyinə təşəkkür edib.

Elvin Nəbizadə çıxışında Vyanada ilk əsərinin nümayiş olunmasından qürur duyduğunu bildirib, bu layihənin həyata keçməsinə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edib. O qeyd edib ki, son illərdə yaradıcılığında Azərbaycan milli musiqi alətləri, Azərbaycan mədəniyyətinin zənginliyi və müxtəlifliyi ön planda dayanır. Eyni zamanda o, əsərlərində ölkəmizdə xalqların nümayəndələrinin dinc birgəyaşayışını, tolerant mühit və mədəni rəngarəngliyi tərənnüm etməyə çalışır. Vyanada açıq havada sərgilənəcək əsərlə bağlı təklif alarkən installasiyanı qorumaq üçün örtük barədə çox fikirləşməyə gərək olmayıb. 1974-cü ildə macar heykəltəraş və memar Ernö Rubikin icad etdiyi rəngli kubik-rubik (möcüzəli kub) həm qoruyucu örtük rolunu oynayır, həm də məcazi məna daşıyır. Belə ki, hələ uşaqkən kubik-rubikin içərisində hansı sehrin, hansı mexanizm və möcüzənin gizləndiyini dərk etməyə çalışan rəssam onun zahiri, mexanizmi və daxilinin fərqli olduğunu qeyd edib. Məhz bu installasiyanın zahiri görünüşü başqa təsir bağışlasa da, onun içərisinə daxil olan seyrçi burada Azərbaycan mədəniyyət və incəsənətinə məxsus nümunələrə (milli musiqi aləti, şəbəkə və s.) rast gəlir. Azərbaycanı tanımayan insanlar da eyni mənzərəni yaşayırlar. Azərbaycan haqda fərqli fikirdə olub, fərqli düşüncə ilə bu ölkəyə səfər edənlər bu ölkəni özləri üçün kəşf etdikdən sonra tamamilə başqa düşüncəyə sahib olurlar. Bu installasiya seyrçiyə Azərbaycanla yaxından tanış olmaq üçün şərait yaradır.

Təqdimatdan sonra tədbir iştirakçıları Azərbaycan Mədəniyyət Mərkəzi ilə qonşuluqda yerləşən “Muzeumsquartier” ərazisində quraşdırılmış “Şans” installasiyası ilə tanış olublar.

“Şans” installasiyası Vyanada iyunun 25-dək nümayiş olunacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR