Vüqar Səfərli: “Jurnalistlərin binası”nda mənzilə çıxarışların verilməsi üçün 100-dək sənəd təqdim olunub
Prezident İlham Əliyevin 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada keçirilən səyyar qeydiyyat xidməti çərçivəsində bu gün jurnalistlər bağışlanma müqaviləsi imzalayacaq və Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşlarına təqdim edəcəklər. Bir müddət sonra mənzil sahibləri “SMS” vasitəsilə bildiriş alacaqlar. Çıxarışların alınması üçün artıq 100-dək sənəd təqdim olunub. Biz bu gün və sabah həmin sənədləşmə işlərini aparacağıq. Bundan sonra onlara 20-30 gün müddətində vaxt veriləcək ki, yenidən sənədləri toplasınlar və biz ikinci dəfə belə bir aksiya keçirək.
Mövqe.az-xəbər verir ki, bu barədə oktyabrın 2-də jurnalistlərə verilən ikinci binanın həyətində Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) nümayəndələrinin iştirakı ilə bu binada keçirilən səyyar qeydiyyat kampaniyası çərçivəsində jurnalistlərə müsahibəsində KİVDF-nin icraçı direktoru Vüqar Səfərli deyib.
“Cari il avqustun 7-də jurnalistlər üçün tikilmiş binanın istismar aktı verilib. Bundan sonra digər sənədlər hazırlanıb. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən binanın texniki pasportu, çıxarışlar hazırlanıb. Bu gün jurnalistlərin mənzillərinə çıxarışların verilməsi üçün bütün sənədlər hazırdır”, - deyə V.Səfərli bildirib.
O qeyd edib ki, birinci binanın sakinlərinə çıxarışlar əvvəllər verilib: “Əlbəttdə, orada da sənəd almayanlar qalıb. Bu onların şəxsi istəyidir. Lakin bu kampaniya jurnalistlər üçün tikilmiş ikinci binaya aiddir. Jurnalistlər üçün üçüncü binanın tikinti işləri qrafikə uyğun davam edir. 2020-ci ildə həmin bina üzrə mənzillərin jurnalistlərə verilməsi nəzərdə tutulur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət