Vüqar Qurbanov xəstəxana rəhbərlərinə TAPŞIRIQLAR VERDİ
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov ictimaiyyətlə əlaqələr işinin təşkili ilə bağlı TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin rəhbərləri və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsləri ilə görüşüb.
TƏBİB-dən Redaktor.az-a verilən məlumata görə, qurumun İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilovanın bu istiqamətdə həyata keçirilən fəaliyyət, müşahidə edilən çatışmazlıqlar və qarşıda duran vəzifələrlə bağlı geniş məlumat verib.
İcraçı direktor Vüqar Qurbanov TƏBİB-in və tabeliyindəki tibb müəssisələrinin fəaliyyəti ilə əlaqədar məlumatın sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə qanunla müəyyən edilmiş qaydada təqdim edilməsini təmin etməyin, media subyektləri ilə səmərəli əlaqələr yaratmaq və bunu intensiv olaraq inkişaf etdirməyin önəmini qeyd edib. TƏBİB tabeliyində fəaliyyət göstərən 90 tibb müəssisəsində mövcud olan ictimaiyyətlə əlaqələr ilə bağlı 108 ştat üzrə 85 işçi çalışdığını bildirən V.Qurbanov bununla bağlı kommunikasiya strategiyasında qarşıya qoyulan hədəfə 79 faiz nail olunduğunu bildirib.
TƏBİB-in ümumi fəaliyyətində ictimaiyyətlə əlaqələr işinin keyfiyyət meyarlarının mövcud tələblərə uyğun şəkildə genişlənməsinin vacibliyini bildirən V.Qurbanov bu sahə üzrə koordinasiyalı işin qurulması, tabeli tibb müəssisələrində keyfiyyətli iş əmsalının yüksəldilməsi istiqamətində ciddi dönüş yaradılmasına ehtiyac olduğunu diqqətə çatdırıb.
O, TƏBİB-in fəaliyyətini geniş müstəvidə şəffaf və obyektiv prinsiplər əsasında ictimaiyyətə çatdıran kütləvi informasiya vasitələrinin nümayəndələri ilə qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi, tibb sahəsində həyata keçirilən yeniliklərin mütəmadi olaraq bölüşülməsi, vətəndaş məmnunluğunun artırılması, eyni zamanda ümumi işin gedişinə maneə olan səbəblərin aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət