Slimfit
  1. İDMAN

Voleybol

Voleybol
Sakura

Voleybol

Voleybol — hərəsində 6 oyunçu olan iki komanda arasında topla oynanılan idman növüdür. 1964-cü ildən Yay Olimpiya Oyunlarının proqramındadır. Oyunun məqsədi topu tor üzərindən aşırıb rəqib komandanın meydançasında yerə dəyməsinə nail olmaq və bununla da xal qazanmaqdır. Populyarlıq kütləsinə görə komanda idman növlərində futbol və basketboldan geri qalsa da, bu gün voleybol həndbol, buz xokkeyi, reqbikimi məşhur idman növlərindən daha çox audutoriyaya malikdir. Son dövrlər böyük mailiyyələr yatırılan voleybol ən çox pul qazandıran idman növlərinin top 10 siyahısına girə bilməmişdir.

 

Tarixi

Yaranışı və dünyaya yayılması

   Uilyam Morqan

Voleybol oyunu 1895-ci ildə ABŞ-da bədən tərbiyəsi müəllimi Uilyam Morqan tərəfindən yaradılıb. Uilyam Morqan bu oyunu "Mintonette" adlandırmışdı. İlk voleybol oyunu isə 7 iyul, 1895-cİ ildə təşkil olunub.[3] YMCA (Sprinqfild Gənc Kişilər Xristian Birliyi) adlı dərnəyin üzvü olan Uilyam Mintonette oyununu gənclərin idmanla məşğul olması üçün irəlilətmiş, basketbol, beyzbol, tennis və həndbolun bəzi funksiyalarını bu oyunda bir araya gətirmişdir. Morqan toru tennisdən nümunə götürmüş və onun uzunluğunu hardasa 183 sm-ə qədər yüksəltmişdir ki, bu da orta insan boyunun bir qədər üzərində idi. Belə ki, o, tennis meydançasından istifadə edərək iş adamlarının hərəsini torun bir tərəfinə keçirmişdir. Basketbol topunun kamerindən düzəltdiyi elastik topla isə zərbə vurmaqlarını və rəqib tərəfə göndərmələrini istəmişdir. Bununla da o, çox da yorucu olmayan, əyləncə məqsədli, zədələnmələrə yol açmayan rəqabət hisli bir oyunun əsasını qoydu.

1906-cı ildə Sprinqfild kollecində Y.M.C.A konqresi bir araya gələrək Dr. Mintonette adını "volleyball" olaraq dəyişdirmişdir. Çünki, oyunda əsas məqsəd topu önə və geriyə gətirmək idi ki, bu da ingilis dilində "volley" demək idi. Bir oyun kimi voleybol ilk öncə Amerika Birləşmiş Ştatlarında iş adamları tərəfindən oynanılan meydançada görülmüşdür. 1900-cü ildə Kanada bu idman növünü mənimsəyən ilk ölkə olmuşdur. Beynəlxalq şirkət olan Y.M.C.A isə voleybolu bütün dünyaya yaymaq da rəhbərlik rolunu oynamışdır. İlk beynəlxalq turnir isə 1913-cü ildə Asiya qitəsində keçirilmişdir. Turnirə Çin, Yaponiya və Filippin qatılmışdır. Turnirdə setlərdəki xal sayı 21 olmuşdur.

Birinci dünya müharibəsi illərində Avropaya gedən amerikan əsgərləri voleybolu bu qitədə tanıtmağa başlamışlar. 1917-ci ildə Y.M.C.A nümayəndələri bu idmanı Fransada da yaymışlar. Eyni ildə Çexoslovakiyada oynanmağa başlanmışdır və setlərdəki xal sayı 21-dən 15-ə indirilmişdir. 2,13 metr olan tor yüksəkliyi 2,43 metrə yüksəldilmişdir. 1918-ci ildə isə meydançadakı oyunçuların sayı 6 nəfər qəbul edilmişdir. 1920-ci ildə artıq Şərqi Avropada da məşhurlaşan voleybolda hər ölkə fərqli qaydalara riayət edirdi. Məsələn, Asiya qitəsinə voleybol 9 nəfərlə və daha alçaq torla oynanılırdı. 1930-cu ildə isə voleybolun plyajda oynanılan forması çimərlik voleybolu məşhurlaşmışdır.

 

İlk voleybol turnirləri və iştirakçı ölkələr

 
Manzanardakı turnirdə Yaponiya və ABŞ qadın voleybolçuları üz-üzə, 1943.

İlk beynəlxalq voleybol turniri 1922-ci ildə Y.M.C.A-nın çempionatında 11 əyalətdən 27 komandanın qatılımı ilə gərçəkləşmişdir. Altı il sonra isə yeni qaydalara ehtiyac olduğu görülmüş və USVBA (ABŞ Voleybol Federasiyası) qurulmuşdur. 1937-ci ildə Bostonda Qeyri-peşəkar İdman Növləri Birliyinin qərarı ilə həmin federasiya voleybolda qanunverici və icraçı orqan olmuşdur.

1946-cı ildə ilk dəfə olaraq Cənubi Amerika Voleybol Konfederasiyası yaradılmışdır. Braziliyalı Selio Neqreiros de Barros adlı şəxs bu konfederasiyasının rəhbəri olur. Maraqlısı budur ki, Cənubi Amerika Voleybol Konfederasiyası Beynəlxalq Voleybol Federasiyasından daha öncə yaradılmışdır. Belə ki, yalnız 1947-ci ildə Parisdə təşkil olunan beynəlxalq konqresdə Beynəlxalq Voleybol Federasiyasının əsası qoyulmuşdur. Bu federasiyaya ilk abunə olan ölkələr isə bunlar idi: ABŞ, Belçika, Braziliya, Fransa, Hollandiya, İtaliya, Macarıstan, Misir, Portuqaliya, Polşa, Uruqvay və Yuqoslaviya. Braziliya ilə Uruqvay eyni zamanda CSV-nın da üvləri idi. Yalnız bundan sonra 1952-ci ildə Asiya Voleybol Konfederasiyası, 9 il sonra isə Avropa Voleybol Konfederasiyası yaradılmışdır. Şimali Amerika və Afrikadakı ilk belə qurumların yaradılması isə 1972-ci ilədək sonlanmışdır.

1947-ci ilk dəfə olaraq voleybol üzrə dünya çempionatı təşkil edilmişdir. Kişilər arasında keçirilən turnirdə sonda qalib adına Çexoslovakiya layiq görülmüşdü. 1952-ci ildə isə qadınlar arasında dünya çempionatı təşkil olunmuşdur. SSRİ-nin çempionluğu ilə bitən turnirdə Polşa ikinci, Çexoslovakiya isə üçüncü yeri tutmuşdu. Digər iştirkaçı ölkələrdən Bolqarıstan, Rumıniya, Macarıstan, Fransa, Hindistan milliləri isə sıralarına görə dördüncü, səkkizinci yerlərdə qərarlaşmışdılar.

 

Olimpiya oyunlarında

 
1972 Yay Olimpiya Oyunlarındaçempion Yaponiya millisinin voleybolçusu Seji Oko zərbə endirir.
 
2012 Yay Olimpiya Oyunlarında Çin milli komandasının oyunçuları
 
London Olimpiadasında bürünc medal matçı, Yaponiya-Cənubi Koreya.

Voleybol oyunu 1957-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin Bolqarıstanın paytaxtı Sofiyada keçirdiyi 53-cü sessiyasında Yay Olimpiya Oyunlarının proqramına salınmışdır. Qərara əsasən yeddi il sonra yəni; 1964-cü ildə Tokyoda keçirilən Yay Olimpiya Oyunlarının idman yarışları proqramında voleybolunda 2 növü olmalı idi. Bunlar kişi və qadın milli voleybol komandalarının iştirak edəcəyi turnirlər idi. Sonda Sovet Sosialist Respublikaları İttifaqının olimpiyaçıları kişilərin yarışlarında ilk olimpiya çempionları olmuşdular. Gümüş medalı Yaponiya, bürünc medalı isə Çexoslovakiya olimpiyaçıları qazanmışdılar. Yaponiyanın çempionluğu ilə başa çatan qadınların turnirində isə gümüş medal SSRİ-yə, bürünc medal isə Polşaya qismət olmuşdur.

1972-ci ilədək Yay Olimpiya Oyunlarında voleybol yarışları çox fərqli sistemdə keçirilirdi. Belə ki, kişilərin yarışında Olimpiya Oyunlarına lisenziya əldə etmiş 10 komanda bir qrupa toplanırdı və bu komandalar hamısı bir-biri ilə qarşılaşırdı. Liqa üsulu ilə keçirilən doqquz turluq oyunlarda ilk üç yeri tutmuş komandalar aktivinə medal yazdırırdı. Bu sistem isə heç də sərfəli deyildi. Çünki, bəzi zəif komandalar artıq turnirin ortalarında topladığı az xallarla medal şanslarını itirirdilər və onların bir-biri ilə keçirdikləri qarşılaşmalar heç bir marağa səbəb olmurdu. Beynəlxalq Olimpiya Komitəsi də bu hadisəni yaxından müşahidə edərək çox mühüm qərara əl atdı. Belə ki, 1972 Yay Olimpiya Oyunlarındanetibərən kişilərin yarışlarında komandaların sayı 2 ədəd artırılaraq 12-ə çıxardıldı və sistemdə də dəyişikliyə əl atıldı. Yeni sistemə əsasən komandalar bir qrupda deyil, 2 qrupda mübarizə aparmalı idilər. Hər qrupda ilk dörd yeri tutan milli komandalar isə dörddəbir final mərhələsinə yüksəlirdi. Bu mərhələdə müvafiq olaraq "A" qrupunun birincisi "B" qrupunun dördüncüsü ilə, ikincisi üçüncüsü ilə, üçüncüsü ikincisi ilə, dördüncüsü isə birincisi ilə qarşılaşırdı. Həmin mərhələdə qalib gəlmiş komandalar isə yarımfinal, daha sonra isə final mərhələsinə yüksəlirdi. Finalda qalib gəlmiş komanda qızıl, məğlub olmuş komanda gümüş medalı əldə edirdi. Bürünc medalı isə yarımfinalda məğlub olmuş komandaların əlavə oyununda qalib kimi çıxan komanda qazanırdı. Bu üsulla keçirilən ilk yarışda – Münhen olimpiadasında Yaponiya kişi milli komandası qalib gəlmişdir. Qeyd edək ki, turnirin marağını birə-beş artıran bu sistem hal-hazırda da Olimpiya Oyunlarında həm kişilərin, həm də qadınların yarışında istifadə olunur.

Qadınların ilk Olimpiya yarışlarında diqqət çəkən komanda SSRİ idi. Onlar 1964 və 1968 Yay Olimpiya Oyunlarında qızıl medalları qazanmışdılar. Hər iki yarışda medal qazanan digər bir ölkə isə Yaponiya idi. Bu komandanın olimpiyaçıları ilk olaraq gümüş, sonra isə bürünc medalı əldə etmişdilər. Onlar 1972-ci ildə kişilərin yarışında isə qızıl medalı qazanaraq voleybol tarixlərində ilk olimpiya qızıllarını əldə etdilər. 1984 Yay Olimpiya Oyunlarında isə əvvəlki turnirlərin favoriti SSRİ nə kişilərin yarışında, nə də qadınların yarışında iştirak etmişdir. Belə ki, SSRİ olimpiyaçıları Los-Anceles şəhərində keçirilən yarışları boykot etmişdilər. Sonda qadınların turnirində Çin qadın milli voleybol komandası gülmüşdür. Onlar finalda ev sahibi ABŞ voleybolçularına heç bir set verməmişdir. Kişilərin turnirində isə bu səfər amerikalılar heç bir rəqibinə şans verməmişdi. ABŞ-lılar yarımfinalda Kanada, finalda isə Braziliya voleybolçularını "3-0" kimi quru hesabla məğlub etmişdilər.

2012 London Yay Olimpiya Oyunlarında Rusiya kişilərin yarışında müstəqil olduqdan sonrakı ilk qızıl medalını əldə edərək Olimpiya Oyunlarının tarixinə keçmişdir. Finalda məğlub etdikləri Braziliya millisi qadınların turnirində böyük əzmkarlıq göstərərək qızıl medal əldə etmiş və ümumiyyətlə həmin Olimpiadada voleybol idmanından iki medal əldə etmişdi. Onlara qızıl medalı qazanmaq isə heç də asan başa gəlmir. Cənubi amerikalılar yer aldıqlarıı "B" qrupundan son anda Türkiyə millil komandasını geridə qoyaraq dördüncü olmuş və dördəbir final mərhələsinə son bileti əldə etmişdi. Bu mərhələdə kişilərin finalında uduzacaqları rus voleybolçularını gərgin keçən 5 setin sonunda "3-2" hesabı ilə məğlub edərək yarımfinala yüksəlmişdi. Yarımfinal oyununda Rusiya qarşısındakı əzmkar oyundan sonra bir qədər yorğun olmasına rəğmən İtaliyaya heç bir şans verməmiş və "3-0" qalib gəlmişdir. Finalda, 11 avqust 2012 tarixində Londondakı Earls Court Exhibition Centre arenasında on üç min azarkeşin önündə oynanılan matçda 3-1 qalib gələrək qadınların yarışında ikinci ümumilikdə isə dördüncü olimpiya qızılını qazanmışdır. Bununla da Braziliya Olimpiya Oyunlarının voleybol tarixində ən uğurlu ikinci komanda olmağı bacardılar. Ümumi reytinq isə aşağıdakı kimidir:

Yer Komanda Qızıl Gümüş Bürünc Medal
1 Flag of the Soviet Union.svg SSRİ 7 4 1 12
2 Flag of Brazil.svg Braziliya 4 3 2 9
3 Flag of Japan.svg Yaponiya 3 3 3 9
4 Flag of the United States.svg ABŞ 3 3 2 8
5 Flag of Cuba.svg Kuba 3 0 2 5
6 Flag of the People's Republic of China.svg ÇXR 2 1 2 5
7 Flag of Russia.svg Rusiya 1 3 2 6
8 Flag of the Netherlands.svg Niderland 1 1 0 2
9 Flag of Poland.svg Polşa 1 0 2 3
10 Flag of Yugoslavia (1992–2003).svg Yuqoslaviya 1 0 1 2
11 Flag of Italy.svg İtaliya 0 2 3 5
12 Flag of East Germany.svg ADR 0 2 0 2
13 Flag of Bulgaria.svg Bolqarıstan 0 1 1 2
Flag of the Czech Republic.svg Çexoslovakiya 0 1 1 2
15 Flag of Peru (state).svg Peru 0 1 0 1
Olympic flag.svg Birləşmiş komanda 0 1 0 1
17 Flag of Argentina.svg Argentina 0 0 1 1
Flag of North Korea.svg KXDR 0 0 1 1
Flag of South Korea.svg Cənubi Koreya 0 0 1 1
Flag of Romania.svg Rumıniya 0 0 1 1

 

Voleybolun Azərbaycana gəlişi

 
İnna Rıskal SSRİ komandasının heyətində hücum qurur.

Azərbaycanda voleybol hələ XX əsrin ortalarından məşhurlaşmağa başlamışdı. Xüsusilə qadın voleybolu ölkədə inkişaf edirdi. Dünyada ilk və hələki yeganə 4 dəfə Olimpiya mükafatçısı olan voleybolçu məhz Azərbaycan voleybol məktəbinin yetirməsi olan İnna Rıskaldır. 18 yaşlı azərbaycanlı voleybolçu İnna Rıskal [[SSRİ qadın milli voleybol komandası |SSRİ]] milli komandasıyla 1962-ci ilin dünya çempionatında iştirak etdi. Yalnız finalda məğlub olan SSRİ yığması gümüş medallara sahib çıxır. Bu gənc azərbaycanlı voleybolçunun beynəlxalq arenada ilk uğuru olur. İlk altılığın əsas oyunçusuna çevrilən İnna Riskal ardıcıl olaraq 4 Olimpiya Oyunlarında iştirak edir və komandanın liderlərindən birinə çevrilir. Yay Olimpiya Oyunlarında qazandığı 4 medalla tarixi rekorda imza atmış olur. Qürurvericidir ki bu rekord hələ də yenilənməyib və bir Azərbaycan voleybolunun yetirməsi bu ünvanı daşıyır. Belə ki, İnna Rıskalla bərabər daha bir Azərbaycanlı voleybolçu, Bakı voleybolunun yetirməsi Vera Lantratova da iki dəfə SSRİ yığmasının tərkibində Olimpiya oyunlarının mükafatlarını qazanmışdır. Və daha bir qürurverici fakt ondan ibarətdir ki SSRİ yığması kimi böyük voleybolçu seçiminə malik olan voleybol komandasının heyətində iki azərbaycanlı voleybolçu çıxış etmişdir və onun ən böyük uğurlarında pay sahibi olmuşdur.

1966 və 1972-ci illərdə Azərbaycanın qadınlardan ibarət Neftçi voleybol klubu SSRİ çempionatının bürünc mükafatlarını qazanmışdır. Neftçi voleybol klubunun oyunçuları həmçinin 1967-ci ildə Azərbaycan milli komandası adı altında SSRİ ölkələri çempionatlarının bürünc mükafatlarını qazanmışlar. Bakının BMKZ komandası 1990-cı ildə SSRİ çempionatının bürünc mükafatına yiyələnir və ardından 1991-ci ildə SSRİ Kubokunun qalibi olur. Bu Kubok SSRİ-nin dağılması səbəbiylə son kubok olur. 1993-cü ildə BMKZ komandası ilk müstəqil Azərbaycan voleybol klubu adı altında Avropa Kuboklar Kuboku turnirində iştirak edir və yalniz finalda məğlub olaraq Avropa Kubokunun gümüş medalını qazanır. Müstəqillik qazandıqdan sonra Azərbaycan qadın milli voleybol komandası 1994-cü ildə Braziliyada keçirilən dünya çempionatında iştirak edir və 9-cu yeri tutur. Sənədlərin doldurulması zamanı edilən səhvlərin ucbatından yüksəlişdə olan Azərbaycan milli komandası Beynəlxalq Voleybol Federasiyası tərəfindən 3 il müddətinə diskvalifikasiya olunur. Olduqca qüvvətli və perspektivli voleybolçulara malik olan Azərbaycan voleybolu bu üç il ərzində inanılmaz itkilərə məruz qalır. Və beləliklə Yelena Şabovta, Alla Həsənova, Alla Teterina, Viktoriya Ravva, Oksana Məmmədyarova kimi oyunçular Türkiyə, Rusiya və başqa ölkələrə üz tutmalı olurlar. Bu oyunçularla yanaşı Feliks Məmmədov, Faiq Qarayev kimi tanınmış mütəxəssislər də Türkiyə kimi ölkələrə üz tuturlar. Və təsadüfi deyil ki, onların səyi nəticəsində Turkiyədə voleybol daha da inkişaf etməyə başladı. Faiq Qarayev Türkiyə milli komandasını Avropa Elitasına çıxardaraq böyük bir uğura imza atdı. Uzun müddət Turkiyədə çıxış etdikdən sonra Azərbaycanın o zamankı Olimpiya komitəsinin prezidenti, indiki ölkə prezidenti Cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə Faiq Qarayev və voleybolçu qızlarımız Azərbaycan voleyboluna qaytarıldılar. Əlbəttə zamanla bərabər potensial itkisiylə də üzləşməli olduq. Azərbaycan voleybolunun ən gələcək vəd edən oyunçuları Viktoriya Ravva, Nisə Quliyeva, Melis Həmşəri və başqa neçə-neçə oyunçular bir daha Azərbaycana qayıtmadılar. İndi onlar Fransa, Türkiyə kimi komandaların heyətində qazanılan uğurlarda pay sahibi olmuşlar. Amma onlarsız belə uğur özünü çox gözlətmir. Faiq Qarayev veteran voleybolçularımız Şabovta, Həsənova kimi oyunçuların yanına yetişdirdiyi gənc oyunçuları da əlavə edərək uğurların davamını gətirməyə başlayır.

 

Oyunun qaydaları

Meydanç

Voleybol meydançasının ölçüləri

Voleybol meydançasını 18x9 m ölçülü bir düzbucaqlı qəbul edə bilərik. Belə ki, o, ortadan torla 9 metrlik iki komanda sahəsinə ayrılmışdır. Uzunluğu 18 metr olan meydançanın eni isə 9,50 metrdir.  Torun genişliyi 1 metrə bərabərdirsə, onun hər iki yanında olan antenin uzunluğu 180 santimetrdir. Bu antenlər və onların kənarları meydança xarici sayılır. Belə ki, əgər top antenin kənarından keçərsə topun düşəcəyi yer gözlənilir, (top rəqib meydançasının xal bölgəsinə düşsə belə xal sayılmır) antena dəydikdə isə xal topu antenaya dəydirən komandanın rəqibinə verilir. Antenanın qəbul olumuş qalınlığı 10 mm-dir. Torun yüksəkliyi isə kişilər üçün 2,43 m, qadınlar üçün 2,24 metrdir. Bu yüsəklik hakimlər tərəfindən meydançının orta xəttindən hər hansı ölçü cihazı ilə ölçülür. Torun bağlandığı dirəklər isə 2.55 yüksəkliyə sahibdir. Onların görünüşü düz və yuvarlaqdır. Dirəklər iki yan xətdən 0,50 m ilə 1 m məsafədə yerləşdirilmişdir. Eyni zamanda dirəkləri yerə tel ilə bağlamaq qaydalara ziddir.

 
Meydança boyu voleybolçuların yerdəyişmələri

Meydançanın içində olan sərbəst oyun boşluğu bütün əngəlləri aşmalıdır. Sərbəst oyun boşluğu meydançanın bütün hissəsi sayılır. Yəni az öncə bəhs etdiyim düzbucaqlı meydançanın kənarları sərbəst oyun boşluğuna daxil deyildir. Oyuna başlanarkən də voleybolçuların bu sahənin içində olmaları mütləqdir. Digər bir tərəfdən isə meydança azarkeş oturacaqlarına yaxın olmamalıdır. Çünki, voleybolda top meydançanı tərk etdikdə belə yerə düşməsi gözlənilir. Yəni, topu tamaşaçıların yanından belə yerə dəymədən, xətasız şəkildə meydanaçaya qaytarırsansa oyun davam edir. Hətta rəqibin kənar bölgəsindən də voleybolçu topu (qaydalar çərçivəsində) geri qaytara bilər.

Meydançada hər iki komandanın tərəfində yer alan hücum zonasının uzunluğu 3 metrdir. Bu zona ağ xətlə digər zonadan (arxa zona) ayrılmışdır. Bu zonada rəqib servisləri zamanı 3 voleybolçu dayanmalıdır. 3 voleybolçu da arxa zonada öz yerini alır. Voleybolda hücumların əksəriyyəti ön zonadan (hücum zonası) qurulur. Çünki, bura rəqib tərəfə ən yaxın hissədir və güclü zərbə endirmək üçün ən əlverişli mövqedir.

Voleybolda oyunçular saat əqrəbi istiqaməti ilə tez-tez yerlərini dəyişirlər. Belə ki, hər ralli sonunda (ralli oyun xalı deməkdir) voleybolçu mövqeyini bir istiqamət dəyişir. Məsələn, soldakı şəkildə 1 nömrəli voleybolçu qazanılan və ya itirilən bir xaldan sonra mövqeyini 6 nömrəli voleybolçunun mövqeyinə doğru dəyişir. Onun yerinə gəldiyi 6 nömrəli voleybolçu isə 5 nömrəli voleybolçunun yerinə keçir. Bu minvalla həmin 1 nömrəli voleybolçu 2 nömrəli voleybolçu mövqeyinə çatdıqda bir xaldan sonra yenidən öz əvvəlki mövqeyinə manevr etmiş olur. Bu da o deməkdir ki, hər voleybolçu 6 xaldan sonra öz yerinə qayıdır və 1 nömrəli xanada olan oyunçu mütləq 2 ralli boyunca arxa zonada qalır. Bu çox vaxt voleybol komandaları üçün kiçik bir taktika yaratmağa imkan verir. Belə ki, əsasən hücuma meyilli olan hücumçular arxa zonada olanda heç də libero və ya digər müdafiə mövqeyində oynayan voleybolçular kimi istəniləni vermir və rəqib komandanın oyunçuları da topu qəbulda zəif olan belə oyunçuların üstünə vurmağa çalışırlar. Beləliklə onların arxa zonada olduğu müddətdən maksimum yararlanmağa çalışırlar. Ancaq, bunu heç də bütün voleybolçulara şamil etmək düzgün deyil. Həm hücumu, həm də müdafiəsi yaxşı olan kifayət qədər voleybolçu var.

Bütün bunlardan başqa voleybol meydançasında servis zonası deyilən bir sahə vardır. Servis zonası arxa zonada yerləşən meydançanın sonuncu xəttindən 20 sm geridə, 15 sm uzunluqlu 2 qısa xətlə əhatə olunur. Hər iki xətt servis zonasının genişliyinə daxildir. Servisi qabaqcadan qəbul edilən yerdən ataraq daha sonra irəli getmək xəta sayılmır (Servis bölməsinə bax). Ancaq yenə də servis zamanı oyunçunun durduğu yer servis zonasına daxil olmalıdır.

 

Top

Voleybol topunun çevrəsi 65-67 sm, ağırlığı isə 260-280 qramdır. Qaydalara görə ya estetik, ya da ki sentetik dəridən olmalıdır. Bir rənglə yanaşı birdən çox bir-birini tamamlayan rənglərlə də boyana bilər. Voleybol toplarının firması isə turnirə görə dəyişir. Məsələn, Avropa Voleybol Konfederasiyası öz turnirlərində istədiyi sponsoru seçir, eyni qayda ilə Beynəlxalq Voleybol Federasiyası və digər qurumlar da təşkilatçılıqları olduğu yarışlarda top seçmək şansına malik olur. Ancaq yenə də seçilən toplar yuxarıda göstərilən ölçülərdə olmalı və qəbul olunmuş standarlarda cavab verməlidir.

 

Əsas qaydalar və ümumi anlayış

 
Taym-aut zamanı Almaniya qadın milli komandasının baş məşqçisi oyunçularına taktiki göstərişlər verir.

Voleybol 6 oyunçu ilə oynanılan komanda idman növüdür. Voleybolda oyun mütləq servislə başlanmalıdır. Servis isə maksimum səkkiz saniyəyə yerinə yetirilməlidir. Oyuna başlayan isə hakim tərəfindən püşkatma yolu ilə seçilir. Hər yeni setdə komandaların meydançadakı yerləri və servis başlayan tərəf dəyişilir. Beşinci setdə isə yenə püşkatma ilə oyuna başlayan tərəf seçilir. Servis başlayan tərəf müdafiə olunan tərəf sayılır. Çünki, servisi yaxşı qəbul etdikdə oyun quracaq tərəf qarşı tərəf olacaqdır. Ümumiyyətlə hücum edən tərəf topa maksimum üç, minimum bir dəfə toxuna bilər. Blok toxunuş sayılmadığından 4 dəfə də topla oynamaq olur. Bir oyunçu bir hücumda topa yalnız bir dəfə toxuna bilər. Arxa-arxaya iki toxunuş cəza sayılır və rəqibin aktivinə bir xal qazandırır. Həmçinin voleybolda çətin anlarda ayaqla da toxunuşa icazə verilir. Top tora dəydikdə isə oyun dayanmır, tora dəyən top hansı tərəfə qayıdıbsa həmin hissədə vəziyyət əvvəlki kimi davam edir. Məsələn, top əgər tora dəyib qayıdıbsa və sən topa maksimum üç dəfə vurmusansa bu zaman topla yenidən oynamaq şansın qalmır. Oyunçu tora toxunduqda isə matç dayandırılır, rəqibə bir xal və servis verilir. Ümumumiyyətlə hər qazanılan ralli komandalara bir xal və bir servis verir. Yəni, xalı qazandıqdan sonra oyun dayanılır və xal qazanan tərəf topu oyuna servislə daxil edir. Hakim oyunçulardan birinə sarı vərəqə göstərdikdə rəqib komandaya bir xal verilir, əgər servis başlayan komanda sarı vərəqə alıbsa bu hüququnu da itirir. Qırmızı kart göstərildikdə isə həmin oyunçu o setdən etibarən meydançadan çıxar və oyunçular saat əqrəbi istiqamətində bir mövqe yerlərini dəyişərlər.

Voleybolda həm də setlər arası fasilə vardır. Bu fasilə zamanı oyunçular digər setə hazırlanar və istirahət edərlər. Oyun zamanı isə beşinci set xaricində hər setdə olan, "texniki taym-aut (ing. technical time-out)" adlanan bir termin də vardır. Oyunçular üçün fasilə rolunu oynayan bu texniki taym-autlar hər setdə iki dəfə – komandalardan birinin xalı 8-ə və 16-a çatdıqda olur. Bir dəqiqə olan texniki taym-autlar beşinci setdə olmur. Əvəzində isə beşinci setdə tərəflərdən biri 8 xal qazandıqda komandalar meydançadakı yerlərini dəyişir. Bundan başqa baş məşqçilər də hər setdə istədikləri məqam taymaut götürə bilərlər. Bu taym-aut şansı hər komandaya hər setdə iki dəfə, beşinci setdə isə bir dəfə verilir. Məşqçi taym-autları da texniki taymautlar kimi bir dəqiqəlik istirahət və baş məşqçi ilə məsləhətləşmə imkanı verir. Çox vaxt məşqçilər bu şanslarında rəqib ard-arda çox xal qazandıqda komandasını toparlamaq üçün kritik anlarda istifadə edirlər. Yaranan bu fasilələr zamanı isə meydançanın yaş olmaması üçün texniki işçilər meydançanı silirlər. Bu hal voleybolçu qurtarış zamanı yeri islatdıqda da müşahidə olunur.

 

Xalların hesablanma sistemi

 
Hesablama masasının oyundan öncə görüntüsü. Toplar hakimlərlə yoxlanılır.

5 set üzərindən oynanılan voleybolda əsas məqsəd topu tor üzərindən aşırıb rəqib meydançasına dəqiq göndərmək, yaxud da topu rəqibə dəydirərək meydançanın kənarına düşməsinə şərait yaratmaq və beləliklə də xal qazanmaqdır. Bəzən xal sistemi ralli də adlandırılır. 25 xala çatıb ən azı 2 xal fərqi ilə üstün olan tərəf sonda setin qalibi olur. Hesab 24-24 heç-heçə olduqda isə komandalardan biri mütləq 2 xal arxa-arxaya qazanmalıdır. Yəni, 25-24 hesabı heç də setin qalibi olmaq demək deyil. Bu minvalla setdəki hesab hətta "50-50" də ola bilər. Ümumiyyətlə oyunun qalibi olmaq üçün isə 3 setdə qələbə qazanmaq lazımdır. Yəni, setlərdə hesab 3-0 və ya 3-1 olduqda əlavə setlər oynanılmır. Setlər 2-2 olduqda isə beşinci setə keçilir. Taybrek (yəni həlledici) adlanan bu setdə oyun 25-ə qədər deyil 15-ə qədər oynanılır. Yenə eyni qayda ilə xal fərqi 2-dən aşağı olduqda isə set uzana bilər. Əgər bir komanda matça çıxmazsa oyuna hazır olmadığı elan edilər və cəza olaraq setlərdə 25-0 oyunda da 3-0 hesablı texniki məğlubiyyət alar. Bir komanda əgər matçın ortasında oyundan çəkilərsə (komandadakı oyunçular əskik olduqda və başqa səbəbli hallarda) həmin oyun dayandırılar və rəqib komandaya seti və matçı qazanmaq üçün neçə xal lazımdırsa, həmin xallar avtomatik olaraq verilər. Matçdan çəkilən komanda isə neçə xal qazanmışsa həmin xallar da hesabından silinər.

Voleybolda dörd cür xal qazanmaq qaydası vardır. Bunlardan birincisi rəqib meydançasına topun təmas etdiyi an, ikincisi top rəqibə dəyərək sərbəst oyun boşluğunun kənarına düşdüyü an, üçüncüsü rəqib yerdəyişmədə, müdafiədə və ya oyun qurmaqda xəta etdikdə, dördüncüsü isə rəqib cərimələndikdədir.

 

Hakimlər

 
Voleybolda baş hakim və köməkçisi

Xallar hakimlər tərəfindən qeyd edilir. Hakimlər isə meydança hakimləri və kənar hakimlər olmaq üzrə iki yerə bölünür. Meydança hakimlərindən biri torun üstündə quraşdırılan oturacaqda oturur və baş hakim sayılır. Oturduğu yer torun üst bölgəsinin 50 sm yuxarısında olmalıdır. Son qərarları və servis başlanmasına icazəni məhz o, verir, əlində çox da gur səsli olmayan kiçik hakim fiti olur. O, xal qazananı göstərmək üçün əlini komandalardan birinə tərəf istiqamətləndirir və qərarını dəyişmək hüququna malikdir. Sarı, qırmızı kartları və son qərarları yalnız baş hakim təyin edə bilər. Baş hakim oyunda texniki işçilərin də işinə nəzarət edir. Komanda kapitanlarının rəylərinə qulaq asıb qərarını dəyişə bilər. Matçın öncəsində baş hakim meydançanı, topu və digər əşyaları yoxluyar, oyunçuların məşqlərinə nəzarət edər və komanda kapitanları ilə birlikdə başlama vuruşu üçün püşkatma edər. Oyun ortasında isə oyunçuların mövqelərinə diqqət edir. Arxa zona oyunçusu və ya liberonun blok qurmasına icazə verməz. Matç sonunda isə yarış cədvəlini yoxlayıb imzalıyar.

Baş hakimin meydanın kənarında olan, köməkçisi vardır. Faktiki olaraq həmin şəxs köməkçi hakim adlanır. Köməkçi hakim baş hakimlə üzbəüz, bir-birini görəcək şəkildə ayaq üstə vəzifəsini yerinə yetirir. O, müdaxilə hüququnun olmadığı qərarlarda hakimə kömək edə bilər, ancaq məcbur edə bilməz. Köməkçi hakim ehtiyat oyunçular skamiyasında əyləşən oyunçulara nəzarət edər və qayda pozuntusu olduqda baş hakimə bildirər. Köməkçi hakimlər də baş hakimlər kimi məşq edən oyunçulara nəzarət edə bilir. Taym-autların və oyunçu dəyişikliklərinin sayını hesablamaq da köməkçi hakimlərin işidir. İkinci taym-aut götürüldükdə və beşinci ilə altıncı oyunçu dəyşikikliyi edildikdə baş hakimə bildirir. Oyunçulardan biri zədələndikdə köməkçi hakim istisnayi oyunçu dəyişikliyinə icazə verər və ya zədənin sağalması üçün 3 dəqiqə gözləyər. Matç sırasında köməkçi hakimin aşağıdakı hallarda fitini çalması və ya işarə etməsi qadağan deyildir:

  • Rəqibin sərbəst oyun boşluğuna və ya torun altından keçilməsinə
  • Servis qarşılayan komandanın mövqe xətalarına
  • Oyunçunun torun alt hissəsinə və ya antenə təmasına
  • Arxa zona oyunçusunun və ya liberonun blok tamamlanmasına və yaxudda hücum vuruşu etməsinə
  • Topun başqa bir cismə təmasına
  • Baş hakimin görə bilməyəcəyi epizodlarda topun meydança örtüyünü dəyməsinə (hansı ki xal qazandırır)
  • Topun torun qismən və ya bütünlüklə kənarından keçməsinə və ya antenə təmas etməsinə.

İki hakim isə yan xətt hakimləridir. Onlar əllərində qırmızı bayraqla (hakim bayrağı) topun meydançaya düşdüyünü, çıxdığını və ya topa təmas olduğunu göstərirlər. Bir növ baş hakimin qərarlarına təsir edirlər. Yazıçı hakim isə oyuna nəzarət edir. Ekspertlərlə birlikdə videolentlərə baxır, yoxlanış aparır, meydança hakimlərinə kömək edirlər. Hesab hakimləri liberoların oyundakı vəziyyətinə fikir verib yanlışlıqları dərhal baş hakimə bildirilər. Həm də, baş məşqçilərin istəyi nəticəsində taym-aut mənasına gələn siqnalı çalırlar. Bu siqnal mütləq oyun dayandığında çalınmalıdır.

 

Oyunçular

 
Serbiya və Bolqarıstan oyunu, 2012.
Ağ-göy forma ilə oynayan Serbiyada 19 nömrəli, qırmızı formalı oyunçu liberodur.

Voleybolda oyunçuların forması kofta, şort və idman ayaqqabısından ibarətdir. Bəzən oyunçulara ayaqqabısız da oynamaq imkanı verilir. Beynəlxalq Voleybol Federasiyasının yarışlarında isə ümumiyyətlə buna imkan verilmir. Bir komanda ən çox 12 oyunçu, 1 baş məşqçi, 1 köməkçi məşqçi, 1 masajist və 1 tibbi həkimdən ibarət olmalıdır. Oyunçuların formasının arxasından mütləq soyadları (adları və ya ləqəbləri) və nömrələri qeyd edilməlidir. Nömrələr həmçinin formanın önündə də olur. Voleybolçular nömrə seçimi zamanı mütləq 1-dən 18-ə qədər ədədlərdən istifadə etməlidirlər. FİVB-nın çempionatlarında və digər rəsmi turnirlərdə nömrə seçimi 20-ə qədər də olur. Nömrənin uzunluğu formanın ön tərəfində ən azı 15 sm, arxa tərəfində isə 20 sm olmalıdır. Komandanın kapitanının ön nömrəsinin altında mütləq kiçik bir lent olmalıdır. Kapitan bundan başqa matç öncəsi müsabiqə cədvəlini imzalayar və püşkatmada iştirak edə bilər. Voleybolçulardan yalnız kapitanın baş hakimə etiraz etmək hüququ vardır. Bu səbəbdən o, digər oyunçuların da etirazına qulaq asıb hakimlə mübahisə edə bilər. Komanda yoldaşlarından fərqli rəngdə forma geyinmək (liberodan başqa) və ya icazə verilməyən nömrə ilə oynamaq qəti qadağandır. Oyunçular riskli olmadığı təqdirdə gözlərinə eynək və linza taxa bilərlər. Ehtiyat oyunçular isə taym-autlarda öz oyun bölgələrinin kənarında topsuz olaraq məşq edə bilərlər. Set aralarında isə sərbəst oyun bölgəsində də topla və ya topsuz isinmə hərəkətləri edə bilərlər.

Meydançada torun önündə olan 3 oyunçu ön zona oyunçusudur. Onlar 4-cü (sol ön zona), 3-cü (orta ön zona) və 2-ci (sağ ön zona) zonalarda dururlar. Digər 3 oyunçu isə arxa zona oyunçularıdır. Arxa zona oyunçuları isə 5-ci (sol arxa zona), 6-cı (orta arxa zona) və 1-ci (sağ arxa zona) zonalarda oynayırlar.

 

Terminlər

Servis

 
Tullanmadan başlanılan servis
 
Tullanılaraq başlanılan servis

Servis voleybolda servis zonasından yerinə yetirilərək topu rəqib meydançasına göndərmək üçün oyuna daxil etmək deməkdir. Bir qədər qarışıq görsənən bu termini anlamaq əslində çox sadədir. Artıq bu termin idman sevərlər üçün anlaşıqlı bir sözdür. Belə ki, tennisdə də topu oyuna daxil etməyə servis deyilir. Bütün voleybol matçları serivslə başlanmalıdır. Servis başlamaq üçün isə voleybolçulara ən çoxu 8 saniyə vaxt verilir.

Servislə topu oyuna daxiletmə iki cür olur: yerindəcə servis başlamaq və tullanaraq servis başlamaq. Voleybolda əsasən hücumçular servisi tullanaraq oyuna daxil edirlər. Bunun səbəbi isə çox bəsitdir. Belə ki, onlar güclü zərbələrini tullanaraq birə-beş artırırlar və beləliklə qüvvətli bir zərbə ortaya çıxır. Bu cür servislər smatç servislər adlanır. Yavaş servislər isə adətən tullanmayaraq yerinə yetirilir. Ancaq, tullanaraq da yavaş servis yerinə yetirmək mümkündür. Əgər servisdən sonra top birbaşa rəqib meydançasına düşürsə, ya da rəqibə bir-iki dəfə dəyərək (topu qurtarmağa çalışarkən edilən toxunuşlar) xal qazandırırsa buna eys (ing. ace) deyilir.

Oyun zamanı liberodan başqa bütün oyunçular servis başlaya bilər. Servisi başlamaq üçün isə mütləq baş hakimin fiti gözlənilməlidir. Fitdən öncə başladılan servislər təkrarlanır. Oyunçuların servis başlamaq sırası isə oyun cədvəlindəki sıraya görə olmalıdır. Əgər oyunçu servis başladıqdan sonra komandası bir ralli daha qazanarsa onda yenidən servis başına həmin oyunçu keçər. Servis qarşılayan komanda ralliyi qazananda isə servis başlamadan öncə oyunçular yerlərini bir mövqe dəyişər və ön sağ zonadan arxa sağ zonaya gələcək oyunçu servis başlayar. Servis başlamaq qaydası isə aşağıdakılardır:

  • Topu havaya buraxdıqdan ya da əllərini çəkdikdən sonra tək əllə və ya qolun hər hansı bir hissəsi ilə zərbə endirilməlidir.
  • Topun sadəcə bir dəfə havaya qaldırılmasınaa və ya əldən buraxılmasına imkan verilir.
  • Topun ədə çevrilməsinə və ya yerdə çilənməsinə icazə vardır.
  • Servis atan oyunçu servis başlama anında və ya tulllandığı zaman nə meydançaya, (son xətt daxil) nə də servis zonasının xaricinə ayaq basa bilər.
  • Servis atan oyunçu topu oyuna daxil etdikdən sonra servis zonasında çıxa və ya meydançaya daxil ola bilər.

 

Pas

Voleybolda da pas digər idman növlərindəki kimi (futbol, basketbol və s.) ötürmə anlamına gəlir. Daha geniş mənada topu paylamaq mənasındadır. Hətta bu vəzifə üçün toppaylayıcı mövqeyi də vardır. Pasların geriyə pas, önə pas, uzun pas, qısa pas, yüksək pas, alçaq pas kimi növləri vardır.

Oyunda 3 toxunuşa icazə verildiyindən hücum zamanı maksimum iki pasa icazə verilir. Əksər vaxt bunlardan ilki toppaylayıcıya ünvanlanır, hücum yaxşı qurulduqda isə ikinci ötürmələr hücumçulara çatdırılır. Tərəflərdən biri hücum qura bilmədikdə və son vuruş üçün imkan tapanmadıqda isə topu qarşı komandaya göndərir. Bu da bir növ rəqibə pas adlanır.

 

Hücum

 
Hollandiya milli komandasında Manon Flierarxa zonadan irəli gələrək hücum vuruşu edir.

Voleybolu digər idman növlərindən fərqləndirən əsas xüsusiyyətlərindən biri də hücumlarla zəngin olmasıdır. Belə ki, topu düzgün qəbul edən komandanın məqsədi dərhal keyfiyyətli hücum qurmaqdır. Tərəflərdən birinin hücumu xal qazandırmadıqda isə əks hücumla qarşı-qarşıya qalır. Bu da voleybolu daha maraqlı edir. Hücum qurmaq üçün isə hücum vuruşu etmək mütləqdir.

Servis və blokdan başqa topu rəqib meydançaya göndərməklə başa çatan hər bir tandem hücum vuruşu olaraq dəyərləndirilir. Hücum vuruşu zamanı topu ovuc içi ilə vurmaq və ya tutmaq olmaz, topa dəqiq və ya aydın şəkildə toxunulmalıdır. Top bütünlüklə tor üzərindən rəqib tərəfə keçidikdə və ya rəqib komandanın oyunçularından birinə toxunduqda hücum vuruşu tamamlanmış sayılır. Bir oyunçu topa öz meydançasında toxunmaq şərti ilə hər hansı bir yüksəklikdən zərbə vuraraq hücum vuruşunu tamamlaya bilər. Arxa zona oyunçusu da ön zonanın gerisindən hər hansı bir yüksəklikdən hücum vuruşunu tamamlaya bilər. Bu zaman oyunçu tullanarkən ayağı ön zona xəttinə dəyməməli və ya o xətti keçməməlidir, ancaq zərbəni vurub qurtardıqdan sonra sıçrayış zamanı xətti keçə bilər. Top ön zonada ikən heç bir oyunçunun rəqibin servisinə qarşı hücum vuruşu tamamlamasına icazə verilmir. Vuruş zamanı top torun üzərindəykən arxa zona oyunçusunun və ya liberonun irəli gəlib hücum vuruşunu tamamlaması və digər voleybolçuların rəqibin servisindən sonra top toru keçməmiş hücum vuruşu etməsi də cərimə sayılır.

 

Blok

 
İkili blok hücumun qarşısını alır

Blok voleybol toruna yaxın oyunçunun rəqib tərəfdən gələn topun tor üzərindən təmasla qarşısını almaq üçün tullanaraq edilən hərəkətdir. Voleybolda rəqibin servisinə blok qadağandır. Blok növləri aşağıdakılardır:

  1. Blok təşəbbüsü – topa toxunmadan edilən blok hərəkətidir.
  2. Tamamlanmış blok – blokçunun topa dəydiyi anda blok tamamlanmışdır.
  3. Kollektiv blok – iki və ya üç oyunçu tərəfindən edilən güclü blokdur.

Təmasları tək bir hərəkət zamanı olması şərti ilə bir və ya bir neçə blokçu topa sıra ilə (tez və davamlı olaraq) təmas edə bilər. Blok zamanı blok quran əllərini (və ya qollarını) torun üzərindən rəqib tərəfə keçirə bilər. Ancaq bu müddətdə o, topa toxunmaq üçün rəqibin hücum etməsini mütləq gözləməlidir. Ayrıca blok təması komandaya bir vuruş olaraq əlavə edilmir. Belə ki, voleybolda hər komandanaya topu rəqib meydançaya göndərməsi üçün ən çoxu üç vuruşa icazə verilir və blok zamanı topa toxunma bu vuruşlardan sayılmır. Blokdan sonrakı ilk vuruş blok zamanı topa toxunan da daxil olmaqla komandanın hər hansı bir oyunçusu tərəfindən edilir. Aşağıdakı qaydalar çərçivəsində edilmiş bloklar xətalı bloklar sayılır:

  • Blokçu rəqibinin hücum vuruşundan əvvəl ya da eyni vaxtda rəqib meydança boşluğundakı topa dəyərsə.
  • Arxa zona oyunçusu və ya libero bir bloku tamamlayar, ya da tamamlanmış bloka qoşularsa.
  • Rəqibin servisinə blok qurularsa.
  • Top blok xaricinə göndərilərsə.
  • Antenlərin çölündən rəqibin boşluğunda blok qurularsa.
  • Libero oyunçusu fərdi ya da kollektiv bloka təşəbbüsün edərsə.

 

Top qəbulu

 
Top qəbulu pası

Top qəbulu (ing. dig, türk. manşet) voleybolda voleybolçular üçün ən çox problem yaradan hərəkətlərdəndir. Belə ki, rəqib hücumlarının hamısının qarşısını almaq üçün yaxşı top qəbul etmək məharəti lazımdır. Top qəbulundakı səhvlər xüsusən də servislər zamanı komandaların işini çətinləşdirir. Belə ki, yaxşı top qəbulu həm də komanda yoldaşına pas alınır (ing. dig set, türk. manşet pas). Top qəbulu pasından bu gün həyatımızda da kifayət qədər istifadə edilir. Ən çox uşaqların sevdiyi stil olan top qəbulu iki qolu iç-içə gətirərək dirsəklə əl arasındakı hissə ilə topa vurma şəklidir.

Top qəbulu zamanı top əllə tutulmamalı və ya fırladılmamalıdır. Topun vücudun hər hansı bir hissəsinə təmasına icazə verilir. Təmasların eyni anda olması şərti ilə top vücudun müxtəlif yerlərinə də toxuna bilər.

 

Strategiya

Mümkün hücumların sxematik təsviri

Shema1.jpg

Müxtəlif zonalarda oyunçuların strateji hücumlarının sxematik təsviri. Nömrələr zonaları, mavi rəngli nömrələr isə oyunçuları göstərir. Qırmızı oxlar isə mümkün hücumlardır.

 

Oyunçu mövqeləri

  • Toppaylayıcı — komandanı pasla təmin edən oyunçu. Oyunu yönləndirən və quran voleybolçudur.[93] 3-cü zonada oynayır, ancaq 2-ci zonada da oynaya bilər. Bu oyun taktikasından asılıdır. Bəzən taktiya görə meydançada 2 toppaylayıcı da görmək olar. Toppaylayıcının atdığı hər bir pis pas hücumçuya düşən işi daha da artırar və hücumdakı kəskinliyi azaldar. O, hücumu sağa, sola çevirərək rəqibləri çaşdıra bilər. Həmçinin pasını atmayıb hiyləgər vuruşla da xal qazana bilər.
Əsas məqalə: Diaqonal (voleybol)
  • Diaqonal — (və ya sağ hücumçu) servisə keçdiyi zaman önə gələn və əksər vaxt uzun pasla hücum edən voleybolçu mövqeyidir. Toppaylayıcı olmadıqda əlavə oyun qurucusu kimi fəaliyyət göstərir. 2-ci zona oyunçusudur. Qüvvətli zərbələri ilə hücumçulara böyük dəstək olurlar. Voleybolda libero ilə birlikdə ən az rastlanan mövqedir. 4-2 taktikasında yer almırlar. Mövqeyin sahibləri rəqibin uzunboy blokçularına qarşı dayanıqlı mübarizə aparmaq üçün dəstəboy olmamalıdırlar. Belə olduqda isə bu, onlar üçün çox böyük əskiklik kimi hiss olunur.
  • Hücumçu — 4-cü zonada oynayan və əksər vaxt uzun pasla hücum edən digər bir oyunçu mövqeyi. Meydançada bu vəzifədə olan 2 oyunçu olur. Onlardan biri servisə keçəndə, digəri ön zonaya doğru yerini dəyişir. Bu səbədən də 4-cü zonadan tez-tez hücum edə bilir. Hücumçu əgər topa ilk toxunandırsa dərhal toppaylayıcıya pas atmağa çalışır. Əgər pas ona toppaylayıcadan gəlibsə bitirici vuruş vurar. Zərbələrini rəqib oyunçuya paralel və ya çaprazdan endirmək bu mövqenin sahiblərinin əsas funksiyalarındandır. Son illərdə icra edilən 2 nəfərlə servis qarşılama sistemində komandanın bütün servis qarşılama yükünü bu mövqedə oynayan voleybolçular öz üzərlərinə götürürlər.
  • Blokçu — 3-cü zonada oynayan, qısa paslarla hücum edən oyunçu mövqeyidir. Meydançada bu vəzifədə olan iki oyunçu yer alır. Biri servis başlayanda onunla çapraz oynayan blokçu önə gəlir. Servis başlayan arxa zonada olduğundan blokçular həmişə 3-cü zonadan hücum edə bilir. Oyun qurucuya yaxın olması səbəbi ilə sürətli və alçaq pasların çoxunu orta hücumçuya atır. Böyük bacarıq tələb etməsi və uzun boyluluq məcburiyyəti ilə ortadan oyun qurmaq voleybolda ən çətin hücumlardan biri kimi qiymətləndirilir. Bütün bunlara rəğmən ortadan oyun qurmaq hücumu başlatmaq və rəqib müdafiəsini təzyiq altında saxlamaq üçün çox lazımlıdır.
  • Libero — voleybolda yeganə oyunçudur ki, komanda yoldaşlarından fərqli rəngdə forma geyinir. Komandanın qurtarıcı oyunçusu sayılır. Bu funksiyalarına görə futboldakı qapıçı termininə bənzədilir. Liberolar öz meydançalarına düşən topları rahat qaytarmaq və estetik, cəld hərəkətləri rahat yerinə yetirmək üçün dəstəboy olurlar. Libero yeganə oyunçudur ki, ən çoxu bir əvəzedicisi olur. Libero zədələnmədiyi müddətdə onu oyundan almaq olmaz. Əgər oyuna davam edə bilməyəcək şəkildə zədələnərsə yerinə yeni bir libero seçilər və oyunçular cədvəlində həmin oyunçunun yanına "L" hərfi yazılar. Bütün bunlarla bərabər liberolar xal qazana bilərlər, ancaq zərbə endirməzlər. Topu uzaqlaşdırmaq üçün rəqib tərəfə liberonon atdığı top xal qazandırarsa qayda pozuntusu olmaz. Liberolar həmçinin servis başlamaq və blok qurmaq hüququna malik deyillər.

 

Taktiki sxemlər

4-2

4-2 takitiki sxemi iki toppaylayıcı, iki hücumçu və iki blokçu ilə oynanılır. Bu taktiki sxemdə diaqonal oyunçulardan istifadə edilmir. Toppaylayıcılar arxa zonada müdafiəçi qismində, öndə isə oyun qurucusu rolunda oynayırlar. Yəni, komandanı pasla təmin edirlər. Yalnız iki oyunçu hücumda oynadığından bu taktika hücuma meyilli komandalar üçün heç də əlverişli deyil.

Müasir 4-2 taktikası da iki toppaylayıcı, iki hücumçu və iki blokçu ilə oynanılır. Ancaq, normal 4-2 taktikasından fərqli olaraq oyun qurucusu vəzifəsini arxadakı toppaylayıcı üstlənir və 3 hücumçu ilə hücum edilir. Ön zonadakı toppaylayıcı isə diaqonal oyunçu kimi oynayır.

 

6-2

6-2 taktikası 4-2 sxemindən fərqli olaraq hücuma yönlüdür. Belə ki, bu taktiki sxemdə hər üç ön zona oyunçusu bütün gücləri ilə hücumda oynayırlar.Toppaylayıcılar üçün də rahat imkan yaranır. Belə ki, onlar üç hucumçuya birdən pas ata bildiklərindən tez-tez oyuna fərqli-fərqli hücumçuları qoşa bilirlər. Bu da rəqib üçün çox böyük çətinlik yaradır. Ancaq 6-2 taktiki sxemindən istifadə edəcək komandanın hücumçuları da kifayət qədər güclü və çox olmalıdır.

 

5-1

Bir toppaylayıcı, iki hücumçu, iki blokçu və bir diaqonal mövqeli oyunçunun yer aldığı taktiki sxemdir. Toppaylayıcı arxa zonada əsas müdafiəçidir. Top toppaylayıcıya gəldikdə o, topu qarşılayar və pası atmalı olan oyunçu onunla çapraz oynayan diaqonal voleybolçu olacaqdır. Belə olmadıqda isə toppaylayıcı 3 metr irəli gəlib pasını atar və yenidən geriyə dönərək arxa zonada müdafiə olunar. Toppaylayıcı arxada olduqda 3 oyunçu birdən hücum edə bildiyindən bu sxem bol hücum sevən komandaların əvəz edilməz taktikasıdır. Belə ki, bu taktikada diaqonal mövqeli oyunçular da hücumlarda yaxından iştirak edirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR