Slimfit
  1. TEXNOLOGİYA

Vitual reallıq bəladır, yoxsa xoşbəxtlik?

Vitual reallıq bəladır, yoxsa xoşbəxtlik?
Sakura

Vitual reallıq bəladır, yoxsa xoşbəxtlik?

“Virtual reallıq” ifadəsi artıq həyatımıza daxil olub. Hər birimizin həyatı kifayət qədər virtuallaşıb. Bəs bu virtuallaşma müəyyən sahələrdə məhdudlaşacaq, yoxsa təhsildən səhiyyəyə, kino, musiqi və hətta müdafiə texnologiyalarına qədər yayılaraq yeni inqilabın banisi olacaq? “Pokemon GO” adlı oyunun yayılmasından sonra, bu cizgi filmini öz telefonları ilə real həyatda yaşamağa başlayan kütlələr meydana gəldi. Məhz onlar virtual reallıq aləminə ilk addım atan insanlar idilər. TED.az sizə virtual reallıqla bağlı vacib məqamları təqdim edir:

Əvvəlcə görək “virtual reallıq” ifadəsinin mənası nədir? Bu ifadənin onlarla tərifi var, amma fenomenin ən şəffaf və ən “real” izahını sizə təqdim edirik. Latın dilindəki “virtualisin” sözü əslində mövcud olmayan, lakin aldatma yolu ilə mövcud hesab edilən məqamlar üçün istifadə olunur. Buna görə virtual konsepsiya real və ya mövcud olan olmasa da, yalan da deyil.

Virtual reallıq - kompüter texnologiyaları vasitəsilə reallığı təqlid edərək yaradılan mühitlərə aiddir. Hələ ki, virtual reallıq ekranlar, eynəklər və vizual təcrübələrdən ibarətdir. Amma yəqin ki, gələcəkdə vitual reallığın eşitmə, hərəkət etmə, toxunma və hətta qoxu alma kimi digər hisslərdən faydalanma potensialı da olacaq. 3D formatlı filmlərlə həyatımıza girən vitual reallıq, deyəsən, 2020-ci ildə bizi elmi-fantastik utopiyalar kimi bir həyatla təmin edəcək. 

Lakin bəzi psixoloq və sosioloqlar hesab edirlər ki, bir müddətdən sonra virtual reallıq fərdin cəmiyyətə və dünyaya baxışını sarsıdacaq, psixoloji çöküşə səbəb olacaq, qarşılıqlı ünsiyyət gücünü zəiflədəcək, hətta dövlətlər tərəfindən müharibə vasitəsi kimi istifadə ediləcək. Virtual reallığın bizə nələr gətirəcəyini gələcək göstərəcək. Bu gün isə “Sony PlayStation VR”, “Oculus Rift”, “HTC Vive” kimi vitual reallıq eynəkləri bizə mövcud olmayan başqa bir aləmə səyahət etmək imkanı yaradır. Bəs bu reallığın bizə təklif edəcəyi heç bir rahatlıq yoxdur? Əlbəttə ki, var. Virtual reallıqdan gələcəkdə təhsil, müşahidə, sınaq, əyləncə və müalicə fəaliyyətlərində geniş istifadə olunacağı gözlənilir.

Təhsil

Vitual reallığın sayəsində uçuş simulyasiya sistemləri pilotlara, nisbətən aşağı qiymətə uçuş təlimini təmin edə biləcək. Məktəblərdə şagirdlər, xüsusən sosial elmləri 100% təcrübə ilə öyrənə biləcəklər. Düşünün ki, Tibb Universitetinin məzunları xəstələri əməliyyat etməzdən əvvəl bu prosesi virtual aləmdə həyata keçirir. Və ya eyni üsulu memarlıq və mühəndislik üzrə təhsil alan şəxslər tətbiq edərsə, sizcə necə nəticə əldə etmək olar? Virtual reallıq kimi tətbiqlər təhsil müəssisələrində artıq istifadə olunur, lakin hələ həvəskar formadadır.

İstehsalat

Bu gün müasir istehsal texnologiyası, məkanları və obyektləri rəqəmləşdirməklə sınaqdan keçirməyi bacarır. Təbii ki, bütün bunlar virtual reallıq vasitəsilə həyata keçirilir. Bu şəkildə istehsal mərhələsindəki səhv xətti minimuma endirilir və yüksək keyfiyyətli standartlara uyğun məhsullar bazara təqdim edilir. Belə məlum olur ki, virtual reallıq həyatımıza tamamilə daxil olarsa, istehsalat prosesində səhvlərə yer qalmayacaq.

Əyləncə

Virtual reallıq ən çox əyləncə sahəsində istifadə olunur. 3D formatlı oyunlar, filmlər və s. əyləncəmizin ən vacib hissəsini təşkil edir. Əyləncə sənayesinin sərhədlərini nəzərə alsaq, yeni nəsil texnologiyanın ən çox bu sahədə özünə yer tapacağını deyə bilərik.

Səhiyyə

Virtual reallıq tibbi elm tərəfindən müşahidə və təhsil məqsədləri üçün artıq istifadə olunmağa başlayıb. Qarşıdakı illərdə birbaşa terapevtik məqsədlər üçün istifadə ediləcəyinə də şübhə yoxdur. Hətta psixologiya elmi, yüksəklik qorxusu, vahimə hücumları, narahatlıq və sosial fobiya kimi xəstəliklərin müalicəsində virtual reallıqdan maksimum dərəcədə istifadə etməyə başlayıb.

İdman

Virtual reallıq golf, atletika, xizək, tennis, futbol sahəsindəki idmançılara təhsil dəstəyi təqdim edir. İdmançılar bu yenilikdən oyun texnikalarını təkmilləşdirmək üçün istifadə edirlər. Məsələn, daha sürətli olmaq istəyən bir trek velosipedçisi və vuruşunu yaxşılaşdırmaq istəyən bir golf oyunçusu bu texnologiyadan asanlıqla faydalana bilər. Gələcəkdə bu sistem idmançıların zəif cəhətlərini təyin etmək üçün hərəkətlərini izləyərək, texnikasını inkişaf etdirməyə kömək edə biləcək.

İnşaat

Texnologiyanın geniş yayıldığı sahələrdən biri də inşaat sənayesidir. Virtual reallıq sayəsində, təməli hələ qoyulmamış binadan satın alacağınız evin son variantını görə biləcəksiniz.

Müdafiə

Ordu bu təməl yenilikdən ilk istifadə edənlər sırasındadır. Hərbi hissələrdə virtual reallıqdan əsgərləri çətin şərtlərə uyğunlaşdırmaq üçün istifadə olunur. Yer, hava, məsafə kimi təhlükələr asanlıqla aşkar edilir və qarşısı alınır. Bu texnologiya silah və müdafiə təcrübələrində də çox uğurludur.

Digər sahələr

Dəb sənayesinə bağlı markalar virtual mağazalarını açır, teatrlar interaktiv oyunlar nümayiş etdirə bilir və muzeylər virtual turlar təşkil etmək imkanı əldə edir. Bir sözlə, virtual reallıq demək olar ki, hər sahədə istifadə olunur, insanların fərqli təcrübəyə sahib ola biləcəyi virtual mühit yaranır. Sizcə, vitual aləm gələcəkdə bizim üçün təhülkə yaradacaq, yoxsa həyatımızı asanlaşdırmağa kömək edəcək?

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR