Slimfit
Vitaminlər
Sakura

Vitaminlər

Vitaminlər (latınca. "vita"- həyat) üzvi birləşmələr olub, insan və heyvanların qidasının zəruri hissəsidir. Son vaxtlar 50-yə qədər vitamin aşkar edilmişdir.

Maddələr mübadiləsinin tənzimində çox cüzi miqdarda vitaminlər lazımdır. Vitaminlərin əsas mənbəyi bitki mənşəli qidalardır. Lakin onlar, həmçinin balıq və ət məhsullarında, süddə, yumurtada da vardır. Мüxtəlif kimyəvi tərkibə malik olmalarına baxmayaraq onların bir ümumi xüsusiyyəti vardır ki, bu da yalnız bitkilər tərəfindən sintez olunmalarıdır. Vitaminləri latın hərfləri ilə işarə etmək qəbul edilmişdir.

Qidanın tərkibində vitaminlər olmadıqda orqanizmin funksiyası pozulur və xəstəliklə-avitaminoz (sinqa,raxit,qanaxma,boyatmanın ləngiməsi) baş verir. Bəzi vitaminlər işığın, temperaturun və oksigenin təsirindən dağıldığından qəbul olunmuş belə qidada vitaminlər çatışmır və orqanizm vitamin çatışmazlığından əziyyət çəkir.

Vitaminlər iki qrupa bölünür:

  • a) suda həll olan (C vitamini və B qrupu vitaminlər),
  • b) yağda həll olan (A,D,E,K) vitaminləri aiddir.

 

C vitamini

Askorbin turşusu və ya vitamin C kristalları.

C vitamini-askorbin turşusu vitaminlərin ən geniş yayılmış forması olub, orqanizmin maddələr mübadiləsinin bir çox kimyəvi proseslərində iştirak edir. Askorbin turşusu oksidləşmə-reduksiya reaksiyalarında, amin turşularının mübadiləsində iştirak edir. O hormonların sintezində, sümük və qığırdaq toxumasının əmələ gəlməsində, yaraların sağalmasında zəruri maddədir. Askorbin turşusu qan yaranmasına təsir göstərir, zəhərlənmədən xilas olmaqda orqanizmə kömək edir. C vitamini bir çox bitkilərin tərkibində daha çox olur: itburnu, kələm, çiyələk, firəng üzümü, turp, bibər, pomidor, yaşıl soğan, yaşıl noxud, portağal, limon, mandarin, alma, moruq və.s. həmçinin dalaq, qaraciyər, böyrəklərdə, beyində, at südündə C vitamini olur.

Avitaminoz zamanı sinqa xəstəliyi əmələ gəlir. Sinqa zamanı nəfəs təngimə, fiziki zəiflik, tez yorğunluq, əsəbilik, yuxulama kimi hallar baş verir. Qan damarları kövrək olur və dəridə qanaxma başlayır, dişlərin dibi qanayır və tədricən tökülür. Xəstəlik, hətta, ölümlə nəticələnə bilir.Sinqa xəstəliyi C vitamini qəbul etməklə tezliklə müalicə olunur.

Gündəlik tələbat 50-78 mq-dır. Yaşlı adamın isə C vitamininə gündəlik təlabatı: yüngül işdə 75-100 mq,ağır işdə 200-300 mq-dır. Bəzən C vitamininə «müqavimət vitamini»də adlandırırlar. O, böyrəküstü vəzin qabıq maddəsinin hormonlarının hidroksilləşməsində, hemoqlobinin aktivliyinin artmasında, bir çox zəruri maddələrin yaranmasında iştirak edir. Hipovitaminoz zamanı dişlərin tökülməsi, sümüklərin kövrəkləşməsi ilə müşahidə olunan skorbut və ya sinqa xəstəliyi baş verir.

 

B vitamini

La Boqueria.JPG

B qrupu vitaminlərinə çoxlu vitaminlər (B1, B2, B6, B12) daxildir. Onlar bitki və heyvan mənşəli bir çox məhsulların tərkibində olur. Maddələr mübadiləsinin bir sıra proseslərinə təsir göstərir. O, orqanizmdə sinir fəaliyyətinin normallığı üçün zəruridir.

 

B1 vitamini

Tiamin, aneyrin, antinevrit vitamini. 1912-ci ildə K.Funktərəfindən tapılmışdır. Tərkibi iki komponentdən – pirimidin nüvəsi ilə rabitəli olan 2-metil-5-hidroksimetil-6 aminopirimidindən və tiazol qalığından ibarətdir. Ona sutkalıq tələbat 3-4 mq-dır.

Yalnız bitkilər və mikroorqanizmlər onu sintez edir. Maddələr mübadiləsinin bir sıra proseslərinə təsir göstərir. O, orqanizmdə sinir fəaliyyətinin normallığı üçün zəruridir.Orqanizimdə bu vitamin olmadıqda ağır avitaminoz beri-beri (yuxusuzluq) xəstəliyi yaranır. Su-duz mübadiləsi, həzm, sinir sistemi, ürəyin işi pozulur. Ətraflarda atrofiyalar yaranır. B1 vitamini almamış adamlarda 1-3 aydan sonra yüngül yorğunluq, arıqlama baş verir. B1 vitamini ən çox pivə mayasında, noxudda, buğdanın rüşeymində, arpada, paxlada, düyü və vələmir yarmasında, donuz ətində, qaraciyərdə, ürəkdə, beyində, əzələlərdə, yumurta sarısında olur. Tərkibində həm kükürd, həm də amin qrupu olduğu üçün tiamin də adlanır. Aşağıdakı qrupları mövcuddur.

 

B2 vitamini

Riboflavin, laktoflavin vitamini. Flavinlər qrupundan olan bu maddə sarı rəngli kristallik maddədir. Tərkibi iki komponentdən – izoalloksazinin metilləşmiş törəməsindən və onunla birləşmiş ribitol spirtindən ibarətdir. Gündəlik tələbat 2-4 mq-dır. Tərəvəzlərdə, süddə, yumurta sarısında, balıqda, qaraciyərdə, böyrəkdə olur. B2 vitamini ürək-damar sisteminin, tənəffüs və endokrin sisteminin fəaliyyətinə, sinir sisteminin işinə müsbət təsir göstərir. B2 avitaminozu zamanı ağız və gözün selikli qişası zədələnir, tüklər tökülür, ağız bucağında və dodaqlarda çatlar əmələ gəlir, qaraciyər zədələnir və s. B2 vitamini hemoqlobinin sintezində iştirak etdiyi üçün, onun çatışmazlığı nəticəsində anemiya xəstəliyi də törəyə bilər.

 

B3 vitamini

pantoten turşusu, antidermatid amili. Onun molekulu bir-birilə peptid rabitəsi ilə birləşmiş β-alanindən və α, γ–dihidroksi–β, β1–dimetil-yağ turşusundan ibarətdir. Gündəlik tələbat 10 mq-a bərabərdir. Zülalların biosintezində, qlükozanın mənimsənilməsində, üzvlərin fəaliyyətində mühüm rol oynayır. Onun təsirindən amin tutşuların və karbonihidratların qana sorulması sürətlənir. Bağırsaqların divarlarının dalğavari yığılması güclənir. O, asetilləşmə reaksiyalarında Koferment kimi iştirak edən koenzim A-nın tərkibinə daxildir. B3 vitamininin avitaminozu nəticəsində heyvanlarda boy artımı ləngiyir, qanda xolesterinin miqdarı azalır, yağ mübadiləsi pozulur, qaraciyərdə və böyrəklərdə degenerasiya baş verir və s.

 

B5 vitamini

Pantotenik turşusu vitamini. Təbiətdə bol miqdarda olduğu üçün B5 vitamini çatışmazlığına rast gəlinmir. Ayrıca bağırsaqlarda da bir miqdar B5 vitamini edilməkdədir. B5 vitamini əksikliyi qan şəkərində düşməyə, əllərdə titrəməyə səbəb ola bilər. Qaraciyər, ət, toyuq, yumurta və tərəvəzlər ən əhəmiyyətli qaynaqlarıdır.

 

B6 vitamini

Piridoksin, adermin, antidermatid viramin. Piridin törəmələridir. Ağ kristallik maddədir. Gündəlik tələbat 2-3 mq-dır. Düyü kəpəyi, buğda, paxla, mayalar, qaraciyər, böyrək, əzələlər, beyin, yumurta sarısı B6 vitamini ilə zəngindir. B6 vitamini porfirinlərin sintezində, yağların nəqlində və mübadiləsində, hemoqlobin yaranmasında mühüm rol oynayır. Onun avitaminozu zamanı tüklər tökülür. Barmaqların qanqrenası baş verir, dermatit yaranır, qıcolmalar və sinir poğunluqları baş verir.

 

B11 vitamini

Fol turşusu vitamini. Qırmızı qan hüceyrələri və sinir toxumalarının meydana gəlməsində aktiv rol oynayır. Hüceyrə bölünməsi üçün lazımdır. B11 vitamini çatışmazlığı nəticəsində iştahasızlıq, kilo itkisi, ürək bulanma, qusma, ishal, baş ağrıları, unutqanlıq kimi bəzi ürək problemləri meydana gələ bilər. Qaraciyər, böyrək, ət, isbanaq, kahı, yumurta, çörək, portağal və banan ən əhəmiyyətli qaynaqlarıdır.

 

B12 vitamini

Siankobalamin, antianemin vitamini. Tünd qırmızı rəngli kristallik maddədir. Tərkibində kobalt (4.5%) və sian qrupu olduğu üçün siankobalamin adlanır. Gündəlik tələbat 1-3 mkq- dır. Süddə, yumurta sarısında, pendirdə, balıqda, böyrəkdə, ətdə xüsusən qaraciyərdə B12 vitamini çox olur.Daha çox istifadə edilir. Bu vitamin orqanizmə çox zəruri olan nuklein turşuları sintezində və zülalların istifadə olunmasında iştirak edir. Orqanizmdə çatışmazlığı qanazlığına səbəb olur.

 

A vitamini

A vitamini (retinol)

retinol, yaxud antikseroftalmik vitamin. A vitamini bir sıra biokimyəvi proseslərdə iştirak edir. Tərkibi biratomlu doymamış tsiklik spirtdən ibarətdir, açıq sarı rəngli kristallik maddədir. Sutkalıq tələbat 1-2.5 mq-a bərabərdir. ən çox gözün görmə qabiliyyətinə təsir göstərir. Onun çatışmazlığı toyuq korluğu xəstəliyi, spermatogenezin pozğunluğu, dərinin buynuz təbəqəsinin və selikli qişaların zədələnməsi və quruması, arıqlama kimi mənfi hallara səbəb olur. A vitamini, həmçinin orqanizmdə normal boy atma üçün zəruridir.Lakin çoxlu A vitaminin qəbulu da zərərli təsir göstərir. ən çox qaraciyər, balıq yağı, kərə yağı, yer kökü, pomidor, qırmızı istiot, yonca və qozda olur.

 

E vitamini

Tokoferol, yaxud nəslitörətmə vitamini. "E" vitamini hormonların, xüsusən cinsiyyət hormonu sintezini gücləndirərək insan və heyvanın balavermə qabiliyyətini artırır, yaraların sağalmasını təmin edir.Bu vitamin ən çox pambıq yağı, kətan yağı, dana və donuz ətində, kərə yağında, noxud, qaraciyər, süd və yumurta sarısında olur.Gündəlik tələbat 25-30 mq-dır. 1936-cı ildə Evans tərəfindən tapılmışdır. Hipovitaminoz zamanı nəslitörətmə qabiliyyətinin pozulması, əzələ zəifliyi, iflic və.s müşahidə olunur.

 

H vitamini

H vitamini (Biotin)

Antiseboreya vitamini və ya biotin vitamini. Hipovitaminoz nəticəsində dermatit, sinir pozğunluqları, ürəkbulanma, yorğunluq və s. baş verir. Gündəlik tələbat 150-200 mkq-dır. Qaraciyər, yumurta sarısı, kartof, soğan, süd və s.-də biotin çoxdur.

 

K vitamini

Filloxinon, yaxud antihemorragik vitamini. 1929-cu ildə Dam tərəfindən tapılmışdır. Menaxinonin törəmələridir. İnsanın bağırsağında yaşayan bağırsaq çöpləri bakteriyaları sintez etdiyi üçün avitaminozu olmur. Hipovitaminoz zamanı isə bağırsaqda, beyində, əzələlərdə, dərialtı piy qatında qansızmalar olur.

 

D vitamini

500 mɡ Kalsium tableti, vitamin D

kalsiferol, yaxud antiraxit vitamini-yağlarda həll olur. Tərkibi doymamış tsiklik spirtdən ibarətdir 1919-cu ildə polyak alimi Quldçinski bu vitaminin tərkibinin kristalik maddədən ibarət olmasını aşkar etmişdir.D vitaminin çatışmazlığı uşaqlarda raxit xəstəliyinə səbəb olur.Bu zaman uşaq gec boy atır,skelet düzgün formalaşmır, yəni orqanizmdə fosfor və kalsium duzları mübadiləsi pozulduğundan sümüklərin tərkibində duzlar çatışmır. Belə uşaqların qıçları əyri olur,başı çox boyüyür,döş qəfəsi düzgün inkişaf etmir, qarın normadan çox böyüyür.Həmin uşaqlar zəif olduqlarından digər xəstəliklərə də tez tutulur. Bu vitaminin orqanizmdə çoxluğu da qorxuludur.Belə ki, bu zaman müxtəlif orqanlarda çoxlu kalsium toplanır.

D vitamini balıq yağında, qaraciyərdə, toyuq yumurtasının sarısında, süd, kərə yağında daha çox olur. Günəş şüasının təsiri altında da uşaqların orqanizmində D vitaminin əmələ gəlməsi güclənir.Gündəlik tələbat 13-15 mikroqram və bir qədər artıqdır. O, orqanizmdə kalsium və fosfor mübadiləsinə, onların bağırsaq divarlarından sorulmasına, bioloji oksidləşmə proseslərinə, limon turşusunun mübadiləsinə təsir edir. Hipovitaminozu nəticəsində orqanizmdə mineral maddələrin mübadiləsi pozulur, sümük əyilmələrinə səbəb olan raxit xəstəliyi baş verir.

Beləliklə, vitaminlərlə tanışlıq göstərir ki. Onların orqanizmdə lazimi qədər olması maddələr mübadiləsinin normal getməsi üçün zəruridir. Deməli, hər bir adamın gündəlik qidasının tərkibində bütün lazimi vitaminlər olan yeyinti məhsulları təşkil etməlidir.

 

Hansı Vitamin nə vaxt tapılıb?

  • A vitamini- 1913
  • B1 vitamini- 1910
  • B2 vitamini- 1920
  • B3 vitamini- 1936
  • B5 vitamini- 1931
  • B6 vitamini- 1934
  • B7 vitamini- 1931
  • B9 vitamini- 1941
  • B12 vitamini- 1926
  • C vitamini- 1920
  • D vitamini- 1920 Quldçinski tərəfindən
  • E vitamini- 1936 Evans tərəfindən
  • K vitamini- 1929 Dam tərəfindən
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR