"ASAN İmza" üçün nəzərdə tutulan nömrələr müştərilərə problem yaradır
Mobil operatorlar bir müddətdir ki, bəzi fərdi sahibkarlar üçün xoşagəlməz vəziyyət yaradır. Belə ki, onlar "Asan İmza" üçün mobil operatorlardan nömrə alır və məhz "ASAN İmza" kimi işlətmək məqsədi ilə illik balans vururlar. İl ərzində əziyyət çəkmədən istifadə etsinlər deyə.
Amma bir neçə aydan sonra həmin şəxs "ASAN İmza"dan istifadə zamanı çətinliklə üzləşir. Nəticədə nömrənin bağlı olduğunu öyrənir. Səbəb kimi isə nömrənin aktiv vaxtının bitməsi göstərilir. Yəni balansda 20 manat olduğu halda nömrə bağlanır və istifadəçidən balansı ən azı 1 manat məbləğində artırması tələb olunur.
Sputnik Azərbaycan-a yaranmış bu problemlə üzləşmiş bir neçə şəxs tərəfindən şikayətlər daxil olub. Onlar soruşurlar ki, "ASAN İmza" üçün lazım olan miqdarda pul yüklədikləri halda nəyə görə balanslarına əlavə pul vurmalıdırlar?
Şikayətçilərin bu iradı ilə bağlı "Azercell Telekom"-dan Sputnik Azərbaycan-ın sorğusuna belə cavab verilib: "Təsvir etdiyiniz halda məsələ ümumi nömrələrin istifadə qaydaları ilə bağlıdır. İstənilən nömrə ("ASAN İmza" xidməti olmasa belə) balansa müəyyən məbləğ yüklədikdə, xəttin müəyyən müddət aktiv qalmasını təmin edir. Xidmətdən asılı olaraq, nömrə istifadə edilmədikdən konkret müddət sonra nömrə deaktiv olunur. Bütün bu məqamlar abunəçi müqaviləsində öz əksini tapır".
Sorğumuzu "Baksell" şirkəti də cavablandırıb. Şirkətdən bildirilib ki, nömrələrin aktiv qalma müddəti yüklənilən vəsaitin məbləğindən asılı olaraq tənzimlənir: "Balansa yüklənmiş məbləğin istifadə müddəti bitdikdən sonra istifadəçilər nömrəni aktivləşdirmək üçün balansa istənilən məbləği yükləməlidir. 1 manata 5 gün, 20 manat və ondan yuxarı kontur yükləyəndə isə 150 gün nömrə aktiv olur".
İKT mütəxəssisi Vahid Qasımov məsələyə dair Sputnik Azərbaycan-a şərhində qeyd edib ki, istifadə etdiyimiz mobil operatorların hamısı kommersiya təşkilatlarıdır, buna görə də istədiklərini edə bilərlər: "Öncədən qaydalar müəyyən edilir və müqavilə bağlanır. Əgər müqavilədə bu hal qeyd edilibsə, onlar istədikləri kimi fəaliyyət göstərə bilərlər. Yox, əgər müqavilədə bu, yoxdursa, o zaman qanunsuzdur".
Ekspertin dediyinə görə, zaman çərçivəsində şərtlərin dəyişməsi anormal haldır: "Məsələn, qiymətlərin birdən bahalaşması. Digər şərtlər isə, məsələn, kartın bağlanması, ləğv edilməsini operator özü təyin edir. Bu, normal hal olmasa da, onların fəaliyyətinə möhtac qaldığımıza görə qoyduqları şərtlərə də riayət etməliyik".
"Əks halda, dövlət "ASAN İmza"nı reallaşdıracaq bir operator yaratmalı və onları nizamlamalıdır ki, belə xoşagəlməz hallar baş verməsin. İndiki halda istifadəçilər bu cür xoşagəlməz hadisələrlə üzləşməmək üçün aylıq və ya rüblük balanslarını yükləsələr, daha yaxşı olar" — deyə V.Qasımov vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət