Vergilər Nazirliyi obyektlərin yenidən uçota alınması qaydasını təsdiq edib
Vergilər Nazirliyinin Kollegiyasının təsdiq etdiyi "Vergiödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması qaydası" Vergi Məcəlləsinin 34.3-1-ci maddəsinə uyğun hazırlanıb və təsərrüfat subyektinə malik olan vergiödəyicilərinin yenidən uçota alınması qaydalarını müəyyən edir.
Nazirliyin Media və kommunikasiya xidmətindən AZƏRTAC-a bildirilib ki, bu qayda ən azı bir təsərrüfat subyekti (obyekti) olan vergiödəyicilərinə aiddir. Qaydanın müddəaları mərkəzləşdirilmiş qaydada uçota alınmış vergi ödəyicilərinə şamil edilmir.
Yeni qaydaya əsasən, vergiödəyicisinin bir obyekti olduqda və həmin təsərrüfat subyekti vergiödəyicisinin olduğu yerdən kənarda yerləşdikdə, sahibi obyektin olduğu ünvan üzrə bu Qaydanın 1.3-cü bəndinə uyğun olaraq verilən rəy əsasında yenidən uçota alınır. Vergiödəyicisinin obyekti vergi uçotundan çıxarıldıqda, həmin vergiödəyicisi olduğu yer üzrə yenidən uçota alınmalı və bu barədə növbəti ayın 20-dək Maliyyə Nazirliyinə məlumat təqdim edilməlidir. İki və daha çox obyekti olan vergiödəyicisi İqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınmalıdır. Mərkəzin yerləşdiyi ünvan üzrə yenidən uçota alınma vergiödəyicisinin müraciəti və ya vergi orqanının təşəbbüsü ilə həyata keçirilir.
Bundan başqa, obyekt sahibi olan vergiödəyicilərinin yenidən uçota alınması Vergilər Nazirliyinin təhlil strukturunun iyunun 5-dək verdiyi rəy əsasında nazirlik tərəfindən vergi ilindən sonrakı ilin yanvar ayında həyata keçirilir. Verilən rəydə qeyd edilən vergiödəyiciləri barədə məlumatlar Maliyyə Nazirliyi ilə razılaşdırılmış formada rəyin alındığı ilin iyunun 15-dək Maliyyə Nazirliyinə təqdim edilməlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət