Vergi qanunvericiliyindəki son dəyişikliklərin turizm sahəsində tətbiqi ilə bağlı tədbir keçirilib
Martın 27-də Dövlət Turizm Agentliyinin və Vergilər Nazirliyinin təşkilatçılığı ilə turizm sənayesinin iştirakçıları üçün vergi qanunvericiliyində edilmiş dəyişikliklərlə bağlı “Vergi Məcəlləsinə 2019-cu ildə edilən əlavə və dəyişikliklər: yeni qaydaları (e-qaimə) turizm sənayesində necə tətbiq etməli?” mövzusunda məlumatlandırıcı xarakterli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Vergilər Məcəlləsi ilə bağlı yeni qaydalar izah edilərək hotellər, səyahət agentlikləri və tur operatorların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı suallar cavablandırılıb, rəy və təkliflər dinlənilib. Həmçinin, tədbirdə e-qaimənin turizm sektorunda tətbiqi ilə bağlı mövzuya xüsusi diqqət ayrılıb.
Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov bildirib ki, təmsil etdiyi qurum hər zaman turizm sahəsində fəaliyyət göstərən şirkətlərin və digər sənaye üzvlərinin daha çox təşkilatlanmasını dəstəkləyir. Bu baxımdan ötən il yaradılmış Azərbaycan Hotel Assosiasiyasını və yaxın günlərdə yaradılacaq Bələdçilər Assosiasiyasını nümunə göstərmək olar.
Aparat rəhbəri qeyd edib ki, dövlət qurumu olaraq Dövlət Turizm Agentliyi ictimai təşkilatların fəaliyyətinə birbaşa müdaxilə etməsə də, hər bir qurumun formalaşması və işinin düzgün təşkilinə dəstək göstərməyə hazırdır. “Bu sahədə əsas məqam həmin qurumların təmsil etdikləri tərəflərin problemlərini və təkliflərini Agentliyə çatdırması və bu məsələlərin həlli ilə bağlı birgə əməkdaşlığın qurulmasıdır”, - deyə Kənan Qasımov vurğulayıb.
Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov və Vergilər Nazirliyinin vergi siyasəti departamentinin baş direktor müavini Nicat İmanov çıxış edərək mövzu ilə başlı münasibətlərini bildiriblər.
Qeyd edilib ki, Vergi Məcəlləsində son dəyişikliklərdən sonra e-qaimənin turizm şirkətləri tərəfindən təqdim edilməsi ilə bağlı yaranmış problemin həlli istiqamətində aparılan müzakirələrin nəticəsində məsələ müsbət həllini tapıb. Belə ki, artıq turizm agentliyi biletlərin və xidmətlərin satışını birbaşa deyil, agent qaydasında vasitəçi olaraq həyata keçirdiyi təqdirdə bu barədə hüquqi şəxslərə və dövlət orqanlarına təqdim etdiyi elektron qaimə-fakturanın “Əlavə qeyd” sətrində müvafiq qeyd apararaq elektron qaimə verə bilərlər. Bundan başqa, verilmiş elektron qaimə-faktura agentin vergitutulan dövriyyəsi hesab edilmir və agent xidmətlərin həyata keçirilməsinə görə ona çatası haqdan vergiləri hesablayıb dövlət büdcəsinə ödəyir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət