Velosiped yolları Bakının hansı ərazilərindən keçəcək? - İki dövlət agentliyindən açıqlama
Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"na görə, Azərbaycan yollarında velosiped zolaqları və duracaqları yaradılacaq.
Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, artıq bir neçə müddətdir Bakı şəhərinin inzibati ərazisində velosiped zolaqlarının təşkilinə dair işlərə başlanılıb:
“Beynəlxalq təcrübə təhlil edilir. İlkin olaraq şəhərin mərkəzi hissəsində əsas maraq nöqtələrini birləşdirən marşrutlar üzrə velosiped zolaqlarının və yollarının layihələndirilməsi nəzərdə tutulub. Daha sonra bu marşrutlar əlaqələndirilərək daha böyük velosiped yolları şəbəkəsinin təşkili planlaşdırılır”.
M.Ağayevin sözlərinə görə, məsələ hazırda layihələndirmə mərhələsindədir:
“Eyni zamanda bildirim ki, velosiped yollarının təşkili BNA-nın 3 illik fəaliyyət planına da daxil edilib. Məlumat üçün onu da vurğulamaq istərdim ki, Yasamal Yaşayış Kompleksinin nəqliyyat planı hazırlanarkən BNA tərəfindən velosiped zolaqları və dayanacaqları ilə bağlı məsələlər də əksini tapıb və artıq icra edilib”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli də Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda tədbirlər planı hazırlanıb:
“Bakı şəhərində müəyyən layihələrin icrası həyata keçiriləcək. Əksər yerlərdə velosiped yollarının salınması mümkün deyil. Hansı ərazilərdə ki, mümkün olacaq təmir-tikinti zamanı velosiped yollarının salınması da nəzərə alınacaq. 2019-cu il ərzində yol-infrastruktur layihələri çərçivəsində yenidənqurma işləri aparılan zaman velisped zolaqlarının salınması nəzərə alınacaq. Təbii ki, buna mütəxəssislər rəy verəcək. Ümumilikdə bununla bağlı aidiyyatı qurumlarla birgə iş aparılacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət