Vasif Talıbov Naxçıvan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 9 aylıq maaşını bağışladı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov doqquz aylıq əməkhaqqı məbləğini (32 min 300 manat) Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
"Report"un xəbərinə görə, bu barədə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi məlumat yayıb.
Fondun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Koronavirus infeksiyasının muxtar respublikada yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədi ilə yaradılan fonda fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirilməyə davam edirlər. Dövlət qurumlarının kollektivlərinin, hüquqi və fiziki şəxslərdən 1 həftə ərzində fondun hesabında 4 milyon manatdan artıq vəsait toplanıb.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Naxçıvanın İnkişafı və Müdafiə Fondundan Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna bundan əvvəl 200 000 manat ayrılmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət