Valideyn nəzarəti və internet təhlükəsizliyi proqramının təqdimatı keçirildi
Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Kapital Bank ASC-nin dəstəyi ilə “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində “Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramı (kidsafe) yaradılıb. 1 noyabr 2018-ci il tarixində Hökumət Evinin akt zalında www.kidsafe.az proqramının təqdimat mərasimi keçirilib. Tədbirdə uşaq hüquqlarını qoruyan müvafiq dövlət qurumları, yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Xeberler.az bildirir ki, Dövlət Komitəsinin sədri Hicran Hüseynova giriş nitqi ilə çıxış edərək bildirib ki, cənab Prezident İlham Əliyev öz çıxışlarında hər zaman qeyd edir ki, bu gün dünyada savad, bilik, texnologiyalar hər şeyi həll edir. Çünki hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır. Ölkələri inkişafa doğru aparan əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir: “Dövlət siyasətinin prioritet istiqamətlərindən biri də müasir texnologiyaların inkişafına şəraitin yaradılmasıdır. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı olmadan müasir cəmiyyətlər uğurlu fəaliyyət göstərə bilməz.”
Hicran Hüseynova qeyd edib ki, uşaqlar da bizim kimi bütün kompüter yeniliklərini – sosial şəbəkələri, onlayn oyunları, müxtəlif proqramları sürətlə mənimsəyir. Bu çox normaldır, onlar da inkişaf edir, daha yeni və son texnologiyalardan istifadə etməyi öyrənirlər. Bu uşaqlar üçün həm əyləncə, həm də tədris vasitəsidir. Nəzərə alsaq ki, bu gün internetdə xeyirli məlumatlarla bərabər, bir sıra müxtəlif ziyanlı informasiyalar da mövcuddur. Və bu məlumatlardan bizim övladlarımız, uşaqlar da istifadə edir. Onda biz düşünməliyik: “Bu mövzuda həm valideynlər, həm də uşaqlar düzgün istiqamətləndirilməlidir. İnformasiya və internet asılılığının yaranmasına insanların yaş xüsusiyyətləri bilavasitə təsir göstərir. İnternetin istifadəçiləri olan uşaq və yeniyetmələr bu təsirə daha çox məruz qalırlar. İlk növbədə, uşaqlar internetdən istifadə edərkən sakit qaldıqları üçün əslində onların həm zehni, həm də mənəvi inkişafına böyük təhlükə yaradır. Uşaqlar valideynlərin diqqətindən yayınaraq şiddət, müxtəlif pis vərdişlər aşılayan videolara asanlıqla çıxış əldə edirlər. Bu isə uşaqlarda hələ kiçik yaşlardan aqressiya, şiddətə meyillilik və mənəvi travmalara gətirib çıxarır”.
Dövlət Komitəsinin sədri diqqətə çatdırıb ki, əsas təhlükələrdən biri uşaqların cinayətkarların hədəfinə düşməsidir. Eyni zamanda, pornoqrafiya, pedofiliya, uşaq alveri, zorakılıq, narkomaniya, terrorizm, milli, dini ayrı – seçkiliyi təbliğ edən informasiyalar da alır və onların təsirinə düşürlər. Uşaqlar üçün ifrat dərəcədə zərərli ola bilən, arzu olunmayan qəddarlığı təbliğ edən oyunları da misal göstərə bilərik.” O vurğulayıb ki, Komitə tərəfindən internetdə uşaq hüquqlarının müdafiəsi məqsədilə milli qanunvericilk təkmilləşdirilir, maarifləndirici tədbirlər keçirilir, təhlükəsizlik proqram sistemləri yaradılır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən “uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir”. Bu günlərdə Dövlət Komitəsi tərəfindən hazırlanan “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” Qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib. Lakin bu Qanun 2020-ci ildə qüvvəyə minəcək.
Hicran Hüseynova bildirib ki, uşaqların yaşlarına uyğun məlumatları rahat şəkildə əldə edə bilməsi, lakin zərərli kontentdən uzaq qalması üçün provayderlər tərəfindən təklif olunan “informasiyanın filtrlənməsi” xidmətindən istifadə olunmalıdır. BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, Komitənin təşəbbüsü, Kapital Bankın dəstəyi ilə “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində hazırlanan “Valideyn-internet təhlükəsizliyi və nəzarət” proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələri və sorğuları haqqında məlumatlandırılmasına xidmət edəcək.
Kapital Bank ASC-nin İdarə Heyətinin sədri Rövşən Allahverdiyev çıxış edərək, bildirib ki, müasir dövrdə rəqəmsallaşma artıq həyatımızda xüsusi yer alaraq, bir tendensiyaya çevrilmişdir. Unutmaq olmaz ki, uşaqların internetdən təhlükəsiz istifadə etməsi istiqamətində həyata keçirilən tədbirlərin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Və bu cür tədbirlərin reallaşmasına dəstək vermək lazımdır. İnternet böyük tədris və təlim bazasıdır, uşaqları bu məkandan tamamilə təcrid etməməli, düzgün istiqamətdə istiqamətləndirməliyik. Kidsafe kimi proqramlarn hazırlanması xüsusən də ona görə əhəmiyyətlidir ki, biz valideynlər artıq rahat olacağıq. İnanırıq ki, bu layihə öz layiqli yerini tutacaqdır.
BMT Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin online proqramın əhəmiyyətini qeyd edərək bildirib ki, özəl sektorun da bu sahəyə maraq göstərməsi mühüm addımdır. O deyib ki, internet uşaqlara pozitiv imkanlar da yaradır, yeni dostluq əlaqələrinin qurulması, yeni mədəniyyətlərin mənimsənilməsi və digər müsbət istiqamətlərdə məharətlə istifadə edilməsi vacib sayılmalıdır. Yeni cəmiyyətdə elə təbəqələr vardır ki, onlar internetin imkanlarından sui-istifadə edərək, uşaqlara zərər yetirir, istismara cəlb edirlər. Uşaqlar təhlükə ilə üzləşəndə ilk olaraq həmyaşıdlarına müraciət edirlər. Bu səbəbdən də online resurslardan istifadə etmək qaydaları haqqında müəllimlərin, valideynlərin, uşaqların və cəmiyyətin digər üzvlərinin prosesə cəlb edilməsi lazımdır. E.Karvardin bildirib ki, uşaqların müdafiəsi üçün xüsusi proqramlardan istifadə etmək onların internet təhlükəsizliyinin təminində böyük rol oynayır.
Nazirlər Kabiteninin Humanitar və sosial məsələlər şöbəsinin nümayəndəsi Gülnur Rzayeva bildirib ki, dövlətimiz tərəfindən uşaqlara daim diqqət və qayğı göstərilir. Həyata keçirilən tədbirlər nəticəsində uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm nailiyyətlər əldə edilmiş, xüsusən də qanunvericilik təkmilləşdirilmişdir. Bildiyimiz kimi uşaqların informasiya əldə etmək hüququ vardır, eyni zamanda zərərli məlumatlardan qorunmaq hüququ vardır. İnternetin təqdim etdiyi ziyanlı məlumatlardan uşaqların müdafiə edilməsi diqqət ediləsi məsələlərdəndir və kidsafe.az kimi proqramın yaradılması da bu prosesə öz müsbət töhfəsini verəcək, uşaqların mənəvi sağlamlığının qorunmasında öz yerini tutacaqdır.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş İdarənin şöbə rəisi Adıgözəl Adıgözəlov bildirib ki, dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində məktəblərdə filterlənmiş internetdən istifadə edilir: "Lakin internet klublar haqqında bunu deyə bilmərik. Buna görə də uşaqların internet təhlükəsizliyinin təminində atılacaq addımlardan biri də uşaqlara bu mövzunun düzgün çatdırılmasıdır". Şöbə rəisi əlavə edib ki, Azərbaycanda uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyalardan qorunması üçün telekommunikasiya operatorları və internet provayderlərinin məsuliyyəti artırılıb. "Uşaqlar tez - tez aqresiya və zorakılığı təbliğ edən şəkillərlə rastlaşırlar. İnternetdə heç nəyə senzura qoyulmur. Onları bu cür saytlardan qorumaq məqsədi ilə 2001 - ci ildə nazirlik Kibercinayətkarlıq haqqında Budapeşt konvensiyasina qoşuldu.
Çıxış edən Azərbaycan Respublikası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Nigar Hüseynova, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Aysel Hadıyeva, Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz çıxış edərək, öz təklif və rəylərini qeyd ediblər. Çıxışçılar bu cür layihələrin həyata keçirilməsini müsbət addım kimi qiymətləndirərək, davamlı olmasının vacibliyinə diqqəti çəkiblər.
E-box şirkətinin rəhbəri Şamo Salayev kidsafe.az proqram təminatı haqqında təqdimatla çıxış edərək, proqramın əsas xüsusiyyətləri və istifadə qaydaları haqqında geniş məlumatları diqqətə çatdırıb. Qeyd edilib ki, www.kidsafe.az proqramında daxili 1000-dən çox pornoqrafik, ekstremiz amillər, zorakılıq, spam və virus xarakterli və s. kimi filtrləmə məlumat bazası ilə tam formada qoruyucu funksiyası ilə təmin olunmuşdur. Eləcə də istifadəçi tərəfindən spesifik filtrləmə funksiyası da əlavə olunmuşdur. Proqramda uşağın istifadəsi zamanı keylogger sistemi işə düşərək istifadə etdiyi vebsaytlar, proqramlar və sözlər kimi istənilən məlumatlar qeyd edilərək valideynə ötürülür. Kompyuterə uzaqdan vaxt limiti təyin etmək kimi funskiyasıda yüksək formada çalışır. Sistemdə əlavə olaraq boş vaxt modulundan irəli gələrək blog sistemidə yaradılmışdırki, valideynlər səhiyyə, psixoloji aspektlər, hüquqi maarifləndirmə, sual-cavab kateqoriyaları üzrə məlumatlar yerləşdirmək mümkündür. Proqram təminatı E-Box şirkətinin texniki dəstəyi ilə hazırlanmışdır.
Tədbir zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kapital Bank arasında 2 illik əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlıq çərçivəsində uşaq hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, uşaqların internetdən təhlükəsiz istifadəsi sahəsində proqram sistemlərinin yaradılması, sosial çarxların çəkilməsi və bu sahədə konfransların və digər tədbirlərin təşkili nəzərdə tutulmuşdur.
Tədbirdə uşaqların intermet təhlükəsizliyinə aid video rolik nümayiş olunub. Qeyd edək ki, proqram təminatının yaradılması “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasını əhatə edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət