Slimfit
  1. SİYASƏT

Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi

Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi
Sakura

Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1720-VQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər, Səhiyyə və Təhsil nazirlikləri, Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, habelə yerli icra hakimiyyəti orqanları valideyn himayəsindən məhrum olmuş uşaqların vahid uçota alınması məqsədilə onlar haqqında məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə daxil edəcək səlahiyyətli şəxsləri müəyyən edib, onların elektron imza ilə təmin olunmasını bir ay müddətində təşkil etsinlər.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 fevral 2020-ci il.

Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 27 fevral tarixli
Fərmanı ilə təsdiq edilmişdir

 

Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi 

 QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 118.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) vahid uçotunun elektron qaydada aparılması, övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi, habelə övladlığagötürmənin ləğvinin tələb edilməsi və övladlığagötürmə sahəsində monitorinq aparılması qaydalarını müəyyən edir.

1.2. Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin (bundan sonra – valideyn-namizəd) vahid uçotunun elektron qaydada aparılması, valideyn-namizədlə müsahibə keçirilməsi, onun maddi-məişət şəraitinin müayinəsi, valideyn-namizəd üçün təlimin təşkili, valideyn-namizədə uyğun uşağın və övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi, valideyn-namizədlə uşaqların yerləşdiyi müəssisələrdə görüşlərin təşkili, övladlığa götürülən uşaqların sınaq müddətində valideyn-namizədin evində yerləşdirilməsi, övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi, övladlığagötürmədən sonrakı monitorinqlərin aparılması, eləcə də övladlığagötürmənin ləğvinin tələb edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir.

1.3. Bu Qaydada istifadə edilən anlayışlar Ailə Məcəlləsində, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında müəyyən edilən mənaları ifadə edir.

2. Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə valideyn-namizədlərin uçotu

2.1. Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə valideyn-namizədlərin vahid uçotunu Nazirlik aşağıda qeyd olunan dövlət orqanlarının (qurumlarının) və təşkilatların informasiya sistemlərindən və ehtiyatlarından istifadə etməklə elektron qaydada aparır:

2.1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

2.1.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

2.1.3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

2.1.4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;

2.1.5. Azərbaycan Respublikasının Təhsil Nazirliyi;

2.1.6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;

2.1.7. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;

2.1.8. Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi;

2.1.9. kredit büroları.

2.2. Bu Qaydanın 2.1.1–2.1.8-ci yarımbəndlərində qeyd edilən orqanların (qurumların) informasiya ehtiyatlarının və sistemlərinin altsistemə inteqrasiyası Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.

2.3. Valideyn himayəsindən məhrum olmuş uşaq barədə bu Qaydanın 2.18-ci bəndində göstərilən məlumatların (sənədlərin), habelə valideyn-namizəd və onunla birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslər (bundan sonra – ailə üzvləri) barədə bu Qaydanın 2.18-ci bəndində göstərilən məlumatların (sənədlərin) bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq əldə edilməsi mümkün olmadıqda, həmin məlumatlar (sənədlər) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsində müəyyən edilmiş qaydada əldə olunur.

2.4. Valideyn himayəsindən məhrum olmuş uşaqlar barədə məlumatlara malik doğum evlərinin, məktəbəqədər və ümumtəhsil müəssisələrinin, müalicə və digər müəssisələrin vəzifəli şəxsləri, habelə digər vətəndaşlar həmin uşaqların yerləşdirilməsinin təmin edilməsi məqsədilə həmin məlumatları dərhal yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına (bundan sonra – qəyyumluq və himayə orqanları) bildirməlidirlər.

2.5. Bu Qaydanın 2.1.2–2.1.5-ci yarımbəndlərində qeyd edilən orqanlar, habelə qəyyumluq və himayə orqanları valideyn himayəsindən məhrum olmuş uşağı aşkar etdikdən və Ailə Məcəlləsinin 114.1-ci maddəsində göstərilən məlumatları aldıqdan sonra həmin uşaq barədə aşağıdakı məlumatları Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə (bundan sonra – altsistem) 24 saat ərzində daxil etməlidirlər:

2.5.1. fərdi məlumatlar (soyadı, adı, atasının adı, cinsiyyəti, doğum tarixi, doğulduğu yer, FİN-i, qeydiyyat ünvanı, vətəndaşlığı);

2.5.2. uşağın aşkarolunma şəraitinə dair məlumatlar;

2.5.3. valideynləri (olduqda), valideyn himayəsindən məhrumedilmə səbəbləri barədə məlumatlar.

2.6. Valideyn himayəsindən məhrum olmuş uşağı aşkar edən orqan uşağın aşkar edildiyi zaman bu Qaydanın 2.5.1-ci yarımbəndində göstərilən məlumatları əldə edə bilmədikdə, altsistemə uşağın aşkarolunma şəraiti və yeri, cinsiyyəti, ehtimal olunan yaşı barədə məlumatları daxil etməlidir.

2.7. Bu Qaydanın 2.5.1–2.5.3-cü yarımbəndlərində və 2.6-cı bəndində göstərilən məlumatlar altsistemə daxil edildiyi gündən valideyn himayəsindən məhrum olmuş uşaq vahid uçota alınır.

2.8. Nazirlik və bu Qaydanın 2.1.4–2.1.5-ci yarımbəndlərində göstərilən orqanlar vahid uçota alınmış valideyn himayəsindən məhrum olmuş uşaq barədə bu Qaydanın 2.5.1-ci yarımbəndində göstərilən fərdi məlumatları (məlumatlar altsistemə daxil edilmədiyi və ya tam daxil edilmədiyi halda) və sağlamlıq vəziyyəti barədə məlumatları əldə etdikləri gün altsistemə daxil etməlidirlər.

2.9. Bu Qaydanın 2.5-ci bəndində göstərilən orqanlar, habelə Nazirlik valideyn himayəsindən məhrum olmuş uşaqla bağlı məlumatlarda dəyişiklik aşkar etdikdə, altsistemə daxil etdikləri məlumatlarda dərhal müvafiq düzəliş etməlidirlər.

2.10. Övladlığa götürülən uşaqlar barədə bu Qaydanın 2.5.1–2.5.3-cü yarımbəndlərində və 2.8-ci bəndində göstərilən məlumatlarla yanaşı, Nazirlik aşağıdakı məlumatları da altsistemə daxil etməlidir:

2.10.1. övladlığa götürən şəxs(lər) barədə məlumatlar (soyadı, adı, atasının adı, FİN-i, qeydiyyat ünvanı, faktiki yaşadığı ünvan);

2.10.2. övladlığagötürmə ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarına dair məlumatlar;

2.10.3. övladlığagötürmə zamanı Ailə Məcəlləsinin 125-ci və 126-cı maddələrinə uyğun olaraq, soyadı, adı, atasının adı, habelə doğulduğu yer və tarix dəyişdirildiyi hallarda bu barədə məlumatlar;

2.10.4. övladlığagötürmədən sonra aparılan monitorinqlər barədə məlumatlar, o cümlədən onların ümumi sayı, sonuncu monitorinqin tarixi və onun nəticələrinə dair hesabat.

2.11. Övladlığagötürmədən sonra aparılan monitorinq zamanı övladlığa götürülən uşağa dair məlumatlarda dəyişiklik olduğu aşkar edildikdə, Nazirlik altsistemdə – övladlığa götürülən uşaqların uçotu bölməsində dərhal müvafiq düzəlişlər etməlidir.

2.12. Valideyn-namizədin övladlığa uşaq götürmək barədə Nazirliyə ünvanladığı ərizə bu Qaydanın 2.16-cı bəndinə uyğun olaraq altsistemə daxil edildiyi andan valideyn-namizəd uçota alınır.

2.13. Valideyn-namizədin ərizəsində aşağıdakılar əks olunmalıdır:

2.13.1. valideyn-namizədin özünün və ərinin/arvadının (olduqda), habelə ailə üzvlərinin hər birinin soyadı, adı, atasının adı, yaşayış yeri və ya faktiki yaşadığı ünvan, vətəndaşlığı (şəxsiyyətini təsdiq edən sənədə dair məlumatlar);

2.13.2. valideyn-namizədin və onun ərinin/arvadının (olduqda) uşağı övladlığa götürməyə dair razılığı;

2.13.3. valideyn-namizədin və onun ərinin/arvadının (olduqda) özləri və ailə üzvləri barədə fərdi məlumatların, sağlamlığı və məhkumluğu barədə, habelə gəlirləri, xərcləri və öhdəlikləri barədə məlumatların Nazirlik tərəfindən qanunla müəyyən edilmiş qaydada əldə edilməsinə dair razılığı;

2.13.4. valideyn-namizədin və onun ərinin/arvadının (olduqda), habelə ailə üzvlərinin övladlığa götürüləcək uşaqla eyni ünvanda yaşamağa dair razılığı;

2.13.5. imza, tarix, əlaqə vasitələri (elektron poçt ünvanı, telefon (ev, iş, operatorun kodu göstərilməklə mobil telefonu).

2.14. Ailə Məcəlləsinin 122-ci maddəsinə uyğun olaraq, valideynləri olan uşaq övladlığa götürüldükdə, həmin uşağın valideynlərinin bu Qaydanın 2.16-cı bəndinə uyğun olaraq razılığı da altsistemə daxil edilməlidir. Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi zamanı Ailə Məcəlləsinin 123-cü və 124-cü maddələrinin tələblərinə riayət edilməlidir.

2.15. Valideyn-namizəd övladlığa götürülən uşağın yaxın qohumu və ya ögey atası (anası) olduqda, ərizədə, həmçinin bu barədə məlumat da öz əksini tapmalıdır.

2.16. Bu Qaydanın 2.12-ci bəndində nəzərdə tutulan notarial qaydada təsdiq edilən ərizə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (bundan sonra – Ədliyyə Nazirliyi) “Elektron notariat” informasiya sistemi vasitəsilə altsistemə ötürüldükdən sonra valideyn-namizəd övladlığagötürmə ilə bağlı müraciət etmək üçün Nazirliyin “e-sosial” internet portalında qeydiyyatdan keçməklə öz şəxsi kabinetini yaradır.

2.17. Valideyn-namizədin ərizədə qeyd etdiyi məlumatlarda, o cümlədən ailə tərkibində, eləcə də onların faktiki yaşadığı ünvanda dəyişiklik olduqda, valideyn-namizədin məlumatlar yenilənməklə yeni ərizəsi bu Qaydanın 2.16-cı bəndinə uyğun olaraq notarial qaydada təsdiqlənərək 10 (on) gün müddətində altsistemə ötürülür.

2.18. Valideyn-namizədin ərizəsi altsistemə ötürüldükdən sonra valideyn-namizəd və onun ailə üzvləri barədə aşağıdakı məlumatları Nazirlik bu Qaydanın 2.1-ci bəndində göstərilən orqanların (qurumların) informasiya sistemlərindən və ehtiyatlarından “Elektron hökumət” şlüzü üzərindən sorğu vasitəsilə əldə edir:

2.18.1. Ailə Məcəlləsinin 121.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla fərdi məlumatlar (soyadı, adı, atasının adı, cinsiyyəti, doğum tarixi, doğulduğu yer, FİN-i, yaşayış yeri, o cümlədən faktiki yaşadığı yer (ünvan), vətəndaşlığı);

2.18.2. bu Qaydanın 3.2-ci bəndində göstərilən xəstəliklərin olub-olmamasına dair (psixiatrın rəyi də daxil olmaqla) valideyn-namizədin əyani tibbi müayinəsi əsasında İcbari Tibbi Sığorta Agentliyinin sağlamlıq haqqında arayışı;

2.18.3. ailə vəziyyəti barədə məlumat, o cümlədən nikah və ya nikahın pozulması haqqında şəhadətnamənin nömrəsi və tarixi;

2.18.4. təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatlar;

2.18.5. Ailə Məcəlləsinin 120.1.8-ci maddəsinin tələbləri çərçivəsində, əməkhaqqı və başqa gəlirləri barədə məlumat (o cümlədən son 12 aylıq dövr üçün bank hesabından çıxarış, mülkiyyətində olan daşınmaz əmlak və nəqliyyat vasitələri barədə məlumat);

2.18.6. Ailə Məcəlləsinin 120.1.6-cı maddəsində göstərilən cinayətlərlə bağlı məhkumluğunun olub-olmadığına dair məlumatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün tarixi, cəzanın növü, müddəti, habelə azadedilmə tarixi, azadedilmə üçün əsas);

2.18.7. aliment, kredit və digər maliyyə öhdəlikləri barədə məlumat;

2.18.8. öz yaxın qohumunu (bacı, qardaş, nəvə, qardaşın və ya bacının övladı, valideynlərinin bacı və ya qardaşının övladları) övladlığa götürdükdə – qohumluq əlaqələrinin təsdiqi barədə sənəd;

2.18.9. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə – müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi üzrə məlumatlar (nömrəsi, verilmə tarixi, etibarlılıq müddəti, verilmə əsası).

2.19. Bu Qaydanın 2.18.2-ci, 2.18.7-ci və 2.23.3-cü yarımbəndlərinin tələbləri valideyn-namizədin ailə üzvlərinə də şamil edilir.

2.20. Bu Qaydanın 2.18.1–2.18.9-cu yarımbəndlərində göstərilən məlumatlarla yanaşı, valideyn-namizədin və onun ailə üzvlərinin razılığı ilə onların barəsində övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğunu müəyyən etməyə imkan verən əlavə sənədlər ( məlumatlar) əldə edilə bilər.

2.21. Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Qaydanın 2.18-ci bəndində qeyd olunan məlumatları bilavasitə və yaxud akkreditə edilmiş orqan vasitəsilə kağız və ya elektron daşıyıcılarda təqdim edirlər.

2.22. Valideyn-namizəd şəxsi kabinetindən altsistemin qiymətləndirmə bölməsinə daxil olaraq gəlirləri və öhdəlikləri, ailə tərkibi, məhkumluğu, sağlamlıq vəziyyəti, habelə mülkiyyətində olan daşınmaz əmlak nəzərə alınmaqla, övladlığagötürmə hüququnun olub-olmamasını əvvəlcədən öyrənmək hüququna malikdir.

2.23. Valideyn-namizəd Ailə Məcəlləsinin 119.9-cu maddəsində nəzərdə tutulan hallarda aşağıdakı qaydada uçotdan çıxarılır:

2.23.1. valideyn-namizəd (namizədlər) vəfat etdikdə onun ölümü barədə məlumat (ölüm tarixi, səbəbi, ölümün qeydə alındığı tarix, ölüm haqqında şəhadətnamənin seriyası və nömrəsi) Ədliyyə Nazirliyi tərəfindən altsistemə ötürüldüyü gündən;

2.23.2. valideyn-namizəd (namizədlər) və onun ailə üzvləri bu Qaydanın 3.2-ci bəndində göstərilən xəstəliklərdən birinə tutulduqda, İcbari Sığorta üzrə Dövlət Agentliyi və ya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bu barədə məlumatları real vaxt rejimində altsistemə ötürdüyü gündən;

2.23.3. valideyn-namizəd (namizədlər) Ailə Məcəlləsinin 120.1.6-cı maddəsində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunduqda və bu cinayətləri törətdiyinə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduğu halda həmin şəxslər barəsində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə qərarı altsistemdə qeydə alındığı gündən, habelə Ailə Məcəlləsinin 119.10.5-ci maddəsinə əsasən valideyn-namizəd (namizədlər) barəsində cinayət təqibi üzrə icraat aparıldığı halda cinayət təqibi müddətində;

2.23.4. bu Qaydanın 5-ci hissəsinə uyğun olaraq valideyn-namizədlə müsahibə keçirilməsi zamanı övladlığagötürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı müəyyən edildikdə, Nazirlik bu barədə bu Qaydanın 2.24-cü bəndinə uyğun olaraq qərar qəbul etdiyi gündən.

2.24. Sosial işçi valideyn-namizədlə müsahibə keçirilməsi zamanı övladlığagötürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmamasına dair tərtib etdiyi rəyi bu Qaydanın 5.2-ci bəndinə uyğun olaraq altsistemə daxil etdikdən sonra həmin rəy əsasında Nazirlik valideyn-namizədin uçotdan çıxarılması barədə qərar qəbul edir. Valideyn-namizədin bu qərardan inzibati qaydada və məhkəməyə şikayət vermək hüququ vardır.

2.25. Uçota alınmış valideyn-namizədlərdən biri vəfat etdikdə, digər valideyn-namizəd bu Qaydanın 2.17-ci bəndinə uyğun olaraq, ona dair məlumatları yeniləyir.

2.26. Bu Qaydanın 2.23.4-cü yarımbəndinə uyğun olaraq uçotdan çıxarılmış valideyn-namizəd (namizədlər) bir ildən sonra bu Qaydaya uyğun olaraq təkrar uçota alınmaq hüququna malikdir.

2.27. Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqlar aşağıdakı halların baş verməsi barədə məlumat altsistemdə qeydə alındığı gündən uçotdan çıxarılırlar:

2.27.1. vəfat etdikdə;

2.27.2. 18 yaşına çatdıqda;

2.27.3. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq valideyn himayəsindən məhrum olmuş uşaq hesab olunmadıqda.

2.28. Bu Qaydanın 2.27.3-cü yarımbəndinə görə uçotdan çıxarılan uşaqlar yenidən valideyn himayəsindən məhrum olmuş uşaq hesab edildikdə təkrar uçota alınırlar.

2.29. Ailə Məcəlləsinin tələblərinə, o cümlədən həmin Məcəllənin 121-ci maddəsi ilə müəyyən edilmiş yaş tələblərinə cavab verməyən valideyn-namizədin uçota alınmasına yol verilmir.

 3. Övladlığagötürmənin yol verilmədiyi hallar

3.1. Ailə Məcəlləsinin 120.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda valideyn-namizəd tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinə yol verilmir.

3.2. Ailə Məcəlləsinin 120.2-ci maddəsinə uyğun olaraq siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklərdən birinə tutulmuş valideyn-namizədin övladlığa uşaq götürməsinə yol verilmir.

3.3. Aralarında nikah olmayan şəxslərin birlikdə eyni uşağı övladlığa götürməsinə yol verilmir.

3.4. Ailə Məcəlləsinin 120.4-cü maddəsinə əsasən, nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yaxın qohumları olan uşağın övladlığa götürülməsi istisna olmaqla) tərəfindən uşaqların övladlığa götürülməsinə yol verilmir.

4. Ailənin gəlirlərinin hesablanması qaydası

4.1. Valideyn-namizədin və onun ailə üzvlərinin adambaşına düşən orta aylıq gəlirləri, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada nəzərdə tutulan gəlirlər nəzərə alınmaqla, bu Qaydanın 4.3-cü bəndinə uyğun olaraq hesablanır.

4.2. Valideyn-namizədin gəlirlərini bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulmuş qaydada hesablamaq mümkün olmadıqda, valideyn-namizədin müraciətindən əvvəlki ardıcıl gələn 12 ay ərzində bank hesabında olan vəsait nəzərə alınır. Bu zaman valideyn-namizədin bank hesabında olan vəsaitin ümumi məbləği onun özü, ailə üzvləri və övladlığa götürülən uşaq da nəzərə alınmaqla hər biri üçün ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun 60 (altmış) mislindən az olmamalıdır.

4.3. Valideyn-namizədin müraciətindən əvvəlki ardıcıl gələn 12 ay ərzində onun və onun ailə üzvlərinin ümumi gəlirləri müvafiq dövr üzrə kredit (o cümlədən ipoteka, lizinq), kirayə, aliment ödənişləri, eləcə də “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra sənədləri üzrə digər öhdəliklər çıxıldıqdan sonra 12-yə bölünməklə ailənin orta aylıq gəliri hesablanır və ailə üzvlərinin sayına bölünməklə ailənin adambaşına düşən orta aylıq gəliri müəyyən edilir.

5. Valideyn-namizədlə müsahibə keçirilməsi və onun maddi-məişət şəraitinin müayinəsi

5.1. Valideyn-namizəd bu Qaydaya uyğun olaraq uçota alındıqdan sonra 10 (on) iş günü müddətində sosial işçi valideyn-namizədlə onun yaşayış yerində müsahibə keçirir.

5.2. Müsahibə zamanı valideynlərlə iş üzrə sosial işçi valideyn-namizədin həyat şəraiti, maraqları, ailə tərkibi barədə məlumatları, habelə ailə üzvlərinin övladlığagötürməyə münasibətini öyrənir, eyni zamanda, övladlığagötürmə ilə bağlı valideyn-namizədi məlumatlandırır və müsahibənin nəticələrinə dair 2 (iki) iş günü müddətində ilkin qiymətləndirmə rəyi hazırlayıb altsistemə daxil edir.

5.3. Müsahibə başa çatdıqdan sonra uşaqlarla iş üzrə sosial işçi valideyn-namizədin maddi-məişət şəraitini uşağın mənafeyinə uyğunluq baxımından müayinə edir. Müayinənin nəticəsinə dair bu Qaydaya Əlavədə müəyyən edilmiş formaya uyğun olaraq, valideyn-namizəd və uşaqlarla iş üzrə sosial işçi tərəfindən imzalanmaqla akt tərtib edilir və uşaqlarla iş üzrə sosial işçi həmin gün ərzində aktı altsistemə daxil edir. Müayinənin nəticələrinə əsasən valideyn-namizədin maddi-məişət şəraiti uşağın mənafeyinə uyğun hesab edilmədikdə, valideyn-namizəd 1 (bir) ay müddətində aktda qeyd olunan nöqsanları aradan qaldırmaqla maddi-məişət şəraitinin müayinəsi üçün təkrar müraciət etmək hüququna malikdir.

5.4. Sosial işçi tərtib etdiyi rəyin və aktın obyektivliyinə və qərəzsizliyinə görə şəxsən məsuliyyət daşıyır.

5.5. Valideyn-namizədlərdən birinin qohumu olan və ya qohumu olmuş, habelə bilavasitə və ya dolayı yolla uşağın müsahibə aparılan valideyn-namizəd tərəfindən övladlığa götürülməsində marağı olan və ya obyektivliyinə və qərəzsizliyinə şübhə yaradan kifayət qədər əsas olan sosial işçinin övladlığagötürmə prosesində iştirakına yol verilmir. Belə hal aşkar edildikdə, həmin sosial işçi övladlığagötürmə prosesindən kənarlaşdırılır.

6. Valideyn-namizədin təlimlərə cəlb edilməsi

6.1. Nazirlik valideyn-namizədlə bu Qaydanın 5-ci hissəsinə uyğun olaraq aparılan müsahibəyə dair sosial işçilərin ilkin qiymətləndirmə rəyi və maddi-məişət şəraitinin müayinəsinin nəticələrinə dair akt əsasında 3 (üç) iş günü müddətində müsahibənin nəticələrinə dair qərar qəbul edir. Müsahibədən keçmiş valideyn-namizəd 10 (on) iş günü müddətində Nazirliyin təşkil etdiyi, müddəti 30 (otuz) gündən çox olmayan təlimlərə cəlb edilir. Təlimin mövzularını və proqramlarını Nazirlik hazırlayır.

6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulan təlimin sonunda valideyn-namizədin aşağıdakı meyarlar üzrə qiymətləndirilməsi aparılır və qiymətləndirmənin nəticələrinə dair hesabat tərtib edilir:

6.2.1. övladlığagötürmə ilə bağlı valideyn-namizəddə özünəinam və özünüdərk səviyyəsi;

6.2.2. valideyn-namizədin övladlığa götürülən uşağın ehtiyacları barədə əsas biliklərə malikolma səviyyəsi;

6.2.3. övladlığagötürmə ilə bağlı valideyn-namizədin motivasiyası;

6.2.4. valideyn-namizədin valideynlik bacarıqlarının inkişaf səviyyəsi;

6.2.5. valideyn-namizədin övladlığa götürülən uşağın tərbiyəsi zamanı yarana biləcək problemlərin həlli ilə bağlı qərar qəbul etmək bacarığı.

6.3. Bu Qaydaya uyğun olaraq övladlığagötürmə ilə əlaqədar təlimdən keçmiş valideyn-namizəd, övladlığagötürmə ilə bağlı təkrar müraciət etdikdə, övladlığagötürmənin təlim mərhələsindən azad olunur.

7. Valideyn-namizədə uyğun uşağın, valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideynin seçilməsi və onların görüşlərinin təşkili

7.1. Təlimin nəticələri müsbət qiymətləndirildikdə, valideyn-namizəd və valideyn himayəsindən məhrum olmuş uşağın istək və mənafeyi, eləcə də Ailə Məcəlləsinin 121.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, altsistem övladlığa götürülən uşağa uyğun valideyn və valideyn-namizədə uyğun uşaq seçir və Nazirlik 5 (beş) iş günü müddətində uşağın yerləşdiyi müəssisədə sosial işçinin iştirakı ilə onların görüşünü (görüşlərini) təşkil edir. 

7.2. Övladlığa götürülən uşağa uyğun valideyn və valideyn-namizədə uyğun uşağın seçimi zamanı Ailə Məcəlləsinin 121.3-cü maddəsinə uyğun olaraq azı 3 (üç) il nikahda olan (yaşı 35-dən yuxarı olan ər-arvad üçün 1 (bir) il) Azərbaycan Respublikasının vətəndaşlarına və azı 5 (beş) il müddətində nikahda olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə yaşı 55-dək olan şəxslərə üstünlük verilir.

7.3. Valideyn himayəsindən məhrum olmuş uşağa münasibətdə Ailə Məcəlləsi ilə müəyyən edilmiş tələblərə cavab verən və qiymətləndirmənin nəticələri eyni olan bir və daha çox uyğun valideyn-namizədin olduğu müəyyən edildikdə, ilk uçota alınmış valideyn-namizədə üstünlük verilir.

7.4. Valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideyn-namizədin uşaqla tanışlıq və ailə bağlarının qurulması məqsədilə uşağın yerləşdirildiyi müəssisədə 2 (iki) ay müddətində ayda ən azı 40 (qırx) saat olmaqla görüşü təşkil edilir.

7.5. Bu Qaydanın 7.4-cü bəndində nəzərdə tutulmuş müddəti valideyn himayəsindən məhrum olmuş 0-1 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında Nazirlik 20 (iyirmi) gün müddətində 12 (on iki) saatadək qısalda bilər.

7.6. Bu Qaydanın 7.4-cü və 7.5-ci bəndlərində nəzərdə tutulmuş müddətdə sosial işçi hər ay ərzində 8 (səkkiz) saatdan az olmayaraq valideyn-namizədi müşahidə edir və həmin müddət başa çatdıqda 3 (üç) iş günündən gec olmayaraq müəssisədə valideyn-namizədlə uşağın görüşünün nəticələrinə dair rəy hazırlayıb altsistemə daxil edir.

7.7. Uşağın yerləşdirildiyi müəssisə valideyn-namizədin uşaqla görüşünün keçirilməsinə və sosial işçilərin öz vəzifələrini yerinə yetirməsinə lazımi şərait yaratmalıdır.

8. Valideyn himayəsindən məhrum olmuş uşaqların valideyn-namizədin evində sınaq müddətində yerləşdirilməsi

8.1. Valideyn himayəsindən məhrum olmuş uşağın yerləşdirildiyi müəssisədə valideyn-namizədlə uşağın görüşünə dair sosial işçinin hesabatı əsasında Nazirlik uşağın valideyn-namizədin ailəsində 3 (üç) ay sınaq müddətində müvəqqəti yerləşdirilib-yerləşdirilməməsi barədə qərar qəbul edir.

8.2. Valideyn himayəsindən məhrum olmuş uşaq Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan valideyn-namizədin (namizədlərin), o cümlədən əcnəbi və ya vətəndaşlığı olmayan valideyn-namizədlərin ailəsində sınaq müddətində, Ailə Məcəlləsinin 118.10-cu maddəsinin tələblərinə uyğun olaraq, həmin şəxslərin Azərbaycan Respublikasında mülkiyyətində yaşayış sahəsi olduğu hallarda həmin yaşayış sahəsində, Azərbaycan Respublikasında mülkiyyətində yaşayış sahəsi olmadığı hallarda isə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq olduqları yer üzrə qeydiyyata alındıqdan sonra həmin yerlərdə yerləşdirilir.

8.3. Valideyn himayəsindən məhrum olmuş uşaq bu Qaydanın 8.1-ci və 8.2-ci bəndlərinə uyğun olaraq valideyn-namizədin (namizədlərin) ailəsində müvəqqəti yerləşdirildiyi halda Nazirliklə valideyn-namizəd arasında müqavilə bağlanır.

8.4. Bu Qaydanın 8.3-cü bəndində qeyd olunan müqavilədə aşağıdakılar göstərilir:

8.4.1. valideyn namizədin soyadı, adı, atasının adı (şəxsiyyətini təsdiq edən sənəd, onun seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqan barədə məlumatlar) və Nazirliyin rekvizitləri, müqavilənin predmeti;

8.4.2. müqavilənin müddəti və ona vaxtından əvvəl xitamverilmə qaydası;

8.4.3. tərəflərin hüquq və vəzifələri, o cümlədən valideyn-namizədin müqavilə müddətində monitorinq aparılması üçün sosial işçiyə şərait yaratması və Nazirliyin müqavilə müddətində valideyn-namizədə kömək göstərməsi;

8.4.4. tərəflər arasında mübahisələrin həlli qaydası;

8.4.5. tərəflərin məsuliyyəti;

8.4.6. valideyn-namizədin uşağın həyat və sağlamlığı ilə bağlı Nazirliyi məlumatlandırma qaydası.

8.5. Sınaq müddətində uşaqlarla iş üzrə sosial işçi ilk həftədə ən azı üç dəfə, növbəti həftələrdə isə bir dəfədən az olmayaraq valideyn-namizədlə uşaq arasındakı münasibətlərin monitorinqini aparır və onun nəticələrinə dair hesabat tərtib edərək altsistemə daxil edir.

8.6. Sosial işçinin hesabatı mənfi olduqda, o cümlədən həmin rəydə (hesabatda) uşağın ailədə yerləşdirilməsinin onun həyat və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən edildikdə, Nazirlik uşağın təxirə salınmadan sosial xidmət müəssisəsinə qaytarılmasını və barəsində reabilitasiya tədbirləri görülməsini təşkil edir.

8.7. Sınaq müddəti bitdikdə (bu Qaydanın 8.6-cı bəndində göstərilən hallar istisna olmaqla) Nazirlik bu Qaydanın 9.1-ci bəndinə uyğun rəy hazırlayır. Rəy müsbət olduqda sınaq müddəti məhkəmənin valideyn himayəsindən məhrum olmuş uşağın övladlığa verilməsi barədə müvafiq qərarı qəbul edilənədək, məhkəmə uşağın övladlığa verilməsi barədə müsbət qərar qəbul etdikdə isə həmin qərarın qanuni qüvvəyə mindiyi günədək uzadılır.

9. Övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi

9.1. Nazirlik sınaq müddətinin sonunda övladlığagötürmə ilə bağlı bütün mərhələlərin nəticəsinə uyğun olaraq övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında 7 (yeddi) iş günü müddətində rəy hazırlayır.

9.2. Rəyin hazırlanmasında övladlığagötürmə mərhələləri ilə bağlı sosial işçilərin hazırladıqları hesabatlar (rəylər), valideyn-namizədin təlim nəticələri, eləcə də övladlığa götürülən uşaqların istək və mənafeləri nəzərə alınır.

9.3. Rəy övladlığagötürmə ilə bağlı məhkəməyə müraciət edən şəxsin ərizəsinə əlavə olunur.

10. Müəssisəyə qaytarılan uşaqla bağlı reabilitasiya tədbirləri

10.1. Bu Qaydanın 9.1-ci bəndində nəzərdə tutulan rəy mənfi olduqda və ya məhkəmə valideyn himayəsindən məhrum olmuş uşağın övladlığa verilməsindən imtina barədə qərar qəbul etdikdə, uşaq yerləşdirildiyi müəssisəyə qaytarılır və həmin müəssisə 2 (iki) aydan az olmamaq şərtilə uşağın reabilitasiyası məqsədilə aşağıdakı tədbirləri görür:

10.1.1. uşağın fiziki və əqli inkişaf səviyyəsinin, psixoloji və sosial vəziyyətinin qiymətləndirilməsi, eləcə də onun emosional sabitliyi, davranışı, özünüdərki və özünüqiymətləndirməsi ilə bağlı, habelə sosial münasibətlərdə yaranan çətinliklərə qarşı tədbirləri özündə əks etdirən reabilitasiya planının tərtib edilməsi;

10.1.2. reabilitasiya planının icrası;

10.1.3. reabilitasiya müddətində reabilitasiya planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin monitorinqi;

10.1.4. reabilitasiya müddətinin sonunda yekun qiymətləndirmə hesabatının tərtib edilməsi.

10.2. Reabilitasiya prosesi dövründə və prosesin sonunda sosial işçi müəssisədə uşaqla görüş keçirir və onun yenidən övladlığagötürülməyə hazırlığını qiymətləndirir.

11. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi

11.1. Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürməyi arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotu “Ölkələrarası övladlığagötürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” 1993-cü il 29 may tarixli Haaqa Konvensiyasının tələblərinə zidd olmamaq şərtilə, övladlığa götürmək arzusunda olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən bu Qaydanın 2.18-ci bəndində qeyd olunan məlumatları təsdiq edən sənədlərin rəsmiləşdirilib bilavasitə və yaxud akkreditə edilmiş orqan vasitəsilə kağız və ya elektron daşıyıcılarda Nazirliyə təqdim edilməsi yolu ilə həyata keçirilir.

11.2. Öz ölkəsində övladlığagötürmə ilə bağlı təlim keçməsi barədə təsdiqedici sənəd (sertifikat) təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulan təlimlərə cəlb edilmirlər.

11.3. Azərbaycan Respublikasından kənarda yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2 (iki) həftə ərzində ümumilikdə 40 (qırx) saat müddətində müəssisələrdə uşaqlarla görüş keçirməlidirlər.

11.4. Bu Qaydanın 2.18-ci bəndində qeyd olunan sənədlərdən (məlumatlardan) əlavə, Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mülkiyyətlərində orada yaşayan hər bir şəxs nəzərə alınmaqla yerləşdiyi ölkənin müvafiq qanunvericiliyinə uyğun olaraq minimum normadan az olmayan yaşayış sahəsinin olmasını təsdiq edən sənəd təqdim etməlidirlər.

11.5. Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi ləğv edildikdə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ayrı qayda nəzərdə tutulmamışdırsa, Nazirlik Azərbaycan Respublikasının vətəndaşı olan uşağın Azərbaycan Respublikasının ərazisinə qaytarılması üçün tədbirlər görülməsi və ya övladlığagötürənin vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin qanunvericiliyinə uyğun yerləşdirilməsi məqsədilə övladlığagötürənin vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin səlahiyyətli orqanına məlumat verir. Azərbaycan Respublikasının ərazisinə qaytarılan uşaq bu Qaydaya uyğun olaraq yenidən uçota alınır.

11.6. Uşaq, bu Qaydanın 11.7-ci bəndi istisna olmaqla, daimi olaraq Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, uşağın qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Qaydaya uyğun olaraq vahid uçota alındığı gündən 6 (altı) ay keçdikdən sonra övladlığa verilə bilər.

11.7. Azərbaycan Respublikasının vətəndaşı olmayan, lakin bu Qaydaya uyğun olaraq vahid uçota alınmış uşaqların Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, uşaqların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilməsinə uçota alındıqdan 1 (bir) il müddət keçdikdən sonra yol verilir.

12. Övladlığagötürmədən sonra monitorinqlərin keçirilməsi

12.1. Övladlığagötürmə ilə bağlı məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə övladlığa götürülən uşağın ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə Nazirlik monitorinqlər aparır.

12.2. Monitorinq zamanı aşağıdakılar nəzərə alınır:

12.2.1. ailənin yaşayış şəraiti;

12.2.2. ailənin maddi vəziyyəti;

12.2.3. övladlığa götürülən uşağın və onu övladlığa götürmüş şəxsin (şəxslərin) sağlamlıq vəziyyəti;

12.2.4. ailədə uşağa qulluq və qayğı vəziyyəti.

12.3. Hər monitorinqdən sonra sosial işçi hazırladığı hesabatı altsistemə daxil edir. Övladlığagötürmədən sonra aparılan monitorinqlə bağlı altsistemdə – övladlığa götürülən uşaqların uçotu bölməsində aparılan monitorinqlərin nəticələri barədə qeydlər aparılır.

12.4. Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilməsi zamanı həmin şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadıqları halda övladlığagötürmədən sonra aparılan monitorinqin nəticələrinə dair rüblük və illik hesabatlar Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyi, səfirlik olmadıqda isə “Ölkələrarası övladlığagötürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında" 29 may 1993-cü il tarixli Haaqa Konvensiyasının 9-cu maddəsinin (a) bəndinə uyğun olaraq, həmin ölkənin müvafiq dövlət qurumu vasitəsilə Nazirliyə təqdim edilir.

13. Övladlığagötürmənin ləğvinin tələb edilməsi

13.1. Bu Qaydanın 12-ci hissəsinə uyğun olaraq, övladlığagötürmədən sonra aparılan monitorinqlər nəticəsində Ailə Məcəlləsinin 132-ci maddəsinə əsasən övladlığagötürmənin ləğvi üçün əsaslar müəyyən edildikdə, sosial işçi dərhal bu barədə Nazirliyə məlumat verir və Nazirlik Ailə Məcəlləsinin 133-cü maddəsinə uyğun olaraq tədbirlər görür.

13.2. Məhkəmə övladlığagötürmənin ləğvi barədə qərar qəbul etdikdən sonra uşaq məhkəmənin qətnaməsi ilə valideynlərinə qaytarılır, valideyn himayəsindən məhrum olmuş uşaq isə Nazirlik tərəfindən dərhal müəssisəyə yerləşdirilir və bu Qaydanın 10-cu hissəsinə uyğun olaraq uşaqla bağlı reabilitasiya tədbirləri görülür.

14. Mübahisələrin həlli

Övladlığagötürmə ilə əlaqədar yaranan mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.

 15. Keçid müddəaları

15.1. Uşağı yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) övladlığa götürdükdə, Ailə Məcəlləsinin 118.1.1-ci və 118.3.1-ci maddələrinin tələbləri həmin şəxslərə də şamil edilir.

15.2. Uşağı ögey ata, ögey ana övladlığa götürdükdə (hər iki valideynin vəfat etdiyi hallar istisna olmaqla) bu Məcəllənin 118.3-cü maddəsinin tələbləri onlara şamil olunmur.

15.3. Ər-arvaddan birinin əcnəbi olduğu nikahda olan şəxs (yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları istisna olmaqla) tərəfindən övladlığagötürmə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığagötürməyə bərabər tutulur.

15.4. Valideyn-namizəd bu Qaydanın 2.18-ci bəndində göstərilən məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyır. Bilə-bilə təhrif olunmuş və ya düzgün olmayan məlumat təqdim etmiş valideyn-namizədi Nazirlik 1 (bir) il müddətində övladlığagötürmənin Ailə Məcəlləsinin 118.1.2-ci maddəsində nəzərdə tutulan mərhələsindən kənarlaşdırır.

15.5. Nazirlik övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi mərhələsində valideyn-namizədlə bağlı altsistemdə daxil edilmiş məlumatların monitorinqini aparmaq hüququna malikdir.

15.6. Nazirliyin uşağı övladlığa götürən şəxslərə övladlığa götürülən 4-6 yaşlı uşağa psixoloqun və Nazirliyin nümayəndəsinin iştirakı ilə onun övladlığa götürüldüyü barədə məlumat verməsini tövsiyə etmək hüququ vardır.

15.7. Övladlığa götürülmüş uşaq 10 yaşına çatdıqda, həmin uşağın arzusu ilə Nazirlik onun övladlığa götürülməsi ilə bağlı məlumatları ona təqdim edir.

 
   Valideyn himayəsindən məhrum
olmuş uşaqların övladlığa götürülməsi
            Qaydasına
              Əlavə 
     
 Valideyn-namizədin maddi-məişət şəraitinin müayinəsinin nəticəsinə dair 
 
AKT
  1.        Müayinənin  keçirildiyi yer və tarix ____________________
  2.        Valideyn-namizəd ___________________________

                                     (soyadı, adı, atasının adı, FİN-i)

  1.        Müayinəni keçirən sosial işçi __________________________

                                                    (soyadı, adı, atasının adı, FİN-i)

 

Sıra

№-si

Ailə üzvünün soyadı, adı, atasının adı

Valideyn-namizədlə qohumluq dərəcəsi

Ailə üzvünün statusu

Qeyd

 

 1.

 

 

 

 

 

 2.

 

 

 

 

 

Ailənin yaşadığı mənzildə ( fərdi evdə) digər şəxslər yaşayırmı?

 

bəli

xeyr

 

Ailənin yaşadığı mənzildən (fərdi evdən) başqa mülkiyyətində digər daşınmaz əmlak varmı?

 

bəli

xeyr

 

 

 

Mənzilin (fərdi evin) mülkiyyətçisinin və ya istifadəçisinin soyadı, adı və atasının adı

Mənzil (fərdi ev)

 

 

ümumi sahəsi (m2)

(tikildiyi və ya alındığı il (əl ilə doldurulur)

istifadə məqsədi

Uşağın yaşaması və inkişafı üçün normal şəraitin olub-olmaması

Uşağın təhlükəsiziliyi üçün şəraitin olub-olmaması

Qeyd

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ailənin istifadəsində və ya mülkiyyətində olan nəqliyyat vasitəsi

 

nəqliyyat vasitəsinin mülkiyyətçisinin və ya istifadəçisinin soyadı, adı və atasının adı

nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanı

nəqliyyat vasitəsinin istifadə məqsədi

 

 

 

 

 

 

 

Ailənin yaşadığı mənzilin (fərdi evin) daxili və xarici görünüşünün fotoşəkilləri

1

2

3

4

5

6

 

 

Qeyd:

 

Ailəninyaşadığı mənzildən (fərdi evdən) başqa mülkiyyətində digər mənzili (fərdi evi) olduğu halda və valideyn-namizəd övladlığa götürüləcək uşağın bu mənzildə (fərdi evdə) yaşayacağını bildirdiyi təqdirdə, müayinə qeyd olunan mənzildə də (fərdi evdə də) aparılır. 

 

Sosial işçi___________________________________  

                          (soyadı, adı, atasının adı, imza)

Valideyn-namizəd____________________________   

                                 (soyadı, adı, atasının adı, imza)

Tarix:

 

Akt _______________________________________tərəfindən _______tarixdə _______nömrə ilə qeydiyyata alınmışdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR