Slimfit
  1. CƏMİYYƏT

Vahimə, vəhşi atlar, yandırılmış məktəb, sahibsiz evlər - Kür dili adasından REPORTAJ

Vahimə, vəhşi atlar, yandırılmış məktəb, sahibsiz evlər - Kür dili adasından REPORTAJ
Sakura

Vahimə, vəhşi atlar, yandırılmış məktəb, sahibsiz evlər - Kür dili adasından REPORTAJ

Hava dəyişdi. Yağış yağır, bəlkə, bu gün getməyək?
- Yox, heç nə olmaz. Yağış bir azdan kəsəcək. Hazırlaşın, gedirik.

Bu dəfə yolumuz bir zamanlar insanların çox xoşbəxt yaşadığı əraziyədir. Tərəddüd etsək də, nəhayət, çətinliklə yol tapıb bu adaya gəldik. Sözügedən ərazidə demək olar ki, bu gün yaşayış yoxdur. Hələ 2011-ci ildə buralarda yalnız beş-altı ailə yaşayıb. Onlar da evləri dağıldıqdan sonra köçüblər.

 

Onu deyim ki, gedəcəyimiz yer kimsəsiz adadır. O ada ki, ölkədə sahəsinə görə digər adalarla müqayisədə birinci yerdə dayanır. Sizi çox intizarda saxlamayım, bu dəfəki səfərimiz Kür dili adasınadır.

Oxu.Az Kür dili adasından hazırladığı reportajı təqdim edir.

Adaya çatar-çatmaz ilk olaraq ətrafa göz gəzdirdik. Gözümüzə bir neçə ev dəydi, təbii ki, bu vəziyyətdə onlara ev demək olarsa... Bəlkə də, bir zamanlar bu evlərin bacasından tüstü, içərisindən uşaq səsləri əskik olmayıb. Neçə ailənin mehriban, xoş və pis günlərinə şahidlik edən bu divarlar indi viranə qalıb. Daşların yaddaşı var deyənlər, elə doğru deyib.

Ada barəsində onu deyə bilərəm ki, ümumi sahəsi  25,5 kvadrat kilometrdir. Vaxtilə adaya həm Neftçaladan, həm də Lənkərandan yol olub. Vaxtilə dediyim, təxminən 1981-ci ilə qədər...

El dili ilə Kurkosa, Kurkas, Kurkasan kimi adlanan əslində bu adanın adı Kür dilidir. Sovet dövründə buranı “Kurskaya kosa” (Kür əyrisi) adlandırıblar. Kənd camatının dilində isə dəyişilərək, “Kurkosa” kimi səslənib və elə də yadda qalıb. Görüyünüz bu yerlər Neftçala rаyonunun Şirvanlı ərazi inzibati dairəsinin bir hissəsi olub. Adada bir-birinə yaxın Jarski və Kurkosa adlı iki kənd var. İndi bu qədər talan edilmiş görünməsinə baxmayaraq, 1981-ci ilə qədər burada məktəb binası, aptek, bağça, kitabxana, klub, poçt və s. binalar olub.

İlk olaraq ağlımıza gələn bu adanın tək sakini Vitali oldu. Gəlməzdən qabaq onun haqqında maraqlanmışdıq. Dənizin yaxınlığında, riskli yerdə yerləşən üç evdən biri onundur. Evi tapmağımıza kömək olan isə yaxınlığında yarasız hala düşmüş, çürümüş kombayn oldu.

Vitalinin qapısında qıfıl görəndə isə bir anlıq təəccübləndik. Bu yağışda hara gedə biləcəyini tam olaraq başa düşmədik. Allah üzümüzə baxdı ki, çox uzaqda deyildi.

Bir neçə dəfə “Vitali, ay Vitali” deyə səsləndiyimizdə, bir qədər irəlidəki evin qapısı açıldı. Və.. budur, Vitali orda idi.

Yaxınlaşıb salamlaşdıq. Evdə daha isti olar deyə düşünsək də, yanıldıq, ev çöldən daha soyuq idi. O isə bu soyuğa o qədər öyrəşmişdi ki, bir corab, bir tərliklə gəzirdi.

Hə, bir də böyrü cırılmış rezin çəkmə. Onu da geyinib balıq tutmağa gedir.

Vitali deyirdi ki, 1981-ci ilin sonlarında Xəzər dənizində suyun səviyyəsi qalxıb, yarımadaya gələn yolları yuyaraq ərazini kimsəsiz adaya çevirib. Nə daşı qalıb, nə divarı. Bundan sonra bütün ailələr Neftçalaya köçürülüb. O isə bu əraziləri atıb gedə bilmədiyindən tək-tənha burada yaşamağı gözə alıb.

Ərazi o qədər genişdir ki, başdan ayağa kimi gəzmək üçün altı-yeddi gün vaxt ayırmaq lazımdır. Bizim isə cəmi bir neçə saatımız var idi. Ada barədə sizdə hansı təəssüratlar yaranacaq bilmirəm, amma buradakı vahiməli sakitlik insanı qorxudurdu.

Düşünün, sakit yaşıllıq ərazidə quşların cəh-cəhi nə qədər xoş təəssürat yaradırsa, burda bir o qədər qorxulu ab-hava vardı.

Hazırda biz Jarski adasındayıq. Vitalinin ata evi Kurkosada olsa da, indi orada yaşamır. İki kənd bir-birinə yaxındır, amma sahəsinə görə Jarski Kurkosadan bir az böyükdür. Jarski bu adanın ən isti kəndi olub. Ona görə də hələ sovetlər vaxtından ərazi belə adlandırılıb.

Kənddə çoxlu canlılar yaşayır. Hazırda adada 500-ə yaxın at olsa da, onları sadəcə su içməyə gələndə görmək olur. Adada olduğumuz müddətdə isə atlardan heç biri susamadı ki, gözlərimizlə görək.

Ona görə ki, bu atlar vəhşidir, bildiyimiz normal atlardan fərqli olaraq insana hücum edib, xəsarət yetirə bilər. Bundan başqa yüzlərlə vəhşi inək, dovşanlar, qırqovul,  çaqqal və qaban sürüləri var.  

Məsafədən çəkilən fotolarda siz vəhşi heyvan sürülərini görə bilərsiniz.

Ətrafdakı evlərdən başqa dağınıq poçt, bağça, məktəb binaları da var idi. 

Kənd əhalisi buradan köçəndə məktəb binasını, bağçanı yandırıb. Səbəbi isə məlum deyil. Vitali deyirdi ki, gözədəyən beş-on uçuq-sökük evdən başqa, daha onlarla ev, qəbiristanlığın bir hissəsi suyun altında qalıb.

Qəbiristanlığın qalan hissəsində gözədəyən bir neçə qəbirin yarısı isə baxımsız vəziyyətdə idi.

Güclü külək səbəbindən kökündən çıxan ağaclar, qırılan budaqlar, vəhşi heyvanların qazdığı vahiməli çuxurlar və sıradan çıxmış motosiklet, kombaynların çürümüş parçaları isə illərdir bura insan ayağının dəymədiyinin bariz nümunəsi idi.

Yağış kəsmək yerinə daha da güclənirdi. Ətrafı gəzmək üçün zamanımız isə daralırdı. Çətinliklə də olsa, hər iki kənddən çəkiliş edə bildik.

Kür dili adasının son sakini ilə də vidalaşıb adadan ayrıldıq.

Vitali bizə adaya yaz-yay vaxtı gəlməyi tövsiyə etdi. Lakin təəssüf ki, çəkilişimizdən bir müddət sonra bu adanın yeganə sakini Vitali Pronin vəfat etdi. Adanın yay vaxtı necə göründüyünü isə hələ ki, təsəvvür etməklə kifayətlənək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR