Slimfit
  1. CƏMİYYƏT

Üzümüzə Yeni Turanın qapıları açılır - Arifoğlu

Üzümüzə Yeni Turanın qapıları açılır - Arifoğlu
Sakura

Üzümüzə Yeni Turanın qapıları açılır - Arifoğlu

Mən nəzəriyyəçi deyiləm, praktika ilə məşğulam və son 30 ildə işim ancaq informasiya istehsal etmək, yaymaq və satmaq olub. Sayca 5-ci hesab olunan informasiya inqilabını və medianın qloballaşma sürəcini bilavasitə praktikada yaşamışam.

Axar.az xəbər verir ki, bu sözləri “Qlobal medianın inkişaf trendləri: Risklər və İmkanlar” Bakı Beynəlxalq Media Konfransındakı “Yeni media dövründə milli maraqların qorunması. Qlobal mediada qruplaşmalar” mövzusunda çıxış edən “Yeni Müsavat” Media Qrupunun rəhbəri rauf Arifoğlu deyib. O bildirib ki, yeni media dövrünü xarakterizə edən əsas amil qloballaşmadır:

“Artıq xəbərlərin birbaşa alınması, ötürülməsi, emalı və saxlanması dövlət sərhədlərindən asılı deyil, prosesdə hakimiyyətlərin iştirakı minimuma enib. Hər şeyi yerli və transmilli media quruluşları tənzimləyir. Əslində mediada qloballaşma məhz KİV-lər tərəfindən tənzimlənən müxtəlif istiqamətli informasiya axınları toplusu deməkdir. Bəzi nəzəriyyəçilər iddia edirlər ki, elektron KİV və sosial şəbəkələr vasitəsi ilə yeni media mədəniyyəti ortaya çıxıb. Mən bu iddialara qatılıram.

Çünki qloballaşma və yeni informasiya inqilabı sayəsində ortaya çıxan yeni media dünya çapında bütün kütləvi informasiya vasitələri sisteminin və ümumən jurnalistikanın əsaslı surətdə dəyişməsinə səbəb olub. Bildiyimiz ənənəvi jurnalistika və metodlar, KİV sistemləri, avadanlıalqar, cihazlar, aksesuarlar, idarərtmə sistemi gözlərimizin önündə və bizim də iştirakımızla aradan qalxmaqdadır. Bu da bizim qarşımızda yeni vəzifələr, yenilənmə ehtiyacları qoyur, ancaq eyni zamanda, həm də unikal və yeni imkanlar yaradır”.

R.Arifoğlu qeyd edib ki, qloballaşmanın və informasiya inqilabının əsas nəticəsi olan sosial şəbəkələr ənənəvi medianı və onun metodlarını, eləcə də texniki dəstək inventarlarını sıxışdırmaqda, dəyişdirməkdədir. Bu, qlobal TV-lərdən də yan keçməyib:

“Dünənə qədər informasiya məkanında at oynadan qlobal TV-lər belə sosial şəbəkələrə uyğunlaşmaq zorunda qalıb. İndi hər bir TV-nin internet versiyaları yaradılır. Çünki mobilləşmə qloballaşmanın və dövrümüzün əsas amilidir və paralel ekran əsrini yaşayırıq. Bütün bilgiləri əlimizdəki telefon vasitəsi ilə alır, çox zaman da onun vasitəsi ilə ötürürük. Bunlara görə, artıq hər media quruluşu özünün sosial şəbəkə səhifələrini yaratmaqda, sayı 3 milyardı keçən telefon istifadəçiləri auditoriyasına xitab etməkdədir. Bax, burada oturan hər kəsin mobil telefonu vardır. Bəzilərində hətta iki dənə. Və hər kəs, demək olar ki, 4-5 dəqiqədən bir o telefona baxır. Gecə yatarkən ən son, sabah qalxarkən ən birinci baxdığımız üz telefonun ekranıdır. Artıq insanlar televizor olan otaqlarda, zallarda oturur, onu saatlarla açmadan, açmağa ehtiyac hiss etmədən telefonlarına baxırlar. Daha kimsə demir, televizionu aç, görək, dünyada nə var, nə yox! Bax, biz media menecerləri üçün bu detal istiqamət və göstəricidir. Bayaq qeyd etdiyim məqam - yeni fürsətlər də buradan yaranır. Məsələn, ənənəvi (gələnəksəl) KİV olan “Yeni Müsavat” qəzeti bir çap orqanı olduğu halda, bu gün iki dildə fəaliyyət göstərən 4 sayta, 2 Feysbuk səhifəsinə, bir Yutub kanalına sahibdir. Artıq media qrupuq və idarəretmə yöntəmlərimizdən tutmuş, xəbər məzmunumuz, mövzulara qədər, hər şey yenilənib”.

R.Arifoğlunun sözlərinə görə, qlobal TV-ləri, Feysbuku, Tvitter və İnstaqramı, digər KİV-ləri özündə birləşdirən mobil cihazlar, bu unikal yeni texnika hazırda yeni prosesi ortaya çıxardıb. Artıq auditoriyalar da qloballaşmanın mühüm elementidir və KİV-lər tərəfindən müxtəlif auditoriyaların nəzərə alınması üçün yeni imkanlar meydana çıxıb:

“Qloballaşmada, bayaq da dedik, dövlətlər, iqtidarlar deyil, topluluqlar, xalqlar - auditoriyalar daha mühüm elementdir. Bu, həm də qloballaşan internet məkanında, yeni media sistemində bizim milli maraqlarımızı qoruya bilmək imkanı ortaya çıxardır. Bizim media qrupu bu imkanlardan həm korporativ maraqlar, həm də milli maraqlar istiqamətində istifadə etməyə çalışır.

Xatırlayaq: Qlobal TV-lərin zamanında necə idi? İngilisdilli informasiya axınları media məkanında hakim idi, auditoruiyanın interaktivlik əmsalı sıfıra bərabər idi və o, nəzərə alınmırdı. Yeni informasiya inqilabı qlobal informasiya cəmiyyətinin yaranmasını təmin etdi və vahid informasiya məkanı yaratdı. Artıq yerli KİV-lər belə vahid informasiya məkanına nüfuz edə bilir. Özəlliklə də sosial şəbəkələrin yaratdığı imkanlar sayəsində polisentrik informasiya məkanı yaranıb, onun əsas komponentləri isə milli və transmilli KİV-lərdir, sosial şəbəkələrdir, auditoriyalardır.

Beləliklə, bu gün informasiya hər bir ölkənin inkişafı üçün strateji komponentlərdən birinə çevrilib. Bayaq qlobal TV-lərin informasiya məkanında hakim olduğu dövrdən danışdıq - bu, dünən kimi yaxın bir zamandı. İndi biz qloballaşma sayəsində dünyanın yüzlərlə dilinin qorunub saxlanmasından danışa bilir, hətta bu sürəci görə bilirik. İnternetdən istifadə etməklə ən kiçik xalqlar, topluluqlar öz auditoriyasını yaradır, dünyada həmin dildə danışan və bu dili müdafiə edən bütün fərd və topluluqlara xitab edə, ümid bəsləyə, dəstək ala bilirlər. Yəni qloballaşma dilləri tapdalamadı, əksinə, bu dillər üçün əlverişli məkanlar yaratdı.

Bir daha altını çizirəm - hazırda qlobal informasiya məkanı yalnız ingilisdilli dünya axını deyil. Burada Türkiyə, Rusiya sahəsi, böyük payla Çin seqmenti də mövcuddur. Ümumi götürdükdə isə, əslində indi internet vasitəsi ilə yaradılan vahid informasiya sahəsində hər bir millətin, hətta hər bir fərdin özünün “qlobal” bölməsi var və bunlar dünya şəbəkəsinin bir hissəsidir.

Biz də mənsub olduğumuz millətin dili ilə - Azərbaycan və Anadolu türkcəsi vasitəsi ilə öz qlobal bölməmizi yaratmağa iddialıyıq. Ya da bundan sonra iddialı olmalıyıq. Bu məsələdə Azərbaycanın unikal imkanları var. Biz öz KİV-lərimizi dünya şəbəkəsinin həm Rusiya, həm də Türkiyə və türkdilli məkanlarında qloballaşmaya qata bilirik.

Bu baxımdan, yeni media dövrü, qloballaşma və internet məkanında baş verən inqilabi yeniliklər Azərbaycana, Türkiyəyə və bütövlükdə türk dünyasına böyük imkanlar yaradır. Sərhəd və başqa əngəllərə rastlaşmadan Azərbaycan özünün bütün dünyadakı soydaşları ilə bütövləşə bilir. Türkiyə isə uyğur türklərindən tutmuş, Orta Asiya, Saxa-Yakutiyadan başlamış, Qafqaz, İran, Balkan türkləri ilə, yeni türkdili axını ilə öz sahəsini, qlobal bölməsini yarada bilər və yaradır. Xəbərləşmə, paylaşma, təşkilatlanma, etiraz və başqa mühüm aksiyalar internetdəki Türk Axını ilə mümkün hala gəlib. (Mən bəzi milliyyətçi dostlarıma deyirəm ki, informasiya məkanında qloballaşma və bu sürəcdə dövlətlərin deyil, dil ünsürünün və mass-medianın iştirakı bizlərə Yeni Turanın qapılarını açır...)

İndi belə məlum olur ki, qlobal media sistemləri milli sistemlərin əhəmiyyətini artırır, onları həm birləşdirir, həm də informasiya mübadiləsi üçün yeni imkanlar açırlar. Yeni media və qloballaşma dönəmi milli maraqları və milli davaları dünya çapına daşımaq, xəbər məkanında informasiya mübadiləsi etmək imkanlarını genişləndirir. Biz Bakıda qurulan uğurlu bir KİV projesi ilə qloballaşan xəbər məkanına öz gerçəklərimiz və iddialarımızla çıxa bilirik. İndiki anda bu layihələr rusdilli və türkdilli axınla mümkün ola bilər...

Azərbaycanın, onun KİV və auditoriyasının internetin Rus və Türk seqmentində eyni anda və uğurla iştirak etmək kimi imkanları vardır. Bu imkanlar bizə Azərbaycanımıza qarşı illərdir davam edən informasiya müharibəsində, Qarabağ savaşının virtual kəsimdə aparılmasında revaş imkanları açır. Azərbaycanda internet tam azaddır, heç bir məhdudlaşdırmalar yoxdur. Dövlət və iqtidar bu sahənin inkişafında maraqlıdır və oraya inteqrasiyanı həyata keçirtmək üçün mümkün olan hər şeyi edir. Biz toplum, milli mass-media, iqtidar-müxalifət və xalq olaraq qlobal informasiya məkanına daxil olmaq, orada öz sahəmizi yaratmaq üçün əlimizdən gələni edirik və bu istiqamətdə ciddi uğurlarımız var”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR