Slimfit
  1. İQTİSADİYYAT

Üzümü quraqlıq stresindən necə qoruyaq?- Fermerlərə tövsiyə

Üzümü quraqlıq stresindən necə qoruyaq?- Fermerlərə tövsiyə
Sakura

Üzümü quraqlıq stresindən necə qoruyaq?- Fermerlərə tövsiyə

Üzüm quraqlığa davamlı mezofit bitkidir. Lakin havanın və torpağın rütubəti tənəyin böyümə və inkişafına, alınan məhsulun kəmiyyət və keyfiyyətinə çox təsir edir. Torpaq və havadakı rütubətə tələbat ən çox vegetasiyanın əvvəlində müşahidə olunur, lakin çiçəkləmənin əvvəlində və çiçəkləmə dövründə azalır və yetişmə dövründə yenidən artır. Gilələrin fizioloji yetişmə dövründə isə tələbat yenidən azalır.  Suvarılmayan üzümlüklərdə (Dəmyə şəraitində) üzümün böyüyüb inkişaf etməsi üçün illik yağmurlar optimal miqdarda, yəni 500-600 mm-dən az olmamalıdır. Respublika ərazisində yağıntıların miqdarı da eyni deyil, müxtəlif yerlərdə müxtəlif olmaqla orta hesabla 200-1600 mm təşkil edir. Respublika ərazisində yağıntıların qeyri-bərabər paylanması süni suvarma işlərinin həyata keçirilməsini tələb edir. Belə ki, respublikanın Aran və dağətəyi rayonlarında yağıntılar əsasən payızın sonunda və qışda düşür. Bitkilərin belə fəal vegetasiya dövründə illik yağıntının ancaq 10-20%-ə qədər düşdüyündən və torpaq səthində buxarlanmanın miqdarı 1000-1100 mm-ə çatdığından suya böyük ehtiyac duyulur.

Son dövrlərdə dünyada baş verən qlobal istiləşmələr fonunda bir sıra iqlim amillərində, o cümlədən düşən yağıntıların miqdarında qeyri-mütənasiblik və kəskin azalmalar meydana gəlib. Bunun nəticəsində isə bəşəriyyət, o cümlədən kənd təsərrüfatı əhəmiyyətli bitkiləri təhlükəli risk amili - quraqlıqla üz-üzə qalıb. Son araşdırmalara görə, stress faktorları arasında son illərdə quraqlığın təsiri artaraq 26%-ə qədər yüksəlmiş. Quraqlıq güclü müşahidə olunan illərdə onun təsirindən məhsul itkisi 50%-ə qədər yüksəlir.

Quraqlıq uzun müddət yağmursuz, xüsusən də yüksək temperatur və quruducu küləklər keçən günlər zamanı müşahidə olunur. Atmosfer quraqlığı sonda adətən torpaq quraqlığı ilə müşahidə olunur. Uzun sürən yüksək temperatur, quraqlıq, o cümlədən ani yüksələn temperatur, uzun sürən anomal istilər bitkilərdə, o cümlədən üzümdə ciddi fəsadlar törədir, inkişafa mənfi təsir etməklə, ciddi məhsul itkisinə səbəb olur. Tənək 28-32, hətta 35°C-də normal böyüyüb inkişaf edir. Lakin 40°C temperaturda tənəkdə böyümənin sürəti kəskin azalır, 40°C-dən yuxarı olduqda isə tənəyin yaşıl hissələrində zədələnmələr (yarpaqda və yaşıl zoğlarda qarsılma və gilələrdə isə “yanıqlar” baş verir) yaranır və kök sisteminin fəaliyyəti pozulur.

Üzümün güclü kök sisteminin inkişafı ilə əlaqadar quraqlığa davamlılığı çox yüksək hesab edilir. Lakin müəyyən bir həddən sonra suyun çatışmazlığı üzümdə ciddi fəsadlar törədir. Belə ki, uzun sürən quraqlıq sayəsində üzümün “şirə axımı” zəif baş verə bilər,  gözcüklər vaxtından gec və müxtəlif vaxtda açıla, tənəyin çoxillik hissələrində (ştamb, qollar və s.) çatlar əmələ gələ bilər. Bundan başqa quraqlıq nəticəsində gözcüklərin differansasiyası zəif gedir. Qış aylarında və yazın əvvələrində  müşahidə edilən şiddətli quraqlıqlar nəticəsində tənəklərin bir qismində vegetasiya mərhələsinə keçmə tamamilə dayana bilər. Vegetasiyanın sonrakı mərhələlərində  boyatma prosesi mühüm dərəcədə zəifləyəcək və hətta tamamilə dayana bilər. Yarpaq səthi azala, çiçək topalarının sayı arta bilər. Ancaq çiçək topaları (salxımlar) daha kiçik olmaqla,  zoğlarda buğumaraları daha qısa olacaq, çiçəklərin tökülməsi yüksələcək, gilələr həddən çox  noxudlaşacaqdır. Salxımların kütləsi sortaməxsus normadan 2-4 dəfə xırda olacaqdır. Bundan əlavə, salxımların qismən və ya tamamilə quruması müşahidə oluna bilər. Ümumiyyətlə gözcüklərin differensiasiyası tezləşəcək, rüşeym təməlli çiçək topalarının əsası daha tez baş verəcəkdir. Bu isə payız və qış fəsillərində tənəkdə davamlılığın (immunitetin) aşağı düşməsinə gətirib çıxaracaq ki, bunun nəticəsində  tənəklərin qışa hazırlığı prosesi çox aşağı olmaqla, tənəklər qışı pis keçirəcəklər.

Müxtəlif yetişmə müddətinə malik olan sortlar quraqlıq zamanı demək olar ki, eyni vaxtda və ya xarakterik müddətlə müqayisədə daha az müddətdə yetişməyə başlayacaqdır. Həmçinin gözcüklər üzvi sükunət vəziyyətinə bir neçə həftə gec daxil olacaqlar. Ümumiyyətlə, quraqlıq bitkinin müstəqil inkişaf etməsinə mane olur və zoğlarda odunlaşama prosesini kəskin zəiflədir.

İlk növbədə çox yükü olan kollar və baxımsız, ləkəli nekroza məruz qalmış sahələr ziyan çəkir. Həmçinin, vaxtı vaxtında şeh kökləri təmizlənməyən (katarovka) barverən üzümlüklər də risk qrupuna daxildir.

Cavan, barvermə mərhələsinə yeni daxil olmuş əkinlər quraqlığı nisbətən uğurla keçirirlər. Ştambsız və alçaq ştamblı formalar və calaq əkinlər xüsusən müdafiə olunur.

Payız və qış dövrlərində müşahidə edilən quraqlaıq və mülayim hava şəraiti bir çox xəstəliklərin inkişaf etməsinə səbəb olur. Bir çox göbələk mənşəli törədicilərin təsirindən gövdə xəstəlikləri müşahidə edilir, birillik zoğların gözcüklərinin sirayətlənməsi və zədələnməsi prosesi baş verir.

 

Üzümün quraqlıqdan qorunması üçün tədbirlər: Quraqlığa qarşı mübarizə tədbirləri əsasən 3 qrupda- quraqlığa davamlı sortların seçilməsi, kökün əsas hissəsinin yerləşdiyi torpaq hissəsində rütubətin toplanması və saxlanması üçün, eləcə də tənəyin bilavasitə özünə təsir edən müvafiq aqrotexniki tədbirlərin tətbiq edilməsi kimi təsnif olunur.

Müşahidə edilən quraqlıqlar qlobal və mütamadi xarakter daşıdığından üzümçülükdə seleksiya işlərinin proqramında quraqlığa davamlı sortların yaradılması və seçilməsi işləri sürətləndirilməli və müvafiq bölgələrdə üzümlüklər quraqlığa daha davamlı sortlardan salınmalıdır. Quraqlığa ən çox davamlı calaqaltılar Berlandierix Riparna 420-A, Berlandieri 99 və 110 x Rupestiris, Şasla x Berlandieri 41-B və s. ən davamsızları Riparia Qluar, Riparia x Ripestris 101-104 calaqaltılarıdır. Üzüm bağlarını salarkən fillokseraya davamlı calaq tingləri əkərkən bunlara fikir vermək məsləhətdir. Vitis vinifera növünə aid olan sortları quraqlığa davamlılıqlarına görə bir-birindən xeyli dərəcədə fərqlənirlər. Quraqlığa ən çox davamlı olanları – Çaluş, Kleret, Senso, Pinoqri, Sereksiya, Plavay, Morastel, Qrenaj, Konçak və s., göstərmək olar. Yarpaqları çox tüklü olan sortlar quraqlığa daha davamlıdır.

Quraqlıq üzümçülüyün inkişafını ləngidən əsas təbiət faktorlarındandır. Bu səbəbdən nəmliyin toplanması və saxlanması üzümlüklərdə torpağa qulluğun əsasını təşkil etməlidir. Torpağa qulluq həm də hava rejiminin yaxşılaşdırılması, mikrobioloji fəaliyyətin güclənməsi, alaq otları ilə mübarizə və torpaqda üzüm tənəklərinin köklərinin boyatma və inkişafını yüngülləşdirən şəraitin yaradılmasına digər xidmət edir.

Adətən torpağa ən çox su payız-qış mövsümündə daxil olur. Buna görə də nəmliyin toplanması və saxlanması üzrə tədbirlərə payızda, məhsul yığımı bitdikdən sonra başlanmalı, və bütün qışı, yaz gələnə kimi  davam etdirilməlidir. Yazda və yayda torpağa qulluğun əsas vəzifəsi qış ərzində toplanmış nəmliyin qorunub saxlanması, həmçinin yaz-yay yağıntılarından nəmliyin toplanması və saxlanmasıdır.

Bunun üçün məhsul yığımından sonra payızda sahədə və cərgəaralarında torpağın şumlanması, qarı süni saxlama tədbirləri, yazda nəmliyin saxlanması üçün tədbirlər, yazda mulça yaratmaq məqsədilə torpağın yumşaldılması, cərgələrarası yay kultivasiyası və s. kimi aqrotexniki tədbirlər həyata keçirilməlidir. Kultivasiya olunmuş torpağın daha yüksək suyu saxlama qabiliyyətinə malik olması üzümçülükdə su çatışmazlığı riskini azalda bilər. İldən-ilə təkrar olunan bu əməliyyatlardan başqa, vaxtaşırı cərgə aralarında dərin plantaj şumu (plantajın yenilənməsi) aparılmalıdır.

Tənəyin normal inkişafı üçün əlverişli şərait yaratmaq məqsədilə tətbiq edilən əsas aqrotexniki tədbirlərə isə  üzümlüklərin ətrafında qoruyucu meşə zolaqları salması, qışda tənəklərin ətrafında qar toplanılması, tənəyə üzvi və mineral maddələr verilməsi, habelə onların əlavə gübrələnməsi, payızda torpaq layını çevirməklə, yazda isə çevirməməklə (18-20 sm) dərin şumlanması, yaz işlərindən sonra torpağı dərindən (10 sm), eləcə də yay dövründə 6-7 sm dərinliyində bir neçə dəfə torpağın yumuşaldılması, torpağın yaxşı strukturasını yaratmaq tədbirləri, kolun dibində çala qazmaq (suyu saxlamaq üçün) və s. aiddir.

Mütəmadi olaraq suvarma həyata keçirməklə quraqlığın neqativ təsirini tamamilə aradan qaldırmaq mümkündür. Bu, üzümlüyün xilas edilməsinin ən etibarlı yoludur. Üzümə suvarılma üçün xüsusi çəkilmiş arx və şırımlardan istifadə etməklə su vermək yaxşıdır.

Suvarma nəticəsində, həmçinin az da olsa düşən yağıntılar nəticəsində torpaqda müşahidə edilən nəmliyi torpaq becərmələri ilə qoruyub saxlamaq lazımdır. Məhsul yığılıb qutardıqdan sonra faraş payız şumu aparılmalıdır ki, payız və qış aylarında düşən yağışların və qar sularaının torpağa hopmasına  şərait yaransın və nəmlik ehtiyatı toplansın.

Süni yağış yağdırma üsulu zamanı nəmliyin tez bir zamanda buxarlanması su itkisinə və torpağın şoranlaşmasına gətirib çıxara bilər. İmkan olduqda, suvarmaları gilələr yetişməyə başlayana kimi, 7-10 gündən bir, axşam vaxtı və mümkün qədər bol həcmdə həyata keçirmək lazımdır.

Quraqlıqla mübarizənin digər bir üsulu torpaq səthinin biçilmiş ot, saman, yanmış peyin ya ya kompostla örtülməsidir (mulçlama). Taxta yonqarından istifadə məqsədəuyğun deyil, çünki o, torpaqdan çoxlu miqdarda azot çəkir.

Üzümlüklərin arasını  çəmən otları ilə müdafiə etmək fikri yanlışdır, çünki bu bitkilər üzümlə su uğrunda mübarizə aparır və beləliklə də, quraqlığın törətdiyi ziyanı daha da artırmış olurlar.

Transpirasiyanı azaltmağa və dərində yerləşən köklərin sorucu zonasını artırmaq məqsədilə tənəyə forma vermək, yaşıl əməliyyatı, bağlama, dərin əkmə, katarovka və s. tədbirləri vaxtında yerinə yetirilməlidir.

Quraqlıq nəticəsində üzümlük zərər çəkmişsə, tənəklərin normal vəziyyətə gətirilməsi üçün keçən ilki zoğlar, gözcüklərin sağlamlığı, mərkəzi gözcüklərin barlı olması qiymətləndirilməlidir. Daha sonra differensial qaydada yük təyin etmək və şaxtaya ən davamlı sortlardan başlayaraq, budamanı həyata keçirmək lazımdır. Yaz və yay aylarında da, quraqlıq təhlükəsi gözlənilirsə tənəkləri budanmasına xüsusi diqqət yetirmək lazımdır. Daha yaxşı olar ki, tənəklərə az yük verilsin, bar zoğları orta və qısa kəsilsin.

Sonunda yamacların ətəklərində və daha aşağılarda yerləşən üzümlüklərdə şaxtaya az davamlı sortlar budanır. Həm uzun, həm qısa budamadan istifadə oluna bilər. Üzümlük quruluğa meyilli yüksəklikdə və ya torpağı zəif olan yamacda yerləşirsə, budama qısa olmalıdır. Ştambsız və alçaq ştamblı tənək formaları yüksək ştamblılarla müqayisədə daha uzun budanmalıdır. Həmçinin budama zamanı diqqət bar toplusunun formalaşmasına yönəlməlidir.

Yayda müşahidə edilən kəskin istilər və quraqlıq zamanı nəinki suvarılan, o cümlədən dəmyə şəraitdə əkilib-becərilən üzümlərdə stress əlamətləri (qarsılmalar, gün yanıqları, havada və torpaqda kəskin nəmlik çatışmazlığı və s.) baş verə bilər.

Suvarma işləri və məhlul çiləmə gecə saatlarında (saat 22:00-dan 07:00-a qədər) aparılmalı və kalium gübrələrindən istifadə olunmalıdır;

Yüksək temperatur davam etdikcə gündüzlər xəstəlik və zərərvericilərə qarşı kimyəvi mübarizələrin (məhlul çiləmək) aparılması məqsədəuyğun deyil;

Düzgün aparılmayan yarpaq qoparma əməliyyatı gün yanıqlarına səbəb olduğundan yarpaqlar “pəncərə açma metodu” ilə qoparılmalı, salxımların üzəri tam açılmamalıdır. Çünki anomal istilərdə bitkinin ağ ciyərləri, dediyimiz yarpaqlar qoparıldığı zaman salxımın üzəri açıq qalır;

Tənəkdə baş verən stressin fəsadlarını aradan qaldırmaq üçün təsərrüfat sahibləri tərəfindən biotik və abiotik stress amillərinə qarşı kimyəvi preparatlardan (Albit, Megafol, Radifarm, Viva və s.) istifadə edilərək çiləmələr aparılmalı (gecələr) və bunun üçün həmin preparatlardan kifayət qədər tədarük görülməlidir;

Normal suvarılan üzümlüklərdə yayda, gilələr yetişən dövrdə suvarmanın birdən-birə dayandırılması fəsadlar törədir. Bu zaman salxımların aşağı hissəsindən gilələr soluxmağa başlayır və getdikcə tam büzüşərək quruyub tökülür. Bu zaman gilələr boş olur, yeyilən zaman tamsızlıq hiss olunur. Ona görə də suvarılan üzümlüklərdə yayda suvarma rejiminə diqqət olunmalıdır;

Uzun sürən anomal istilər dəmyə üzümçülüyündə də stressə yol açır. Bunu aradan qaldırmaq üçün kaliumlu gübrələrdən (kökdən və kökdənkanar yemləmələr), o cümlədən stressə qarşı kimyəvi preparatlardan istifadə edərək gecələr çiləmələr aparılmalıdır.

Üzümlüklərdə müvafiq aqrotexnikanın, torpaq becərmələrinin, gübrələmənin müvafiq qaydada aparılması və üzümlüklərin düzgün salınmasına kompleks şəkildə əməl etdikdə quraqlığın fəsadlarını aradan qaldırmaqla yanaşı, məhsuldarlığın 25-35%-ə qədər  artırılması da mümkündür.

Ümumiyyətlə quraqlığın üç dərəcəsi göstərilir: zəif, orta və güclü.

Zəif quraqlıq zamanı - bitki örtüyüyünün yaradılması,  torpağın kultivasiyası, mulçalama və digər aqrotexniki əməliyyatlarla aradan qaldırmaq olar.

Orta quraqlıq zamanı budama düzgün aparılmalı, yaşıl əməliyyatlar vaxtı-vaxtında həyata keçirilməli, tənəyə düzgün becərmə sistemi və forma tətbiq etməli, quraqlığa davamlı sort və calaqaltı seçilməlidir və s.

Güclü quraqlıq qısa bir müddətdə təsir etdiyindən onun fəsadlarının yalnız süni suvarma ilə aradan qaldırmaq mümkündür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR