Slimfit
  1. MƏDƏNİYYƏT

Üzeyir xatirəli əşyalar

Üzeyir xatirəli əşyalar
Sakura

Üzeyir xatirəli əşyalar

29 il əvvəl Şuşadan didərgin düşən eksponatlar doğma məkana qayıdacaq

Bir neçə il öncənin söhbətidir. Üzeyir Hacıbəylinin Ev-Muzeyində dahi bəstəkarın Şuşadakı evindən didərgin düşən əşyalardan (eksponatlardan) ibarət sərgi açılmışdı.

Xeyli izləyici vardı. Üzeyir bəyə sevgi və ehtiram nümayişi olan bu mərasimdə hamı bərk kövrəlmişdi. Adamlar vaxtilə bəstəkarın istifadə etdiyi, toxunduğu nümunələrə, məişət əşyalarına, geyimlərinə elə heyranlıq, elə nisgillə tamaşa edirdilər ki... Üzeyir bəyin Şuşadakı evinin maketi qarşısında dayanıb köks ötürənlər, bu eksponat sayəsində xəyalən Şuşaya, o sehr dolu məhəlləyə, evə tələsənlər də çox idi...

Müzəffər Azərbaycan Ordusu işğal altındakı Şuşamızı azad edib. Ali Baş Komandan, Prezident İlham Əliyev Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan edib. İndi hər kəsdə ən qısa zamanda vəhşi düşmənin xarabalığa çevirdiyi nazlı Şuşamızı yenidən abad, gözəl və təkrarsız görmək inamı, əminliyi yaranıb. Hamı dünyanın ən məsum rəqabət hissi ilə ora – Şuşaya tələsir. Böyük bəstəkarın Şuşadakı Ev-Muzeyinin Bakıda uzunmüddətli qonaq qalan eksponatları da.

İllər sonra həmin eksponatları bir daha görmək üçün bəstəkarın Bakıdakı Ev-Muzeyinə yollandım. Muzeyin direktoru, Xalq artisti Sərdar Fərəcovla söhbət edə-edə həm ekspozisiya zallarını gəzdik, həm də böyük bəstəkarın irsi ilə yenidən tanış oldum.

Zalları gəzib, dönüb-dolaşıb yenidən o maketin qarşısında dayandıq. Bu dəfə əvvəlki nisgildən əsər-əlamət yox idi. Hərçənd ikimiz də yaxşı bilirdik ki, işğalçılar bu muzeyə də çoxdan divan tutub, viran qoyublar. Şuşanın işğaldan azad olunmasından sonrakı foto və video-kadrlardan da göründüyü kimi, ev-muzeyi də yalnız daş qalağından ibarətdir. Nə balaca Üzeyirin suyundan doymadığı quyu, nə də kölgəsində xumarlandığı sevimli armud ağacı qalıb. Amma yenə də sevincliyik, səadət içindəyik. Şuşa azaddır...

Sərdar müəllim nikbindir və inanır ki, ən qısa zamanda dövlətimiz dahi bəstəkarın Şuşadakı müqəddəs ünvanını yenidən bərpa edəcək və illərdir onun Bakıdakı evində məskən tapan əşyaları, xatirələrinin hopduğu uşaqlıq, gənclik illərinin yadigarları öz ünvanına, ilk məkanına qayıdacaq: “O muzey Bakıdakı bu muzeydən daha əvvəl fəaliyyətə başlayıb. Ümumən Üzeyir bəy hansı məkana qədəm basıbsa, ora bizim üçün müqəddəsdir. Onu bizə bəxş edən Şuşa şəhəri, sözün həqiqi mənasında, mədəniyyətimizin müqəddəs beşiyidir. Muzeyə gələn ziyarətçilər ən çox da bəstəkarın Şuşadakı evinin maketi qarşısında dayanıb, ona heyranlıqla tamaşa edirlər. Üzeyir kimi dahi insanın uşaqlıq illərinin keçdiyi bu ev, daha doğrusu, onun maketi onlar üçün bir ziyarətgaha çevrilir”.

Not dəftəri, qızıl yaxa sancağı, and yeri...

Sərdar müəllimlə Şuşadan buraya gəlib çıxan eksponatlardan da danışdıq. Əmindir ki, Üzeyir bəyin xatirəsini yaşadan bu dəyərli eksponatların dahi bəstəkarın doğma şəhərinə qayıdacağı, Şuşadakı ev-muzeyinin bərpa olunaraq fəaliyyətə başlayacağı günə az qalıb: “Təbii ki, Şuşada bərpa olunacaq muzey əvvəlkindən də gözəl qurulacaq və bizdə olan bəzi eksponatlar da oraya aparılacaq. Biz imkan daxilində, nə mümkündür, Şuşa muzeyinə kömək edəcəyik”.

Sonra yazı masasının yanında dayanırıq: “Ziyarətçilər bu eksponata da həsrətlə baxırlar. Bu not vərəqləri Üzeyir bəyin “Azərbaycan” simfonik poemasından parçalardır. Təəssüf ki, ağır xəstəlik bəstəkara onu tamamlamağa imkan vermədi...”.

Otaqları gəzib, eksponatların qarşısından ötdükcə direktor bir müddət sonra artıq Şuşada qurulacaq muzeydə sərgilənəcək əşyaları da öz-özlüyündə ayırd edir. Xəyalən sanki özünü Şuşada, muzeyin açılışında hiss edir. Rəsm əsərləri, not dəftərləri, afişalar, proqramlar, dövri mətbuat nümunələri, kitablar, fotoşəkillər...

Sonra şəxsi əşyaların sərgiləndiyi bir stenddə dayanırıq: “Bu qızıl yaxa sancağından danışmaq istərdim. Çoxları elə bilir ki, bu, Üzeyir bəyə, yaxud xanımına məxsusdur. Yox, onlar hər ikisi sadə, dəbdəbədən uzaq həyat sürüblər. Bunu isə muzeyimizə bir yaşlı qadın hədiyyə edib və Üzeyir bəyə olan sevgisini bu formada göstərib. Yadımdadır, yaylığa bükdüyü bu qızıl broşu yaxa sancağı mənə uzadıb “Artıq dünyadan köçməyimə az qalıb və bir-iki qızılımdan başqa heç nəyim yoxdur. Bir də Üzeyir Hacıbəyova sevgimdən. Çox düşündüm ki, nə edim? Axır qərara gəldim ki, o qızıllarımdan Üzeyir bəyin xatirəsinə sevgi kimi bu broşu düzəltdirim və onun ev-muzeyinə bağışlayım” dedi. Mən onda gənc idim, xeyli heyrətləndim. Həqiqətən də, Azərbaycan xalqı böyük xalqdır və onun sənət sevgisi belə əzəmətlidir. Sizə Üzeyir bəyə xalq sevgisindən bir faktı da danışım. 80-ci illər idi. Muzeydə yenicə işə başlamışdım. Bir gün gördüm ki, yuxarı məhəllədən bir çarşablı qadın muzeyə tərəf gəlib giriş qapısından öpdü, alnını söykəyib nə isə pıçıldadı. Təəccüblə ona yaxınlaşıb nə etdiyini soruşanda “Bu kişi, onun evi mənim and yerimdir. Bilirsən, bu kişi müharibə vaxtı uşaqlarımı acından ölməyə qoymadı. Bizim kimi xeyli insanın dayağı oldu. Hamımız ona and içirik” deyib getdi. İnanın, bu sevginin, ehtiramın hər gün şahidi oluram. Yaşından, fəaliyyət sahəsindən, sənət anlayışından asılı olmayaraq, saysız insan ona bu cür bənzərsiz sevgi etirafı edir”.

Şuşa muzeyində 1700 eksponat vardı...

Gəlin, bu xoş ovqatla indi də qiyabi olaraq Üzeyir bəyin bayaqdan haqqında söhbət açdığımız Şuşadakı ev-muzeyinə səyahət edək. Bələdçimiz də 1982-ci ildən o mədəniyyət ocağına rəhbərlik edən Nəsibə Eyvazova olsun: “Muzeyin yaradılması barədə qərar dahi bəstəkarın vəfatından qısa müddət sonra verilib. 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının, Milli Azərbaycan Tarixi Muzeyinin, Mədəniyyət Nazirliyinin və Musiqi Fondunun dəstəyi ilə Şuşada, Üzeyir bəyin yaşadığı evdə fəaliyyətə başlayıb. Muzey 4 otaqdan ibarət olub və Şuşanın işğalınadək fəaliyyət göstərib.

Muzeyin birinci otağında Üzeyir Hacıbəylinin həyatının ilk illərinə aid qiymətli materiallar – tələbəlik illərinə aid eksponatlar, habelə 1920-ci ilədək qohum və ailə üzvlərinin çəkilmiş fotoşəkilləri sərgilənirdi. Muzeyin ekspozisiyasında bəstəkarın ilk yaradıcılıq dövrünə aid zəngin əşyalar – ilk əsərlərinin əlyazmaları da qoyulmuşdu. İkinci, üçüncü və dördüncü otaqlarda isə bəstəkarın çoşqun fəaliyyətini əhatə edən eksponatlar sərgilənirdi. Bəstəkarın anadan olmasının ildönümləri, yubileyləri muzeydə dövlət səviyyəsində qeyd olunurdu.

O illərə qayıdıb kövrəlməmək mümkün deyil. 1992-ci il idi. Vəziyyət ağırlaşdı və biz dinc əhali Şuşanı tərk etmək məcburiyyətində qaldıq. Böyük bəstəkarın irs nümunələrini Şuşada qoyub gələ bilməzdim. Valideynlərimin köməyi ilə Üzeyir bəyin şəxsi əşyalarını və bir neçə kitabı götürüb şəhərdən çıxdıq. Ötən 28 il ərzində Şuşaya qayıtmaq, orada yenidən muzey qurmaq inamımızı itirmədən Bakıda da fəaliyyətimizi davam etdirdik”.

Həmsöhbətim hazırda qorunub saxlanılan eksponatlar barədə də məlumat verir. Şuşa muzeyindəki 1700 eksponatdan 134-nü xilas etməyin mümkün olduğunu təəssüflə qeyd edir: “Şuşadan gətirilmiş eksponatlar arasında Üzeyir bəyin şəxsi əşyaları, uşaqlıq papağı, kostyumu, eynəyi, paltosu, ilk ifa etdiyi skripka, yazı ləvazimatları (mürəkkəbqabı, qələmdan), şəxsi albomu, şəkilləri, anası Şirinbəyim xanımın gəlinlik paltarı, bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş kitablar var. Bu eksponatlardan ən dəyərlisi isə muzeyin həyətindəki Üzeyir bəyin çox sevdiyi armud ağacının dibindən götürdüyüm bir ovuc Şuşa torpağıdır. Hələ o vaxt özümə söz vermişdim ki, bu torpağın bir qismini bəstəkarın Fəxri xiyabandakı məzarına səpəcək, qalanını da öz doğma yurduna, yerinə qaytaracağam”.

Həmidə NİZAMİQIZI

Mənbə: Medeniyyet.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR