Slimfit
  1. ƏDƏBİYYAT

Üzeyir Hacıbəyov - Arşın mal alan/Dördüncü məclis

Üzeyir Hacıbəyov - Arşın mal alan/Dördüncü məclis
Sakura

Üzeyir Hacıbəyov - Arşın mal alan/Dördüncü məclis

Ә s g ә r i n evindә vaqe olur. Ev yaxşı bәzәnib, Ә s g ә r özü dәxi yaxşı geyinibdir.
 
Ә s g ә r. Biçarә Gülçöhrәnin başına әngәllәr açdım. İndi yazıq qız elә bilir ki, doğrudan da onu özgәsinә әrә verirlәr. Amma әcәb sözü üstә dayanan qızdır. Xoşluqla әrә getmәyә razı olmadı, odur ki, atasının tәvәqqәsinә görә, adam göndәrmişәm ki, gedib götürüb qaçsınlar. Zәrәr yoxdur; bir-iki saatdan sonra mәnim kәlәyimin üstü açılar, onda qız da sevinәr, mәn dә sevinәrәm, atası da sevinәr, hamı sevinәr. Amma ürәyim çox bәrk tәlәsir, istәyirәm ki, qızı tez gәtirsinlәr ki, yazıq daha әzab çәkmәsin. Amma qәribә iş gördüm ha. Evlәnmәdim-evlәnmәdim, axırda bu kәlәklә evlәndim. Heç pis elәmәdim, yaxşı elәdim. Allah Süleymanın atasına rәhmәt elәsin, әcәb şey öyrәtdi. İndi heç olmasa görüb sevdiyim qızı alıram, qız dәxi mәni sevir!... Qәrәz, gedim xalam dediklәrimi düzәldibdirmi? (Gedir).
 
Bir qәdәr sonra qapı açılır. G ü l ç ö h r ә n i qaçırıb gәtirirlәr. Bir neçә oğlan Gülçöhrәnin qolundan tutub onu içәri salırlar vә qapını örtüb gedirlәr. Gülçöhrә bәrkdәn ağlaya-ağlaya taxtın üstünә yıxılır.... Bir az keçәndәn sonra deyir:
 
G ü l ç ö h r ә. Ox. Bu nә әzabdır mәn çәkirәm. Mәni güclә, zorla әrә verirlәr. Bilmirәm kimә verirlәr, mәni sevdiyimdәn ayırırlar. İstәmirәm mәn bu dövlәti, bu dәstgahı. Mәn öz sevgilimi istәyirәm. (Üzünü örtüb ağlayır.)
 
M u s i q i
 
G ü l ç ö h r ә.
 
Hicran dәrdi, fәlәk verdi,
Bunca cәfanı layiq gördü. (2 dәfә)
Yoxdur taqәt, sәbrә halәt.
Ölmәk yaxşıdır, nә ki bu zillәt. (2 dәfә)
Ey xuda rәhm et, ey xuda rәhm et!
Qıl mәdәd ya rәb, mәn yazığa rәhm et!
 
M u s i q i
 
Yox, mәn bu hala davam edә bilmәrәm. Daha mәndә tab vә taqәt yoxdur. Hamısından yaxşısı budur ki, bir kәrәlik özümü boğum öldürüm, canım qurtarsın. (Dәsmalın açıb burur ki, özünü boğsun, lakin bu әsnada "Arşın mal alan...." sәsini eşidib tәәcüblә qulaq asır vә eşitdikcә keçmiş günlәrini yada salır. Әsgәr pәrdә dalında oxuyur: "Arşın mal alan!" Axıra kimi oxuyub qurtarır.)
 
M u s i q i
 
Ә s g ә r daxil olub, salam verir.
 
G ü l ç ö h r ә (tәәccüblә baxır). Sәnsәn, yoxsa özgәdir?
Ә s g ә r. Mәnәm, mәnәm, Gülçöhrә, arxayın ol.
G ü l ç ö h r ә (ağlayır). Görürsәn mәnim başıma nә işlәr gәtirirlәr? Bir qәdәr gec gәlsәydin, özümü öldürmüşdüm. Sәn buraya nә sayaq gәldin? Sәni burada görsәlәr öldürәrlәr.... Mümkün varsa, gәl qaçaq. (Әcәlә ilә dartır.)
Ә s g ә r (gülür). Hara qaçaq öz evimizdәn?
G ü l ç ö h r ә (heyrәtlә). Nә danışırsan, bura kimin evidir?
Ә s g ә r. Bura mәnim evimdir, sonra da olacaq sәnin evin.
G ü l ç ö h r ә. Heç başa düşmürәm? Mәni kim götürüb qaçıbdır?
Ә s g ә r. Mәn göndәrdiyim adamlar.
G ü l ç ö h r ә (fikirli). Bәs mәn elә bildim ki, mәni atam verdiyi tacir oğlanın adamları götürüb qaçıblar.
Ә s g ә r. Әlbәttә, elәdir. Gülçöhrә (lap heyran qalır). Yenә başa düşmәdim, allah eşqinә, mәni başa sal görüm bu nә kәlәkdir.
Ә s g ә r (gülür). Bax, Gülçöhrә. Sәnә aşiq olan arşınmalçı da mәnәm, atan әrә vermәk istәdiyi tacir oğlan da mәnәm. Mәn yalandan arşın mal satan olub özümә qız axtarırdım ki, axırda sәni tapdım vә atandan istәdim, o da verdi, amma atan bilmәdi ki, mәn arşın mal satan oğlalam, çünki o әvvәldәn mәni görmәyibdir.
G ü l ç ö h r ә (nazla). Ay biinsaf. Bәs mәnә yazığın gәlmәdi ki, bu qәdar әziyyәt çәkdim, әzab çәkdim, atam mәni öldürmәli oldu. Özümü öldürmәli oldum.... (nazla). Belә bilsәydim, sәni sevmәzdim....
Ә s g ә r. Bәs burası var ki, bu şadlığımız bütün o әziyyәtlәri yuyur aparır, elә deyilmi maralım, Gülçöhrә?
G ü l ç ö h r ә (axırda razı olur). Elәdir.
Ә s g ә r. Di gәl bәri, gedәk otaqları bir-bir gәzәk vә xalamı da görәk. (Gedirlәr o biri otağa.)
 
Bu halda bayır qapıdan S o l t a n b ә y daxil olur.
 
S o l t a n b ә y. Vallah, yenә ata ürәyidir, tab gәtirmәdi, dedim gedim görüm, bәlkә qız, xudanәgәrdә, özünә bir xәsarәt yetirdi. (Ora-bura baxır.) Bәs hanı bunlar? Ay uşaqlar, kim var?
 
Ә s g ә r daxil olur.
 
Ә s g ә r. Salamәleyküm, Soltan bәy, sәn bizә xoş gәlmisәn.
S o l t a n b ә y (әvvәl xoş üzlә, sonra tәәccüblә). Balam, sәn.... Sәn Әsgәrsәn? Yoxsa o arşın mal satan?
Ә s g ә r. Xeyr bәy, mәn Hacı Mürsәl oğlu Әsgәrәm, sәnәtim dә tacirlikdir.
S o l t a n b ә y. Deyirәm axı, ancaq mәnim gözümә belә görükdü ki, qabağımda o gәdәdir.
Ә s g ә r. Hansı gәdә?
S o l t a n b ә y. Heç, bir gәdә var idi, arşın mal satardı.
Ә s g ә r. Bilirәm, sәn istәdin ki, onun xalasın alasan, o da әvәzindә sәndәn qızını istәdi, özü dә acıqlanıb qovdun, elәdirmi?
S o l t a n b ә y (tәәccüblә). Elәdir.... Balam sәn hardan bildin?
Ә s g ә r. Necә bilmәyim ki, o mәn özüm idim....
S o l t a n b ә y (heyrәtlә.) Nә danışırsan?
Ә s g ә r. Bәli, bәli, mәn qәsdәn elә etdim ki, qızı görüm sonra alım.
S o l t a n b ә y. Doğru deyirsәn?
Ә s g ә r. Budur, qızın tәsdiq edәr. (Çağırır Gülçöhrәni.) Gülçöhrә!
G ü l ç ö h r ә (daxil olub atasına tәrәf gedir). Bax, ata, hәm sәn deyәn oldu, hәm mәn deyәn. Әsgәr bizi kәlәyә qoyub sәnin acığına vә mәnim dә әzabıma sәbәb oldu, bütün tәqsir bundadır.
S o l t a n b ә y (ayılır). Hә, indi başa düşdüm, çox kәlәkbaz imişsәn. Rәhmәtlik sәnin atan heç belә deyildi. Ya allah. (Әl verir.) Çox gözәl, çox pakizә, vay sәni Әsgәr. Amma әcәb kәlәkbaz imişsәn. (Yadına düşür). Yaxşı, balam, bәs sәnin xalan necә oldu, hә? Hәqiqәt, o, sәnin xalan idi, yoxsa o da kәlәk idi?
Ә s g ә r. Xeyr, doğrudan xalamdır.
S o l t a n b ә y. Yәqin özü dә duldurmu? (Sevinir).
Ә s g ә r. Bәli, duldur.
S o l t a n b ә y. Hә, di ver gәlsin dә!
Ә s g ә r. Gәlsin, nә deyirәm, Gülçöhrә, zәhmәt çәk xalamı çağır.
 
G ü l ç ö h r ә gedir.
 
S o l t a n b ә y. Gәlsin, onu alım da! O dul, mәn dul; hәkim dә mәnә deyib ki, gәrәk arvad alam. Mәn bilәn hәkim xalanı da görsә deyәr ki, әrә get.
Ә s g ә r. Nә sözüm var ki, al dә, al ikibaşlı qohum olaq. İndi bildinmi, ikibaşlı qohum nәdir?
S o l t a n b ә y (gülür). Bildim, bildim, a kәlәkbaz.
 
G ü l ç ö h r ә vә C a h a n daxil olurlar.
 
S o l t a n b ә y (Cahana). Әşi, gәl dә!... İrәli gәl! Görürsәn sәnin, sәnin bu bacıoğlun nә kәlәkbaz imiş.... Hә, indi nә deyirsәn, bir nәfәr molla, bir kәllә qәnd vә üç manat pulla aran necәdir? Deyirәm ki, elә Әsgәrlә Gülçöhrәnin vә sәninlә mәnim toyumuz bir olsun.
C a h a n. Nә deyirәm, allah xeyir versin.
H a m ı. Amin, amin.
S o l t a n b ә y. Balam, o uşaqlar evdә tәk qaldılar, nigarandılar. Sizin gәdәni göndәrin Asya ilә Tellini bura gәtirsinlәr.
Ә s g ә r. Bu saat gedim göndәrim. (çıxır).
S o l t a n b ә y Әşi, vallah, sevindiyimdәn elә bilirәm ki, cavan oldum.... (Tez dilin dolayır). Yәni qoca da deyilәm, elә cavan kimi bir oğlanam. Maşallah olsun mәnә.
               
Ә s g ә r gәlir.
 
Ә s g ә r. Göndәrdim getdi.
Bu halda S u l e y m a n daxil olur.
 
S ü l e y m a n. Salamünәleyküm.
S o l t a n b ә y. Paho Süleyman, әleykәssalam, balam sәnin bu dostun nә kәlәkbaz imiş!...
S ü l e y m a n. Bәli, çox kәlәkbazdır. Bilmirәm kimdәn öyrәnibdir.
Ә s g ә r. Necә kimdәn öyrәnmişәm? Bunun hamısını sәn öyrәtmәdinmi? Odur, xalam desin!
C a h a n. Doğrudur, bütün bu kәlәklәrin başçısı Süleymandır, o öyrәtdi.
S o l t a n b ә y. Belә imiş!... Süleyman, mәn sәni heç belә bilmәzdim, bu işlәri haradan öyrәnibsәn?
S ü l e y m a n. Bәy, öz başımdan çıxardıram.
S o l t a n b ә y. Ay sәnin başın var olsun.
S ü l e y m a n (birdәn Gülçöhrәni görüb diqqәt yetirir.) Yaxşı Gülçöhrә budur?
Ә s g ә r. Bәli, budur.
S ü l e y m a n. Bәs mәn gördüyüm qız buna oxşamır.
S o l t a n b ә y. Sәn yәqin Asyanı görübsәn.
S ü l e y m a n. Asya kimdir?
S o l t a n b ә y. O mәnim qardaşım qızıdır.
S ü l e y m a n (sevinir). Hә? Әşi, elә isә mәn nә üçün bikar qalım. Ver, mәn dә toy edim dә!...
S o l t a n b ә y. Doğru deyirsәn?
S ü l e y m a n. Әlbәttә!
S o l t a n b ә y. Verdim, al!
H a m ı. Allah xeyir versin, allah xeyir versin. Nә әcәb oldu!
S ü l e y m a n (kәnara). Bax mәrd yoldaşın axırı belә olar.
 
Bu halda A s y a, T e l l i vә V ә l i daxil olurlar.
 
S o l t a n b ә y. Bax budur gәldilәr. Ay qız, Asya, bu oğlana sәni versәm gedәrsәnmi?
A s y a (utana-utana). Bәli, gedәrәm.
S o l t a n b ә y. Qoçaq qızsan, Gülçöhrәdәn ağıllı oldun, çox gözәl, çox pakizә. (Vәli ilә Telli bir-birinә baxırlar. Vәli bәrk ah çәkir). Әdә, nә yaman ah çәkdin, bala nә dәrdin var ki?
Ә s g ә r. Nә dәrdi olacaqdır.... Gülçöhrәni mәnә verdin, Asyanı Süleymana verdin, xalamı özün alırsan, indi Tellini dә ver ona dә!...
H a m ı. Doğrudur, doğrudur.
S ü l e y m a n (Vәliyә). Hә, dedim ki, axı sәn dә hazırlaş.
S o l t a n b ә y. A qız, Telli, Vәliyә gedәrsәnmi?
T e l l i (mәrd-mәrdanә). Bәli, gedәrәm.
S o l t a n b ә y. Vәli, sәn Tellini alarsanmı?
V ә l i (utanır vә birdәi-birә). Bәli, alaram. (Gülür).
H a m ı. Allah xeyir versin.
S o l t a n b ә y. Yaxşı, balam, toylarımızı nә vaxt başlayaq?
H a m ı. Elә günü bu gün.
S o l t a n b ә y. Bәs elә isә başlayaq, düzülün!
 
C ü t-c ü t olub oynayırlar. Әvvәlcә musiqiyә görә ağır, sonra musiqi tezlәşdikçә tez-tez oynayırlar, ta ki, pәrdә düşür.
 
P ә r d ә

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR