Dərc edildi: Baxış sayı: 848
Usta Abdulla - Harda mən
İnsan odur fikirləşə düz seçə,
Kimnən gəzim, necə gəzim, harda mən.
Uyğun ola yoldaşlarım özümə,
Danışanda utanmayam orda mən.
Gələndə məclisə biləm yerimi,
Niyə duram görən kimi birini.
Ya danışam, ya da verəm sirrimi,
Cəhli düşə məğlub olam zorda mən.
Gərək hörmət edəm özüm-özümə,
Danışanda sərhəd qoyam sözümə.
Uzanmaya qoşa barmaq gözümə,
Çırpınmayam balıq kimi torda mən.
Abdullayam, hər hesabı qanmışam,
Haqsızlığa alışmışam, yanmışam.
Çoxlarını candan əziz sanmışam,
Heç görmədim yaxın gələn darda mən.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət