Dərc edildi: Baxış sayı: 661
Usta Abdulla - Bilə
Hər yetən gözələ gözəl demərəm,
Gözəl olur, yar qədrini yar bilə.
Bülbül güldən ötrü bağı dolanır,
İnsaf deyil, ləzzətini xar bilə.
Şeyda bülbül yuvasından çaşanda,
Eynim yaşı mövcə gəlib coşanda.
Sevgi sevgisindən ayrı düşəndə
Sağlığı canına ahü zar bilə.
Hər kəs özü çəkər xəcalətini,
Görmədim namərdin ədalətini.
Dost gərək dostunun əmanətini
Saxlaya yanında, yadigar bilə.
Abdulla da dəryalara dalıbdı,
Şikəstə könlünü zülmə salıbdı.
Aşıq qardaş, əlac sənə qalıbdı,
Dost gərək dostunu ümidvar bilə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət